BANK SƏDRİ

Mini romandan parçalar

FƏXRİ MÜSLÜM

Birinci hissə

 

İkimiz də baş mühasibin iş otağında üzbəüz oturmuşduq. Həmkarımın ali təhsili olmasa da, işlədiyi sahə üzrə uzunmüddətli stajı var idi. Təcrübəli olduğu üçün qrupa rəhbərlik də ona həvalə edilmişdi. Buna görə də onun oturduğu stulun yönü mən oturduğum stolun yönündən fərqlənirdi. Onun üzü otaq qapısının girişinə, mənim üzüm isə otağın pəncərəsinə yönlənmişdi.. Mənim kürəyim sanki otağın giriş qapısını kəsirdi.

Ancaq mən bilirdim ki, üzü pəncərəyə oturmağın ləzzəti başqa şeydi və yaxşı ki, mənim həmkarım belə hisslərdən uzaq idi, yoxsa heç bu imkanı da mənə verməzdi.

İşimin çox olmasına baxmayaraq, kəklikotu qarışıq çayın stəkandan aram-aram, qırıq-qırıq bu yay səhərinin havasına qarışan buğu bir yana, hələ Şərqdən baş qaldırmış günəşin şüalarından kölgəsi yarımlanmamış, Qərbə doğru uzanıqlı qalmış neçə əsrlik çinar ağacları diqqətimi cəlb etmişdi. Dağların ətəyində yerləşən Mahmalar kəndi tərəfdən əsən mehin sərinliyinə baxmayaraq, Qərbə tərəf uzanmış bu çinar kölgələrindən hiss etmək olardı ki, havanın hərarəti 25-30 dərəcəyə çatacaq.

Əlim işə yatmırdı ki, yatmırdı. Xəyal məni büsbütün öz çalarına almışdı. Bu da onunla bağlıydı ki, şəhərin o biri başından Soltan Hacıbəyovun "Karvan" simfonik poemasının ritmlərini və əzəmətli zəngulələrini xatırladan dağ çayının zümzüməsi qulaqlarımda enib qalxaraq şərqin qəribə bir çalarını yaratmış və məni öz axarına salıb harasa aparırdı.

Xəyalım uzaqlarda itib batmışdı və bir anlığa sanki uşaqlığımı qaytarmışdılar mənə. Özümü kəndimizin yaylaqlarında və o yaylaqların ətəyindən baş alıb gedən qalın dağ çayının yanında hiss etdim. Palıd və fıstıq qarışıq qalın meşələrin dərinliyindən, sərin çeşmə və bulaqlardan süzülüb keçən bu dağ çayının şərqisinin və zümzüməsinin dağın başındakı qoyun arxacına, ağıllarına kimi gəlib çatması və uşaqlığımda yaratdığı hisslər birdən-birə məni özünə çəkdi. Və yadıma düşən bu xatirələr yenidən məni "çiling-çiling", "öy köşdü", "beş daş" oyununa, nə bilim ağacın damarındakı yumrudan düzəltdiyimiz "kələ-kələ" (ot üstü xokkeyə bənzəyir) oyununa çəkib apardı. Və bu hisslərdən xoşallanaraq, özüm də bilmədən üzümdə allanmış gülüşlər baş mühasib dediyim o qarabuğdayı və şabalıdı rəngli, uzun saçlı qızın gözlərindən yayınmamışdı. Səsin tonu mülayim və cəlbedici olsa da, diksindim.

- Yaman xəyaldasınız bir şey olmayıb ki, - dedi. - Bir xahişim də var, mümkünsə səhvimizi çox qabartmayın, - deyərək əlavəsini də etdi.

- Yox, xanım, - dedim, - yadıma bir uşaqlıq dostum düşdü. Hər yerdə olduğu kimi, bizdə də yaylaqlarda qayaların üstündə mamıra oxşar, yaşıl və qəribə bir qaya örtüyü olur, bununla yanaşı ondan müəyyən rəng çalarları da alınır. Biz onu yığıb daşın üstündə döyəcləyərdik və xına rəngi alaraq əlimizi, dırnaqlarımızı rəngləyərdik və sözsüz ki, evə dönən dəə hərəmiz öz kötək payımızı alırdıq. Ancaq mənim üzümdəki gülüş çalarlarını yaradan başqa bir şeydi. Bir uşaqlıq dostum var idi. Qayanın üstündə o qədər başımız qarışmışdı ki, yanımızdakı dostumuz Namiqin yoxa çıxdığından xəbərimiz olmamışdı. Qaya da hündür və altı mağara idi, bir az keçməmiş oradan onun zəif ağlamasını eşitdik və bu səbəbdən də bir xeyli kötək yedik.

