BANK SƏDRİ

Mini romandan parçalar

FƏXRİ MÜSLÜM

(əvvəli ötən sayımızda)

III

Məhkəmədən artıq bir ay keçmişdi. İndi Həsən Qasımoviç subaylığın sultanlıq dövrünü keçirirdi. Ancaq çox peşman idi, ondan olsa, bu işin pozulmasına yol verməzdi. Artıq uşaqlar da bir xeyli böyümüşdülər və orta məktəbin yuxarı siniflərində idilər. O, öz içində sürücünün arxasınca deyindi və onu lənətlədi.

İşdə hamı Həsən Qasımoviçdən danışırdı. Elə-belə, boş-boşuna da danışmırdılar. Danışırdılar ki, bu erməni fahişəsi kişini məhv etdi, ailəsini dağıtdı, özünü də kor yurdda qoydu. Danışırdılar ki, indi də kişidən əl çəkmir, farağat qoymur, katibəni boğaza yığıb, zəng zəng dalınca gəlir.

İşin özündə də bu kişidən ötürü "sinoy" gedənlər vardı. Bunlar da ərsiz dul arvadlar, əri ola-ola özlərini dul arvad kimi aparanlar idi.

Həsən Qasımoviç də bir Həsən Qasımoviç idi, çox da özünü endirməzdi. Ancaq özünü də o yerə qoymurdu və fikirləşirdi ki, kişinin başı qalda gərək. Hələ ki, biş-düşünü, pal-paltar işini özü həll edirdi, çünki onun özü çox cəld və qoçaq idi, səliqə-səhmanı sevən idi, neçə adamın işini özü təkbaşına görə bilərdi.

Həsən Qasımoviçin kollektivdə çox hörməti, izzəti olan adamıydı. Çünki əsilli, nəcabətli nəsildən idi, o dövrün dili ilə desək, ulu babaları "bolşeviklərdən" idi, yəni sovet imperiyasının binəsinin bünövrəsini qoyanlardan olmuşdu. Elə ona görə də yuxarı dairələrdə onunla hesablaşırdılar. Həm də bu onunla bağlıydı ki, Həsən Qasımoviç bəzi rəhbər işçilər kimi təsadüfi adam deyildi, savadlı və təcrübəli adam idi, apardığı işi əvvəlindən axırına kimi bilirdi. Hətta bəzi rəhbər işçilər onunla məsləhətləşirdilər də.

Ancaq bütün bunlara baxmayaraq, bu məsələ kommunist ideologiyasının etik qaydalarına uyğun olmadığına görə, partiya təşkilatında müzakirə edilməli və müvafiq qərar qəbul edilməliydi. Partiya orqanlarına Xatirə tərəfdən şikayət ərizəsi daxil olmamasına baxmayaraq, onların məhkəmənin qərarından xəbərləri var idi. Yəni, formal da olsa, bu məsələ partiya iclasında öz həllini tapmalıydı.

Beşinci gün saat 17-00-da təşkilatın partiya təşkilatının iclası başlamışdı. Gündəlikdə təkcə bir məsələ vardı, o da Həsən Qasımoviçin ailə münaqişəsi.

İclas elə təşkilatın rəhbəri Həsən Qasımoviçin öz otağında keçməliydi, çünki ora geniş olduğuna görə bütün iclaslar da orda keçirdi. Təşkilat üzrə kommunist partiyasının bütün üzvləri iclas zalında hərə öz yerində oturmuşdu. Rayon partiya təşkilatının bu təşkilat üzrə təlimatçısı, 30-35 yaşlarında milliyyətcə rus olan İvan Fyodiroviç də iclasda iştirak edirdi.

İlk partiya təşkilatının katibi gündəlik məsələni qeyd edərək, iclasın açıq elan edilməsini müzakirəyə qoydu və yetərli səslə iclas açıq elan edildi. İlk partiya katibi üzünü zaldakılara tutub, - kim çıxış etmək istəyir, - dedi.

