Unudulmayan bir tarix

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Ötən əsrin altmışıncı illərində SSRİ hökuməti ilə İran arasında Araz çayından birgə istifadə barədə müqavilə imzalanmışdı. Bağlanmış müqaviləyə görə, Füzuli rayonunun Horadiz qəsəbəsi ilə İranın Aslandüz şəhəri arasındakı ərazidə Araz çayı üzərində su anbarı üçün platina tikilməli idi. Platinanın tikintisi başa çatdıqdan sonra çayın qarşısı kəsiləcək və anbara yığılan sudan hər iki ölkə çəkiləcək su kanalları vasitəsi ilə istifadə edəcəkdi.

Çox böyük həcmli bu işin, təkcə Füzuli rayonunun deyil, eləcə də Jdanov (indiki Beyləqan), İmişli, Ağcabədi rayonlarının əkin suları ilə təminatında xüsusi payı olacaqdı. İki ölkə arasında imzalanmış sənədlərin həyata keçirilməsi üçün müəyyən işçi qrupları da yaradılmışdı. Yazın əvvəlləri idi. Moskvadan və Bakıdan gəlmiş mütəxəssislərlə Horadiz şəhərinə (onda, qəsəbə idi) yollandıq. Mütəxəssislər ərazi ilə tanış olub, müəyyən qeydlər edib, geriyə qayıtdılar. Aradan bir qədər vaxt keçdi. Həmid Məmmədov ispalkoma daxil olmuş məktublarla tanış olurdu. Bu vaxt ümumi şöbənin müdiri içəri daxil olub, xüsusi poçtla gəlmiş bir məktubu ona təqdim etdi:

- Həmid müəllim, Moskvadan gəlib. Açmadan gətirdim ki, öncə özünüz tanış olasınız - deyib, getdi.

O, məktubun məzmunu ilə tanış olanda Platina tikintisinin, eləcə də kanal çəkilişinin artıq ciddi xarakter aldığına əmin oldu, çünki məktubda yerli İcraiyyə Komitəsindən görüləcək iş üçün torpaq ayrılması xahiş olunurdu. Moskva və Bakı mütəxəssisləri ilə yanaşı torpaq layihəsini hazırlayacaq komissiyanın tərkibinə rayon torpaq, yəni yer quruluşçuları Məmməd Cabbarov və Zülfəli Hüseynovla yanaşı, Həmid Məmmədovu da daxil etmişdilər. Coğrafi əraziyə çox gözəl bələd olan ispalkom sədri komissiyanın rayona gəlişindən öncə yer quruluşçuları Məmməd və Zülfəlini götürüb tikinti aparılması nəzərdə tutulan əraziyə öncədən baxış keçirərək, özləri üçün müəyyən məsələləri araşdırdılar. Çünki bu böyük həcmli tikinti başlananda Arazboyu kəndlərin xeyli ərazisi su altda qalacaqdı. Rayonun az həcmdə torpaq itkisi verməsi üçün daha münasib variant tapmaq lazım idi. Onlar da əraziyə əvvəlcədən məhz bu məqsəd üçün gəlmişdilər.

Mərkəzdən gələn yüksək ixtisaslı mütəxəssislərdən ibarət komissiya yerli nümayəndələrin iştirakı ilə iki variantda tikinti layihəsi hazırladı. Həmin layihənin birində aparılacaq tikinti işlərinin istiqaməti belə müəyyənləşmişdi:

- Hazırkı Horadiz - Bakı magistral yolunun üst tərəfi ilə, yəni bu gün mövcud olan istiqamət;

- Molla Məhərrəmli, Arayatılı, Babı kəndlərinin Araz çayına yaxın torpaqlarından Mahmudlu, Bala Bəhmənli, Araz Dilağarda kolxozlarından keçməklə ikinci istiqamət.

Moskvada aparılan böyük müzakirələrdən sonra layihənin ikinci istiqaməti qəbul edilir. Mütəxəssislərin son qərarından sonra Bakıya, yəni respublika kənd təsərrüfatı nazirinə və Füzuli RİK-ə rəsmi məktub ünvanlanaraq, onlardan tikinti üçün torpaq sahəsinin ayrılması tələb olunur. Elə RİK sədrinin Moskva ilə baş-başa gəlməsinə səbəb də məhz bu məktubdakı tələb oldu.

