Mirzə Cəlil dünyaya çıxmalıdır...
Prezidentin sərəncamı
ilə 2019-cu ildə Azərbaycan ədəbiyyatının
görkəmli nümayəndəsi, böyük
yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi
qeyd olunacaq. Mirzə Cəlilin
Azərbaycan ədəbiyyatında yeri nədir?
Onu dünyada
tanıtmaq üçün nələr
etməliyik? Yubileyi ilə bağlı nə
təklifləriniz var?
Yazıçı Səfər Alışarlı: "Mirzə Cəlili Azərbaycan mədəniyyəti və ictimai fikri rus ədəbiyyatının köməyilə doğub. XIX-XX əsrlərdə bu xalqa onun qədər bələd olan, bu xalqın ağrı-acısına onun qədər yanan cəmi bir-iki dahi şəxsiyyətin adını çəkmək olar.
Keçən müsahibəmizdə demişdim: "Mənim fikrimcə, XX əsr Azərbaycan ədəbiyyatında roman janrını müasir dünya mədəniyyəti hadisəsinə çevirə biləcək yalnız bir yazıçı - Cəlil Məmmədquluzadə vardı, Azərbaycan sovet hökuməti Baksovetlə birləşib onu acından öldürdü və bu, neft paytaxtının ortasında boş dəstərxanla qətl hadisəsi, ondan sonra gələnlərə böyük yaşam dərsi oldu".
İndi bu böyük ədibin yubileyi müstəqil Azərbaycan dövləti səviyyəsində qeyd edilir. Onun əsərlərinin Avropa dillərinə tərcüməsi təşkil edilməlidir. Mirzə Cəlilə və onun yaratdığı Danabaş kəndinin personajlarına Bakının mərkəzində abidələr yapılmalıdır. Mirzə Cəlil adına nəsrimiz üçün ən ali mükafat təsis edilməlidir.”
Jurnalist, Filologiya elmləri doktoru Qulu Məhərrəmli: "Mirzə Cəlil Azərbaycan ədəbiyyatının nadir simalarından biridir, təkcə böyük yazıçı, dramaturq və publisist deyil, həm də milli ədəbiyyatımızın vicdanıdır. Əsərlərində yaratdığı situasiya və xarakrerlərlə naqislikləri tənqid etmiş, ilk növdədə nadanlığa və mövhumata meydan oxumuş Cəlil Məmmədquluzadə milli tərəqqinin yolunu da göstərmişdir. Çar dövründə "Ölülər”, sovet dönəmində "Dəlilər” kimi olməz əsərlər yaratmış yazıçı "Molla Nəsrəddin” jurnalı ilə də əbədiyyət qazanmışdır. Buna görə də onun anadan olmasının 150 illiyinin təntənə ilə qeyd qeyd edilməsi barədə sərəncam təqdirəlayiqdir. Bu addım həm də Mirzə Cəlili həm yeni nəslə, həm də dünya ədəbi ictimaiyyətinə tanıtmaq üçün yaxşı bir fürsətdir. Hesab edirəm ki, bunun üçün YUNESKO-nun imkanlarından bəhrələnməliyik. M.Cəlilə yeni baxışı əks etdirən sənədli filmin çəkilişi, Mirzə İbrahimovun onun haqqında yazdığı "Böyük demokrat” əsərinin, eləcə də Anarın bu düha haqqında yazdıqlarının yenidən və xarici dillərdə də çapı vacibdir. Təbii ki, Mirzə Cəlilin məşhur əsərlərinin tamaşaya qoyulması, seçilmiş əsərlərinin nəşri də faydalı olardı. Yəni bu nəhəng ədəbi simanın yubileyini yola verməklə yox, həqiqi bir sevgi ilə qeyd etmək vacibdir.”
Yazıçı Nəriman Əbdülrəhmanlı: "Mirzə Cəlil Azərbaycan ədəbiyyatının, həm də bütövlükdə mənəviyyatımızın sütunlarından biridir. Şübhəsiz ki, böyük ədibin yubileyinin keçirilməsi mədəniyyətimizin əlamətdar hadisələrindən sayılmalı, Mirzə Cəlilin irsinin daha dərindən öyrənilməsinə və layiqincə təbliğ edilməsinə xidmət göstərməlidir. Xüsusilə, Mirzə Cəlilin əsərlərinin xarici dillərə yüksək peşəkarlıqla tərcümə olunub nəşr edilməsi vacib məsələdir. Fikrimcə, bu böyük ədib hələ dünya ədəbiyyatının korifeyləri sırasında hələ öz layiqli yerini yetərincə tutmayıb. Yəqin ki, yubileyin təşkilatçıları da təntənəli tədbirlərdən daha çox bu məsələyə fikir verəcəklər.”
Yazar Səhər Əhməd:
"Mirzə Cəlilin Azərbaycan ədəbiyyatında rolu çox böyükdür, onun
publisistikası da, dramaturgiyası da, nəsri də əvəzsizdir. Hər üç sahədə o dahidir, məsələn
"Azərbaycan " və "Cumhuriyyət” məqalələrində
publisist kimi,
"Ölülər” tragikomediyasında dramaturq
kimi, hekayə və povestlərində nasir kimi əvəzolunmazdı.
O ki qaldı dünyaya
tanıtmağa, əgər onun təkrarsız
üslubunu tərcümədə qorumaq və keçən əsrlərin
şərq mövzularına qərbi maraqlandıra bilsək,
nə gözəl.”
Ədalət 2019.- 22 yanvar.-
S.6.