Zalın baş tərəfindən təşkilatın birinci müavini kürsüyə yaxınlaşdı,

- yoldaşlar, siz bilirsiniz ki, Həsən Qasımoviç bizim təşkilata rəhbərlik edəndən bəri bizim təşkilatın göstəriciləri yüksək səviyyədə artıb və biz hər rübdə mükafat da alırıq. Hər kəsin haqqında nöqsan ola bilər. Əlbəttə, Həsən Qasımoviç bir kommunist kimi bunları nəzərə almalıydı. Çox təəssüf ki, o, bunlara biganə olub və gərək bunlar olmayaydı, görünür onun saqqızını oğurlayıblar. Mənim təklifim odur ki, xəbərdarlıq edilsin.

Başqa çıxış edənlər də eyni mövzuda və eyni təkliflə çıxış etdilər.

Sonra söz Həsən Qasımoviçə verildi, o, günahı olduğunu etiraf etdi və bağışlanılmasını xahiş etdi.

Rayon partiya təşkilatının təlimatçısı bərk əsəbiləşmişdi, görünür çıxış edənlərin çıxışları və təklifləri onu qane etməmişdi. Yəni raykomdan nümayəndə iştirak etdiyi halda və onun iştirakı ilə belə yüngül cəza? Bəs rayon partiya təşkilatının birinci katibi bir yana, bəs mərkəzi komitə bu işə nə deyəcək, deməzmi ki, sən necə partiya işçisisən ki, sənin yanında belə bir ailə pozğunluğuna yol vermiş vəzifəli şəxs haqqında yüngül cəza ilə kifayətlənirlər? O, təmkinlə ayağa qalxdı, əvvəl salona göz gəzdirdi, sonra izə Həsən Qasımoviçi ani olaraq gözucu süzüb, nə deyəcəyini sərt anlatmağa çalışdı. - Axı siz bilirsiniz ki, Həsən Qasımoviçin məsələsi mərkəzi komitənin diqqət mərkəzindədir. Siz isə məsələyə yüngül yanaşaraq, ona xəbərdarlıq edilməsi ilə kifayətlənmək istəyirsiniz. Hətta mərkəzi komitə Həsən Qasımoviçin işdə qalıb, qalmaması məsələsinin üstündə dayanıb. Siz isə kommunist partiyasının nizamnaməsinin əksinə olaraq belə bir ciddi məsələnin müzakirəsinə qeyri ciddi yanaşırsınız.

Təlimatçının kəskin çıxış etməsinə baxmayaraq, iclasın yekunu səsvermə ilə yekunlaşdı və Həsən Qasımoviçə xəbərdarlıq edildi.

Həsən Qasımoviç otağında tək idi, dərindən bir nəfəs aldı və mərkəzi komitədəki dostuna zəng etmək barədə götür-qoy etdi. Axı, bu işlərdə onun köməyi az olmadı, heç olmasa, təşəkkürə nə söz? Fikirləşdi. O, qısa rəqəmli qara telefonun dəstəyini götürdü və qısa rəqəmləri yığdı. Telefonun o başından gələn bəli cavabı onun sinəsinə yağ kimi yayıldı. Çox uzatmadı, öz təşəkkürünü bildirib, görüşəcəyi barədə qısa izahat verdi və sağollaşaraq dəstəyi yerinə qoydu.

Həsən Qasımoviç Bakının mərkəzində dünyaya gəlmiş, onun da qaynar yerində böyüyüb başa çatmışdı. İkinci Dünya Müharibəsinin iştirakçısı olmuşdu. Müharibədən sonra ali təhsil almış, işə də aşağı sahədən başlamışdı. Bacarıq və çevikliyinə, eyni zamanda rus dilli olduğuna görə vəzifə baryerlərini aşmaq da çətinlik çəkməmişdi. İdarəetmə işini, təşkilatçılığı elə bil anadangəlmə bilirdi. Rus dilli olmasına baxmayaraq, Azərbaycan dilində də yazı-pozunu yaxşı bildiyindən onun qabağına heç kim çöp sala bilməzdi. Yuxarı dairələrə gedən məktub və arayışları özü oxuyar, düzəlişlərini də özü edərdi, bir çox rəhbərlər kimi yanında mirzə saxlamazdı.

