PROBLEMLƏRİ BAŞINDAN AŞAN DAĞ KƏNDİ

"Qəlbində keçmişinin tarixini yaşatmayaninsan, nə də alim deyil. Kim ki, özündə keçmişinin tarixini yaşadır, ol şəxs öz ömrünə illər əlavə edir."

Sihabəddin Məhəmməd

Ən Nəsəvi. ( ?-1249)

 

Bugünki yazımın əsas mənbəyi, çox keşməkeşli tarixə malik olan, qışının sazağında qovrulduğum, yayının istisində bişdiyim, palçığına bata-bata yeriyib, boya-başa çatdığım doğma kəndim Tircanın, illərlə yığılıb qalan problemlərindən yaranıb. Tam məsuliyyəti ilə qeyd edirəm ki, nəinki rayon miqyasında, hətta Respublikada bu qədər problemləri başından aşan ikinci bir kənd yoxdur.

Əsas məsələyə keçməzdən əvvəl, səsi tarixlərin çox-çox dərinliklərindən gələn bu kəndin, qısaca tarixi xronikasına nəzər salaq.

Tircan İsmayıllı rayonunun ən qədim, ən böyük kəndlərindən biridir: 554 ev, 2000-ə yaxın əhalisi var. Bakı - İsmayıllı yolunun Girdimançaya çatmamış sağa burulan yolun 1,5 km-dədir.

Tircanın qədimliyinə dəlalət edən dəlillərdən biri, onun dövrəsindəki yer toponimlərinin, Mehranilər sülaləsindən alban ( Qafqaz) hökmdarları olmuş Varaz Qriqorun oğlu Cavanşirin (637-681) adı ilə bağlı olmasıdır. Bunlardan: "Cavanşirin qazma yerləri", "Cavanşir bulağı", "Cavanşir duvanxanası", "Cavanşir qəhəlləri" (at tövlələri), "Cavanşir düzənliyi" (Sərdüz) və s. göstərmək olar. Kəndin, köksünə sığındığı dağ d "Qəhliyə" (Qəhəlliyyə) adlanır.

"Cavanşir duvanxanası" (zindanı) yerləşən Tırxa çökəkliyi adlanan yerin ətrafındakı, kol-kosdan meşələşmiş qədim qəbristanlığın bir ucu Maçaxı, digər ucu isə Sərdahar kəndlərinə kimi uzanır. Soltanlı meşəsindən axan gur bulaq suyu, qar və yağış selləri, qəbrlstanlığın xeyli hissəsini yuyub aparmışdır. Hətta, Maçaxı kəndində bostan işləri ilə məşqul olan bir qadın, selin gətirdikləri insan kəllələrindən və sür-sümüklərindən vahimələnmiş, bu dərddən xəstəlik taparaq ölmüşdür.

Qonşu Talıstan kəndi yaxınlığındakı Ağçayın sol sahilində, qayalıqlar zirvəsində yerləşən "Cavanşir Qalas"ı, kəsmə dağ-dərə yolu ilə Tircanın 7-8 km.-dədır. Kəndin özündə, yan-yörəsindəki ərazilərdə bostan yeri belləyəndə də , taxılaltı ərazilər şumlananda da, keçən əsrin 50-ci illərində İsmayıllı-Basqal şossesindən kəndə əl əməyi ilə avtomobil yolu çəkiləndə də, qaba yem istehsalı üçün silos quyuları qazınanda da, dəfələrlə tarixlə üz-üzə qaldığımızın canlı şahidiyəm. Tapılan küp qəbirlər, bir çox evlərdə indi də məişət əşyaları kimi işlədilən nehrələr, su bardaqları, küpələr, dopular, taxıl küpləri və s. bu məmulatların y.e. əvvəl 1-ci minilliyinin sonuncu rübünə aid olduğunu deyirlər tarixçilər.

