Torpaq həsrətli poetik sətirlər
+
Cahangir MƏMMƏDLİ
BDU Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, filologiya elmləri doktoru, professor
Yazı
masamın üstündə məni gözləyən xeyli
kitab var: elmi, bədii, publisistik əsərlər. Və mənim
bu məqamlarda iki təsəllim var: biri pəncərəmin
önündəki Universitetim - ömrümü, həyatımı
bağladığım Universitetim, digəri masamın
üstündəki kitablar.
Ömrümü, həyatımı
bağladığım bu Universitetə indi koronavirus “tətilləri”
günündə əlim çatmır, əlacım öz pəncərəmdən
onun pəncərələrinə göz dikməyimə
qalıb. Bu müqəddəs görüntüdən təsəlli
tapıb yazı masamın arxasında otururam və son vaxtlar mənə
bağışlanmış kitablara pənah gətirirəm.
Yaxın dostum Rəfael Tağızadənin “Su
üzərində bahar” şeirlər toplusunu vərəqləyirəm.
Əvvəlcə sərlövhələrə baxıram və
elə bu an gözümə belə bir sərlövhə
dəyir: “Boş şəhər”. Mənə
çox “doğma” və qəribə gəlir bu şeir.
“Boş şəhər!” Yaxşı ki,
şeirin sonunda onun yazıldığı tarix də var: 29.06.2016.
Və elə ən qəribəsi də budur.
Axı Rəfael Tağızadə bu şəhərin
bir gün belə boşalacağını hardan bilirmiş?
Bu şəhər,
küçələr yenə də bomboş,
Yorğun ayağını sürüyür səki.
Süpürür
şəhərdən xatirələri,
Saralıb tökülən yarpaqlar təki.
Əlbəttə,
mənim yuxarıdakı sualım ritorik sualdır, amma bu
şeir koronavirusun boşaltdığı dünya şəhərlərindən
birinin dəqiq təsviridir:
Bu şəhər,
küçələr yenə də bomboş,
Daha inanmıram bu şəhər dola.
Bu
doğma şəhərdə qəribəm, Allah,
Məni də
özüylə aparan ola.
Şeirin ardını oxumaq çətindir və mən
bu bədii həqiqətin ağrısı ilə pəncərəmdən
küçələrə, magistral yollara baxıram. Küçələr,
yollar, məhlələr bomboşdur, heç kim,
heç bir hərəkətdə olan avtomobil gözə
görünmür. Adamın havayı
yanıb-sönən işıqforlara, tikintisi
yarımçıq qalan binalara, dünyaya pəncərədən
baxan insanlara yazığı gəlir.
Etiraf edim ki, bu şeir koronavirusun tüğyan etdiyi
günlərin mümkün təsvirini vermək
üçün əlimə düşən bir bəhanədir. “Su üzərində bahar”
kitabı onlarca maraqlı tematika daşıyan bir
şeirlər toplusudur və bu şeirlər öz səmimiyyəti,
müəllifin fəlsəfi ovqatı ilə adamı
özünə çəkir.
Mən Rəfael Tağızadənin şeirlərini
oxuduqca belə bir qənaətə gəlirəm ki, insan
ömrünün bütün anlarında səmimiyyət
öndə gedir. Və bu mənada yaradıcı
insanın ən böyük istedadı onun səmimiyyətidir.
Yazıçının, şeirin, poeziya
sözünün özü bəlkə də semantik məzmunda
səmimiyyət deməkdir. Yaranışından
səmimiyyəti olmayan şairin heç vaxt səmimi
poeziyası olmayacaq. Poeziya özü səmimiyyətin
məhsuludur. Mən adi bir oxucu kimi
şeirdə həmişə səmimi notlar axtarıram.
Belə notlar o qədər görünəndir
ki, onu tapmaq çətin olmur. Rəfael
Tağızadə yaranışından səmimi adamdır.
