Malik Atilay
Darıxan
şeirlər
Sən
olmasan çox şey dəyişməz ki,
Yenə döyüşərəm özümlə,
Yenə uduzaram
Səni ürəyimdə tapa bilməyib
Sənə şeir yazaram.
Sən olmasan
Tanıdığım qızlardan biri azalar uzağı
Əllərinin istisi uçub getmiş əlimi
Qoyaram sancan ürəyimin üstünə
Sənə şeir yazaram.
Sən olmasan
Sənli xatirələri sapa keçirib
Boyunbağı kimi asaram keçmişimin
boynundan...
Hərdən
Bir az çiynim,
Bir az şeirlərim
darıxar sənin üçün
Yarpaqlara
sığınan küləklər,
Səsini
xatırladar
Sənə şeir yazaram.
Üçüncü dərəcəli
siqaret
İnadının tutub əlindən
gedirsən,
Sən uzaqlaşdıqca ağrı
gəlir
sevginin yerini tutur sinəmdə
Gedirsən
Gözlərinə dəsmal tutur xatirələr
Sənə ki, demişdim, sən ki bilirsən
Üçüncü dərəcəli
siqaret kimi
Ağırdır sənsizlik
Çəkilmir asan
Gedirsən bəlkə,
Səni
mənə unutdurmayan
xatirələrin bir azını da sən aparasan?
Ayrılığın paytaxtında
sərgərdan
Sən məni anlamazsan, gözəl gözlüm
Sonluğu olmayan kitabam sənə
Mən nə sual kimi
sualam indi
Nə də cavab kimi cavabam
sənə.
Sümüyünə düşməyən
küskün havayam
Baxıb
anlamadığın hansısa
şəkiləm
Rənglə, boyayla yox
Ümidsizliklə çəkilmiş şəkil...
Bənd
olur insan
bəzən anlamadığı
adama
Sən məni sevsəndə özündən çıxa
bilməzsən
Qorxu filmindən bir kadrdır həyatım
Gəlib
yetişdiyimiz bu yolun hər tərəfi
ayrılığa aparır
Mən sərgərdan qalmağa öyrəşmişəm
ayrılıqların paytaxtında
Sən məni unut gözəl gözlüm
Necə
ki, yuxularını unudursan
Necə ki unudursan hər
yox olanı.
Deyirdi, Abbas kişi
Həyatı əzab içində
keçən insanın
ölümü gözəl
olmalıdı
İki dünyadan heç olmasa birində
Ədalət olduğuna inanırdı
Abbas kişi
Deyirdi, öldüyün zaman
Ən çox qarışqalar və uşaqlar yeməlidir
ehsanını
Deyirdi, Qurban olduğum Allah
bilir hər işi
Ölümündən bir gün qabaq
Dəli
olmuşdu Abbas kişi
Və hər ayrılıq acıdı
Döngələr tək küçələrin
deyil
İnsanların da ayrıcıdı,
Hər tində
Bir kimsə çıxıb
gedir həyatından,
Dayanacaqda
sərnişinlərindən
Ayrılan avtobus kimi qalırsan
Yaraları köz bağlamış
asfalt üzərində...
Axı,
Biz də daşıyırıq insanları ürəyimizdə
Və hər ayrılıq acıdı...
İnsanlarla darıxırsan,
İnsanlardan darıxırsan...
Xəyanət edirsən hər axşam özünə
Kəsdirdiyin saçlarının xatirəsinə
Saçların kimi dalğalanan hansısa bir
radio dalğasında
Bu gecə bir mahnı
eşidilir:
"Ay, qız sənin nə vədəndi,
Kəsilib qısa tellərinin".
Ədalət.-2019.-16 yanvar.-S.7.