SƏRT
ADAM
ƏLİSƏFA AZAYEV
Bəli,
yazıçı, professor Qulu Xəlilovu belə bir adam kimi tanıyırdılar. Onunla
heç bir tanışlığı olmasa da, uzaqdan-uzağa
görmüş, kitablarını oxumuş, televiziyadakı
verilişlər zamanı söz-söhbətini
eşitmişdi. Həqiqi mənada öz
sözünü, mövqeyini çəkinmədən bildirən
bir ziyalı idi.
Gizli deyildi ki, Sovet hökuməti vaxtı belə
açıq-saçıqlıq xeymir gətirmirdi. Ancaq sanki onda
gendən gələn bir mübarizlik, dönməzlik
vardı. Bir də ki, o, bir başqası deyildi axı...
Milyonların həvəslə oxuduğu, sevimli kitabı olan
"Yaşamaq istəyirəm" əsərinin müəllifi
idi! İlahi, bu povesti o necə də həvəslə,
hərisliklə, acgözlüklə oxumuşdu. İlk sətirdən kitabdan ayrıla bilmirdi.
Sanki bu kitabda təsvir olunan Qulu Xəlilovun özü yox, elə
o idi! Moskvada, xəstəxanada cərrahiyyə əməliyyatı
olunmuş halda yatırdı.
Orada deyilən,
yazılan şeir parçalarının çoxu hələ
də yadındadır:
Qarabağda
bağ olmaz,
Qara
salxım ağ olmaz,
Qəriblikdə
qalanın,
Ürəyində
yağ olmaz.
Yaxud da
ki:
Dağlara
binə gəlləm,
Gedərəm yenə gəlləm.
Üzüm
üzünü görsə,
İmana, dinə gəlləm.
Bir də
qınayıcı, gizli mənalı o sətirlər:
Haraya
baxırsan açıqdır açıq,
Muxurdan tikilib yan-yan alaçıq.
Qışın
çilləsində boy-buxun açıq, -
Bəyəm
sənin üçün yazdır, bəxtəvər?!.
O vaxt
aydın idi ki, çap olunmaq üçün rəyə
verilən əlyazmadan müəllifin xəbəri olmaz, həmin
adamın kimliyi məxfi saxlanılar, bir də rəy olunandan
sonra hər şeydən məlumatlı olardılar. Hekayələr kitabına yazıçı-tənqidçi
Qulu Xəlilovun rəy verdiyini biləndə, lap həddən
ziadə təsirlənən kimi oldu. Həqiqi
mənada bu yazıçı onun üçün ucalıq
zirvəsi idi. İstər
yaradıcılıqda, istər pedoqoji fəaliyyətdə,
istərsə də bir insan, müəllim kimi. Qulu Xəlilov o vaxtlar ciddi yazıçı -tənqidçi
kimi tanınmaqla yanaşı, ADU-nun sayılıb -seçilən
professoru idi. Gənclərimizə dərs
deyirdi.
Həmin rəydən təsirlənmiş halda ona məktub
yazdı. Bir güun də bu məzmunda bir cavab aldı.
Öz xətti ilə yazmışdı:
Hörmətli
Əlisəfa!
Salam.
Sənin çox səmimi, istiqanlı məktubunu
aldım.
Çox sağ ol. İsti və
hərarətli, həmçinin ünvanıma dediyin xoş
sözlərə görə.
Çox sevindim ki, tanımadan, bilmədən sənin
kimi həm yaxşı qələmli, həm həssas, həm
də bütünlüklə vicdanlı bir müəllif -
üstəlik hüquqşünas haqqında müəyyən
xoş sözlər demişəm. Görünür, bu
sözləri doğuran sənin öz qabiliyyətin, insanlara
olan səmimi münasibətindi. Məni
öz doğma ev-eşiyinizə dəvət etdiyinə
görə də sağ olun. Sağlıq
olsun. Mən də sizi öz evimizə dəvət
edirəm. Evimizin telefonu belədir: 92-86-46.
Hörmətlə:
İmza Qulu Xəlilov
20.II.1984.
Bu məktubdan həvəslənmiş, cəsarətlənmiş
halda bir gün də ADU-ya, onunla görüşə getdi. Onu çox səmimi
şəkildə qəbul elədi, xeyli söhbət etdilər.
Yazıçılar Birliyinə üzv qəbul
olunanda ona zəmanət verənlərdən biri də
SSRİ Yazıçılar İttifaqının üzvü
Qulu Xəlilov oldu.
Bəli, zəmanət xeyli əvvəl verilsə də,
o müstəqillik illərində - 1993-cü ildə
Yazıçılar Birliyinə üzvü qəbul olundu. Yadında idi,
indi Milli Məclisin deputatı olan Elmira xanım Axundova onda bu
sahədəki işə baxırdı. Bir gün də
ona sənədləri verdi ki,
yazıçı İsi Məlikzadənin yanına
aparsın. İmza etmək üçün.
