ANAM...
(ESSE)
Firuz MUSTAFA
yazıçı-filosof
Anam Firəngiz Rəhim qızının və dünyadan köçmüş
bütün anaların
əziz xatirəsinə
ithaf edirə
O, çox iradəli və güclü bir qadın idi. İradəli və güclü
olduğu qədər
də zərif və gücsüz idi. Bəli, anamı deyirəm, bu günlərdə itirdiyim Firəngiz Rəhim qızı Hacızadə-Mustafayevanı...
Atam 55 yaşında
dünyasını dəyişmişdi. Xatırlayıram, o gözlənilməz faciə
bizim həyatda aldığımız ilk böyük
zərbə idi.
Nə edə bilərdik ki? Axı bu, bizim taleyimizi, özümüzdən
asılı olmayaraq, etibar etdiyimiz həyatın zərbəsi
idi və sonrakı illərdə
biz onun, yəni həyatın daha ağır sınaqlarına
tuş gələsi olduq.
...Atam Qədimalı
Mustafayev birinci Dünya müharibəsindən
əvvəl pedaqoji texnikum bitirmişdi. Uzaq Şərqə
qədər uzun bir döyüş yolu keçmiş, yaponlarla savaşda iştirak etmişdi.
O, maarifçi bir adam idi.
1946-cı ildə cəbhədən geri döndükdən sonra da təhsilini davam etdirmiş, əvvəlcə Rus dili institunda, sonra isə Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil
almışdı. Atam ömrünün
sonunacan öz kəndimizdə- Gədəbəy
rayonunun İsalı kəndində Azərbaycan
və rus dili ixtisasları üzrə müəllimi
işləmişdi. Öz peşəsini
çox sevərdi.
Dünyasını qəfildən, elə
dərs dediyi məktəbdə dəyişən
atamdan sonra bizim həyatımız da büsbütün dəyişdi.
Biz üç qardaş
o vaxt tələbə
idik. Mən Pedaqoji universitetdə
tələbə idim.
Fuad indiki Texniki universitetdə, Fasad Tibb universitetində təhsil alırdı.
O vaxt bacım Səyyarə və kiçik qardaşım Ayaz hələ orta məktəbdə oxuyurdular. Anam əvvəllər heç yerdə işləməməmişdi. Amma az sonra nəslimizin ağsaqqalı, böyük
maarif xadimi Əli Rəsulovun və atamın uzun illər işlədiyi təhsil ocağının direktoru
Əziz Qurbanovun təklifi ilə anam məktəbdə laboratoriya müdiri təyin olundu.
Atamın və anamın valideynləri vaxtilə repressiyaya məruz qalmışdı. Ata babam
Mehralı Məşədi
Müstafa oğlu
1930-cü illərdə "kulak" damğası ilə güllələnmiş, ana
babam Rəhim Hacı Məmməd oğlu isə bir müddət məhbəs həyatı
yaşamalı olmuşdu.
Bizim böyük nəslimiz böyük faciələrdən,
od-alovdan, qasırğadan
keçmişdi.
Onlar, yəni
anamgil iki qardaş, iki bacı idilər. Rəhim
babam ziyalı bir adam
idi və övladlarına Cabbarlının,
Cavidin qəhrəmanlarının
adını qoymuşdu:
Sitarə, Fərrux, Firəngiz, Nahid... Bir neçə il əvvəl
anam böyük qardaşı, tanınmış
kimyaşı alim Fərrux Hacıyevi itirmişdi. Əlbəttə, necə deyərlər,
ölüm haqdır.
Lakin bu amansız əcəl də bir az "insaflı"
olsun gərək. Niyə, nə üçün belə deyirəm? Anam bu son bir
il ərzində
ağır sınaqlarla
üzləşməli oldu.
Belə ki, o, əvvəlcə, ötən
il böyük
bacısı, ana əvəzi Sitarə xanımı itirdi. Keçən ilin, yəni 2018-ci il
yanvar ayının
19-da isə o, kiçik
qardaşı, tanınmış
yazıçı Nahid
Nacızadənin ölümündən
dolayı daha bir sağalmaz yara aldı. Yeri gəlmişkən, anam öz yazıçı
qardaşının bir
əsərini çox
sevərdi: "Mənim
analı dünyam"
adlı məşhur hekayəsini. Mən o dünyanı, o analı aləmi indi daha yaxşı
dərk edirəm.
Dünyanın işlərinə
bax ki, mənim
Firəngiz anam qardaşının bir ili keçirilən
yas mərasimi günü, yəni yanvar ayının 20-də
dünyaya əlvida dedi. 20 Yanvara
biz "qara yanvar"
da deyirik. Həmin gün bizim azadlığımız uğrunda
həyatlarını qurban
vermiş şəhidlərin
"qara bayramıdır".
