İSPAN ÇƏKMƏSİ

 (romandan fəsillər)

Aydın

Tağıyev

 

BÜTPƏRƏSTLƏR

"Mən Fironu bəndə yaratmışdım. Onu Tanrı edən siz oldunuz."

(Qurani-Kəbirdən)

 

Şairin uşaqlığı kənddə keçmişdi...

Uşaqlıqdan bir ara qırmızı rəngdən zəndeyi-zəhləsi gedirdi.

...Ağlıkəsən idi. Bir gün kəndlərinə səs düşdü ki, bəs qonşularının buğası havalanıb. Havalanmış buğa qırmızı rəngdə nə görürdüsə, coşub üstünə cumurdu. O vaxtlar kəndləri də az qala başdan-başa elə qırmızıya boyanmışdı, iclas zalları, kitabxanalar, klublar qırmızıya boyanmışdı, hər dama-divara da bir qırmızı parça vurulmuşdu. Buğa tövlədə böyür-böyür böyürür, yeri-göyü lərzəyə salırdı.

Buğanı yumşaltmaq, ram etmək üçün min bir felə əl atdılar. Tövlədə çomağın, dəyənəyin, qırmancın altına saldılar, ac-susuz saxladılar, yenə xeyri olmadı. Bir gün buğanın tövlənin cəftəli qapısını qırıb bayıra necə çıxmasından heç kimin xəbəri olmadı.

Kəndin kişilərindən kimisi əlinə keçən yabanı, dəhrəni, kimisi baltanı qapıb buğanın üstünə cumdular. Yabalar buğaya necə sancıldısa, yerindən qan fışqırdı. Al qanına boyanan buğa axır ki, gücdən düşüb yerə sərildi...

Şairin uşaq qəlbi qana döndü, dərrakəli oğlan həm də burasını da fikirləşdi ki, hə, görünür, qırmızıya hücum edənin aqibəti elə belə olur; özciyəzi də beləcə qırmızıya boyanıb, al qanına qəltan olur.

O il kənddə inəklər qısır qaldı. Südsüz-qatıqsız qalan Şairin də qırmızıya kini-küdurəti, nifrəti birə beş artdı. Ancaq şairi qırmızı qanına qəltan etmədilər. Nədən ki, Şair ağıllı çıxdı. Elə ilk qələm təcrübələrindən Qırmızını əvvəlcə vəsf, qələmi püxtələşəndən sonra isə tərənnüm etdi.

Qırmızılar da şairə borclu qalmadılar...

Şair təltif olundu, mükafat, fəxri ad aldı.

 

Qırmızıya hiddəti, nifrəti soyumayan, birmərrə də azalmayan Şairin uşaqlıq dostu Qədir oldu.

Məktəbdə də şagird vaxtlarında bayram günlərində bütün uşaqlar əllərinə balaca qırmızı bayraqları alıb nümayişlərdə həvəslə yelləyəndə də Qədir yan qaçırdı. Nə qədər dilə tuturdularsa da, hədələyib-hərbələyirdilərsə də olmurdu.

Sonralar böyüdükcə gördü ki, qırmızılar ki var-hökmən qalib gəlirlər... Baxdığı kinolarda da, oxuduğu kitabların axırında da qırmızıların qismətinə yalnız "qələbə" düşürdü... Qırmızıya əl uzadanın, toxunanın axırda elə özü qırmızıya boyanırdı... Necə ki, şairin uşaqlıq dostu Qədir boyandı...

***

Şairin kəndə ata-baba ocağına yolu düşəndə haqq üçün, Qədiri də xəbər almağı var idi. Bulaq üstündə şərəfinə verilən ziyafətlərin əlindən macal, fürsət tapanda həmişə onu axtarıb-tapdırıb hətta görüşər, qəti imtinasına baxmayaraq cibinə pul da basardı.

Bu yaz günündə də Şairin güzarı yenə öz kəndinə düşmüşdü. Qədirdən xəbər tutanda dedilər ki, bəs xəstəxanadadır. Əlbəttə, Şair ürəyindən keçdi ki, vaxt tapıb dostuna bir baş çəksin. Ancaq başını elə qatdılar ki, bir də şəhərdə ayıldı; deməyəsən, xəstəxanada yatan dostu ilə görüşə bilməyib.

