20 Yanvara gedən yol

Ələmdar Məmmədov

Təqaüddə olan

Baş ədliyyə müşaviri

(əvvəli ötən sayımızda)

 

Aksiyanın sonunda çıxış edənlərdən biri Mərkəzi Komitənin o zamankı birinci katibi Əbdürrəhman Vəzirovun ünvanına uyğunsuz fikirlər səsləndirdi. Bu da rayon rəhbəri Eybalı Ağayevi qane etmədiyindən birinci katib çıxışçının üzərinə yeriyərək kəskin hərəkət etdi. Bu hadisədən sonra rayonda vəziyyət daha da kərginləşdi, fasiləsiz mitinqlərə qərar verildi. Yerli hakimiyyət hadisələrə nəzarət edə bilmirdi. Mərkəzi Komitədən göstəriş verildi ki, yerli idarələr zəhmətkeş teleqramları vursunlar. Guya mitinqçilər katibi döyüblər.

MK-nin bu addımı radikal ovqatlı adamların Xalq Cəbhəsində önə keçməsinə və liderlik etməsinə səbəb oldu. Mərkəzi Komitənin o zamankı ikinci katibi Viktor Polyaniçko həmin radikal qüvvələrin nümayəndələri ilə 2 saatlıq görüşdə katibi vəzifədə saxlamaqla bağlı danışıq aparsa da, istəyinə nail ola bilmədi. Eybalı Ağayev vəzifədən azad olundu. Qonşu Masallı rayonunda birinci katib işləyən Ələsgər Qocamanov Cəlilabad Rayon Partiya Komitəsinin birinci katibi seçildi. Ələsgər müəllim elə ilk günlərdən müdriklik göstərərək insanlarla dialoqa girdi, vəziyyəti düzəltməyə çalışdı.

Lakin kənar müdaxilələr,təxribat xarakterli hərəkətlər davam edirdi.Bir misal gətirəcəyəm. İran İslam Respublikasının Siyamək adlı vətəndaşı 1988-1989-cu illərdə icazə olmadan 4 dəfə sərhəddi keçib,Bakı şəhərinə gəlmiş,mitinqlərdə alovluradikal çıxışlar etmişdi.Məhz buna görə ona "İranın Neməti"deyirdilər.DTK-nin İstintaq İdarəsi tərəfindən CM-nin 76 maddəsinin 2-ci hissəsi ilə başlanmış cinayət işi üzrə ona ittiham elan edilmiş baxılması üçün Ali Məhkəməyə göndərilmişdi.Ali Məhkəmədə piketçilər məhkəmə araşdırmasını həyata keçirməyə imkan vermədiklərinə görə işə hansı səbəbdənsə Cəlilabad rayonunda baxılması qərara alınmışdı.(Siyamək sərhəddi Biləsuvar və İmişli rayonları ərazisində pozmuşdu.)

1989-cu ilin oktyabr ayının ortaları idi.Həmin vaxt Cəlilabadda mitinqlər ara vermirdi və qarşıdurma pik həddinə çatmışdı.Səhər saat 10 radələrində cinayət işinin məhkəmə baxışında dövlət ittihamının müdafiəsinin mənə tapşırılması barədə Respublika Prokurorunun I müavini Murad Babayevin imzası ilə teleqram aldım.Elə bu vaxt DTK-nin yerli şöbəsinin rəisi A.Orucov Sərhəd Qoşunlarının Xüsusi İdarəsinin polkovnik rütbəli rus zabiti ilə otağıma gəldi. Polkovnik məni dilə tutmağa başladı ki,Siyaməkin inzibati həbsini də Siz sanksiyalaşdırmısınız. Bakıda yoldaşlar işin baxılmasını təşkil edə bilmədilər. Bilirik ki, Siz güclü, əqidəli və nüfuzlu prokurorsunuz, istəsəniz bu işin baxılmasını təşkil edə bilərsiniz. Mən onlara bildirdim ki, cinayət işinin marerialları ilə tanış deyiləm. Dövlət ittihamının müdafiəsinin mənə tapşırılması barədə teleqramı isə yarım saat bundan əvvəl almışam. Onlar gedəndən sonra məhkəmədən zəng etdilər ki, Ali Məhkəmə üzvü Oqtay Maqsudov gəlib, məhbus da milis şöbəsindədir. Elə bu vaxt məhkəmənin qarşısında əllərində bayraq, plakat səs gücləndirici qurğu ilə danışan piketçilər göründülər. İnsanlar yavaş-yavaş məhkəmənin ətrafına toplaşırdılar. Aydın məsələ idi ki, məhkəmə prosesinin Cəlilabadda keçirilməsi qarşıdurmanı daha da kəskinləşdirəcəkdi. Mən Murad müəllimə zəng etdim. Bütün vəziyyəti ətraflı şərh edərək bildirdim ki, məhkəmənin Cəlilabadda keçirilməsi qanunsuz olmaqla yanaşı, qarşıdurmanı daha da gücləndirəcək. Murad müəllim dedi ki, məhkəmə prosesinin Bakıdan kənarda Cəlilabadda keçirilməsini Mərkəzi Komitə tövsiyə etmişdir. İndi mən MK-ya gedib lazımi yoldaşlarla danışacağam. Yarım saatdan sonra Murad müəllim zəng edərək dedi ki, yoldaşları başa saldım. Məhkəmə araşdırması Cəlilabadda aparılmayacaq.Mən aşağı düşüb piketçilərin yanına gəldim. Mikrofonu çıxış edənin əlindən alıb dedim:

- Əziz Cəlilabadlılar, Siyaməkin məhkəməsi Cəlilabadda keçirilməyəcək.

