BİRİ SƏNSƏN, BİRİ MƏN...

 

 

Bu mahnı heç adi mahnı deyil. Bu mahnı hər bir azərbaycanlının ürəyində elə bir iz qoyub ki, o iz yaddaşlarda yüz il , əlli il , min il keçsə, həmişə qalacaq. O izi Azərbaycanın çöx böyük xanəndəsi, çox böyük sənətkarı, çox böyük musiqiçisi İslam Rzayev qoyub.

 

İslam Rzayevin oxuduğu "Biri sənsən, biri mən" təsnifi heç adi bir musiqi, adi bir mahnı deyil. Onun sözləri möhtəşəmdi, musiqisi möhtəşəmdi, ifa da möhtəşəmdi. Möhtəşəm ifa, möhtəşəm söz, möhtəşəm musiqi! Sözləri böyük şair Bəxtiyar Vahabzadəyə məxsusdur. Musiqi Əhsən Dadaşova məxsusdur. İfanı isə ilk dəfə İslam Rzayev səsləndirib. Bayaq dedik, bu mahnının unikallığı, milli koloriti, mahnının gözəlliyi şirinliyi həmişə Azərbaycan dinləyicisinin, Azərbaycan tamaşaçısının yaddaşında qalacaq.

 

Sözümün canı bu deyil, sözümün canı odur ki, bu yaxınlarda Xəzər Televiziyasının "5/5" verilişində bu mahnıyla əlaqədar müəyyən fikirlər səslədirildi. Həmin verilişin aparıcısı Zaur Kamal qonaqlarını da təqdim elədi. Qonaqlar Teymur Əmrah, Aybəniz Haşımova yazıçı-şair Vüqar Əhməd idi. Burda həmin mahnıyla bağlı müəyyən fikirlər səsləndi, müəyyən fikirlər deyildi. Məni narahat eləyən o oldu ki, İslam Rzayevin möhtəşəm ifası yaddan çıxdı, Teymur Əmrah Aybəniz Haşımovanın ifa etdiyi həmin mahnını tərifləməyə başladı. Hətta istedadına musiqi savadına çox böyük hörmətim olan Teymur Əmrah bildirdi ki, Aybəniz Haşımova bu mahnını çox möhtəşəm ifa edib. Bəlkə Aybəniz Haşımova o mahnını möhtəşəm ifa edib. O xanım böyük musiqiçi böyük sənətkardı. Buna sözümüz yoxdu. Amma o mahnının kamil ifaçısı böyük xanəndə, böyük musiqiçi İslam Rzayevdir. Islam Rzayev o mahnıya elə möhür vurub ki, ondan sonra kim gəlsə , o mahnını onun kimi ifa edə bilməz. Ən azından İslam Rzayevin instrumental ansamblındakı musiqiçilərin ifası, qeyri-adi səslənmə, qeyri-adi musiqi digər ifalarda heç vaxt o səviyyədə alınmayıb.

 

Düzdür, bu mahnını Rövşən Behçət ifa edib. Rövşənin ifasında bu mahnı gözəl alınıb. Ona heç kimin şübhəsi yoxdur. Amma Rövşən Behçət o mahnını oxuyanda orda fars, iran boğazları hiss olunur. Amma İslam Rzayevin ifasında isə xalis Azərbaycan musiqisi, Azərbaycan zənguləsi, Azərbaycan ritmi Azərbaycan şirinliyi var. Bunu danmaq olmaz. Məni narahat eləyən o oldu ki, bu söhbət zamanı Teymur Əmrah bir dəfə olsun İslam Rzayevin adını çəkmədi ki, bəs bu mahnının əvəzsiz ifaçısı İslam Rzayevdir. Verilişdə iştirak edən Vüqar Əhməd bu məsələdə çox soyuq münasibət göstərdi. Hansı ki, Vüqar Əhməd uzun müddət Azərbaycan Dövlət Televiziyasının musiqi redaksiyasında məsul vəzifədə çalışıb. O bilirdi ki, İslam Rzayev kimidi İslam Rzayev bu mahnını necə möhtəşəm oxuyub. Amma bir kəlmə olsun dinmədi. Bax, biz belə bir millətik. Heç vaxt özümüzün yaxşı cəhətlərini demirik. Çünki verlişdə onun qızı da iştirak edirdi, onun qızının ifasını tərifləyirdilər.