XATIRLAMA

- Məktubla tanış olduqdan sonra qanım qaraldı. Bərk dilxor oldum. Öz- özümə qərar verdim ki, bu razılıq, yəni torpaq sahəsinin ayrılması barədə qərar verməyəcəm. Ona görə də ciddi, əsaslı faktlarla etirazın səbəbini əsaslandırmalı idim.

Tapşırıq verib komissiyanın yerli üzvlərini çağırtdırdım. Yer qurluşçuları ilə təkrar həmin əraziyə yollandım. Demək olar ki, ikinci istiqamətin layihədə göstərilən bütün nöqtələrini təkrar-təkrar gözdən keçirib, bu qərara gəldik ki, əgər bu istiqamətə razılıq versək, ən azı min hektar əkin sahəsi kanalın tikintisi altında qalacaq. Faktiki, bu ərazi dörd min hektarlıq əkin sahəsi idi və rayonun Arazboyu kolxozlarının istifadəsinə verilmişdi. Birdən-birə min hektar itirmək mümkün olan iş deyildi. Qəti qərara gəldim ki, məni hətta işdən və partiya sıralarından çıxarsalar belə həmin sahələr üçün razılıq qərarı verməyəcəm. Məktubun ardınca Bakıdan gələn nümayəndələri yedirdib-içirdib, amma əliboş yola saldım.

Aradan xeyli vaxt keçdi. Nə Bakıdan, nə də Moskvadan heç bir səs- səmir gəlmədi. Fikirləşdim ki, ya bu tikintinin başlanması dayandırılıb, ya da birinci istiqamət ətrafında iş görülür. Amma sən demə, vəziyyət daha ciddi imiş, mənim mövqeyimdən xəbərdar olan Moskva, Azərbaycan KP MK-nın kənd təsərrüfatına nəzarət edən katibi Qəmbər Xıdır oğlu Kazımovla ciddi söhbət edib, RİK sədrinin İttifaq əhəmiyyətli dövlətlərarası işi pozmaqda günahlandıraraq, onun cəzalandırılmasını və torpaq sahəsinin ayrılması barədə razılıq qərarını göndərməyi tələb edir. Kazımov da öz növbəsində Füzuli RPK-in birinci katibi İbrahim Səfərovla kəskin söhbət edərkən məsələ ilə bağlı özünün şəxsən rayona gələcəyini bildirir. Həmin telefon söhbətindən sonra İbrahim Səfərov məni otağına dəvət etdi və Moskva-Bakı danışıqlarını, ciddi narazılıqları mənə bildirdi. Və sonra da soruşdu:

- Mamedov, niyə torpağın ayrılması barədə qərar vermirsən?

Mən də məsələnin mahiyyətini ona, ətraflı izah edib, hətta işdən çıxarsalar belə, ikinci istiqamət üçün qərar verməyəcəyimi söylədim. Bundan sonra İbrahim Səfərov bir az ehtiyatla dedi:

- Özün bilərsən, amma sənəd-sübutlarını hazırla, sabah Kazımov mütəxəssislərlə gəlir.

Səhər saat on birə qalmış qonaqların gəldiyini öyrəndim. Bir qədər sonra məni qonaq evinə dəvət etdilər. Getdim. Ədəb-ərkanla salam verib, - xoş gəlmisiniz, - dedim. Ancaq KP MK -nın katibi başını silkələyib əsəbi şəkildə soruşdu:

- Siz kimsiniz?

Mən sualın hansı mənada verildiyini bilsəm də, çox sadəlövh şəkildə:

- Füzuli Rayon İcraiyyə Komitəsinin sədri Həmid Oruc oğlu Məmmədov - deyə cavab verdim. Kazımov bir az da əsəbi şəkildə:

- Sən hansı ixtiyarla, İttifaq əhəmiyyətli tikintinin aparılması üçün Dövlət Komissiyasının torpaq sahəsi ayrılması ilə bağlı qərarına mane olursan?