Baş mühasibin bir qulağı məndə, bir qulağı əlində saf-çürük etdiyi palazqulaq hesabatlarda idi. Mən isə fikirləşirdim ki, bəlkə də, bu dağ çayının şərqisi və zümzüməsi məni belə cəlb edib öz axarına salmazdı. Hər şeyin bir maraqlı tərəfi və maraqlı dönəmləri olur, fikirləşdim. Və bunu içimdə çək-çevir edə-edə, əridə-əridə, sevə-sevə, sevilə-sevilə öz dünyama qapanıb qalmışdım.

Bu da səbəbsiz deyildi. Və sənədlərini yoxladığımız bu qarabuğdayı dağ gözəlinin şirin və könül oxşayan ləhcəsi "Karvan" simfonik poemasını xatırladan bu dağ çayının zümzüməsinə qarışaraq, kürəyinə tökülmüş şabalıdı və sığallı hörükləri ilə həmahəng bir çalar yaratmışdı. Sanki dünya bu bir balaca və yöndəmsiz otaqda daha gözəl idi, daha cəlbediciydi. Bəlkə, elə bu rayonun özü də dünyanın ən yaraşıqlı mərkəzlərindən cəlbediciydi indi. Çünki burda insanın rahatlığı üçün ancaq onun özü və öz dünyası və bu dünyaya bir xanım baxışı varıydı.

Təkcə bu yaraşığı, bu zənginliyi və bu gözəlliyi həmkarımın mənasız və yonulmamış baxışları kor qoyurdu. Elə bil onu görəndə dünyanın bir tərəfini kor görürdüm, boş görürdüm. Yaxşı ki, solumda bu qarabuğdayı dağ qızı və dağ çayının şərqisi və zümzüməsi varı idi.

Qarşımdakı fəaliyyəti olan, fəaliyyəti olmayan və arxiv yönlü sənədlərdən zəhləm gedirdi və bu sənədləri vərəqlədikcə adamı bir dəli yuxu haqlayırdı. Artıq, mən bilirdim ki, mən dağı arana və aranı dağa aparanda həmkarım yuxusunu almışdı. Bunu onun gözlərindən də aydın görmək olardı.

Mənim başımı qatan təkcə dağ-aran məsələsi deyildi, həm də bu qarabuğdayı dağ qızının şabalıdı və yaraşıqlı saçlarının, gözlərinin qonur çalarında cəm olmuş xoş təbəssümünün könlümdə yaratdığı ilğımlı bir an məsələsiydi. Və bütün bunları xəyalıma çidarlayıb, özümlə, qarşımdakı pəncərədən, hələ kölgəsi dibinə yığılmamış çinar boyunca və şəhərin o başından axan dağ çayına kimi çəkib aparırdım.

Bu cən və kif basmış arxiv sənədlərinin tozu, torpağı və bir də həmkarımın mənasız baxışlarının ağırlığı altında daha da ağrılı görünən bu otaqdan canımda baş qaldırmış bu bir balaca hisslərlə birgə qurtulmaq hissi yaranmışdı məndə. Və bu ehtiyacın azadlığını axtarırdım. Eninə, uzununa, dərinliyinə hələ bələd olmadığım azadlıq sən demə təkcə bundan ibarət deyilmiş. Heç içimizi aldadan romantika da bu deyilmiş, fikirləşdim. Və öz-özümə götür-qoy edib azadlığın rəngini və yozumunu özümdə axtardım və belə qənaətə gəldim ki, azadlıq ancaq insanın öz içində yaranmış və yaşama çevirilmiş və özüylə də axırıncı və son nəfəsinə daşıdığı, ancaq heç vaxt çatmadığı bir yükdü. Mənə elə gəldi ki, nə çölümüz və nə də içimiz özümüzün deyil.

Elə, bu ağrıların altında çayımı içdim, həmkarımın mənasız üzünə baxa-baxa "radopi" siqaretimi yandırdım və çəkə-çəkə çinar ağaclarının dibinə səfərindən qayıtmamış kölgəliyin boy-buxununu baxışlarımla ölçdüm, nahar fasiləsinə hələ üç saat qalmışdı.

 

II

 

Sədrin xanımı qara "Volqa"nın arxa oturacağında şəstlə oturmuşdu. Şəhərin əyri-üyrü dalanlarını seyr etsə də, onun baxışları hərdən bir, maşının içindəki güzgüdən sürücünün yöndəmsiz üzünə sataşırdı. Sürücü də eyni hisslərin altında idarə etdiyi maşını gah sürətlə, gah da yavaş idarə etməklə yolun çala-çuxur qabarıq hissələrində elə bil yol hadisəsi təhlükəsizliyinin qorunmasına çalışırdı.

Sürücü sədrin xanımından xoşu gəlirdi, ancaq söz deməyə, qılığına girməyə bəhanəsi və imkanı məhdud idi. O, bir şeyi yaxşı bilirdi ki, xanımın əri onu heç vaxt salamat buraxmaz və eyni zamanda xanımın özü də buna yol verməzdi.