Mən o qanlı hadisədən 29 il sonra vəfat etmiş anamı da bir
şəhid hesab edirəm. Axı o da öz həyatını bizim, yəni övladlarının
azadlığı və
xoşbəxtliyi uğrunda
qurban vermişdi.
1934-2019. Bu, anamın müqəddəs,
ibrətamiz həyatının
85 illik zaman məsafəsidir.
Anam bizdən,
öz qohum-qardaş və övladlarından heç zaman heç nə ummazdı. Onun bütün arzuları,
istəkləri Tanrıyla,
təbiətlıə bağlıydı.
Hərdən söz düşəndə
deyərdi ki, kaş Allah məni də öz dərgahına atanız kimi ayaq üstə,
əzab-əziyyətsiz aparaydı.
O, özü demişkən
"yorğan-döşək xəstəsi" olmaqdan,
yaxınlarına əziyyət
verməkdən ehtiyat
edərdi. Sanki Tanrı onun bu arzusunu eşitdi
və mənim anam qəfildən, ayaq üstə keçirdiyi qısamüddətli
xəstəlikdən dünyasını
dəyişdi. Onun
bir istəyi də vardı: arabir yarızarafat-yarıciddi
deyərdi ki, qorxuram soyuqda-qarda öləm. Sanki təbiət
onun bu ricasını
da eşitdi. Yanvarın
20-23-ündə qışın ortasında bahar Günəşi doğdu.
Halbuki cəmi iki-üç gün öncə tufan, boran, qasırğa
dünyaya meydan oxuyurdu. Biz onu
Günəşin, işığın
bir parçası kimi dəfn etdik. Və nəhayət, anam
həmişə deyərdi
ki, arzum bu dünyadan övladlarımın çiynində
köçməkdir. Neyləyim ki, onun arzulamadığımız
bu nisgilli arzusu da çin
oldu. Heyhat...
Anam etiqadlı
bir insan idi. Onun qəribə, qeyri-adi
intuisiyası, güclü
yaddaşı vardı.
Ürəyinə damanlar daim çin olardı. Adamlar haqqında, hətta hərdən bizim əleyhimizizə, başqa
sözlə "kölgəmizcə"
danışanlar haqda belə, heç vaxt heç bir bəd söz
deməzdi.
O, bizə uzun-uzadı nəsihətlər etməz
və ya didaktika dolu məsləhətlər verməzdi.
Amma tez-tez işlətdiyi bir ifadə vardı və o ifadə daim bir sırğa
olub qulağımızdan
asılmışdı: "Adam heç vaxt haqqı nahaqqın ayağına verməz"...
Haqla nahaqqın, xeyirlə şərin əbədi vuruşduğu bu dünyadan o dünyaya köç etdi anam. Bu dünyanın
əbədi gərdişinə
mən neyləyə bilərəm ki? İntəhasız zamanın amansız
dəyirmanı işləməkdə,
həmin o dəyirman
o sahilsiz zamanın içində qovrulan ömürləri "üyütməkdədir".
Bəli,
hamı "buradan"
nə vaxtsa "oraya getməyə məhkumdur. Bir dəfə yazmışdım,
yenə xatırladım:
"Orada əbədiyyət,
buradasa ölüm var"...
Doğrusu, bilmirəm, "ana" sözü ilə "anmaq" ("an") leksemi arasında bir əlaqə var, ya yox?.. Amma bu son günlərdə mənə elə gəldi ki, ANA elə bizim həyatımızın ən gözəl, ən ülvi, ən əvəzolunmaz, təkrarsız bir anı deməkdir. O bir an hətta, bəzən sonlu əsrlər və ya sonsuz əbədiyyət qədər uzun görünsə də belə, daim bir an kimi keçici, ötəri, qısa, fani, bir sözlə, anidir...
O, mənim dünyamın bir parçası idi. İndi demək olar
ki, mən öz dünyamın bir parçasını və yaxud öz
analı dünyamı
itirdim.
Bəzən tay-tuşlarım öz valideynlərinin yoxluğundan dolayı söhbət düşəndə cəmlik halında "biz yetim adamlarıq" söyləyərkən, mən həmişə qətiyyətlə yaxamı kənara çəkib deyərdim: "Xahiş edirəm, məni o "yetimlər" siyahısına daxil etməyin. Axı mən yetim deyiləm, mənim dağ kimi anam var". İndi mənim o dağım uçub, mən sinəmə çəkilən dağlarla yaşayıram. Mən yaşımın bu çağında yetim qalmışam.
p.s. Anam Firəngiz Rəhim
qızının vəfatı ilə bağlı mənə
başsağlığı verən, zəng edən, teleqram vuran, ağır dərdimə
şərik olan bütün
yaxın dostlara, üzünü
görmədiyim tanışlara, etibarlı qohumlara,
həssas media nümayəndələrinə
təşəkkür edirəm. Analardan
müğayat olun.
Ədalət.-2019.-26 yanvar.-S.12.