Ağızdan-ağıza, bizim günlərə kimi gəlib çatmış xəbərlərə görə, Tircanlıların ilk əcdadları Cavanşir qazmalarında yaşayanlardandır. Çoxdan dünyalarını dəyişmiş ağsaqqal bə ağbirçəklərimizdən bu barədə çox eşitmişdik. Həmin sözləri bu gün də, müasirimiz olan 96 yaşlı Oruc Əsədov, 95-yaşlı Babakişi Fətullayev də deyirlər. Hörmət və izzət sahibləri, 90 yaşlı Abdulkərim Piriyev, 86 yaşlı Bərxuda Bədəlov da, nəsillərinin yaşlı adamlarından, bu barədə çoxlu söhbətlər eşitdiklərini deyirlər. 22 il kolxoz-sovxoz anbarında qüsursuz işləyən,bu səbəbdən "Anbardar Nizam" kimi tanınan, kəndin nüfuzlu şəxsi, 86 yaşlı Nizam kişinin dedikləri daha maraqlıdır :

"Atam Nəcməddin Haqverdiyev (1882-1947) nənəsi Oğlangəldiyə və atası Heydərə (o Köhnə Tircanda ilk yüzbaşı olub) ıstınadən danışardı ki, Tircanlıların kökü "Cavanşir Qazmalarında" yaşayanlardandır. Tarixin bizə məlum olmayan bir dövründə, onlar oradan köç edərkən, bir hissəsi Arana, digər hissəsi isə, indiki Tircanın şimal-qərb tərəfinin 500-metrliyində olan, qədim Xocalı yaşayış məskəninə köçüblər.(Məmmədseyinə yaxın ərazi). Ağsu şəhərinin sağ cinahında yerləşən "Cavanşiri" adlanan kəndin də əcdadlarının onlardan olduqları ehtimal olunur".

Kəndin ad və məkanını bir neçə dəfə dəyişməsi çoxlarına məlumdur. Bunlardan."Cavanşir Qazmaları". "Xocalı", "2-ci Xocalı","Soğanlıq",""Şəmdlan"."Xəşdöşə (Xalçadöşə)" və "Tircan"ı göstərmək olar. Kənd sonuncu dəfə 1907-ci ildə Musa dağının sürüşməsi nəticəsində batmışdır. İnsan tələfatı olmasa da, kəndin torpağa kömülmüş evlərinin və Cümə məscidinin yerlərində keçilməz bataqlıqlar və iri nohurlar əmələ gəlmişdir. İndi o nohurlar, batmış evlərin sahiblərinin adları ilə adlandırılırlar ":Bədir nohuru"."Qambay nohuru","Meçit nohuru","Qəhrəman nohuru".

Bakı Quberniyasının Şamaxı qəzası tərkibində olan Tircan, Çar Nikolayın fərmanı ilə 1908-ci ildə, bir qədər qərbə doğru, indiki əraziyə köçürülüb. Yeni kəndin salınması, Qəzada məsul vəzifədə çalışan, bütün Şirvanda namus,qeyrət,ədalət,igidlik simvolu kimi tanınan, ermənilərə göz verib işıq verməyən Molla Kamilə tapşırılır.("Molla"adı ona hörmət əlaməti olaraq xalq tərəfindən verilmlş addır).Rus mühəndislərinin layihəsi əsasında salınan yeni kəndin inşası, Cümə məscidinin,məktəb binasının və Qonaq evinin tikintisindən başlanılır. Bu işləri görmək üçün ,hər bir daşının kəsilib tikilməsinə 20 qəpik qızıl pul tələb edən Lahıc ustaları dəvət olunmuşlar. Bu nəcib işdə, kənd əhalisi də, həm mənəvi və həm də maddi cəhətcə yardım göstərmişlər.

Xeyriyyəçilikdə ad çıxarmış Hacı Məmməd (1831),Hacı Əbdülxalıq (1841), Hacı Səbzəli(1859) qardaşları, qardaşı oğlanları Molla Kamilə (1875-1924) böyük dəstək olurlar. Atası Hacı Əli (1852), uzaq Soltanlı meşəsindən,6-7 km. məsafədən, öz hesabına,daş kürə ilə kəndə su çəkdirir."Hacı bulağı", Hacı Əli bulağı" "Qoşa bulaq" kimi tanınan bu bulaq , 104 il kənd əhalisinə fasiləsiz xidmət göstərmişdir. Torpaq sürüşməsindən pərən-pərən düşmüş kənd sakinləri,bir ocaq çatıb isinməyə macal tapmamış,1915-ci ildə ermənilərin basqınına məruz qalıblar.Molla Kamilin, başına topladığı özünümüdafiə dəstələri,ermənilərə layiqli cavab verib, geri oturdublar. Üstündən üç il keçməmiş,Şaumyanın,Lalayanın,Əmiryanın başçılıq etdikləri quldur-bolşevik dəstələri,Molla Kamildən və kənd əhalisindən qisas almaq üçün, yenidən, daha kəsgin surətdə hücuma keçirlər. Kəndi oda qalayırlar. Məktəbi, Qonaq evini yerlə yeksan edirlər. Məsçidi yandırmaq istəyirlər, amma özləri boğulub, külə dönürlər. 360 dinc sakin qətlə yetirilir (300 kişi, 40 qadın, 20 uşaq).

