ALDADILMIŞ KƏVAKİB

Astrologiya - nücum elmi - min illər boyu diqqət mərkəzində olan bir sənət olub, indi də dəbdədir. Bu günlü rəsmi, akademik elm onu yalançı elm, cəfəngiyyat sayır və bu zaman bir sıra ağlasığan dəlillər gətirir. Dindar qardaşlarımız isə bütün fal əməliyyatları kimi astrologiyanı da şirk - Rəbbimizə şərik qoşulması hesab edərək lənətləyirlər.

Bunlar öz yerində. Amma astrologiya yüzdə yüz həqiqət olsa belə, qeyd etmək lazımdır ki, onunla məşğul olan şəxs bu sahədə mükəmməl təhsil görməli, sferik triqonometriyanı, astronomiyanı, fizikanı, kimyanı ... dərindən bilməlidir. Görək bizim "milli" astroloqlarımız buna qadirdirlərmi? Ən üzdə olanlarını sadalayaq.

Firudin Qurbansoy filologiya elmləri namizədi, şair, dramaturqdur.

Səbuhi Rəhimli İlham Mirzəyev İncəsənət Universitetinin məzunlarıdır.

Ən başlıcası. Mən hələ bunların heç birinin "dərmanlıq" bir dənə düz çıxan "proqnozuna" rast gəlməmişəm. Firudin Qurbansoy 1989-1993-cü illərdə Azərbaycan Radiosunda "Münəccim" verilişini apararkən hər ay deyirdi ki, bir həftəyə Qarabağı alacağıq. İndi o vaxtlardan 25-30 il keçib.

Səbuhi Rəhimli həmişə deyir ki, filan vaxtda işdən çıxarılan vəzifəlilərin qovulmasını o proqnozlaşdırıbmış. Guya dövlətin iradəsini Səbuhinin kəvakibi təyin edir.

İlham Mirzəyev "Space" TV- "Münəccim" verilişini apararkən hər həftə üçün astroloji proqnozlar verirdi. Bir dəfə iyunda proqnozunu verib məzuniyyətə getdi. iyulda da onun köhnə kadrlarını təkrar efirə; "İndi isə gələn həftənin proqnozlarını veririk," - başlığı ilə ötürürdülər.

belə sapıntılardan istənilən sayda misallar gətirə bilərəm.

Mən burdan "milli" astroloqlarımıza səslənirəm. Əzizlərim, gördüyünüz kimi, bu sizlik deyil.Onsuz da millətin tiryək verəni çoxdur. Gedin şerinizi yazın, "məfAİlün - faİlAtün" çözələyin quruluşlar verin, filmlərə çəkilin...Yoxsa, Seyid Əzimə bənzətsək:

HƏR VİLAYƏTDƏ VAR 5-10 KƏSƏBƏ,

50 MİN SEYYİDÜ-AXUND, TƏLƏBƏ,

ASTROLOQ, UFOLOQ, EKSTRASENS,

HAMININ SÖZLƏRİ TAMAM NONSENS.

HAMININ FİKRİ XALQI SOYMAQDIR,

QURU YERDƏ BU XALQI QOYMAQDIR!

 

Sözümün sonunda mənim köhnə dostum Firudin Qurbansoyun 65 illik yubileyini qutlayır, onun təzə dünyaya gələn nəvəsinə gözəl günlər diləyirəm.

 

BƏHRAM BASQALLI

AYB-nin üzvü, fizika-riyaziyyat üzrə

fəlsəfə doktoru

Ədalət.-2019.-30 yanvar.-S.8.