Həsən Qasımoviçin bir müsbət cəhəti də oydu ki, iş bacarığı, qabiliyyəti olan işçilərin irəli çəkilməsini təmənnasız həyata keçirərdi, bunların da əksəriyyəti rayondan gəlmiş evsiz-eşiksizlər olardı. Arxalı adamlara, tapşırılan adamlara o qədər də fikir verməzdi.

Bir gün dəhlizdən keçərkən təsadüfən kadrlar idarəsinin rəisi ilə rastlaşdı və ciddi formada, - mənə zəng etmişdilər, o qız kimdi? Onun özünü də sənədlərini də səhər saat onda gətirin yanıma, görüm ali təhsili, iş qabiliyyəti var, ya yox?

Kadrlar idarəsinin rəisi qəbul otağına daxil olanda otaqda katibədən başqa heç kim yox idi. O da makinada nə isə yazırdı. İdarə rəisinin yanındakı təzə işçi olacaq şəxsin üst-başı, qolunun və qulaqlarının bəri-bəzəyi katibənin diqqətindən yayınmadı. O, katibədən içəridə kimin olub-olmamasını aydınlaşdırdıqdan sonra birbaşa Həsən Qasımoviçin otağına daxil odu. Təşkilatda at oynadan, uzun boylu xanım, kadrlar idarəsinin rəisi, əlindəki sənədləri onun stolunun üstünə qoydu. Həsən Qasımoviç sənədlərə baxmamışdan rəisin gətirdiyi xanımı başdan ayağa süzüb, sənədləri könülsüz vərəqlədi və qaytarıb kadrlar idarəsinin rəisinə verdi, üzünü isə təzə gələn xanım qıza tutaraq, - siz bu bər-bəzəklə bizdə işləyə bilməzsiniz, bizdə sizə aid iş yoxdu, - dedi.

Həsən Qasımoviç bir çox hallarda yuxarıların da, işə işçi götürülməsi barədə əmiranə göstərişlərini rədd edərdi. Bu xüsusiyyətlərinə görə yuxarılarda oturan adamlar onun işində ki, çatışmazlıqlara görə məsələsini birinci şəxsin yanında keçirilən büroya kimi çıxartmışdılar. Birinci şəxs də hamını dinlədikdən sonra sözü vermişdi Həsən Qasımoviçə. Həsən Qasımoviç də öz növbəsində birinci şəxsə izahat vermişdi ki, təşkilatın əksər göstəriciləri bu çıxış edən adamların sahəsinə aiddir və bu barədə mərkəzi komitəyə, nazirlər sovetinə və eləcə də, bu çıxış edən şəxslərin rəhbərlik etdikləri nazirliklərə məktublar göndərilib deyərək, materiallar olan qovluğu birinci şəxsə vermişdi.

Birinci şəxs də materiallara baxmış və Həsən Qasımoviçin işinin büroya çıxarılmasını qeyri etik hesab etmişdi, büronun qərarında isə onun rəhbərlik etdiyi təşkilata köməklik edilməsi barədə MK-nin, NS-nin məsul işçilərinə, əlaqəli təşkilatların rəhbərlərinə göstəriş verilmiş və nəzarətə götürülməsinin diqqət mərkəzində saxlanılması tövsiyə edilmişdir.

Mərkəzi komitədə qəbul edilmiş büronun qərarını əldə rəhbər tutan Həsən Qasımoviç də mərkəzi komitə və nazirlər soveti başda olmaqla aidiyyəti nazirlik və baş idarələrə əsaslandırılmış məktub və arayışlarla müraciət etməyə başlamışdı. Bundan əlavə büronun qərarından irəli gələn bir çox məsələlərin həllinin yerlərdə yerinə yetirilməsinə köməklik məqsədiylə rayon partiya təşkilatlarına və rayon icraiyyə komitələrinə məktublar göndərilmişdi.

Görülmüş tədbirlərin nəticəsində təşkilatın tabeliyində olan idarə və təşkilatlarda böyük canlanma əmələ gəlmiş və qismən də olsa stimul yaranmışdı.

