MƏMMƏD SƏİD
ORDUBADİ İRSİNƏ DÖVLƏT QAYĞISININ PARLAQ
TƏZAHÜRÜ
Poetik
təfəkkürə, yüksək əxlaqi keyfiyyətlərə
və həssas mənəvi aləmə malik olan Azərbaycan
xalqının çoxəsrlik tarixi boyunca gənc nəslin tərbiyəsi
ilə bağlı zəngin pedaqoji fikirlər
toplanmışdır. Bu mənəvi və elmi-əxlaqi sərvətləri öyrənmək,
onları təfəkkür
süzgəcindən keçirib
müasir gəncliyin tərbiyəsində istifadə
etmək olduqca əhəmiyyətlidir. Azərbaycan ədəbi
irsindəki qabaqcıl
ideya, fikir və təcrübələrin,
görkəmli şəxsiyyətlərin
maarifçiliklə bağlı
fikirlərinin öyrənilməsinə
çox böyük ehtiyac vardır. Azərbaycan xalqının mənəviyyat
pasportuna çevrilən
Məmməd Səid Ordubadi də belə şəxsiyyətlərdən,
maarifpərvərlərdən biridir.
Azərbaycan xalqının ümummilli
lideri Heydər Əliyev Məmməd Səid Ordubadinin ictimai-siyasi görüşlərini
səciyyələndirərək demişdir: "Məmməd
Səid Ordubadinin yaratdığı əsərlər
Azərbaycan xalqının
milli sərvətidir.
Onlar bu gün üçün,
gələcək nəsillər
üçün dərslik
kitabıdır. Məmməd Səid Ordubadinin bütün yaradıcılığı,
bütün fəaliyyəti
Azərbaycan xalqının
mədəniyyətini yüksəklərə
qaldırmaqdan, xalqımızı
azad, müstəqil xalq etməkdən ibarət olubdur. Onun bütün yaradıcılığı
Azərbaycan xalqını
milli azadlığa, müstəqilliyə çağırıbdır.
O, həmişə millətini,
xalqını həddindən
artıq sevmiş və millətinə həddindən artıq xidmət edən bir insan olmuşdur".
M.S.Ordubadi yaradıcılığı, onun
Azərbaycan xalqı və ədəbiyyatı
qarşısındakı xidmətləri
dövlət səviyyəsində
yüksək qiymətləndirilmişdir. Ümummilli lider
Heydər Əliyevin təşəbbüsü ilə
1972-ci ildə onun 100 illik yubileyi təntənəli şəkildə
qeyd edilmiş, Ordubad şəhərində
bir zamanlar yaşadığı ata ocağı ev-muzeyə çevrilmiş, 1979-cu ildə
isə Bakıda ədibin yaradıcılıq
yadigarlarının məkanı
olan Xatirə Muzeyi yaradılmışdır.
Bundan başqa, xatirəsini əbədiləşdirmək
üçün ölkəmizdə,
o cümlədən Naxçıvanda
bir neçə küçəyə, mədəniyyət
müəssisələrinə, kitabxanalara Ordubadinin adı verilmiş, onun adını daşıyan Naxçıvan
Muxtar Respublika Kitabxanasının qarşısında
yazıçının büstü
ucaldılmışdır.
Görkəmli Azərbaycan maarifpərvəri
Məmməd Səid Ordubadinin zəngin pedaqoji irsi bu
gün də böyüyən nəslin
təlim-tərbiyəsində mühüm rol oynayır. Onun Azərbaycanın elmi-fikir tarixində xüsusi yeri və mövqeyi vardır. Ömrünün sonuna kimi ədəbi yaradıcılıqla
məşğul olan Məmməd Səid Ordubadi XX əsrin əvvəllərində ictimai-pedaqoji
hərəkatın əsas
simalarından biri olmaqla yanaşı başqa demokratik maarifçilərlə çiyin-çiyinə
çalışmış, dövrünün mühüm
pedaqoji məsələlərini
demokratik əsaslarla həll etmək uğrunda ciddi mübarizə aparmışdır.
Məmməd Səid Ordubadinin irsinin öyrənilməsi
təkcə tarixilik nöqteyi-nəzərdən deyil,
həm də bu gün üçün
faydalıdır. Çünki onun fikirləri
müasir məktəblərimiz
üçün, gənc
nəsli nəcib əxlaqi keyfiyyətlər
ruhunda tərbiyələndirmək
işində xüsusi
əhəmiyyətə malikdir.
M.S.Ordubadi irsinin aktuallığını
ümummilli liderimiz Heydər Əliyevin qiymətli fikirləri daha dolğun ifadə edir. Ulu öndər M.S.Ordubadi yaradıcılığının
tədqiqi və öyrənilməsi ilə
bağlı deyirdi:
"Məmməd Səid
Ordubadi əsərlərini
alimlər təhlil edə bilərlər. Şübhəsiz ki, nə qədər təhlil etsələr, o qədər
dərinliyə gedəcəklər.
Bəlkə də böyük
dərya kimi heç onun hamısını əhatə
edə bilməyəcəklər.
Ancaq bununla yanaşı, bizim hamımızın borcu, xüsusən müəllimlərin, məktəblərin,
gənc nəsli tərbiyə edənlərin
borcu ondan ibarətdir ki, Məmməd Səid Ordubadinin əsərlərini
hamıya çatdırsınlar,
xüsusən bizim gənclərə."
