LAL AXIN...

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Yaxşı deyirlər ki, həqiqi ləyaqət lal axın kimidir... Hay-küyçülükdən uzaq, insanlara yarıyan, alicənab, hər işin öz yerini bilən... Mehriban insan, böyük şair Hikmət Ziyanın həqiqi mənada belə bir yaradıcı adam kimi tanıdı, sevdi, hörmət elədi. Əsil mənada ucalıq zirvəsində dayanmış bir ədib idi. Gözəl şəxsiyyəti, əvəzsiz yaradıcılığı, şeriyyəti ilə...

Onu nahaq yerə Azərbaycanın Krılovu adlandırmırdılar ki... Böyük rus satirik şairi dövründə, elə sonralar da yaradıcılığı ilə Rusiya mühitində necə bərq vurub, parlamışdısa, şair Hikmət Ziya da öz ölməz satirik şeirləri ilə beləcə qəlbimizi ovsunladı, özünü beləcə gözəl bir şair kimi tanıtdıra bildi.

1979-cu ilin xoş bir payız günü idi. "Bilik" cəmiyyəti Kürdəmir rayon təşkilatının məsul katibi kimi Kürdəmir rayon Partiya Komitəsində növbətçi idi.

Birdən əzəmətli binanın qarşısında surətlə gələn təzə bir "QAZ-24" maşını dayandı. Belə maşın da o vaxtlar hər adamda olmurdu. Maşından üç nəfər düşdü. Söhbət zamanı məlum oldu ki, onlardan biri "Göyərçin" jurnalının baş redaktoru şair Tofiq Mahmud, biri həmin jurnalın redaksiyasında işləyən şair Hikmət Ziya, biri Respublika Lenin Komsomolu mükafatı laureatı şair Məstan Günərdir.

Qısa bir zamanda söhbətləri elə şirin, maraqlı alındı ki, bir-birlərindən əl çəkə bilmədilər. Hətta yerlərə getmək lazım gələndə, raykomun birinci katibi Bilal Mahmudova demişdilər: "Biz yazıçı Əlisəfa Azayevlə hərəkət etmək istəyirik". Bilal müəllim çox nüfuzlu, sərt, öz işinin adını bilən bir katib idi. Onu elə həyətdəcə yanına çağırıb dedi:

- etmək, qonaqlar sizinlə yoldaşlıq etmək istəyirlər... Onlarla "Şirvan", sonra da R.Axundov adına kolxozlarda olun.

Həmin gün beləcə ilk növbədə Muradxan kəndində "Şirvan" kolxozunda oldular. İdarə binasının genriş zalında xeyli adam cəmləşmişdi. O, qonaqları təqdim edəndən sonra, bir-bir onlara söz verməyə başladı. Söz, sənət əhli belədi . Ona heç vermə, heç xidmət eləmə...

Ancaq xoş üz göstər, söz deməyə, ürəyini boşaltmağa imkan ver. Axı bu ürək həmişə xalq üçün döyünüb. Bu istək onu beləcə şair, yazar, sənət adamı edib.

Əvvəl sözü sadə inçsan, gözəl şair olan Tofiq Mahmuda, sonra da şair Məstan Günərə verdi. Daha doğrusu elə şair Hikmət Ziyanın təklifi ilə. Ona söz veriləndə zalda gur alqış qopdu. Hansı Azərbaycan oğlu-qızı onun satirik şeirlərindən oxumamışdı. O, dovşanın, tülkünün, çaqqalın, canavarın dili ilə o vaxtkı burokratik partiya aparatını, cəmiyyətdəki neqativ halları tənqid edərək, necə gözəl təmsillər yazardı...

Həmin tədbirdə onlardan bir neçəsini oxudu. Hələ onlardan yadında qalanları var.

Sonra da Karrar kəndinə, Ruhulla Axundov adına kolxoza gəldilər. Sözsüz ki, onlar həmin kolxozlara çatmamış, rayon partiya komitəsindən zəng çalınıb, təşkilatı işlər görülmüşdü. Ancaq burada ikinci katib Tofiq Kərimov olsa da, bir o qədər adam yox idi. Tədbirin sonunda açıq dedi:

- "Şirvan" kolxozunda çox yaxşı təşkil olunmuşdu.

