LAL AXIN...

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Pedoqoji təcrübəsi olan, uzun müddət müəllim, məktəb direktoru işləyən bir adam kimi dayısı onlarla çox səmimi rəftar edir, gözəl dil tapmışdı:

- "Göyərçin" jurnalı balalarımızındı da... Sizonun zəhmətini çəkənlər... İçək elə sizin sağlığınıza... Bizim Qaramahmudlu kəndinə xoş gəlmisiniz! Əlisəfanı da sağ olsun da, belə bir xeyirxah işi görüb...

Hikmət müəllim o an dilləndi:

- Bəli... Katibimiz Mahmudov da ondan razı olana oxşadı.

Onun bu sözləri inandırıcı olmasa da, gülümsədi, daha bir söz demədi. Mahmudovla aralarında az qalmaqallar yaşanmamışdı. Hətta çox-çox sonralar Ramiz həkim öz kitabının üstünü yazanda, içəridə əyləşənlərə dedi:

- İnanın, o vaxt hər adam birinci katib Bilal Mahmudova söz deyə bilmirdi. Əlisəfa müəllim isə həmişə onunla döşləşərdi...

Hətta bu barədə "Ömür içində ömür" kitabına xoş sözlər yazıb ona verəndə , orada qeyd etmişdi: "Sözü çəkinmədən üzə deyən, obyektiv olan həmyerlim Azayev Əlisəfa müəllimə... Müəllifdən".

Unuda bilmədiyi bir söhbətdi... Dayısıgildə olanda, yemək-içməyin şirin yerində söhbət yazıçı Əlfi Qasımovdan, onun burada, kəndlərində, dayısıgildə qonaq olmasından düşdü. Onda Hikmət müəllim özünəməxsus bir tərzdə baməzəliklə gülümsəyərək dedi:

- Əlfi Qasımov bir yazıçı, bir insan olaraq çox orijinal adamdı. Bilirsiz , onun özünəməxsus içki içməyi var... Bir dəfə bir məclisdə idik, dolu qədəhi əlinə alıb, sağlıq deyərək, elə gözəl bir şəkildə yuxarı qaldırıb, ağzına tərəf apararaq, "hop..." eləyərək içdi kig

Qonaqlar onun bu sözlərinə gülüşdülər:

- ... Məzən olsun...

- Adət, vərdişdi ...

Dayısı gülümsədi:

- Bəlkə ...

Hikmət müəllim dedi:

- Mən belə hərəkət etmək istədim... Özü bilirsiz , o "hop..." eləyib içəndən sonra əli ilə mədəsinin üstünü yuxarıdan aşağı elə məzəliliklə sığallayır ki, adamın lap həvəsi gəlir.

Dayısı soruşdu:

- Siz təkrarladınız?

- Yox ey... Etməyimə özüm peşman oldum... Necə çeçədimsə, araq içmək, mədə sığallamaq , heç yadıma düşmədi. Peşmançılıq içində dərhal ayaq üstə qalxıb, özümə gəlməyə çalışdım... Yamanca pis çeçədim, öskürək, asqıraq tutdu məni...

Həmin görüşdən bir müddət sonra Bakıda olanda onlarla görüşdü. Nəşriyyatda, "Göyərçin" jurnalı redaksiyasında. Bu jurnalda hələ onları tanımazdan əvvəl bir neçə kiçik hekayəsi dərc olunmuşdu. İndi ona yer verirdilər.

Söhbət zamanı gəlişinin məqsədini soruşanda, dedi:

- Sənədlərimi Yazarlar İttifaqına üzv qəbul olunmaq üçün təqdim etməyə gəlmişəm. İndi deyirlər ki, iki yazıçı, bir şair zəmanət verməlidi.

Bu an heç gözlənilmədiyi halda Hikmət Ziya dedi:

- Şair, biz şair...

Susduğumu görüb dedi:

- Yoxsa, bizim şairliyimizə şübhəniz var?

- Yox... Allah eləməsin... Siz mənim üçün əsil mənada öz şeirlərinizlə ucalıq, kamillik zirvəsisiniz!

Onun bu xoş sözləri bu gözəl, əsil mənada nəcib, ləyaqətli, sanki lal axınlı bir insan olan Hikmət Ziyanı təsirləndirən kimi oldu. Həqiqətən o çox gözəl bir ziyalı adam idi. Öz sadəliyi, uyarlı geyim-kecimi, insani hərəkətləri, gözəl davranışı, göz oxşayan uca boy-buxunu, şəxsiyyəti, baxışı ilə... Sanki şuşalı kimi, Şuşanın rəmzi idi.

