65 illik ömür haqqında
ürək sözü..
Giriş
İnsan ömrü bir yola bənzəyir. İstər-istəməz
müəyyən bir mənzildə ayaq saxlayıb arxaya
boylanmalı, irəliyə nəzər salmalı olursan.
Bu bir növ insanın özünə
hesabatı olsa da, əslində cəmiyyət
qarşısında hesabatdır. Bu hesabat
birinə fərdi qürur verirsə, digərinə ictimai
nüfuz qazandırır.
Bəzən biz hər gün gördüyümüz
adamların çoxunun böyüklüyünün fərqinə
varmırıq. Böyüklük deyəndə mən
metrik ölçüləri, yaşın çoxluğunu
deyil, tutumu, mahiyyəti nəzərdə tuturam. Bu mahiyyətin isə özünəməxsus
meyarları var. Burada söhbət intellektual və elitar meyarlardan
gedəcək. O meyarlardan ki, məhz onlar insanı şəxsiyyətə
çevirir, onun adını ucaldır.
Rus
yazıçısı F.M.Dostoyevski yazırdı:-İnsan
varlığının sirri yalnız yaşamaqda deyil, nəyin
naminə yaşamaqdadır. Dünyaya gələn
hər bir insanın gələcəyini bilmək olurmu? Bilmək olmur.
Ona görə ki, insan özünü ömrü boyu təqdim
etməli, yaşamalı, fəaliyyət göstərməli,
fövqəladə varlıq olduğunu təsdiq etməlidir. Öz həyatı,
fəaliyyəti ilə başqalarının gözündə
yüksəlməyi bacarmalıdır.
Bəs hər
adam bunu bacarırmı? Bacaranlar
da var, bacarmayanlar da. Ancaq mənim
tanıdığım, şəxsiyyətinə hörmət
etdiyim Zakir Fərəcov bunu bacarıb və işdə
özünü təsdiq edib.
İradəli adam
İstənilən bir məqsədə çatmaq
üçün kifayət qədər iradə sahibi olmaq
lazımdır. İradə elə bir keyfiyyətdir ki, o
istedaddan da güclüdür. İstedad
insana təbii şəkildə verilən qabiliyyətdirsə,
iradə xırda maraqlar, mənasız istəklər üzərində
qələbədir. Hətta zəif iradəsi olan
istedadlı adam heç nəyə nail ola
bilməz. Odur ki, iradəli adam birinci
növbədə öz istəklərini özünə
inandırır, sonra isə öz iradəsi sayəsində
başqalarına. Zakir Fərəcov məhz
öz iradəsi sayəsində öz yolunu tapdı, iradəsi
sayəsində arzu və istəyinə qovuşdu.
Etiraf
Səmimi
etiraf edim ki, 40 illik qələm təcrübəmdə bəzən
elə olub ki, bir adam haqqında yazanda
çox götür-qoy etmişəm. Ancaq bu qədər
götür-qoy etməyim yadıma gəlmir. Düşünürdüm ki, yazmaq istədiyim, demək
istədiyim sözlər mənim duyğularımı, mənim
münasibətimi ən nəhayət mənim səmimiyyətimi
ifadə edə biləcəkmi? Təbii
ki, dilimizin zənginliyindən istifadə edib gözəl bir
yazı araya gətirəcəyimə özüm
inanırdım. Beləcə onu tanıdığım
vaxtdan bütün olub keçənləri, görüb
müşahidə etdiklərimi xatırladım və bir də
bu günkü Sumqayıtla dünənki Sumqayıtı
müqayisə etdim...
Tanışlıq üçün
Zakir Fərəc
oğlu Fərəcov 1954-cü il fevral
ayının 3-də Laçın rayonunun Qazıdərə
kəndində anadan olub. 1971-ci ildə
Sumqayıta gəlib. 1972-1974-cü illərdə
hərbi xidmətdə olub. Hərbi xidmətdən
qayıdandan sonra 1975-ci ildən taleyini şəhər mənzil-təsərrüfat
sahəsi ilə bağlayıb.
1975-ci ildə
D.Bünyadzadə adına Azərbaycan Xalq
Təsərrüfatı İnstitutunun axşam şöbəsinə
daxil olub. 1980-ci ildə oranı bitirib. Onun işgüzarlığı, təşkilatçılıq
qabiliyyəti şəhər rəhbərliyinin diqqətindən
qaçmayıb. 1978-ci ildə Mənzil-Kommunal
təsərrüfat İstehsalat Birliyinin şöbə rəisi,
1981-ci ildə Baş direktorun müavini, 1988-ci ildə Baş
direktor vəzifəsinə təyin edilib.