Şair sonralar bildi ki, Qədir bu dəfə də qırmızıların arxasınca yenə dilini dinc saxlamayıb və onu babası kimi uzaqlara - Sibirə yox, ağıllanmaq üçün dəlilərin müalicə olunduğu xəstəxanaya yollayıblar.

Qırmızılara kin-küdurət Qədirə atasından keçmişdi. Atasının atasını- yəni ki, babasını qırmızılar hələ təzə-təzə peyda olan vaxtlarda sinfi düşmən kimi ifşa edib mühakiməsiz-filansız Sibirə yollamışdılar. O vaxtlar cavanca oğlan olan atasına canı yananlar, rəhmi gələnlər deyib başa salmış, öyüd-nəsihət edib həm də qorxutmuşdular ki, dilini dinc, farağat saxlasın. Cavan oğlan da deyilənlərə qulaq asmış, qəlbindəki nifrəti boğub dilinə yiyə durmuşdu ki, başı da salamat qalmışdı.

Qədir isə ağzını Allah yolunda qoyduğundan idi ki, cəzasına da çatmışdı...

Yatdığı xəstəxanadan çıxanda Qədirin saçları kimi saqqalı-bığı da dümağ ağarmışdı.

Xəstəxanadan qayıdan Qədir mollagünə olmuşdu. Elə bil müalicə etmək əvəzinə xəstəxanada zalım oğluna mollalıq öyrətmişdilər. Amma kəndlərində hamı ona daha Vəliş yox, "Qırmızı" deyirdi, "molla" deyən yox idi.

Kəndlərində məscidə ondan tez gedən olmazdı, məsciddən axırıncı çıxan da elə Qədir olardı. Kəndlərindəki molladan çox bilirdi. Sübh açılandan axşamacan günü məsciddə keçirdi. Əvvəllər elə bilirdi ki, kəndləri qırmızıdan yaxasını qurtarsa, günü-güzəranı da dəyişəcək, dolanışığı da...

***

Günlərin bir günü sübh tezdən yenə məscidin qapısının ağzını kəsdirib durmuşdu. Narın yağış yağırdı və islanacağına məhəl qoymayıb nə vaxtdan bəri idi ki, çöldə durmuşdu.

Gözlərinə baxan olsaydı, bir çanaq qan görərdi, deyəsən, yenə tutması tutmuşdu... Gözləri uzaqdan məscidə sarı gələn Vəliş kişini aldı, yenə də əlində əsa vardı. Qaçaqaç düşsəydi, heç cavanlar da qaçıb həmin Vəliş kişiyə çata bilməzdi. Amma di gəl, neçə il idi ki, Vəliş kişi əsa gəzdirirdi və bu bəzəkli, bahalı əsa sanki onun ləyaqətini bir az da artırırdı. Amma burası da var idi, dörd-beş il bundan qabaq elə bu Vəliş kişi çomaq gəzdirirdi, o çomaqla dolanıb-dolaşıb qoyun-quzu qaytarırdı. Gözəl bir yaz günü öz bahalı maşını ilə yol keçən abırlı bir müştəri Vəliş kişinin otardığı sürüyə yan almış, qara bir erkəyi və Vəliş kişinin elə özünü də maşına basıb bulaq üstünə gətirmişdi. Tanımadığı o müştərinin tapşırığı ilə Vəliş kişi o qoçu soyub doğramışdı, sonra da bulaq üstdə manqal qalayıb kabab çəkmişdi. Vəliş kişinin süfrəyə qulluğundan qonaq necə razı qalmışdısa, onunla yaxından tanış olmuşdu. Sonra isə bu tanışlıq aradan aylar, illər keçdikcə işgüzar bir əlaqəyə çevrilmişdi, ancaq şəhərli qonağın onunla bu əlaqəsi kəndə baha başa gəlmişdi. Şəhərli pul verib kənddə torpaq sahəsi almışdı, ferma tikdirmişdi, bundan sonra da kənd camaatının mal-qarası, davarı örüş yerinə həsrət qalmışdı. Axırda kənd sakinləri də məcbur olub heyvanlarını Vəliş kişiyə dəyər-dəyməzinə satmışdı. Bundan sonra Vəliş kişi də çomağını gümüşə, sədəfə tutulmuş bahalı bir əsa ilə əvəz edib "fermer Vəliş" olmuşdu. Nə yaxşı ki, hələ müəllim, bəy, cənab deyildi...

