BƏDİİ PRİYOMDAN
İSTİFADƏ ŞEİRİ DAHA QÜVVƏTLİ
EDİR
Son vaxtlar həyatın bir çox sahələrində olduğu kimi, ədəbiyyat aləmində də bəzi neqativ hallar meydana gəlmişdir. Həmin neqativ hallardan biri də
odur ki, yaxşı və ya pisliyindən asılı olmayaraq,
bədii əsərə həddindən artıq biganəlik
yaranmışdır. Bu biganəlik elə həddə
çatmışdır ki, müasir şairlərin və
yazıçıların yazdıqları əsərlər
ya az oxunur, ya da heç oxunmur. Halbuki təxminən
iyirmi-iyirmi beş il bundan əvvəl, necə
deyərlər, çıraqla da gəzsəydin, bədii əsər
oxumayan adam tapa bilməzdin. İş o yerə
çatmışdı ki, bədii əsər oxumayana
dövrün geridə qalmış adamı kimi
baxırdılar. Ona görə də, hətta
yaşı keçmiş ahıl adamlar belə istirahət
saatlarında bağda-bağçada skamiyada oturub kitab oxumaqla
məşğul olardı.
İndi isə, yuxarıda dediyimiz kimi, insanların kitab
oxumağa marağı olduqca azdır. Bəs bunun səbəbi
nədir? Əlbəttə səbəblər
çoxdur. Həmin səbəblərdən
ən başlıcası, ədəbiyyata həddindən
artıq naşı adamların gəlməsi və onların
oxuculara çox zaman bədii əsərə oxşamayan
cızmaqara yazılar sırımasıdır. Təcrübəsiz oxucular da bu cür əsərləri
görüb, özlərini oxumaqdan, bir növ,
uzaqlaşdırırlar. Hətta əllərinə
yaxşı əsər keçəndə də inanmırlar
ki, bu, həqiqətən yaxşı ola
bilər. Bu yerdə ataların bir sözü yadıma
düşür: " Qurunun oduna yaş da
yanır".
Lakin bir şeyə təəssüflənirəm, bir
müddət mən də bu yolla getməyə
başlamışdım. Bunun nəticəsində də, bir
çox yazıçı və şairlər kimi Sahib
Əliyevin də yaradıcılığından
, bir növ, xəbərsiz qalmışdım. Son illərdə isə Sahibin seçilmiş əsərləri
əlimə düşdü. Həmin əsərləri
oxuyandan sonra öyrəndim ki, bu adam, demə,
müasir poeziyamızda öz orjinal dəst-xətti ilə
seçilən dəyərli şairlərdən biri imiş.
Sahibin şeirlərinin poetik gücü nədədir? Birinci növbədə,
onun yazdığı şeirlər mövzusuna görə təzə,
bədiilik nöqteyi-nəzərindən yüksək pafoslu,
tərbiyəvi cəhətdən olduqca dəyərli əsərlərdir.
Bu əsərlər, hər şeydən əvvəl,
sadədir, fikir bir dəfə oxunmaqla başa
düşülür və dərhal da yaddaşa köçə
bilir. Şairin qələmə aldığı
mövzular elədir ki, burada istədiyin sahəni görə
bilərsən. Həmin cəhət
şair haqqında yazılmış ayrı-ayrı məqalələrdə
və kitablarda da ətraflı göstərilmişdir. Lakin mən öz yazımda bu cəhətlərin
hamısı haqqında deyil, fikrimi ancaq şairin bədii
priyomlardan istifadə etmək qabiliyyətinə yönəltmək
istəyirəm. Çünki onun yaradıcılığındakı
bu məsələ, bir oxucu kimi, mənim də xoşuma gəlir.
Ən
yaxşı cəhət odur ki, Sahib Əliyev bədii
priyomlardan həm ictimai-siyasi və vətənpərvərlik,
həm də sevgi- məhəbbət mövzularında
yazdığı şeirlərində gen-bol istifadə
edir.Belə şeirlərində o, nəzərdə
tutduğu predimetin adını məxsusi olaraq çəkib tərifləmir,sözünü
müxtəlif üsullarla dedikdən sonra başa
düşürsən ki, bu sözlər kimin və nəyin
haqqında gedir. Elə lap "Gərək Yardımlıya
gedim" şeirində olduğu kimi.
Həmin
şeirdə təbiət vurğunu olan şair təbiətin
qoynuna girmək arzusuna düşür və bu arzunu
dolayısı yollarla oxucuya çatdırmaq istəyir:
Palıd
ağacının yarpaqlarına
sürtmək istəyirəm əllərimi.
Bulaq
başında bir az
dincəldikdən sonra
barmaqlarımla
daramaq
istəyirəm tellərimi.