Onun Qarabağ döyüşlərinə ilkin
atılanlardan olması da, torpağa, Vətənə, el-obaya
bağlılığı da, dostlarına olan sədaqəti
də və nəhayət, ədəbi
yaradıcılığa vurğunluğu da onun səmimiyyətindən
doğur. Onu əksər şeirlərindəki
pessimizm, kövrək notların çoxluğuna görə
qınayanlar da tapılar. Ancaq bu kövrək,
pessimist hisslərdə şairin estetik ideyaları öz əksini
tapır və oxucu bu ideyalara bələd olduqca özü də
şairin yanında yer alır.
Könlümə
toran düşüb,
İçim dolu sualdı.
Baxdım
sınıq güzgüyə,
Allah, bu hal nə haldı.
deyən
şairin baxdığı güzgü, əslində,
dünyaya açılan bir pəncərədir və əgər
bu pəncərədən görünən dünya sən
deyən deyilsə, min bir sualla doludursa:
Düşüb
bu yolun ağına,
Baş alıb, çıxıb gedəsən.
İzin də
arxanca baxa
Yox olub birdən itəsən.
Yox olub
birdən itəsən (“Ağ bulud”) kimi bir fikrə şərik
olan hər kəs insanın çıxıb getmək istəyini
“qalıb yaşamaq” istəyinə çevirmək
üçün gərək bu dünyanın kamilləşməsinə
can atsın. Amma əgər hələlik bu dünyada
Qarabağ dərdi varsa, Xocalı qətliamına dünya
dözümü varsa, bütün bu etinasızlıqları görən Qarabağ
döyüşçüsü adını özü
daşıyan bir şair necə pessimist olmasın:
Sükutu
qoynuna çəkən dərədə
Həsrətin,
kədərin izi üzündə,
Köhnə
tumarında sığalım itən
Bir kəhər dayanıb Cıdır düzündə.
Xatirələri, yaddaşları Şuşanın
Cıdır Düzündə qalan bir kəs bu sətirləri
hansı ovqatla oxumalıdı. Haçansa
Cıdır Düzündə bircə saatlıq hava
almış hansı bir kəs bu sətirlərdən sonra
silaha sarılmağa hazır olmaz?
Yaxud Qarabağda düşmənin viran qoyduğu evlərin,
xanimanların ümumiləşdirilmiş obrazını
yaradan bir şeir sualla bizdən hansı cavabı tələb
edir?
İlahi,
bu evdə kim qalacaq, kim?
Bu evin
yükünü kim qaldıracaq?
Çəkib
öz içinə dərd havasını,
Bu
sönmüş ocağı kim
yandıracaq?
Şair
özü də bu suallar qarşısında acizdir və
çıxış yolunu hələlik xəyallarda
tapır:
Bir ay
doğar
Yorulan
buludlar arasında
Bir ay doğar işıqlanar gecələr.
Əllərimi,
qollarımı görərəm,
Sənə gedən yollarımı görərəm.
Qəribsəyən
gecədə
Yolların
yanağından
Tək
ağlayan qəribin
Göz
yaşını silərəm...
Rafael Tağızadənin hər sətirindən
yağan Qarabağ həsrəti onun aparıcı
tematikasıdır. “Qaçqın uşağı” şeiri
yandırıb-yaxan bir ağı timsalı kimi hər kəsi
düşünməyə çağırır.
Qismətinə
acı tale yazısı yazılan - Qaçqın
uşağı
Küçəsi
- səhranın çıxış xətti
Məhləsi
- yardım məntəqəsinin yanı,
Evi sonuncu
çadır,
Yatağı
çadırın küncü - Qaçqın
uşağı
deyən
şairin bu sətirləri təkcə özünə
doğma qaçqın uşağının deyil,
dünyanı bürüyən qaçqın yetimlərin fəryadı
kimi ümumiləşdirilir:
... Nə
doğulduğu yerin dəqiq ünvanı,
Nə
günü, ayı,
Nə nəsli-nəcabəti,
məkanı bəlli,
Çadırda
doğulan - Qaçqın uşağı...
