MİR CƏLAL
ƏDƏBİ İRSİ AZƏRBAYCAN MİLLİ
KİTABXANASININ NƏŞRLƏRİNDƏ
Azərbaycan
Milli Kitabxanasının elmi-biblioqrafik fəaliyyətinin əsas
istiqamətlərindən biri biblioqrafik vəsaitlərin
hazırlanmasıdır. Bu vəsaitlər
biblioqrafik xidmətin və biblioqrafik informasiyadan istifadənin vasitəsi kimi mütəmadi olaraq müxtəlif mövzularda
tərtib olunur və tədqiqatçıların
ixtiyarına verilir. Kitabxana tərəfindən
hazırlanmış çoxsaylı
şəxsi biblioqrafik
göstəricilərdən biri də Azərbaycan
nəsrinin görkəmli
nümayəndəsi, Azərbaycanın
Əməkdar elm xadimi,
yazıçı-alim Mir Cəlal
Paşayev haqqında tərtib edilmiş vəsaitlərdir.
Ədib
haqqında ilk göstərici
1968-ci ildə 60 illiyi
münasibətilə Azərbaycan
EA-nın Əsaslı
Kitabxanası tərəfindən
"Azərbaycanın elm və
mədəniyyət xadimləri"
seriyasından, ikinci göstərici isə ədibin 90 illiyi münasibətilə 1998-ci ildə
Azərbaycan Milli Kitabxanası tərəfindən
nəşr olunmuşdur.
R.Q.Muradova tərəfindən tərtib olunmuş, redaktoru N.P.Nağıyeva olan bu göstəriciyə
Altay Həsənov ön
söz məqaləsi
yazmış, vəsaitdə
238 biblioqrafik təsvir
əks olunmuşdur.
1969-1998-ci illərin materiallarını əhatə
edən göstərici
1968-ci ildə çap
olunmuş vəsaitin davamı kimi hesab oluna bilər.
Vəsait
"Əsərləri" (kitabları, dövri mətbuat, məcmuələrdə
və dərsliklərdə
nəşr olunmuş
bədii əsərləri),
"Həyat və yaradıcılığı haqqında"
(kitablar, dövri mətbuatda çap olunmuş məqalələr),
"Kitablara müqəddimə,
redaktə etdiyi və uşaqlar üçün işlədiyi
kitablar" (kitablara yazdığı müqəddimə
və redaktə etdiyi əsərlər, uşaqlar üçün
işlədiyi kitablar),
"Başqa dillərdə"
(əsərləri, uşaqlar
üçün işlədiyi
kitablar, həyat və yaradıcılığı
haqqında) və
"Köməkçi göstəricilər"
(Azərbaycan və rus dillərində əsərlərinin və
müəlliflərin əlifba
göstəricisi) adlı
5 hissədən ibarətdir.
Yazıçı haqqında Azərbaycan Milli Kitabxanası tərəfindən çap
edilmiş ikinci biblioqrafiya 2006-cı ildə
N.P.Nağıyeva tərəfindən
tərtib edilmiş,
1926-cı ildən 2005-ci ilin
avqust ayına qədər olan bir dövrü əhatə edir. Elmi redaktoru Ş.Ə.Axundov, ixtisas redakroru prof. K.M.Tahirov, redaktoru isə M.Ə.Vəliyeva olan göstəricidə əvvəlcə
tərtibçi-müəllifdən qısa yazı, sonra isə Xalq yazıçısı
Elçinin Ön söz kimi yazılmış
"Sadəlik və müdriklik (Müəllim
haqqında söz)"
adlı məqaləsi
verilmişdir.
Daha sonra
"Mir Cəlalın həyat
və yaradıcılığının
əsas tarixləri"
xronoloji qaydada əks olunmuşdur.
Biblioqrafik hissədə Azərbaycan
dilində "Əsərləri"
- kitabları, dövri
mətbuatda, məcmuələrdə
və dərsliklərdə
çap olunan bədii əsərləri,
ədəbi-tənqidi və
publisist məqalələri,
tərcümələri, başqa
dillərdə nəşr
olunmuş əsərləri,
uşaqlar üçün
işlədiyi kitablar,
redaktə etdiyi əsərlər, dissertasiyalara
elmi rəhbərliyi,
"Mir Cəlalın həyat
və yaradıcılığı
haqqında" adlı
hissədə isə kitablar, dövri mətbuat və məcmuələrdə çap
olunan məqalələr
yer almışdır.
Rus dilində
yenə ədibin əsərləri, ədəbi-tənqidi
və publisistik məqalələri, uşaqlar
üçün ədəbi
işləri, həmçinin
həyat və yaradıcılığı haqqında
ədəbiyyatların biblioqrafik
təsvirləri əks
olunmuşdur.
Başqa dillərdə isə ədibin kitabları, dövri mətbuat nümunələri, həyat
və yaradıcılığı
haqqında materiallar təsvir edilmişdir.