Vəliş kişi şəstlə məscidin qapısına yaxınlaşmışdı ki, Qırmızı onun qarşısını kəsib lap hündürdən: - Hara, a kişi, - dedi, - bir dayan görüm!..

Vəliş kişi hirslə ayaq saxlamalı oldu.

- Vəliş kişi, niyə gəlmisən bura?.. - Qırmızının səsi guruldadı.

Vəliş kişi hirsini boğub yumşalmağa məcbur oldu: - Bu nə sözdür, a bala?!. Allahın evidir də, gəlmişəm Allahıma ibadətimi edim də...

Qırmızı birdən qəh-qəhə çəkdi: - Oyunun olsun, a kişi! Bəyəm, sən müsəlmansan ki, məscidə gəlmisən?

Vəliş kişi özünü itirdi: - Əstəğfürullah, de, a Qırmızı, bu nə sözdü, mənə deyirsən?

Qırmızı özünü o yerə qoymadı, Vəlişin coşub özündən çıxmağını zərrəcə də vecinə almadı, tələsmədən qoltuq cibindən müşəmbəyə bükdüyü bir kitab çıxartdı, onu Vəliş kişiyə tərəf uzadıb: - Bax, burada da Allahın kəlamları yazılıb, - dedi, - adına İncil deyirlər. Yəni ki, İsa Peyğəmbərə gəlmiş səmavi kitab...

Vəliş kişinin duruxub mat-məəttəl ona baxdığını görən Qırmızı halını pozmadan kitabı vərəqləyib əvvəlcədən altından xətt çəkdiyi cümlələri ucadan oxumağa başladı: "Heç kim iki ağaya qulluq edə bilməz. Çünki ya birinə nifrət edəcək, digərini isə sevəcək, ya da birinə bağlı qalacaq, digərinə isə xor baxacaqdır".

Sonra da Qırmızı Vəliş kişini az qala itələyə-itələyə: - Sən bütpərəstsən, - dedi, - sitayiş etdiyin büt də camaatın mal-qarasını su qiymətinə əlindən alan o şəhərli Malik ağadır. Allahdan çox onun adını vird edirsən...

-Yaxşı, yaxşı, səni təzədən o qayıtdığın dəlixanaya saldırmaq mənə borc olsun! - Vəliş kişinin səsi kəndi başına götürmüşdü, əlindəki əsanı dəyənək kimi yelləyirdi...

***

Az sonra kəndə səs düşdü ki, Qırmızı Vəliş kişini bihörmət edib, o yaşda kişiyə bütpərəst deyib, məsciddən qovub. Camaat cin atına minmişdi. "Bəyəm məscid o Qırmızı zırramanın atasının xarabasıdır ki, bu boyda qələt eləyib?!. Biz məscidi tikəndə o dəlixanada yatırdı..."

Adamlar sözləşib məscidə, Qırmızının üstünə yeridilər.

Qırmızı kürəyini divara söykəyib durmuşdu. Həmkəndlilərinin cəmləşib məscidə tərəf gəldiyini görən Qırmızının səsi yeri-göyü götürmüşdü: - Hara gəlirsiniz, vallah, ta ki, müsəlman olmayınca, heç birinizi məscidə buraxmayacağam!..

O, əlini lap qabaqda gələn Hüsüyə uzatdı: - A kişi, hamımız bilirik ki, sən Allahından çox rəisinə sitayiş edirsən ki, bəlkə vəzifəni qaldırdı. Məsciddə nə işin, get, o bütünün hüzurunda səcdə et!..

Hüsü adlı vəzifə yiyəsi irəli cumdu... Qırmızının səsi qaralsa da, bar-bar bağırır, barmağını bir-bir adamlara uzadırdı:

- Hamınız bütpərəstsiniz, hamınız... Birinizin bütü puldu, birinizinki vəzifədi, birnizinki rüşvətdi... Allahdan başqa hər şeyə sitayiş edirsiniz...

Adamlar Qırmızının üstünə cumdular...

...Molladan çox bilən Qırmızı hərçənd bilməmiş deyildi ki, tapındıqları bütləri qırdığına görə bir vaxt İbrahim Peyğəmbəri də daş-qalaq etmişdilər...

Ədalət.-2019.-24 yanvar.-S.7.