Məncə, bu şeiri dünyanın bütün dillərinə
çevirib dünyanın bütün qaçqın
uşaqlarının faciəsi kimi dünyanın bütün
mediasına səpmək olar.
Xocalı
faciəsini yaşayan, bu faciənin döyüş səngərində
özü şahidi olan şairin aşağıdakı sətirləri
gerçək hadisələrin bədii təsviridir:
Bu
gedişin-zamanın qəmi var, ağrısı var,
İçində
naləsi var, dərdi var, yanğısı var...
... Bir
gözdə analar güllələndilər,
Bir
gözdə ataya uçdu güllələr,
Güllələr
körpənin son oyuncağı,
Güllələr
körpənin son dayanacağı...
Yarımçıq
qoyulan ömür payıyla,
Üzündə o donmuş qorxunc
halıyla,
Bir körpə
dolaşır, bir körpə gəzir,
Qanlı Xocalının gecələrində,
Kərkükün,
Mosulun...
Hələb Kabulun,
Köhnə
Varşavanın, Osvensimin,
Xatının, Bağdad,
Dəməşqin,
Qarabağın...
küçələrində.
Bu da tarixə poetik baxış və faciələrin
dünya mənzərəsi. Ümumiyyətlə,
R.Tağızadənin poeziyasına Vətən, ana birgəliyi,
ana Vətən anlayışı titrək, kövrək
notlarla səslənir və bu kövrək notlar Vətən,
ana sevgisinin vahid mirasından xəbər verir.
“Yoxluğun elegiyası” kimi kövrək duyğular yaradan
bir şeirində müəllif anasının ölüm
faktını qərib bir ağıya çevirir, ana itkisi həm
də ona görə bu qədər ağırdır ki, bu
insan həyata vida demiş anasını heç olmasa, ana
torpaqda da dəfn edə bilmir:
Səni
apara bilmədim:
Nə əlindən
tutub gedə bildim,
Nə yanına düşüb gedə bildim.
ANA!
Son arzum
qaldı ürəyimdə,
Apara bilmədim
səni,
Xoşbəxt
olduğun yerə...
... Gücüm yetmədi.
Oğul gücüm, ağıl gücüm.
Nə səni
qoruyub saxlaya bildim,
Nə yurdu.
Hər
şeyi itirdim -
Səni də, yurdu da, zamanı da.
Mən bu poetik sitatı qısa yaza bilmədim. Çünki
şairin bu yurdsuz ana ağrısı mənə və
bütün millətimizə doğma bir ağrıdır.
Şairin ən ağrılı anlarından biri də
belə ağır anlarda sevgili Vətənin dərdinə əlacda
əlacsız qalmasıdır. Belə yerdə müəllifin
ağır bir sualı hamımızı üzməkdədir:
Yolunda
izim qalmadı,
Baxmağa
gözüm qalmadı,
Kül
oldum, közüm qalmadı,
Mən sənin nəyinəm, Vətən?
Vətən üçün ölməyi də
bacarmayan, gedib-gəlmək yoxluğunu yaşayan, darda qalan Vətən
üçün hələ davaya başlamayan ...əzabını
çəkən şairin sonda hayqırtısı hər kəsi
mücadiləyə səsləyir.
Kim deyir
ki, çözümü yox
Bu dərdin ta dözümü yox.
...
Alışıb yanan ürəyi
əlimdə bayraq eyləyib
zəfərə, gəlirəm Vətən,
sən
mənim hər şeyim, Vətən
Mən kitabda Vətənlə, itirilmiş torpaqla
bağlı hər biri ağı, fəryad formatlı
şeirlərdən yaxa qurtarıb şairin başqa
mövzularına keçmək istəyirəm. Amma
mümkün olmur, çünki bu şeirlər, bu Vətən,
torpaq fəryadı məni buraxmır.