2000-ci ilin yanvarında Sumqayıt şəhər Bələdiyyəsinin
sədri seçilib. Növbəti seçkilərdə
etimadı doğruldaraq ikinci dəfə şəhər Bələdiyyəsinə
rəhbərlik edib.
2001-ci ildə
Sumqayıt şəhər Bələdiyyəsi "İlin Bələdiyyəsi"
elan edilmiş, 2002-ci ildə isə o "İlin
İşgüzar Bələdiyyə Sədri" adına layiq görülmüşdür.
Zakir Fərəcov Azərbaycan Respublikası Prezidenti cənab
İlham Əliyevin sərəncamı ilə 2005-ci ildə
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı
təyin olunmuşdur.
Azərbaycan
Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il
tarixli sərəncamı ilə Sumqayıt şəhər
İcra Hakimiyyətinin başçısı təyin
edilmişdir.
"Şöhrət" ordeni və 2-ci dərəcəli
"Əmək" ordeni ilə təltif olunmuşdur.
Ağsaqqal
Ağsaqqal deyəndə çoxları elə fikirləşir
ki, ağsaqqal hökmən saqqalı ağarmış və
qoca olmalıdır. Belə yerdə yadıma "hər saqqalı
ağaran hələ ağsaqqal deyil"- misalı
düşür. Bir alimdən kimi ağsaqqal
saymaq olar -deyə soruşduqda o, "elmini başqalarına
öyrədən elm sahibini"-cavabını verir. İlk baxışda çox da çətin olmayan
bir suala verilən bir cavabın arxasında və önündə
nə qədər mürəkkəb vəziyyətin
dayandığını da fikirləşin.
Ağsaqqal kimdir? Bunun müqabilində " elmini
başqalarına öyrədən elm sahibi"
cavabının çəkisinə diqqət yetirin. Elmi hər
adam mənimsəməyə
hazırdımı?
Elmi öyrədən necə? Çünki elm bilik
deyil, biliyin toplum halında təzahürüdür. Deməli
hər bilikli hələ elmli adam demək
deyil. Elmli adamın istər adının əvvəlində,
istərsə də sonunda hər hansı böyük
titulların yazılması onun elmli olmasına o qədər
də dəlalət etmir. Adam var ki, həyatın
ona verdiklərinin müqabilində bir SALAVAT çevirir.
Allaha şükürləri ilə
qarşısındakılara xidmət edir. Kitabları və həyatı öyrənib içərisində
saxlayan yox, öz bacarığını, biliyini
başqalarına çatdıran ağsaqqal adamdır. Onda adamların başına fəlakət gəlir
ki, ağsaqqalı olmur.
Bütün
bu söylədiklərimi mənim tanıdığım,
şəxsiyyətinə hörmət etdiyim sözün əsl
mənasında şəhərimizin ağsaqqalı Zakir Fərəcova
aid etmək olar. Zakir Fərəcov onu tanıyanlar
üçün kimdir sualının bir cavabı var.- Ən əvvəl böyük ürək
sahibi, həmişə özünün, elinin, obasının
ləyaqətini qoruyan, geniş mənəviyyata malik olan Azərbaycan
Vətəndaşı, Azərbaycan Ziyalısı.
Polad kimi ortadan
sınaram, əyilmərəm
Bu Zakir Fərəcovun həyat devizidir. İllər
insana çox şey öyrədir. İnsan
formalaşır, püxtələşir və nəhayət
müdrikləşir. Mübaliğəsiz
deyə bilərəm ki, insana hörmət gətirən onun
vəzifəsi yox, illərlə cəmiyyətdə
qazandığı nüfuzudur. Zakir müəllim
həyatın mütləq həqiqətlərini dərk
etmiş, dünyanın hər üzünü
görmüş, yaxşını-pisdən,
ağı-qaradan ayırmağı bacaran insandır.
Zakir müəllim Allahın sevdiyi, gözü tox,
ürəyi yumşaq adamdır. O, dövlətə və dövlətçiliyə
olduqca sadiq şəxsdir. Zakir müəllim mərhəmətli
və imanlı şəxsdir. Zəngin mənəviyyata
malik, geniş qəlb sahibidir.
Azərbaycan xalqının böhranlı günlər
yaşadığı dövrdə bütün təzyiqlərə
sinə gərərək əyilmədi. Ən
düzgün yolu - böyük tarixi şəxsiyyət Heydər
Əliyevin yolunu seçdi və bu gün də öz məsləkinə,
əqidəsinə sadiqdir. Bu sadiqlik təkcə
söz olaraq bitmir. O həm də düşünür
ki, görülən işlər Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin uğurla həyata
keçirdiyi kursa az da olsa köməkdir.