Vəsaitdən istifadəni asanlaşdırmaq
məqsədilə tərtib
edilmiş köməkçi
göstəricilər bunlardır:
Mir Cəlalın əsərlərinin,
ədəbi-tənqidi və
publisist məqalələrinin,
tərcümələrinin, başqa dillərdə nəşr olunmuş əsərləri və məqalələrinin, uşaqlar
üçün işlədiyi
kitabların, redaktə
etdiyi əsərlərin,
elmi rəhbər olduğu dissertasiyaların,
ədibin həyat və yaradıcılığı
haqqında əsərlərin
və onun haqqında yazmış müəlliflərin əlifba
göstəricisi. Rus dilində
də ədibin əsərlərinin, ədəbi-tənqidi
və publisistik məqalələrinin, müəllif
tərəfindən işlənmiş
uşaq ədəbiyyatının,
Mir Cəlalın həyat
və yaradıcılığı
haqqında məqalələrin
əlifba göstəricisi,
adlar göstəricisi,
digər dillərdə
əlifba göstəricisi
tərtib edilmişdir.
Göstəricidə ümumilikdə 1471 adda biblioqrafik təsvir verilmişdir ki, bunun 1242-si Azərbaycan dilindədir.
Layihə
rəhbəri Azərbaycan
Respublikasının Mədəniyyət
naziri Əbülfəs
Qarayev, elmi redaktoru və buraxılışa məsul
Azərbaycan Milli Kitabxanasının direktoru,
prof. Kərim Tahirov, məsləhətçisi
Əməkdar mədəniyyət
işçisi Şamil
Axundov, redaktoru kitabxananın nəşriyyat
işləri üzrə
baş mütəxəssisi,
Əməkdar mədəniyyət
işçisi Gülbəniz
Səfərəliyeva olan
"Mir Cəlal (Paşayev
Mir Cəlal Əli oğlu): biblioqrafiya" adlı növbəti vəsait bu il "Azərbaycanın görkəmli şəxsiyyətləri"seriyasından
kitabxananın əməkdaşları
Mədinə Vəliyeva
və Mətanət İbrahimova tərəfindən
ədibin 110 illiyi münasibətilə tərtib
edilmişdir.
Son on iki il ərzində ədib haqqında kifayət qədər əlavə materialların çap olunduğunu nəzərə
alan Milli Kitabxana tərəfindən
oxuculara təqdim olunan bu yeni
biblioqrafiya daha da təkmiləşdirilmiş,
yeni bölmələr
və yarımbölmələr
əlavə edilmiş,
son on iki ilin materialları da əhatə olunmuşdur.
Biblioqrafik göstəricidə ədəbiyyat
xronoloji qaydada qruplaşdırılmış, xronoloji çərçivə
daxilində isə əlifba sırası gözlənilmişdir.
3 dildə Mir Cəlalın həyat və yaradıcılığının əsas tarixləri verilmiş, Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyevin, Azərbaycan Respublikasının birinci
vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti, UNESCO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, akademik Nərgiz Paşayevanın, Xalq yazıçıları Elçin,
Mehdi Hüseyn, İsa Hüseynov və Qılman İlkinin, Xalq şairləri Nəriman Həsənzadə, Bəxtiyar
Vahabzadə, Mirvarid Dilbazi və Balaş Azəroğlunun,
professor Hafiz Paşayevin, akademiklər
Nizami Cəfərov, Məmməd Arif və Məmməd Cəfərin, professorlar Firidun Hüseynov, Şamil Salmanov, Yusif Seyidov, Əmirxan Xəlilov, Qara Namazov, Şəmistan
Mikayılov, Pənah Xəlilov, İsmayıl Vəliyev, Abdulla Abbasov, Teymur Əhmədov, Nahid Hacızadə və Təhsin Mütəllimovun, filologiya
elmləri doktoru Vaqif Yusiflinin ədib haqqında fikirləri və ürək sözləri yer almışdır.
"Mir Cəlalın müdrik kəlamları" bölməsində
yazıçının çörək,
dünya, insanlıq, azadlıq, birlik, analıq, qadın, subaylıq, hörmət, sənətkarlıq, ədəbiyyatşünaslıq,
gənclik, sevgi, qəlb, dostluq, təhsil, tərbiyə haqqında, "Mir Cəlal
görkəmli şəxslər
və ədəbiyyatımız
haqqında" adlı
hissədə isə ədibin Füzuli, Səməd Vurğun, Mirzə Cəlil, Əbdürrəhim bəy
Haqverdiyev, İsmayıl
bəy Qutqaşınlı,
Süleyman Sani Axundov, Nəriman Nərimanov, Lev Tolstoy, Mehdi
Hüseyn, Seyid Hüseyn, Firidun bəy Köçərli,
Mikayıl Müşfiq,
Nizami, Mirzə Ələkbər Sabir barədə dediyi sözlər verilmişdir.