Şairin
“Həsrət yolçusu” adlı şeirindəki suallardan necə
yaxa qurtarasan, axı bu suallar mənə, sənə,
ona-hamımıza ünvanlanıb:
Ay bu yolu
gedən yolçu,
Yolu, səmti bilirsənmi?
O
tanınmaz cığırlardan,
Kolun izin silirsənmi?
İz üstünə iz düşdümü?
Dərdlər səni üşütdümü?
Öz-özünü
çağıranda
Könlün bir səs eşitdimi?
Və mən bu şeirin ardını təqdim etməyə
bilmirəm.
Kimsəsiz
qalan, düşmən tapdağında olan torpağa müraciət:
Qanad
çalan bir quş varmı,
Torpaqda oyanış varmı?
Yarı
sökük divarda
Oxuyan bayquş varmı?
Nə
gördün söylə görüm?
Nə dedi qalanlarım?
Duydumu ayaq səsin
qəbirdə
olanlarım?
“Axır
ki gəldin” - deyib,
Çönüb baxan oldumu?
Cənnəti
viran görüb
Gözün qanla doldumu?
Biz hamımız viran qalmış
Qarabağımızın da peyk çəkilişini internetdən
görürük. Ancaq Rəfael Tağızadə bu görüntülərə
hətta Allahın dözümünə üsyan səsi
ucaldır:
Şəhərləri,
kəndləri viran edilən,
yollarının izi itən Qarabağın
səmadan çəkilən şəklini gördüm.
Bir də
şəhid oğlunu ağlamaqdan
səsi
batan ana təki
Səsini
içinə salmış elin,
Əzanı
eşidilməyən, namazına durulmayan
divarına yazılmış o Quran kəlmələrinin yerinə
ermənilərin hər şey yazdığı
Allah
evinin
Özgələr tərəfindən çəkilən
son görüntülərini.
Və
şairin üsyanı aşağıdakı son sətirlərdədir!
Bütün
bu Allahsızlıqlara
Gözə
görünməzdən bir peyk baxırdı,
bir də
Allah
biri
ancaq görürdü,
O biri isə
həm də dözürdü.
Bəlkə
elə bu ağrılara görədir ki, şairin məhəbbət
şeirləri də kədər daşıyır:
Gecənin
halsız vaxtına
Özünü
tez yetir, mələk
Qanadını
sər üstümə
Sən ruh kəpənəkləritək.
Yaxud:
Gecələr
tam qaranlıq,
gündüz sükut içində.
Uçub
gedir səsin də
durnaların köçündə.
Yaxud:
Bu yerin,
bu göyün heç bilmədiyi,
ayın
duymadığı, eşitmədiyi,
bir sevgi
nəğməsi oxuyacağam.
Qara
buludların qulaqlarına (“Sevgi nəğməsi”)
Bütün
bu dərdli sevda yəqin həm də ona görədir ki, Rəfael
Tağızadə məhəbbətin dəqiq
ölçülərini bilir və onun görünən
portretini yarada bilir:
Eşqin
yaşı olmaz,
Ağlı,
başı olmaz...
İlahi
sözü olar,
Hissi,
duyğusu olar,
Sevinci,
ağrısı olar...
Eşq bunlarla eşq olar.
“Su üzərində bahar” şeirlər toplusu
onun müəllifini həm bir şəxsiyyət kimi, həm
də yüksək sənətkarlıq nümunəsi kimi bizə
təqdim edir. Koronavirusdan min illər əvvəl də,
koronavirusdan min illər sonra da poeziya insanı kamilləşdirən
bir bədii vasitə kimi bəşəriyyətə vacib
olmuş və olacaqdır.
Cahangir MƏMMƏDLİ
Ədalət.- 2020.- 21 aprel.- S.6.