Həmişə sevilən adam
İnsanın ruhən və mənən təmin
olunması üçün həmişə ilahi
varlığa, Allahın qüdrətinə bağlanmaq
ehtiyacı var Allahı tanımayan, dini və Peyğəmbəri
olmayan cəmiyyət isə ölümə məhkumdur.
Adətən
rəhbər vəzifələrdə işləyənlərlə
bağlı "Yaxşı adam" ifadəsi
çox az işlədilir. Bəs niyə ona yaxşı adam deyirlər? Harada, hansı vəzifədə
işləyibsə onu bu adla çağırıblar. Başqa bir adla çağırmaq olmazdımı?
Əlbəttə olardı. Ancaq
xalq seçim edəndə yanılmır. Zakir Fərəcov heç bir təqdimatsız,
heç bir mübaliğəsiz və nəhayət heç
bir tapşırıqsız özü üçün əməllərinə,
şəxsiyyətinə, qabiliyyətinə yaraşan bir ad
qazanıb və bu adı zaman-zaman qoruyub saxlayır. Xalqın rəğbətini qazanmaq, təmiz adı
qoruyub saxlamaq o qədər də asan deyil.
Zakir Fərəcov
yaxşı yoldaş, sədaqətli dost və gözəl
ailə başçısıdır. 4 qız,
1 oğul atası, 11 nəvənin babasıdır. Ləyaqətli övladlar böyüdüb ərsəyə
çatdırıb. Biliyini, varını,
ürəyini Hatəm süfrəsi kimi açıb.
Övladlar da dönük çıxmayıblar. Üstlərinə
düşən övladlıq borcunu həmişə hiss
ediblər. Ali təhsil alıblar. Hərəsi bir işin qulpundan tutub işləyir,
atalarının başını uca edirlər. Zakir müəllim övladlarından tutmuş
qohumlarına, dostlarına qədər öz ömrünə
qıyıb, bu yolda bütün əziyyətlərə tab gətirib.
Zakir Fərəcov söz sərrafı
olduğundan sözə, söz adamına münasibəti də
başqadır. "İnsanın ən
böyük qüdrəti, möcüzəsi sözlə
yaratdıqlarıdır" - deyən Zakir Fərəcov haqqında
yazarkən həm məhəbbətlə, həm də məsuliyyətlə
yazmalı olursan.
Zakir Fərəcov sözün həqiqi mənasında
bütöv adamdır. Rastlaşdığım, təmasda
olduğum adamlarda görmədiyim bir çox keyfiyyətlər
var ki, mən bunları Zakir müəllimdə kəşf
etmişəm. Çox səbirli və təmkinli
adamdır. Atalar belə insanlar haqqında
deyib- "Dərin sular bulanmaz". Zakir
müəllim də sanki, dərin dəryadır. Hər dalğa onu bulandırmağa qadir deyil.
Zakir Fərəcov xoşbəxt taleli adamdır. Xoşbəxt taleli adam olmağın bəlkə də
düsturları çoxdur. Ancaq yəqin ki, onların ən
ümdələrindən biri (bəlkə də birincisi) həmişə
sevilən adam olmaqdır. Zakir
Fərəcov həmişə sevilib, bu gün də sevilir,
bundan sonra da nə qədər ömür yaşayacaq yenə
də seviləcək. Ən böyük
mükafat elin duasıdır ki, Zakir Fərəcov onu çoxdan
qazanıb.
Azərbaycan uddu
Sumqayıtlılar qazandı
Mən yazılarımın birində bu başlıqdan
istifadə etmişəm. Yenə də istifadə
edirəm. Rəcəb Təyyub
Ərdoğan yenidən Türkiyə Prezidenti seçiləndən
sonra bir neçə günlüyə qardaş ölkədə
idim. Orada diqqətimi küçə boyu
Ərdoğanın sıra ilə vurulmuş şəkilləri
və onun altındakı yazılar cəlb etdi. Şəkillərin altında
yazılmışdı.
Türkiyə uddu Millətimiz qazandı. Bəli
Türkiyə uddu. Onun Ərdoğan kimi
Prezidenti var. Xalq ona inanır, o da xalqa. Azərbaycan
xalqı İlham Əliyevi Prezident seçəndə Azərbaycan
da uddu. Bunu görməyən göz kordu.
2015-ci ilin sentyabrında Zakir Fərəcov
Sumqayıt şəhər İcra Hakimiyyətinin
başçısı təyin ediləndə
Sumqayıtlılar qazandı. Camaatda bir
inam yarandı. Çünki Zakir Fərəcov
Sumqayıtın yetirməsi idi. Abşeronda
İcra Hakimiyyətinin başçısı olanda artıq
o, etimadı doğrultmuşdu. Hamı
bilirdi ki, yeni rəhbər burada yığılıb qalan
problemləri həll edəcək. Sumqayıtlılar
onun potensialına bələd idilər. Belə
də oldu. Yola saldığımız bu illər ərzində
şəhərdə sözün əsl mənasında mədəni
inqilab baş verdi.