O vaxt nəsr sahəsinə o baxırdı.
Onda çox xeyirxah bir insan, gözəl
yazıçı olan İsi Məlikzadə Azərbaycan Milli
Akademik Dram teatrında idi. Sənədlərə baxanda dedi:
"Mən ki, bura qol çəkmişəm axı..."
Beləcə geri qayıtdı... O cürə gözəl
yazıçının çox erkən, vaxtsız
dünyasını dəyişməsi onu çox
ağrıtdı.
Onda
yazıçı Qulu Xəlilov ona verdiyi zəmanətdə
yazmışdı: "Gənc yazıçı Əlisəfa
Azayevin imzası oxuculara tanışdır. Onun
hekayələri qəzet və jurnallarda dərc
olunmaqdadır. İki kitabı çap
olunmuşdur. Birinci hekayələr kitabı "Yeddi il
sonra" 1979-cu ildə "Gənclik" nəşriyyatı,
ikinci hekayələr kitabı "Çin
qızılgülü" isə 1987-ci ildə
"Yazıçı" nəşriyyatı tərəfindən
buraxılmışdır..."
O vaxtlar
"Gənclik" nəşriyyatından çox
"Yazıçı" nəşriyyatı tərəfindən
buraxılan kitablar təqdir olunurdu. Bu nəşriyyat
kitabını çap edirdisə, deməli, əsil
yazıçı idin. Üstəlik onun o vaxtı
"Xatirə" hekayəsi əsgər şəkili və
yazıçı Əlfi Qasımovun "Uğur olsun, əsgər
oğlan!" ön sözü ilə birlikdə "Azərbaycan
gəncləri " qəzetində dərc
olunmuşdu. Sonra da elə həmin qəzetdə "Əminə"
hekayəsi...
O vaxt
"Azərbaycan müəllimi" qəzetində bir-birinin
ardınca "Müəllim kövrəldi",
"Görüş", "Ərəb pulu", "Azərbaycan
qadını" jurnalında "Övlad həsrəti",
"Ana qəlbi" hekayləri dərc olundu. Daha sonra
"Ədəbiyyat və incəsənət" qəzetində
"Şırmayı bıçaq", "Kənd həyatı"
jurnalında "Xallı gürzə" hekayələri
işıq üzü gördü.
Nəzərə
alsaq ki, o vaxtlar bədii yazı dərc etdirmək necə
çətin idi... Bu böyük uğur hesab
edilirdi. Xüsusilə kitabın çap
olunanda. Onun isə birinci kitabı çap
olunanda, həm də hələ tələbə idi.
Müəllim işləməklə yanaşı, qiyabi
ADU-nun hüquq fakultəsində oxuyurdu! Sonralar
oranın aspiranturasına da qəbul oldu. Elmi
rəhbəri professor Murtuz Ələsgərov idi.
Qulu Xəlilovun
isə Yazıçılar Birliyinə üzv qəbul olunmaq
üçün verdiyi zəmanətdə həm də
yazılmışdı:
"Əlisəfa Azayevin yazılarını oxuduqda onun
qələmində yazıçılıq vərdişi, təcrübəsi
aydın görünür. Müəllifin həyatı bildiyi,
müşahidəsi adamları yaxından tanıması onun
bir çox hallarda qələminin təəbiliyinə, reallığına
az kömək etməmişdir. Buna görə də müəllif bir sıra hekayələrinin
mərkəzinə müəyyən konkret ideya qoyur və
öz fikirlərini də bu ideyalar ətrayında konkret surətdə
əks etdirməyə çalışır. Hansı hekayələrdir bunlar? Bunlar
saf insani məhəbbət, doğruçuluq, zəhmətkeşlik,
düzlük, saflıq, işdə sədaqət və i.a. və
s. Əlbəttə, bunlar ümumi şəkildə ifadə
olunmur".
Bu sözləri, fikirləri oxuyub, o, elə təsirlənmişdi
ki. Bax gör Qulu Xəlilov kimi yazıçı, tənqidçi,
professor onun yazıları, hekayəlri haqqında necə dolğun,
ürəkdəni gələn sözlər, fikirlər deyib,
yazmışdı. Elə bir vaxtlar hekaylər
kitabına verdiyi rəydə də belə fikirlər
yazılmışdı.