Sürücü xanımı ələ gətirmək üçün bəlkə "tutdu qaymaq, tutmadı ayran" atalar misalını beynində fırlada-fırlada, elə sürdüyü maşını da, bu, Bakı bağlarının birinə gedən yolun döngəsində könlündən bir ağız oxumaq keçdi, səsinin olmamasından buna ürək etmədi və bu fikrindən vaz keçdi. Ancaq özündən asılı olmayaraq kömürə oxşar sifətində soyuq bir parıltı alacalandı və buna gülüş də demək olmazdı, ancaq hər nəydisə, xanımın diqqətini cəlb etdi.

Xanım özünü o yerə qoymadı və maşının pəncərəsindən daş hasarların üstündən yol qırağına əyilmiş əncir ağaclarının budaqlarında dənəvər və ağzını günəşə açmış, sapsarı, kəhrəba kimi əncir meyvələrinə baxa-baxa, əncir mürəbbəsi bişirməyin vaxtının gəlib çatdığını öz içində götür-qoy etdi. O, bir anlıq bu bağça-bağları, bu meyvə ağaclarını havasızlıqdan boğan 4-5 metrlik daş hasarlara, narahatlığını və narazılığını içində götür-qoy etdi. Onların bağları ata babasından qalma bağ idi və əvvəllər çox künə, hava axınına sinə gərə bilməyən, xırda bir hasar idi. Ancaq ailə qurandan sonra əri, bu bağın da hasarını daşdan qalaya döndərmişdi, elə buna görə də bir anlığa ərinə qarşı içində barışmaz bir ikrah hissi keçirdi.

Sürücü maşını yol qırağına çəkdi və maşından cəld düşüb radiatorun suyunu artırmaq istədi, çünki artıq radiatorun isti buxarı onun gözündən yayınmamışdı. Maşının baqajına qoyduğu ehtiyat suyu su qabından radiatora tökdü və su qabını qaytarıb maşının baqajına qoydu. Maşının şüşələri və güzgülərinin çirkli olması diqqətini cəlb etdiyindən oturduğu oturacağın böyründən çox da təmiz olmayan əsgi parçası götürdü və qırağa çırpalayandan sonra şüşə və güzgülərə əl gəzdirdi, eyni zamanda və bu anda buna ona görə vaxt ayırdı ki, maşın əvvəlki hərarətindən aşağı düşsün. 5-10 dəqiqədən sonra o rolun arxasına keçdi, maşın torpaq yoldan 50 ildən qalma asfaltın üstündə şütüməyə başladı.

Xatirə də, maşın normal vəziyyətə düşənə kimi, maşından düşmüş və çəkilib bir qıraqda dayandıqdan sonra qayıtmışdı maşına. Ancaq geriyə, şəhərə qayıdana kimi əncir mürəbbəsi bişirmək xəyalında və içində var-gəl edirdi. Fikirləşdi ki, sürücüyə 5-10 manat pul verər və xahiş edər ki, bir-iki vedrə əncir dərib versin ona, o da axşam üstü sərin düşənə kimi, tez-bazar edib mürəbbə bişirib özüylə şəhərə götürsün. Uşaqları əncir mürəbbəsi sevən idi, həm də səhər-səhər məktəbə gedən də onun da işi yüngül olar. Səhərlər işə getdiyindən xörək hazırlamağa o qədər də vaxtı olmurdu. Heç günorta da evdə ola bilmirdi, əri vəzifədə olmasına baxmayaraq iş yeri şəhərdən kənarda idi, bu həm də onun aldığı ixtisasın nəticəsiylə bağlı bir məsələdir. Buna görə də bu əncir cemi uşaqların günorta dərsdən qayıtdığı anlarda sərbəst istifadə etmələrini yüngülləşdirə bilərdi.

Bağ evlərinə çatmağa 250-300 metr qalmışdı. Boy-buxunundan o qədər də diqqəti cəlb etməyən arıq-sısqa sürücü, elə saplaqdan asıla qalmış armuda oxşayan boynunu geri döndərdi və udquna-udquna, - bəlkə geri qayıdaq, - dedi. Bu onun içində gəzdirdiyi və bir müddətdir ki, onun çiyinlərindən asıla qalmış " mənəvi bir yük idi" guya.

Bu müəmmalı danışığı Xatirə anlamadı və sürücünün nə demək istədiyini başa düşmədi. O, sürücünün boynunun arxasından onun armuda oxşar başına, kərə qoyunların qulağına oxşar qulağına və dazı çıxmış bu başın kömür kimi qaralmış o tərəf, bu tərəfinə baxdı. O, elə bil sürücünü birinci dəfəydi ki, görürdü.