Sumqayıt sanki tikinti və quruculuq meydanına
çevrildi.
Şəhərin əsas giriş yolu Sülh
küçəsi 4.2 kilometr məsafədə hər iki tərəfə
genişləndirilərək 90 min kvadratmetrə
çatdırılmışdır. Şəhərin
ikinci giriş yolu olan Sahil küçəsi 7,5
kilometr uzunluğunda yenidən qurulmuş, eni 13 metrə
çatdırılmışdır. Heydər
parkı tamamilə təzədən quruldu. Ərazi 8 hektardan 10 hektara qədər genişləndirildi.
Burada 4 mərtəbəli Heydər Əliyev mərkəzi
inşa edildi. Mərkəzdə Ümumilli liderin həyat
və fəaliyyətini əks etdirən muzey, 420 yerlik iclas,
50 yerlik konfrans, kompüter zalları, elektron kitabxana və s. fəaliyyət
göstərir.
Sumqayıt dəniz sahilində yerləşsə də,
burada əvvəllər bulvar olmayıb. Bu gün Xəzərin
sahilində uzunluğu 4.2 kilometr, sahəsi 106 hektar olan, sakinlərin
istirahəti üçün bütün şəraitə
malik Dənizkənarı bulvara iki göz istəyir ki,
tamaşa etsin. Azərbaycan Prezidenti İlham
Əliyevin möcüzə adlandırdığı
bulvarı görənlər vəcdə gəlir. Ötən
ilin dekabrında cənab Prezident İlham Əliyevin və
birinci Vitse-Prezident Mehriban xanım Əliyevanın
iştirakı ilə 1005 qaçqın və məcburi
köçkün ailəsinin istifadəsinə 12 bina (o
cümlədən səkkiz mərtəbəli səkkiz, 15 mərtəbəli
dörd bina) təhvil verilmişdir.
Möhtərəm
Prezidentimiz Sumqayıtda olarkən görülən işlərlə
tanış olub vurğuladı ki, "Mən
yeni, müasir yanaşma ilə hesab edirəm ki, Sumqayıtda
çox böyük quruculuq və abadlıq işləri
başa çatacaq və şəhər ölkəmizin,
bölgənin, bəlkə də dünyanın ən gözəl
şəhərlərindən birinə çevriləcəkdir.
Bu bizim hədəfimizdir. Bəzi hallarda
qarşıya qoyduğumuz hədəflər çox
böyük görünür. Ancaq həyat göstərir
ki, biz bütün məqsədlərə
çatırıq"
Öz zəngin və səmərəli işi ilə
ilk gündən Sumqayıtlıların dərin hörmətini
və rəğbətini qazanmış şəhər rəhbərliyinin
gördüyü işlərdən çox danışmaq,
çox yazmaq olar. Buna o qədər də ehtiyac yoxdur.
Sumqayıta gələnlər bunun əyani
şahidi olur, reallıq olduğunu görürlər. Bir şeyi də qeyd edim ki, Zakir Fərəcovun nə
mənim, nə də başqalarının tərifinə
ehtiyacı yoxdur. Sadəcə olaraq onun
gördüyü bütün işlər özlüyündə
tərifə layiqdir.
Bəli bu gün Sumqayıt sürətlə inkişaf
edir. Ölkə rəhbəri cənab İlham
Əliyevin nəzərdə tutduğu, arzu etdiyi kimi yüksək
inkişaf etmiş, sənaye şəhərinə
çevrilir, gündən -günə gözəlləşir.
Çünki Azərbaycanın İlham Əliyev kimi Prezidenti
var! Cənab prezidentimizin isə Zakir Fərəcov
kimi, Heydər Əliyev və İlham Əliyev siyasətinə
sadiq kadırları var.
P.S. Hörmətli Zakir müəllim!
Sizi 65 yaşınızın tamam olması münasibəti ilə səmimi qəlbdən təbrik edir, Sizə möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında dövlətimizin və dövlətçiliyimizin qüdrətlənməsi istiqamətində gördüyünüz məqsədyönlü işlərdə, həyata keçirdiyiniz irimiqyaslı layihələrdə yeni uğurlar, həyatda uzun ömür, möhkəm can sağlığı, sevinc və səadət dolu illər, süfrənizə bol ruzi-bərəkət arzulayırıq.
Ədalət.-2019.-29 yanvar.-S.5.