Ona verilən zəmanət bu məzmunda idi:

"Mən, gənc yazıçı Əlisəfa Azayevin çoxdan tanıyıram. Onun hekayələri qəzet curnallarımızda dərc olunmaqdadır. "Yeddi il sonra" "Çin qıvzılgülü" kitablarında əsasən zəhmət adamlarının, inzibati orqan işçilərinin həyatından bəhs edilir, müasir gənclərimizin işindən, mübarizəsindən fəal həyat mövqeyindən söz açılır. Hər şeydən əvvəl qeyd etməliyəm ki, bir küll halında Əlisəfa Azayevin hekayə povestləri maraqla oxunur, müxtəlif hadisə əhvalatları ustalıqla həyatın özündən alıb onları bədii şəkildə oxucuya qaytara bilir beləliklə qarşısına qoyduğu məqsədə nail olur.

Bir məziyyət kimi bunu da söyləməyi lazım bilirəm ki, Əlisəfa Azayev yazılarında böyüklüyündən. kiçikliyindən asılı olmayaraq, hər bir əsərində öz gənc oxucularına bu ya digər ideyanı, fikri, tərbiyəvi əhəmiyyəti olan mətləbi şüarçılıqla, quru nəsihət yolu ilə deyil, hər hansı həyatı bir səhnəni təsvir etməklə aşılayır ki, bu da sənətdə mühüm şərtlərdən biridir.

Onun hekayələri zəngin müşahidə əsasında yazılmış insanda düzlük, əməksevərlik, çətinliklərlə qarşılaşdıqda dözümlü olmaq, özündən böyüklərə hörmət, kiçiklərə qayğı göstərmək s. kimi yüksək mənəvi keyfiyyətlər tərbiyə etmək məqsədi daşıyır. Müasirlik həmin hekayələrin əksəriyyətinə xas başlıca xüsusiyyətdir.

Povestləri maraqla oxunur. "Toy gecəsi qəsd" povestindən ayrıca danışmaq istərdim. Çünki həmin əsər həm mövzu cəhətdən, həm yazıçının bədii imkanlarını daha qabarıq daha dərindən duymaq, qiymətləndirmək baxımından xüsusi əhəmiyyətə malikdir. Açıq-aydın hiss olunur ki, müəllif əsərini yazmazdan əvvəl orqan işçilərinin həyatını, üsulunu, bir sıra hüquqi məsələləri dərindən mütaliə edib öyrənmişdir ki, bu da povestin həyati çıxmasını, inandırıcı olmasını təmin etmişdir. "Toy gecəsi qəsd" povesti sözsüz ki, milis, prokurorluq işçilərinin çətin məsuliyyətli, eyni zamanda şərəfli həyatına həsr edilmiş əsərlərimiz arasında öz yerini tutacaqdır.

"Toy gecəsi qəsd" povestinin maraqlı sujet xətti vardır müəllif həmin xətti inkişaf etdirdikcə öz qəhrəmanlarının mənəvi simasını ustalıqla açmağa müvəffəq olmuşdur. Gənc müstəntiq Faiq Qasımovun toyudur, o, sevdiyi Aygünlə evlənir. Lakin elə həmin gecə toyun sonunda ən yaxın adamlar qalanda bəyə cəsarət üçün yüz qram konyak içirdirlər Faiq gəlin otağında - Aygünün gözünün qabağında gözlənilmədən ölür. Məlum olur ki, onu zəhərləmişlər. Kim zəhərləyib? Bu sual hamını düşündürür. Respublika prokurorluğunun mühüm işlər müstəntiqi Azər Babayev onları bu intizardan qurtarır.

Bir sözlə gənc yazıçı Əlisəfa Azayevin hekayələri kimi, povestləri oxunaqlıdır. Ondan daha gözəl əsərlər gözləyə bilərik bu ümiddəyik. Odur ki, onun SSRİ Yazıçılar İttifaqının üzvülüyünə qəbul edilməsinə zəmanət verirəm.

 

SSRİ Yazıçılar İttifaqının

üzvü: İmza Hikmət Ziya

 

ƏLİSƏFA AZAYEV

Ədalət  2019.- 30 yanvar.- S.7.