Onda, özü ona yazdığı məktubda göstərdiyi
kimi, onu şəxsən tanısaydı bu yazılar ona bu qədər
təsir etməzdi. İlk dəfə onu görmədən,
tanımadan, kimliyini bilmədən
yaradıcılığı haqqında belə gözəl
fikirlər yazmışdı. Ona verdiyi zəmanətin
sonrakı hissəsində deyilirdi: "Ana südü"ndə
uşağı ölümcül Bakıya gətirərkən
onun atasının vaxtilə sevdiyi qızın kara gəlməsindən,
üstündən uzun illər keçsə də, onların
bir-birlərini unutmamalarından, "Avar qızı"nda
bir qızın sayıqlıqla iki canini həbs etməsindən,
"Qızıl bilərzik"də əsil məhəbbətin
hər cür şöhrətpərəstlikdən uzaq
olmasından, "Ata, atacan..." da insani qayğıdan,
"Vicdanın səsi"ndə həqiqətin,
düzlüyün, doğruluğun hər şeydən
üstün olmasından, sovet qanunlarının qalib səsindən,
"İstək"də qeyri-insani hisslərin iflasından
və sairədən söhbət gedir. Bu hekayələrin
hamısında yüksək qayə, əxlaqi təmizlik,
insanın mənəvi gözəlliyi ifadə olunur.
Bəli, bu fikirlər çox yaxşı, sevindirici,
ürək açan, onu yaradıcılığa, bu
böyük sənətə ruhlandıran idi. Ancaq, o, obyektiv, öz
sözünü həmişə açıq deməyi sevən
bir qələm sahibi kimi, həm də yazıb göstərmişdi:
"Bunlarla belə qeyd etməliyəm ki, Əlisəfa Azayevin
hekayəlrinin bəzilərində təsadüflər nəinki
bir ünsür kimi iştirak edir, hətta bir çox hallarda
adamların taleyini həll edən amilə çevrilir.
Əlbəttə, belə əhvalatlar ola
bilər və müəllif də bizi bir sıra sahələrdə
inandıra bilir. Təəssüf ki, bu əhvalatlar
bəzən həddən artıq uzadılır.
Onun bu yerində deyilmiş qiymətli fikirlər ilə
tam razı idi.
Bunu ona dünyalar qədər xətrini istədiyi,
əsil mənada yolgöstərəni, xeyirxahı, mənəvi
atası olmuş gözəl yazıçımız Əlfi
Qasımov da demiş, yazılarını redaktə edərkən
qeyd etmiş, göstərmişdi.
Bütün
bunlarla yanaşı, o böük yazıçı ona verdiyi
zəmanəti bu sözlərlə bitirmişdi:
"Bütün dediklərimi yekunlaşdırıb, belə
bir nəticəyə gəlmək olar ki, Əlisəfa Azayev
həyatdan ədəbiyyata gələn müəlliflərdəndir.
Onun yaradıcılığı ümidvericidir.
Müəllifdən yeni gözəl əsərlər
gözləyə bilərik. Odur ki, onun
SSRİ Yazıçılar İttifaqı
üzvülüyünə qəbul edilməsinə zəmanət
verirəm.
SSRİ
Yazıçılar İttifaqı üzvü: İmza Qulu Xəlilov
Əlbəttə, dediyi kimi, o vaxtlar süründürməçilik
daha çox idi. Bürokratik aparat bildiyini edirdi. Heç nədən onun Yazıçılar Birliyinə
qəbul olunması xeyli uzadıldı. Bir
də ki, onda, elə indi də detektiv janra meyilli olan
yazıçılara yaxşı baxmır, əsil mənada
ögey münasibət bəsləyirdilər axı. Bizim şairlər, yazıçılar da güldən,
bülbüldən yazmağı çox xoşlayırlar.
Nə etsin ki, o bu yolu gedə bilmir. Şöhrətli
aşığımız Aşıq Şakir Hacıyevin
vaxtilə Kürdəmirdə keçirilən tədbirində
sevimli şairimiz Hüseyn Arifin dediyi kimi, yaradıcı
adamlara belə münasibət yaxşı deyil, hər
gülün öz ətri. qoxusu
var... İmkan daxilində hamısını
çap etmək lazımdır. Həmin əsərlərə
xalq, kütlə öz qiymətini verəcək.
Necə
ki, az-çox verdi... Bu
gün həsədlə oxunan o kitabları görəndə
ona zəmanət verən yazıçı və şairlərə
minnətdarlıq hissilə qəlbi döyünür.
Şöhrətli yazıçı -tənqidçi,
professor Qulu Xəlilov, gözəl şairimiz Hikmət Ziya, əslən
Qubadan olan mehriban yazıçımız Vaqif Musa yada
düşür.
O kim idi, kim oldu... Əlbəttə, buna görə
belə xeyirxah insanlara, haqqı - nahaqqa verməyənlərə,
xüsusilə yazıçı -tənqidçi Qulu Xəlilova
olduqca minnətdardı" Yazar Flora xanım Xəlilzadə
haqqında "Həyatdan ədəbiyyata"
yazısını yazıb "Azərbaycan" qəzetində
çap etdirəndə bu məsələlərə
xüsusi toxunmuş, Qulu Xəlilov kimi sənətkarların
o vaxt sözü elə belə demədiyini xüsusilə
vurğulamış, qeyd etmişdi.