Sürücü birdə təkrar etdi, - Xatirə xanım, bəlkə, qayıdaq şəhərə.

Xatirə anlamadığı bu müəmmadan elə bil ayılan kimi oldu və xoşa gəlməyən bir hadisənin olacağından diksinən kimi oldu. - Sən yuxulu zad deyilsən ki, şəhərdən gəlirik dəə.

Yenidən şəhərə niyə qayıtmalıyıq ki, axı şəhərə axşam qayıtmalıyam. İstədim ki, səndən xahiş edim ki, bir-iki vedrə əncir dərib verəsən mənə, axşam sən arxamca gələnə kimi mən də onları bişirim.

Sürücü udqundu, - qayıtmağımız yaxşıdı, gedək görək Həsən Qasımoviç nəylə məşğuldu. Bunu sizin xeyrnizə deyirəm.

Xatirə bir şey anlamadı, - axı Həsən Qasımoviç səhər tezdən işə getdi və getdiyi an da maşını mənim üçün göndərdi ki, mən bağa getməliydim, fikirləşdi. Birdən birə içində nəsə qırıldığını hiss etdi və xoşa gəlməyən bir şeylə rastlaşacağını anladı.- Axı de görüm biz niyə şəhərə qayıtmalıyıq!? - deyə o, sürücünün üstünə bozardı.

Sürücü hiyləgərcəsinə ona tərəf döndü, - öz gözünüzlə görsəniz yaxşıdı, mən bir işarədi etdim, - deyə onun üzünə baxdı.

Xatirə onun üstünə qışqıraraq, - tez ol dön geri, özün də sürəti artır.

Yolboyu Xatirə özünə gələ bilmirdi, yolun müəyyən çala-çuxur yerində maşının sürəti aşağı düşəndə sürücüyə qarşı səbirsizlik də edirdi, - sürəti artır, -deyə onun üzünə bozarırdı. O, ərinin arxasınca, öz-özünə gileyləndi, -mənim bağa getməyimi canfəşanlıqla gözləyirmiş. Heç olmasa nə zibil qaynadırsan, qaynat, day evin içində yox dəə. Qonum var, qonşu var, adama nə deyərlər, adam bu qədər biqeyrət olmaz axı, özün də sədr vəzifəsində böyük bir kollektivə rəhbərlik edirsən, - deyə, öz-özünə deyindi.

Həsən Qasımoviçin evi şəhərin mərkəzində köhnə və qədim iki mərtəbəli binanın ikinci mərtəbəsində yerləşirdi. Evin iç həyətə eyvanı, eyvanda isə müxtəlif cür dibçək gülləri var idi. Bundan əlavə evin həyətindən üzü yuxarı dama kimi boy verib dırmaşan üzüm tənəkləri də eyvanın qarşısına gözəllik verirdi.

Artıq maşın şəhərə çatmışdı və 5-10 dəqiqədən sonra evdə olacaqdı. Maşın axırıncı döngəni döndü, evin küçə eyvanı görsənirdi, Xatirə maşının pəncərəsindən evin eyvanına göz gəzdirdi və sürücüyə, - sən küçə tərəfdə dur, eyvana nəzarət elə, oldu, - deyə ona işarə etdi.

O, qapını döymədən, sakitcə əl çantasını eşələdi və açarları çıxardıb, sakit və ustufca qapının açar yerinə saldı və oğurluğa getmiş adamlar kimi, ayaqqabılarının ucunda içəri daxil oldu.

Xatirə gözlərinə inanmadı. Bir həftə bundan əvvəl aldıqları təzə mebelin divanında əri və əri kimi də kök və əndamlı bir qadın vardı. O, heç nə deyəmmədi və birdən-birə özündən asılı olmayaraq tir-tap yerə yıxıldı.

Xəlvəti qonaq çağırılmış qadın fürsəti əldən vermədi və cəld divandan qalxıb, tez-tələsik əynini geyinib qapıdan o çıxan oldu.

Həsən Qasımoviç də tez əynini geyinib, heç nə olmamış kimi, xanımının üzünə bir az su çırpaladı.

Xatirə ayıldı və başını Həsən Qasımoviçin dizləri üstə gördü. O, Həsən Qasımoviçin bu və ya digər yalvarışlarına diqqət kəsmədi və onunla davaya çıxmaq həvəsində olmadığına görə sakitcə yerindən qalxdı. Ərini birinci dəfə görürmüş kimi onun üzünə bir xeyli maddım-maddım baxdı və çantasından evin açarlarını çıxardıb təzə mebelin stolunun üstünə qoydu və çıxıb getdi.

Artıq maşını ayrı sürücü idarə edirdi.

Bağın ənciri sovulmuş və əncir mürəbbəsi bişirilməmişdi.

(ardı olacaq)

Ədalət.-2019.-26 yanvar.-S.13.