Həsən Qasımoviçin yanında rayon təşkilatlarından birinin yoxlama materialları müzakirə edilməliydi. Həmin rayon təşkilatının müdirini də çağırmışdılar müzakirəyə. O da etməmişdi tənbəllik, müzakirədən öncə özünü salmışdı onun yanına və demişdi: - mən belə işləyə bilmərəm və nəyə görə çağırıldığımı da bilmirəm. Yeyintim yox, mənimsəməm yox, yoxlama aktında da elə bir nöqsan yazılmayıb. Ancaq məlumat üçün bildirirəm ki, sizin bir müavin var, Nadir Əzimoviç, həftənin bu başında da, o başında da gah hinduşka istəyir, gah qaz istəyir, gah toyuq istəyir. Vallah soyulmuşam, sökülmüşəm. Hələ bu azmış kimi həftə içi hər gəlib keçəndə bizim rayondan dəmdəzgahla qulluğunda dururam. Mənim elə imkanım yoxdur, əgər kassadan əskik gələrsə, ona kim cavab verəcək. Bütün bunların qarşısında da məni müzakirəyə çağırırlar. Axı, siz bilirsiniz ki belə işləmək mümkünsüzdü.

Həsən Qasımoviç ona qulaq asa-asa daxili telefonu götürüb müavini, Nadir Əzimoviçi yanına çağırmaq və bu biabırçılığı aydınlaşdırmaq istədi. Telefon susmuşdu. Yenidən şəhər nömrəsini yığdı, katibəsi idi, müavini soruşdu, telefonun o biri başından katibə bildirdi ki, yerində yoxdu, - Gör necə də aradan çıxıb, - öz-özünə deyindi.

Yenidən dəstəyə əl atdı, bu dəfə təftiş şöbəsinin rəisini yanına çağırdı. Təftiş şöbəsinin rəisi işin nə yerdə olduğunu bilməmiş deyildi, odur ki, hazırlıqlı gəlmişdi, onun hazırlıqlı olmasını, əlində ki, qeydiyyat kitabçasından bilmək olardı. Çünki qanı qaralmış şəkildə Həsən Qasımoviçin qarşısında oturan müdirin müzakirəyə çağırılması bilavasitə onun təşəbbüsü ilə olmuşdu. Ara yerdə isə birdən-birə Nadir Əzimoviç zibilə düşmüşdü. Yəni nə hinduşka, nə qaz söhbəti olacaqdı, nə də müavinin adı hallanacaqdı. Mərdimazarı axtarmaqla deyil ki, təftiş şöbəsinin rəisi, bəlkə , elə ona görə akt materialını müzakirəyə çıxartmışdı. Yoxsa hər yoldan keçən idarə və təşkilatların işinə burnunu soxacaq. Şöbə rəisi özlüyündə binaları götür-qoy edirdi ki, Həsən Qasımoviçin, - bu rayonun akt materialları hardadı?, - sualı, onu fikrindən ayırdı.

O, - bu saat, Həsən Qasımoviç, -deməyilə qapıdan çıxmağı ilə girməyi bir oldu və akt materialını onun stolunun üstünə qoydu və əllərini sısqa qarnının üstündə qarmaqlayıb, ayaq üstdə gözləməyə başladı.

Həsən Qasımoviç akt materialını vərəqləyib, əsas yerləri gözdən keçirdi və ciddi bir nöqsanın olmadığını aydınlaşdırıb təftiş şöbəsinin rəisinin üzünə baxdı, -bu müdirin nöqsanları nədən ibarətdir ki, çağırmısınız? - deyə soruşdu.

Təftiş şöbəsinin rəisi özünü toplayıb, -bilirsiniz Həsən Qasımoviç, düzdü, ciddi, elə bir nöqsan yoxdur, ancaq bu müdir o qədər də yaxşı işləmir, plan göstəriciləri rayonun iqtisadi göstəriciləri ilə müqayisədə çox geri qalır. Eyni zamanda bu təşkilatda vaxtıyla mənimsəmə olmuşdu, bu müdir isə təzədir, ona görə tanışlıq nöqteyi-nəzərdən çağırılmasını sizinlə razılaşdırmışdıq.

(ardı olacaq)

Ədalət.-2019.- 29 yanvar.-S.7.