Ətir
saçan dağ çiçəklərindən
üzmək istəyirəm bir-bir...
Fikirləşə-fikirləşə,
gör,
fikrim hara gedir:
İstəyirəm,
qalxam zirvələrə,
bələnəm doyunca dumana,
bələnəm çənə.
Neyləyim,
xoş
gəlir dağların havası mənə.
Şair
arzularının adını bir-bir çəkdikdən sonra
fikrinin ünvanını gözlənilmədən
açır:
Arzuya
qovuşmaq üçün,
düşünürəm, nə edim?
Bununçün
bircə yolum var -
gərək
Yardımlıya gedim.
Şeir qurtarandan sonra başa düşürsən ki,
Yardımlı dağ yeridir, deməli, şairin təbiət
qoynundakı arzuladığı şeylər bu diyarda da
mövcuddur. Burada Yardımlının füsunkar mənzərəsi
verilməklə, şairin el-obasına dərindən
bağlı olduğu da üzə çıxır.
Bədii priyomdan istifadə məsələsi "Zqrub
çayı" şeirində də özünü
göstərir. Düzdür, Sahibin
yaradıcılığı haqqında yazan müəlliflərin
bir çoxu həmin şeiri öz fikirlərinə uyğun
şəkildə təhlil etmişdir. Lakin
yeri gəlmişkən, mən də bu şeirdən bir
neçə kəlmə danışmaq istəyirəm.
Zqrub çayı Ukraynadadır. Bir vaxt o, Şərqi
Ukrayna ilə Qərbi Ukraynanı bir-birindən
ayırırdı. İkinci Dünya
Müharibəsi zamanı isə Ukraynanın hər iki tərəfi
birləşib bir dövlət oldu və Zqrub çayı da
birdəfəlik olaraq həsrətdən qurtardı. Bunu
nəzərə alan şair yazır:
Zaman
vardı,
qəlbin
vüsal arzulardı.
Illər
keçdi,
yollarından itdi həsrət.
Gedərgəlməz
bir dünyaya
getdi həsrət.
O sahillə
bu sahili
yovuşdurdun bir-birinə.
Iki bəxtli
bir milləti
qovuşdurdun bir-birinə.
Indi sənin
arzun gülər,
eşqin
gülər.
Hicran nədi,
Zqrub çayı,
bölünənlər yaxşı bilər
Bax, elə şairin əsas məqsədi də budur ki,
Zqrub çayına müraciət etməklə, öz milli dərdimizi,
Araz faciəmizi yada salsın. Məlumdur, ki, Araz
çayı da doğma bir torpağı - Cənubu Azərbaycan
və Şimali Azərbaycan adlı iki hissəyə
ayırıb. Bu faciəni nəzərdə tutan şair
"sağ əlin Arazın başına" məşhur el
deyimindən istifadə etməklə, öz arzusunu bəyan
edir:
Onda
soruş,
gör
nə çəkir
Araz burda.
Vüsal
hələ cücərtidir
arzularda.
Görən
nə vaxt son qoyacaq
o,
Arazın göz yaşına?
Zqrub
çayı,
Zqrub
çayı,
sağ əlin
Arazın başına.
Göründüyü kimi, şair "sağ əlin
Arazın başına" el məsəlindən istifadə
etməklə, şeiri nə qədər qüvvətləndirmiş
olur.
Sahibin "Sənə uzatdığım əl"
adlı bir şeiri var. Məhəbbət mövzusunda
yazılmış həmin şeirin kompozisiyasının
özü oxucunu heyran edir. Burada şair sevginin
uğursuz gəlməsini çox gözəl bədii
ustalıqla təsvir edə bilib. Lakin bu təsviri o,
birbaşa deyil, bədii mənzərə yaratmaqla oxucuya
çatdırır:
Bir meyvəsən
budaqda,
Gəldim səni görməyə.
Gördüm
budaq yaxındı,
Əl uzatdım dərməyə.
Əl
uzatdım, demədim
Məni oda salasan.
Axı
hardan biləydim
Sən əlçatmaz qalasan?
Budaq
qalxdı yuxarı,
Tamam başqa hal aldı.
Sənə
uzatdığım əl
Göydən asılı qaldı.
Ya da götürək "İçimdə bir sevgi
göyərib mənim" şeirini. Bu şeirdə də
söhbət məhəbbətin uğursuzluğundan gedir.
Lakin həmin uğursuzlıuğun səbəbi
konkret olaraq açılıb göstərilmir.
Şeirin dördüncü bəndindən başlanan fikir belədir:
Bu sevgi
içimdə çırpınacaq hey,
Tutduğu yolundan dönməyəcəkdir.
Bu sevgi
içimdə yanan bir çıraq,
Nə qədər üfürsən, sönməyəcəkdir.
