Cənnəti görmüş
yer sakini
Azad Müzəffərlinin yeni nəsr kitabı üzərinə gəzişmələr
Kənan Hacı
Jurnalistika ilə ədəbiyyatı incə sap kimi bir xətt ayırır, sənədliliklə bədiilik söz sənətinin qoşa qanadı olduğu üçün bu iki sahəni çox vaxt bir-birindən ayırmaq da çətin olur. Dünya ədəbiyyatına nəzər salanda görürük ki, nəsrə jurnalistikadan keçid edən yazıçıların ədəbi karyerası Nobel kürsüsünə qədər yüksəlib. Elə təkcə Heminqueylə Markesin adlarını çəkmək kifayət edir. Jurnalistika qələm adamına bolluca material verir, jurnalist bütünlüklə ömrünü yollarda, qaynar hadisələrin içində, müxtəlif xarakterli insanların əhatəsində keçirir, dövlət xadimlərindən tutmuş sadə peşə adamlarına qədər hər kəslə ünsiyyətdə olur və bu qaynar həyat ona zəngin təcrübə, müşahidə imkanları qazandırır. Jurnalist istedadının imkan verdiyi qədər bədii mətnlər yazanda daha çox uğur qazanır, bu, yazıçılıq üçün böyük bir avantajdır.
Azərbaycan ədəbiyyatında bu iki sahəni uğurla davam etdirən qələm sahibləri az deyil. Uzun illərdən bəri televiziya jurnalisti kimi tanıdığım Azad Müzəffərli bu qəbil yazarlardandır. Uzun müddətdir ki, onun ara-sıra ədəbi dərgilərdə hekayələrinə rast gəldikcə maraqla oxuyuram. İş elə gətirdi ki, ötən ilin yayında ustad telejurnalist Akif Cabbarlı bizi tanış etdi, öyrəndim ki, o da mənim yazılarımı izləyirmiş. İlk görüşdən o qədər isti, səmimi münasibətlə üzləşdim ki, qısa bir zamanda ünsiyyətimiz öz təbii axarına düşdü. Bu da Azad müəllimin xarakterindəki alinəcablıqdan irəli gələn bir xüsusiyyətdir. Mən bu kübarlığı, ağayanalığı, hər sözün altındakı məna yükünü mənə bağışladığı "Bir qəlbin nəqəratsız nəğməsi" kitabına toplanmış hekayələrində də gördüm. Azad müəllim sözləri təkcə yazanda deyil, danışanda da ustalıqla bir-birinin yanına ustalıqla düzə bilir, sözləri necə gəldi ətrafa səpələmir. Bu çox nadir bir xüsusiyyətdir və onun sözə nə qədər məsuliyyətlə yanaşdığını göstərir. Bir neçə dəfə çay süfrəsi arxasında söhbətlərimiz olub və mən bu söhbətlərdən hər dəfə zəngin təəssüratlarla ayrılmışam. Onun zarafatlarında belə şuxluqdan əlavə yaradıcı nüanslar var. Hər insan zarafat etməyi bacarmır, onun zarafatlarındakı ərkin də məna çalarları var.
Mən Azad müəllimin hekayələrini oxuduqca bir çox usta gedişlərə rast gəldim. "Sən saydığını say..." hekayəsindəki situasiya oxucuda şok effekti yaradır; vaxtilə iri bir müəssisənin rəhbəri olmuş, indi isə səfil-sərgərdan əyyaş həyatı yaşayan tənha Cahangir gecəni kimsəsiz evində siçovullarla, qarışqalarla, hörümçəklə yatıb-durur. Müəllif bu evi tünd boyalarla təsvir edir, ev yiyəsinin bu həşəratlara doğma, məhrəm münasibəti ilk baxışda təəccüblü görünsə də hekayəni sonacan oxuyanda fəhmli oxucu bu paradoksal məqamların yazıçı ironiyası, qrotesk olduğunu anlayır. Siçovulu qucağına götürüb ağzındakı dişləri sayan bir adam təsəvvür edirsinizmi?! Bu hekayənin qəhrəmanının siçovula, zəhmətkeş qarışqaya, hörümçəyə hörməti sonsuzdur və onların nazıyla oynayır. Müəllif bu situasiyaya oxucunu inandırmağı bacarır. Yeni il axşamı Cahangir vaxtilə rəhbərlik etdiyi müəssisəyə indi rəhbərlik edən şəxslə rastlaşır, həmin şəxs Cahangirin cibinə pul qoyur ki, evinə bazarlıq eləsin. Cahangir bazarlığını eləyib evə qayıdanda küçədə donmaqda olan tanımadığı bir adamla rastlaşır və onu dartıb miskin daxmasına gətirir. Bütün gecəni yeyib-içirlər. Səhər ayılanda isə görür ki, siçovul yad qonağın burun-qulağını gəmirib, qarışqalar üz-gözünə daraşıb, hörümçək də onun həndəvərində torunu toxumaqdadır. Tragikomik mənzərə! Cahangir evə yad adam gətirdiyi üçün bu evin "sakinləri" onu beləcə cəzalandırırlar. Cahangir anlayır ki, insan qanı dadmış bu həşəratlar onun da axırına çıxa bilər və biryolluq o evdən çıxıb gedir.