Yüksək mədəniyyətə malik,
vətənpərvər, humanist, işgüzar, pedaqoq, görkəmli ictimai və mədəniyyət
xadimi Məmməd Səid Ordubadinin həyat yolu gənclərə həyat
məktəbidir. Məmməd Səid Ordubadi
yalnız Azərbaycanda
deyil, türk dövlətlərində yaxın
və orta Şərqdə də tanınmış söz ustadlarından biri idi. "Dumanlı Təbriz", "Gizli Bakı", "Döyüşən
şəhər", "Qılınc
və qələm"
adlı məşhur romanları ilə Azərbaycan ədəbiyyatında
tarixi roman janrının
banisi olan M.S.Ordubadinin, mətbuatda çıxan ilk şeirlərindən
başlayaraq 1905-ci il Birinci Rus inqilabına
qədərki şeirlərində
əsas ideya cəmiyyətdə mədəni
geriliyə qarşı
mübarizə, qəflət
və cəhalətin,
tənqidi, eyni zamanda elmin, maarifin, qabaqcıl mədəniyyətin təbliği
olmuşdur. Bütün yaradıcılığı boyu M.S.Ordubadinin yeganə məqsədi xalqa xidmət etməkdən, öz xalqını azad və xoşbəxt görmək üçün
çalışmaqdan ibarət
idi.
Ermənilərin 1905-1907-ci illərdə Azərbaycanın müxtəlif
regionlarında soydaşlarımıza
qarşı törətdikləri
qanlı cinayətlər,
soyqırım və deportasiyalar barədə şahidlərdən aldığı
məktub və məlumatlar əsasında
M.S.Ordubadi son dərəcə
əhəmiyyətli mənbə
sayıla biləcək
"Qanlı illər"
adlı qiymətli bir salnamə yaratmışdır.
Bir yazıçının
ömrü onun yaratdıqlarının ömrü,
yaratdıqlarına verilən
dəyər qədərdir. Dahi şəxsiyyət
Heydər Əliyevin M.S.Ordubadi irsinə verdiyi dəyər bu gün də
layiqincə davam etdirilir. Ölkə Prezidenti cənab İlham Əliyevin 2012-ci il 10 aprel tarixli
Sərəncamı ilə
yazıçı-dramaturq, şair-publisist, ictimai xadim Məmməd Səid Ordubadinin anadan olmasının 140 illik yubileyi ölkəmizdə geniş
qeyd olunmuşdur.
Naxçıvan Muxtar Respublikasında ədibin irsinə dövlət səviyyəsində
daim yüksək qayğı göstərilmişdir. Ali Məclis
Sədrinin 17 aprel
2012-ci il tarixli Sərəncamı ilə
"Məmməd Səid
Ordubadinin 140 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər
Planı" təsdiq
edilmiş, əsərlərinin
bir qismi yenidən nəşr edilmişdir. Görkəmli yazıçının Ordubad şəhərindəki
ev-muzeyi əsaslı təmir olunmuşdur.
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
böyük ədibin
140 illiyi ilə bağlı yubiley tədbirində demişdir:
"Bu gün Məmməd
Səid Ordubadi deyərkən gözlərimiz
önündə ədəbiyyatın,
demək olar ki, bütün janrlarında qələmini
eyni dərəcədə
peşəkarlıqla işlətməyi
bacaran böyük istedad sahibi və qüdrətli ədib dayanır. Məmməd
Səid Ordubadi yaradıcılığını təhlil edərkən aydın görmək mümkündür ki, o, tarixi roman və sənədli əsərlərini
təkcə tarixdə
yol verilmiş boşluqları doldurmaq xatirinə yaratmamışdır.
Bununla yanaşı, o, eyni zamanda oxucusuna, bütövlükdə isə
mənsub olduğu xalqa buraxılmış səhvlərin aradan qaldırılmasını, onların
təkrar olunmamasını
da təlqin edirdi. Tarixi keçmişi öyrənməyi
vətənpərvərlik və milli iftixar
hissinin təzahürü
hesab edən ədib, bununla da, azərbaycanlı olmağın nümunəsini
göstərmişdir".
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri
cənab Vasif Talıbovun 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə təsdiq olunmuş "Oxunması zəruri olan kitabların siyahısı"na
Məmməd Səid Ordubadinin "Qılınc
və Qələm"
romanının daxil edilməsi Ordubadi irsinə verilən dəyərin bariz nümunəsi, gənc nəslə veriləcək
ən böyük töhvələrdən biridir.
İctimai hadisələrin
son dərəcə maraqlı
təsvir olunduğu
"Qılınc və
qələm" Ordubadi
yaradıcılığına xas macəraçılıq
romanı üslubunda yazılmışdır.Maraqlı və yığcam quruluşlu bu əsər Ordubadinin zəngin ədəbi irsində, şübhəsiz,mühüm
yer tutan, oxucularda Nizami və onun dövrünü
öyrənməyə böyük
həvəs oyadan romandır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin görkəmli ədib barədə söylədiyi aşağıdakı fikirlər onun irsinə verilən dəyəri dolğun şəkildə ifadə edir: "Məmməd Səid Ordubadinin zəngin yaradıcılığı millilik və bəşəriliyi, yüksək vətəndaşlıq qayəsini, qabaqcıl ideyaları özündə birləşdirən Azərbaycançılıq məktəbidir. Bu məktəbin tariximizdə və ədəbiyyatımızda oynadığı rol yüksək qiymətə layiqdir".
Ruhəngiz
Əliyeva
AYB-nin üzvü,
Naxçıvan
Müəllimlər İstitutunun müəllimi
Ədalət.-2019.-24 yanvar.-S.5.