Bu sözləri Tofiq Kərimova xoş gəlmədi. Narazı halda dedi:

- Burada niyə belə?

- Dinləyicilərin sayı az idi.

Onlar bir pərtliyə yol vermək istəmirmişlər kimi dilləndilər:

- Olan şeydir...

- İş adamlarıdı da...

- Çox sağ olsunlar ki, elə bunlar gəliblər.

Həmin söhbətdən sonra elə ikinci katiblə arası həmişə sərin oldu. Bu düz sözdən insanlar niyə inciyir axı? Şirin günah olan yalanı, ikiüzlülüyü heç vaxt sevməmişdi axı. Bir ki, bura bir başqası yox, şair Hikmət Ziya gəlmişdi. Onun şərəfinə təşkil olunan, keçirilən tədbir daha gur, yaddaqalan olmalı idi.

Onlarla oradan da kəndlərinə - Qaramahmudlu kəndinə yola düşdülər. Dayısı Məhəmməd müəllim xətrini çox istəyən, yaradıcılığını hörmət edən bir adam kimi həmişə ona deyərdi:

- Bilirəm... Sənin üçün çətindi... Bir qonağın olsa gətir bizə...

Doğrusu, dayısı belə qonaq-qara qəbul etməkdə təcrübəli, həm az-çox imkanlı idi. Təzə tikdirdiyi müasir tipli şüşəbəndli evlərində hər bir şərait, rahatlıq vardı.

Bu evdə bir vaxtlar dünyalar qədər xətrini istədiyi, özünə mənəvi ata bildiyi, yaradıcılığı üçün əlindən gələn köməyi etmiş gözəl yazıçımız Əlfi Qasımov qonaq olmuşdu. İlahi, onunla dayısı Məhəmməd müəllimin söhbəti necə tutur, xoş keçirdi. Bu gözəl yazıçı Kürdəmirə, kəndlərinə, onlara qonaq gələn günün səhəri dayısı təhkidlə onu evlərinə aparmış, gözəl, bolluca bir süfrə açdırmışdı.

O anları indi xatırlayanda fərəhdən köksü necə döyünür. xoş, unudulmaz dəqiqələr idi! Necə xoş günlərimiz varmış! Əlfi Qasımovun söz-söhbətindən doymaq olurdumu?!. Sanki çağlayan, təbii bir bulaq, axar gur çay idi. Ona daima yaxın olmaq istəyirdin, cazibəsindən çıxmaq mümkün deyildi. Onun söz-söhbətindən beləcə ovsunlanan tək o deyildi. Elə dayısı Məhəmməd müəllim, qaynı Vaqif, başqaları da...

Bu dəfə şairlərlə kəndə gələndə, dayısı Məhəmməd müəllim onları da çox böyük hörmət ehtiramla qarşılayıb, qonaq etdi.

Onların da nələri olmasaydı, həmişə həyətlərində yaxşı toyuq, qaz, hinduşka olardı. İndi hinduşka soyutması, qızartması, kababı yeyəsi oldular.

Süfrə başında əyləşəndə qonaqları bir daha bir-bir dayısına təqdim edəndə, dedi:

- Ə, bunları kim tanımır?!. Şöhrətli şairlərimizdi ... Xüsusilə şair Hikmət Ziyanıg Azərbaycanın əsil mənada Krılovunu!..

Onun bu sözləri şair Hikmət Ziyaya da xoş gəldi. Bəli, yaxşı deyirlər ki, ustadına kəm baxanın gözlərinə qan damar! Böyük rus şairi Krılov uşaqlıqdan yaddaşlarda qalan satirik şair idi. Bir neçə dərslikdə onun şeirləri vardı.

Xüsusilə çayda batmış araba, onun çıxarılmasına səy göstərənlərin təsviri... Balıq suya, tısbağa quruya, göyərçin göyə tərəf iplə çəkməkdə olsalar da, arabanı sudan çıxara bilmirlər ki, bilmirlər...

(ardı gələn sayımızda)

ƏLİSƏFA AZAYEV

Ədalət.-2019.-29 yanvar.-S.7.