İnsan yaşam qaydalarını bilməyəndə belə faciəvi sonluqlar qaçılmaz olur.
"Cənnətin ilk diri sakini" hekayəsində insanın tamah hissinin sonsuzluğu fantasmaqorik üsullarla təqdim olunur. Həddən artıq varlı bir şəxs dünyanı gəzib-dolaşır, dəbdəbəli həyat yaşayır, amma istəkləri bitib-tükənmir, sonda Allahla görüşmək, ondan cənnəti və cəhənnəmi ona göstərməyi istəyir. Buna da nail olur! Yazıçı fantaziyası nələrə qadirmiş. Biz bəzən dünya nəsrindən nümunələr gətirib bəh-bəhlə tərifləyirik, amma gözümüzün önündə yaranan mükəmməl sənət əsərlərinə dəyər verməyi bacarmırıq. "Cənnətin ilk diri sakini" hekayəsi dünyada uğur qazanmış istənilən yazıçının şedevr sayılası hekayəsi ilə yanaşı qoyula bilər. Bu hekayədə müəllif İlahi məqamına, metafizik məkana bədii priyom vasitəsilə giriş etməyə cəhd edib və süjetin uğurlu bədii həllini tapa bilib.
Haqqında danışdığımız hekayələrin canlı xalq dilindən qaynaqlanan leksikonu onlara həm də bir şirinlik qatır, təhkiyə tərzindəki dinamizm, incə yumor, koloritbu mətnlərin dadını-duzunu artırır.
Azad Müzəffərlinin hekayələrində həyatın sərt həqiqətləri öz əksini tapır. Məsələn, "Gəl sənə nağıl danışım" hekayasi heç də oxucunun zənn etdiyi nağıldan bəhs etmir, başlıq oxucunu çaşdıra bilər. Burada baba ilə nəvənin dialoqu gerçək "nağıllar" üzərində qurulub və bu da müəllifin özünəməxsus, fərqli yanaşmasıdır. Baba nəvəsini şirin yalanlarla aldatmır, həyatın sərt üzünü ona göstərməyi lazım bilir. Nağıl danışmağa nə var ki... "Qarğalar da 300 il yaşayırmış" hekayəsində müəllif oxucunu 3 əsr sonraya aparıb çıxarır, məqsəd isə qarğanın edilən yaxşılığı unutmamasını göstərməkdir. İbrətamiz hekayədir. Bu hekayələrin hər biri haqqında ayrı-ayrılıqda geniş fikir yürütmək olar. Yazıçı öz qəhrəmanlarını ətrafımızda yaşayan insanların içindən seçib, onlar heç də uydurma bədii personajlar deyil, bu hekayələrdə bizim həyatımızın fraqmentləri bədii şəkildə öz əksini tapıb. Yazıçı fantaziyası ilə gerçəklik birləşib və bu ədəbi mətnlər yaranıb.
Mən onun qəhrəmanlarından birini şəxsən tanıyıram - Ağdamlı Fəxrəddini. Çay süfrəsi arxasında oturub nərd də oynamışıq. Bu dünyagörmüş, müdrik, üzündə yaşadığı ağrıların cizgilərini daşıyan Fəxrəddin kişi doğma torpağını itirəndən səsi də ona naxələf çıxıb. Gözləriylə danışır və bu gözlərdə dünya boyda kədər var!.. Bu hekayəni oxuyanda həyəcan, kədərqarışıq bir qürur hissi də içimi titrətdi. Müəllif Fəxrəddinin öz doğma yurduna qayıdışını təsvir edib! O günün gerçəkləşəcəyi günə hamımız inanırıq. Əlbəttə, Fəxrəddin kişi doğulduğu torpağa mütləq qayıdacaq!
Azad müəllimin hekayələrindəki
ideya və bədii özəlliklər
haqqında istənilən qədər yazmaq
mümkündür. O, bədii
düşüncə vasitəsilə insanın ruhuna nüfuz edir, ruhun dərin
qatlarına enməyi bacarır. İnsanın mahiyyəti onun ruhunda əks olunur və yazıçıları əbəs
yerə ruh mühəndisi
adlandırmırlar. Tanrı cismə ruh verdiyi kimi
yazıçı da sözə can bəxş edəndir. Hər ikisi yaradıcıdır. Yaradıcı
insanların Tanrı məqamında yeri həmişə
ucadadır. Azad müəllimin də qismətinə
belə bir yaradıcı ömür
düşüb. Ömrü
uzun olsun ki, yaratdıqları da çox olsun!
Ədalət.- 2019.- 16 yanvar.-S.8.