İndi
bu gözəl ənənə niyə davam etdirilmir?!. Axı yaradıcı gəncliyin
belə qayğıya ciddi ehtiyacı var. Odur ki, yaxşı
deyiblər açıq nifrət gizli nifrətdən
yaxşıdır. O deyilir, bilinir, göstərilir,
soyuyub gedir, arxa plana çəkilir. Vay o günə ki, kimə,
nəyəsə gizli nifrət bəsləyəsən!
Əlbəttə ki, bunun, belə halların nəticəsi
güclü, dözülməz partlayışla
yekunlaşır!
İndi tez-tez təsadüf edirik. Bir də
görürsən ki, gənclərə lazımi qayğı
göstərilmir, onların yazıları, əsərləri
çap olunmur. Bu barədə bir fikir deyən
olmur, görüşləri təşkil olunmur. Onlar da
hiddətlənmiş halda hərdən eşşəkarısı
kimi hikkəli halda kimisə sancır, xoşagəlməz
sözlər deyir, yazıb-pozurlar da!
Onda, bu vaxt Yazıçılar Birliyindəki müdafiəçiləri
əsil xor kopellası kimi səs-səsə verir, rəhbərliyi
müdafiə edirlər. Deyən lazımdır ki, a yoldaş, bəyəm
Yazıçılar Birliyi elə Bakı
üçündü, şəhər təşkilatıdı?!. Onun yerli şöbələri olsa da,
hamısında yoxdu axı!.. Buna görə
də yerlərdə də iş aparmaq, görüşlər,
çıxışlar təşkil etmək lazımdı!
Şəxsən, o, iyirmi beş ildi bu təşkilatın
üzvüdü, hələ bir yerə göndərilməyib,
dəvət olunmayıb, təqaüd almayıb. Eləsi var ki, vaxtaşırı yararlanıb.
Ancaq üzvülük haqqı isə verib! Heç
bir hüququndan di istifadə etməyib.
Bəli, bəhrələnənlər var. Elə
vaxtaşırı olaraq. Bir sözlə Yazıçılar
Birliyi kimləri isə saxlamaq, dolandırmaq yeri deyil axı! Verilən təqaüdlərin də
hamısının onlara
çatıb-çatmadığını bilməsə də,
bu barədə də xoşagəlməz söz-söhbətlər
eşidilir.
Bir
sözlə bu gün BMT-nin yenidən qurulmasını, təşkilatlanmasını
yada salsaq, tələb etsək də... Üzv
olduğumuz Yazıçılar Birliyinin, bir vaxtlar
şurasında Əlfi Qasımovun, Qulu Xəlilovun, Hikmət
Ziyanın da olduğu bir təşkilatın yeniləşməsinə
səy göstərmirik.
Ancaq həyat yeniliyin, vaxtında dayananların, duruş gətirənlərin tərəfindədir! Bədbəxt o insandır ki, müasirləşə, müasir qayda-qanunlarla ayaqlaşa, onların tələblərini gözləyə bilmir. Əsrin , zamanın vaxt-vədəsindən geri qalıb, heç nədən beləcə sıradan çıxır, məhv olur!
Nahaq demirlər ki, peyğəmbərdən sonra şairlər, yaradıcı adamlardı. Ona görə ki, tarix boyu onlar xalqlarını qaranlıqdan ağ günə, xoşbəxt həyata aparan, səsləyən, ətalətdən xilas edən adamlar olublar. Həyat da hərəkət deməkdi.
Bunu başa düşən həmişə inkişafda, irəlidədi. Bir də yaxşı deyirlər ki, yazıçı həyat hadisələrini ideyaya çevirəndir. İdeyasız isə yaşamaq mümkün deyil. İdeya pul, var-dövlət hərisliyinə xidmət edəndə də faciələr başlayır!
Ən gözəl ideya bəşərilik, müstəqillik, suverenlik ideyasıdır!
Necə deyərlər var-dövlət
başından aşsa da bəzən insan özünü
xoşbəxt hiss eləmir. Ən böyük xoşbəxtlik
insanın bağlı olduğu xalqa, millətə, mühitə
xidmət etməsində, onlara yarımasındadı!
İctimai fəallıq əsil insanı yaşadır, onu
daha da gümrah edir! Böyük rus yazıçısı
Lev Tolstoy demişkən: "Xoşbəxt deyilsənsə,
günahkarsan". Daha hansı mənada, bunu özünüz
bilərsiniz.
Ədalət 2019.- 16 yanvar.- S.6.