Bütün bunlar, Tircanlıların əzmkarlıqlarını qıra bilməyir, qonşu kənd və qəsəbələrdə olduğu kimi, bayraq qaldırıb təslim olmayırlar. Daha əzmkarlıq göstərərək, mənfur düşmənin Girdiman çayı hövzəsindəki kəndlərə keçməsinə imkan verməyiblər.Molla Kamilin,İbrahim Əkbəroğlunun,Sofulu İbadın göstərdikləri igidliklər,bu gün də, kənd sakinlərinin qürur mənbəyidir.Başı bəlalı Tircanın itgiləri bununla bitməyir. 20-ci illərin "təmizləmə" siyasəti, 30-cu illərin represiyaları, neçə-neçə molla kamilləri, say seçmə oğulları eldən-obadan didərgin salır, gedər-gəlməzə göndərir.

İkinci Dünya müharibəsi də, elə bil Tircandan başlayıbmış.Müharibənin başlandığı ilk gündən, onlarla adamın cəbhəyə göndərilməsi az imiş kimi, 1942-ci ilin yanvar ayının 12-də ,keçmiş yaraları hələ də qaysaqlanmayan bir kənddən,bir gündə 72 nəfər müharibəyə səfərbər edilirlər.Onlarla həddi-büluğa çatmayan yeniyetmələrin yaşları kağız üzərində artırılaraq, cəbhələrə göndərilirlər. Siyahını tərtib edən o vaxtkı kənd sovet sədri, onu İsmayıllı rayon Hərbi Komissarlığına təqdim etdikdə, başına "molades" sığalı alacağına ümid etdiyi halda ("Qurbanəli bəydə" olduğu kimi) o, komissarlıq tərəfindən dərin nifrətedici baxışlarla qarşılanılır. "Kənddə daha başı papaqlı adam qaldımı?"- deyə həqarətlə ondan soruşurlar.

Beləliklə, bir gündə bir kənddə 72 ocaq söndürülür! Bir gündə bir kənddə 72 qapı bağlanılır! Bir gündə bir kənddə 72 Ana oğulsuz qalır! Bir gündə bir kənddə onlarla uşaq yetim qalır! Bir gündə bir kənddə onlarla qız ismətli gəlinlər, nişanlı qızlar, o gündən çöhrələrinə qəmdən duvaq çəkirlər. Elə bil , bütün rayonun, kənd və qəsəbələrin də cəbhə planını, Tircan ödəməliymiş. Bu, Kərbəla faciəsinin təkrarı idi.

Növbəti dəfə, kənddən cəbhəyə göndəriləsi adam tapılmadıqda, bu dəfə, yaşının ötməsinə baxmayaraq , sədrin özünü göndərirlər cəbhəyə. Aqibəti hamıya bəlli olan bu aktiv komsomolçunun özü də, gedər-gəlməz olur.

Ümumiyyətlə, 1939-1945-ci illər müharibəsində, Tircandan müharibəyə 300-dən çox adam göndərilibdir. Onlardan yalnız 67-si geri dönüblər. Mən, bunları araşdirmaq üçün, internetin "Pamyat Naroda"saytına müraciət etdim. Orada Moskvanın İsmayıllı Rayon Hərbi Komissarlığına göndərdiyi 1/ 01764 saylı, 16.7.1946-cı il tarixli məxfi məktubuna cavab olaraq, rayon hərbi komissarlığından, mayor Babayevin imzası ilə 25.02.1947-ci il tarixli, 1/064 saylı məxfi məktubu ilə yuxarıdakı rəqəmlərin dəqiqlıyini öyrəndim. O da məlum oldu ki. Tircandan qat-qat böyük olan kənd və qəsəbələrin heç biri, bu qədər itgi verməyib və ya, heç yoxdur. Eyni zamanda, 1918-ci ilin mart hadisələrində də, Tircan qədər soyqırımına məruz qalan kənd,qəsəbə olmayıb.

 

(ardı gələn sayımızda)

Vaqif Məmmədov

Ədalət.-2019.-29 yanvar.-S.6.