Piketçilər mənim bu xəbərimi alqışla qarşıladılar. Lakin mövqe qazanmaq istəyən Cəbhə liderləri məyus oldular.

Təxminən iki ay rayonda sabitlik hökm sürdü. Yadımdadır, o zaman AXC sədri Əbülfəz Elçibəy Cəliabada gəldi. Lakin bu sakitlik uzun sürmədi. Dekabrın 6-da keçirilən mitinqdə birinci katibin milis rəisinin istefası tələb olundu. Onların ikisi istefa verib getdilər.Bununla da hadisələr demokratik-hüquqi müstəvidən kənara çıxdı. Belə vəziyyətdə mən istefa vermək qərarına gəldim.Lakin Respublika prokuroru İlyas İsmayılov rayonda qalıb vəzifəmin icrasını davam etdirməyimi məsləhət bildi.(Cəlilabaddan gedən nümayəndə heyəti Mərkəzi Komitədə mənim qayıtmağımı tələb etmişdilər.) Həmin gündən etibarən yerli hakimiyyət demək olar ki, radikalların əlinə keçdi. Dekabrın 18-də əslən Cəliabaddan olan, uzun illər MK-nın mədəniyyət bölməsində çalışmış Xeyrulla Əliyev rayon partiya komitəsinin plenumunda birinci katib seçildi. Bu dəfə camaatla dialoqa getmək əvəzinə başqa yol tutuldu. Ədalət naminə demək lazımdır ki,Cəbhə liderləri açıq dialoqu mümkünsüz edirdilər. Məsələn, böyük şairimiz Bəxtiyar Vahabzadə, yazıçı Yusif Səmədoğlu Cəlilabadda olarkən mitinqdə çıxış edib, xalqı birliyə səsləyəndə, minlərlə adamın onları fitə basmasına ad vermək olardı? Radikal qüvvələr mövcud vəziyyətdən məharətlə yararlanıb, növbəti dəfə aranı qarışdırdılar. Rayon Partiya Komitəsinin binası qarşısında çadırlar quruldu, İrana gedən yük maşınlarının yolu bağlandı.

Dekabrın 28-də gecə isə kənardan gətirilən 400-ə yaxın xüsusi təyinatlı qüvvələr düzgün olaraq yolu açsalar da, heç bir lüzum olmadan çadırlardakı insanlara hücum edərək, onlara qarşı güc tətbiq etməyə başladılar.(Aksiyanın keçiriləcəyini hüquq-mühafizə orqan rəhbərlərindən gizli saxlamışdılar.) Bundan qəzəblənən camaat səhər tezdən raykomun binasına hücum etdi. Təsəvvür edin, minlərlə adam eyni vaxtda binanı çay daşı ilə "atəşə" tutdu. Bina xarabazara çevrildi. Sonra camaat milis binasına hücum edərək avtomobilləri yandırdılar, binanı dağıtdılar, milis işçilərini tərksilah etdilər. Həmin hadisələrdə 131 nəfər, o cümlədən rayon partiya komitəsinin birinci katibi Xeyrulla Əliyev xəsarət aldı. Onlardan biri bir gündən sonra dünyasını dəyişdi. Bir milis əməkdaşı da bir neçə aydan sonra aldığı xəsarətlərdən xəstəxanada vəfat etdi.

Həmin gün axşam Dövlət Təhlükəsizlik Komitəsinin Biləsuvar rayon şöbəsinin binasında müşavirə keçirildi. Müşavirədə Mərkəzi Komitənin katibi Telman Orucov, daxili işlər naziri Aydın Məmmədov, respublika prokuroru İlyas İsmayılov, DTK sədri Vaqif Hüseynov iştirak edirdilər. Müşavirədən sonra Telman Orucovdan məni ayrıca qəbul etməsini istədim. Xahişimi nəzərə alan MK katibi 20 dəqiqədən sonra məni qəbul etdi. Söhbətimiz çox əsəbi şəraitdə keçdi. Telman Orucov dedi ki, sən cəbhənin sədri narkoman Miralim kimi danışırsan. Cavab verdim ki, Miralim narkoman deyil, o heç siqaret çəkmir. Miralim balaca Lenindi, Napaleondu. Dedim Telman Xəliloviç, inqilab gedir, siz məni dinləməlisiniz. O isə məni dinləmək istəməyib otaqdan çıxaranda, İlyas İsmayılov ona sərt reaksiya verərək dedi ki, Telman Xəliloviç, sizin "bezdarnı" partiya işçilərinizin səhvi ucbatından rayon prokuroru 4 aydı səngərdədi. Siz isə onu dinləmək istəmirsiniz. Təxminən 15 dəqiqə sonra T.Orucov yenidən məni qəbul etdi. Əvvəlki əsəbi söhbətə görə üzürxahlığını bildirdi. Sonra MK katibi kimi rayondakı vəziyyətlə bağlı fikirlərimi dinləmək istədi, təkliflərimi soruşdu. Hiss etdim ki, dediklərimlə razılaşmaq istəmir. Dedim ki, Telman Xəliloviç, camaatla açıq dialoqa getmək lazımdı, onları aldatmaq olmaz. Təxribat hazırlanır, sərhədləri açıb üstümüzə qoşun yeridə bilərlər.

(ardı gələn sayımızda)

Ədalət.-2019.-17 yanvar.-S.4.