Qalacaq sinəmdə
bu gizli sevgi
Ömrümün sonuncu gününə kimi.
Bir
gün bu dünyadan köçəsi olsam,
Qoymaram tək qala yenə sevgimi.
Həsrətin
əlindən alacaq onu,
Hicranın əlindən qoparacağam.
Bu gizli
sevgimi elə gizlicə
Gedəndə içimdə aparacağam.
Şeirdə təsvir olunan lirik mən niyə sevgisini
aça bilmir?
Nədir, görəsən, buna mane olan? Dərindən düşünəndə, başa
düşürsən ki, aşiqin bu sevgisində hansısa əngəllər
vardır. Aşiq bu əngəli
açmaqla hansısa qayda-qanuna zidd getdiyini faş edə bilər,
bu da hansısa qınağa səbəb olar. Ona görə də bu sevginin gizli qalmasına
üstünlük verir.
"Uzaq sahillərə çatana kimi" şeiri
haqqında söz açmaq da, məncə, yerinə
düşər. Şeir başdan - başa arzuya, məqsədə,
daha xoş günlərə yetişmək, bu məqsədlə
gücdən tutmuş, agıldan və idrakdan necə istifadə
etməyin, bununla da xoşbəxt gələcək
qurmağın yolları nəzərə
çarpdırılır. Lakin sözlərin və
fikirlərin hamısı müstəqim mənada deyil, məcazi
mənada işlənir.Bu da oxucunu həm
düşündürməyə, həm də fikrin
deyilişinə məftun olmağa vadar edir.Ümumilikdə
götürüldükdə isə, bu şeiri özü-
özlüyündə yeni bir ədəbi priyom hesab etmək
olar.Şeir elə tərzdə yazılıb ki, ondan öz məqsədinə
uyğun ayrıca bənd seçib, misal gətirmək geyri-
mümkündür.
Çünki bəndi-bənddən, misranı-misradan
ayırmaq olmur.Ona görə də istəyirəm, məqsədimi
nəzərinizə çatdırmaq üçün
şeiri bütövlükdə verim.
Ölkəmizin
müstəqilliyə çıxmaq istəməsi günlərində
yazılmış bu şeirin müəllifi azadlığa
qovuşmağın yollarını açmaq
üçün əvvəlcə böyük ingilis şairi
Corc Bayrondan belə bir epiqraf gətirir:
Azadlıq
yolunda qalxan bir vuruş,
Doğrudur, çox zaman tez susdurulmuş.
Lakin ən
nəhayət, çalmışdır zəfər,
Onundur gələcək, onundur zəfər.
Həmin
epiqrafdan sonra isə əsl məqsədə keçilir:
Düşdük
gur çayların dəli döşünə,
Çırpındıq, sellərdə batana kimi.
Nələr
başımıza gəlmədi bizim,
Hər saman çöpündən tutana kimi.
Gah dəydik
daşlara, göyərdik gömgöy,
Gah qaya
keçidə əmr etdi: - Tut, döy!..
Doğma
sahilə də görsəndik ögey,
Əlimiz dənizə çatana kimi.
Elə
ki, əlimiz çatdı dənizə,
Çıxdıq qağayıtək sularda üzə.
Gəlib
balıqlar da qoşuldu bizə
Balıqçı torunu atana kimi.
Dəniz
- genişliyin təcəssüməsi,
Dəniz
- azadlığın ulu zirvəsi:
Qulaqda
Allahın, imamın səsi
Səhərdən ta gecə yatana kimi.
Amma ki,
bununla qurtarmır hər şey,
Dənizdə
bir dəli tufan da var, hey!..
Səni
batırmayan libas düzəlt, gey
Dəniz bu tufanı udana kimi.
Bu dəli
tufanı uddumu dəniz,
Sularda qorxudan tapılmaz bir iz.
Üzərik,
üzərik, üzərik hey biz,
Uzaq sahillərə çatana kimi.
Sahibin bədii priyomlar vasitəsilə fikri yaxşılaşdıran yazılarından danışarkən "Şairlər cənnətə gedirmiş, demə", "Adilikdə sirrə bax", "Məst olub yıxılanlar" və bir sıra başqa şeirlərin də adını çəkmək olar. Bütün bunlar onu göstərir ki, Sahib Əliyev fikrin və sözün hansı şəkildə oxucuya daha yaxşı təsir etməsinin yollarını yaxşı bilir və yeri gəldikcə bu vasitələrdən səmərəli istifadə edir. Buna görə də onun şeirləri oxucuya həmişə xoş gəlir.
Əli Zalov,
ADPU analtik və üzvi kimya
kafedrasının müdiri,
kimya elmləri doktoru
Ədalət.-2019.-30 yanvar.-S.6.