Daha sonra Xalq yazıçısı
Elçinin "Sadəlik
və müdriklik (Müəllim haqqında söz)" adlı geniş məqaləsi verilmişdir. Biblioqrafiya 5 hissədə
tərtib edilmişdir.
"Əsərləri" başlıqlı I hissədə
ədibin kitabları,
dövri mətbuatda, məcmuələrdə və
dərsliklərdə çap
olunan əsərləri,
romanları, hekayələri,
oçerk, novella və
felyetonları, ədəbi-tənqidi
və publisistik məqalələri, şeirləri,
pyesləri və kino-ssenariləri, uşaqlar
üçün işlədiyi
və nəsrə çevirdiyi kitablar, tərcümələri, tərtibçisi
və redaktoru olduğu kitablar və rəhbərlik etdiyi dissertasiyaların təsvirləri əksini tapmışdır.
"Mir Cəlalın həyat və yaradıcılığı haqqında
materiallar" başlıqlı
II hissədə yazıçı
barədə yazılmış
kitablar, haqqında yazıların yer aldığı kitablar, dissertasiya və avtoreferatlar, dövri mətbuatda və məcmuələrdə dərc
edilən məqalələr
verilmişdir.
III hissədə rus
dilində ədibin əsərləri - kitabları,
dövri mətbuatda çap edilmiş əsərləri, ədəbi-tənqidi
və publisistik məqalələr və uşaqlar üçün
işlədiyi əsərlər,
həmçinin həyat
və yaradıcılığı
haqqında kitablar, avtoreferatlar, dövri mətbuatda və məcmuələrdə dərc
edilən materiallar yer almışdır.
IV hissədə yazıçının
30 dildə - alman, belorus, çex, ispan, ingilis, fars, türk,
rumın, qazax və s. çap olunmuş əsərlərinin
tam biblioqrafik məlumatları
verilmişdir. Bundan başqa, Mir Cəlalın
ABŞ Konqres Kitabxanası,
Rusiya, Fransa, İspaniya, Ukrayna, Bolqarıstan, Avstriya, Avstraliya, Belarus, Çexiya,
Polşa, Türkiyə,
Qazaxıstan, Almaniya, Latviya, Estoniya, Slovakiya, Finlandiya, Moldova milli kitabxanaları, Rusiya, Bavariya Dövlət kitabxanaları,
Qazaxıstan Milli Akademik Kitabxanası, Fərabi adına Qazaxıstan Milli Universitetinin kitabxanasında
mühafizə edilən
əsərlərinin biblioqrafik
məlumatları əks
olunmuşdur.
Göstəricidə ümumilikdə 2914 adda biblioqrafik təsvir verilmişdir.
Həmçinin Mir Cəlal Paşayevin Bakı şəhərində
yerləşən "Ədibin
evi" muzeyində və Gəncə şəhərində yerləşən
ev-muzeyində saxlanılan
materiallar əlavə
edilmişdir.
Sonuncu, V hissə ənənəvi olaraq köməkçi göstəricilərdən ibarətdir. Vəsaitdən istifadəni asanlaşdırmaq məqsədilə Azərbaycan dilində yazıçının əsərlərinin, uşaqlar üçün işlədiyi və nəsrə çevirdiyi kitabların, tərcümə etdiyi əsərlərin, tərtibçisi və redaktoru olduğu kitabların və Mir Cəlal haqqında yazan müəlliflərin, rus dilində yenə ədibin əsərlərinin, uşaqlar üçün işlədiyi əsərlərin, Mir Cəlal haqqında yazan müəlliflərin əlifba göstəriciləri, həmçinin digər xarici dillərdə nəşr olunmuş əsərlərinin əlifba göstəricisi hazırlanmışdır.
Biblioqrafik vəsaitin informasiya-axtarış aparatından ədibin əsərlərinin və haqqında ədəbiyyatın nəşr dinamikasının müəyyənləşdirmək, statistik təhlil aparmaq, müəyyən göstəricilər əldə etmək mümkündür. Məsələn, Mir Cəlalın "Seçilmiş əsərləri" 7 dəfə çap olunmuşdur ki, bunun ilki 1956 və 1957-ci illərdə 2 cilddə, ikinci dəfə 1967 və 1968-ci illərdə 4 cilddə, III dəfə 1986-1987-ci illərdə 2 cilddə, daha sonra 2005-ci ildə yenidən 2 dəfə işıq üzü görmüşdür. 6-cı dəfə 3 cilddən ibarət 2008-ci ildə və son olaraq 5 cilddə 2013-cü ildə nəşr olunmuşdur.
(ardı gələn
sayımızda)
Aygün Hacıyeva,
Azərbaycan Milli Kitabxanasının şöbə müdiri, AMEA-nın doktorantı
Ədalət.-2019.-24 yanvar.-S.5.