Kazımov sualını başa çatdırdıqdan sonra çox sakit şəkildə dedim ki, yoldaş Kazımov, mənə on dəqiqə vaxt ayırın, məsələnin mahiyyətini sizə izah edim. Sonra hansı qərarı istəsəniz, qəbul edin. Mən bütün gerçəkliyi ona izah edəndən sonra xahiş etdim ki, mümkünsə, əraziyə birlikdə baxış keçirək. Gətirdiyim dəlillər onun hirsini bir az soyutdu, əvvəlkindən fərqli tonla - yaxşı, gedib yerində baxarıq, - dedi.

KP MK-nın katibi Kazımovun rəhbərliyi ilə mütəxəssislər və mən kanalın çəkiləcəyi istiqaməti gəzib, təkrar- təkrar izahatlar verəndən sonra, dediklərimi Respublika Kənd Təsərrüfatı Nazirliyinin torpaq quruluşu bölməsinin rəhbəri Dadaşov soyadlı şəxs də təsdiq etdi. Və onu da dedi ki, kanal ikinci istiqamətdə çəkilsə, ümumi torpaq sahəsi səthindən xeyli aşağı düşəcək. Onda da su öz axarı ilə, təbii yolla axıb getməyəcək. Çoxlu su nasosları və digər qurğularla suyu sahələrə qaldırmaq lazım gələcək. İspalkom sədrinin təklifi daha realdı.

Rayona qayıdıb, burada da geniş müzakirələr aparandan sonra mənim təklif etdiyim birinci istiqamət üzrə kanalın çəkilməsi razılaşdırıldı. Nəticədə, min hektar torpaq sahəsinin kanal tikintisi altında qalmaq təhlükəsi sovuşdu.

Kazımov müzakirələrə yekun vuranda, üzünü mənə tutub səmimi şəkildə dedi:

- Məmmədov, mən yanılmışdım. Amma həqiqətən səndən ispalkom sədri olar!

Bakı-Moskva razılaşmasından sonra Qarabağ kanalının tikintisinin layihə-smeta sənədlərinin hazırlanmasına komanda verildi. Eyni zamanda rayon rəhbərliyi qarşısında yeni vəzifələr qoyuldu. Artıq ittifaq əhəmiyyətli bir tikintinin sürətlə aparılması üçün lazım olan hər şey, hər bir məsələ ən yüksək səviyyədə, özü də qısa müddətə öz həllini tapırdı.

Baş Mil kanalının tikintisində idarənin rəisi Mahmud İsaq oğlu Əliyevin və onun təşəbbüsü ilə yaradılmış üç növbəli iş üsulu ilə çalışan Saday Əsəd oğlu Quliyevin rəhbərlik etdiyi nəqliyyat dəstəsinin xüsusi xidmətləri olub. Bu cür bacarıqlı mütəxəssislərin əməyi nəticəsində Platinanın tikintisi, eləcə də kanalın istifadəyə verilməsi öz həllini tapdı. 1976-cı ilin ikinci yarısında bu möhtəşəm obyektlər istismara verildi. Həmin tədbir hər iki dövlətin nümayəndə heyətlərinin iştirakı ilə rəsmiləşdi. Xüsusi Dövlət Komissiyaları Araz çayının yeni yatağının tən ortasında 18 metr dərinlikdə basdırılan dəmir-beton dirəyin üzərindəki lövhənin bir üzündə SSRİ, o biri üzərində isə İran yazıldı. Sovet nümayəndə heyətinin tərkibində Əli Əmirov, mən, SSRİ Energetika naziri və digər şəxslər var idi. İran tərəfdən isə bu ölkənin Energetika və Su Təsərrüfatı naziri Kazımi, general Cahanbani və digər rəsmi şəxslər iştirak edirdi.

Baş Mil kanalının istifadəyə verilməsi ilə rayonumuzun Arazboyu kəndlərinin su problemi həllini tapdı. Həmçinin su mənbəyi olmadığı üçün istifadəsiz qalan min hektar torpaq sahəsi rayonun əkin dövriyəsinə daxil edildi. Bu gün də həmin kanalın suyundan işğaldan sonra salınmış şəhərciklərdə, qaçqın soydaşlarımızın əkin-biçinində geniş istifadə edilir. Həmçinin indi həmin kanalın üzərində Su Elektrik Stansiyası tikilir və əhalinin tələbatını ödəyəcəkdir.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.-2019.-17 yanvar.-S.7.