 

 

 

 

 

Əlbəttə, hər bir sənətkarın, hər bir ifaçının, hər bir musiqiçinin öz yolu, öz dəsti-xətti var. Aybəniz Haşımova da Azərbaycan musiqi tarixində öz sözünü demiş böyük ifaçılardan biridir. Bayaq dedik, buna sözümüz yoxdur. Amma sözümüz onadır ki, heç olmasa Aybəniz xanım özü deməliydi ki, məndən əvvəl, məndən möhtəşəm bu mahnını, bu təsnifi İslam Rzayev ifa edib. Hansı ki, İslam Rzayev xəstə olanda İctimai Televiziya onunla bağlı xüsusi bir veriliş hazırlamışdı. Həmin verilişdə Aybəniz Haşımova İslam Rzayevin yanında o mahnını oxudu, sonra da kövrəlib İslam Rzayevi öpdü. Buna görə çox sağ olsun. Amma gərək xanım müğənni bu məqamda, bu anda həmin anları yada salaydı ki, bizim ustadımız, böyük sənətkar İslam Rzayev bu mahnını məndən , Rövşən Behcətdən gözəl ifa edib. Bax, bu olardı ədalətli münasibət, bu olardı Azərbaycan musiqi tarixinə sevgi bu olardı Azərbaycan xalqına böyük sevgi.

 

Ümumiyyətlə, hər bir sənətkarı, hər bir musiqiçini, hər bir bəstəkarı tarixdə yaşadan onun möhtəşəm əsərləridir. bu möhtəşəm əsərlər kimliyindən, zamanından məkanından asılı olmayaraq, həmişə yaşayır, yaşayıb yaşayacaqdır. belə düşünürəm ki, İslam Rzayevin "Biri sənsən, biri mən" mahnısının ifasını onun qədər heç bir müğənni, heç bir xanəndə, heç bir sənətkar elə səviyyədə ifa edə bilməyəcək. Ən azından ona görə ki, ordakı kolorit, ordakı musiqi səsləndirilməsi, ordakı avaz, ordakı Azərbaycan xalları heç birində o qədər zəngin deyil.

 

Bir daha mən bu mövzuya ona görə qayıtdım ki, hər şeyə tarix qiymət verir. Kimisə tərifləmək olar, kimisə yada salmaq olar, amma kiminsə haqqını başqasına heç cürə vermək olmaz. Yəni bu mahnı, bu təsnif İslam Rzayevin ifasıyla böyük Azərbaycan tamaşaçısı tərəfindən sevilib yadda qalıb. Mənə elə gəlir ki, bundan sonra yüz illər keçsə , yenə "Biri sənsən, biri mən" mahnısı İslam Rzayevin ifasında həmişə olduğu kimi səslənəcək, seviləcək həmişə yaddaşlarda qalacaqdır. Ona görə heç vaxt haqqı nahaqqa vermək olmaz.

 

Ay böyük sənətkarlar, yoxsa bir məclisdə, bir verilişdə, eyni vaxtda bir stol arxasında əyləşib bir-birinizi tərifləməklə, bir-birinizə xoş sözlər deməklə keçmişi heç vaxt unutmaq olmaz. Yenə deyirəm, o sənətkarlar istedadlı sənətkarlar, istedadlı ifaçılardı, amma hərəsinin öz yeri var, hər ifaçının tutduğu məqam var. O məqamı, o zirvəni yaddan çıxarmaq lazım deyil. O uca zirvədə İslam Rzayev həmişə durub duracaq da! Böyük mənada demək olar ki, buna heç kimin şübhəsi ola biləməz. Ona görə bir daha böyük sənətkarlar, böyük musiqiçilər, böyük ifaçılar heç vaxt unudulmur. Ən azından ona görə ki, İslam Rzayev heç bir musiqiçinin, heç bir xanəndənin, heç bir müğənninin ifa edə bilmədiyi ən çətin bəstəkar, xalq musiqisini ifa edib. Bütün bunlar tarixdir bütün bunarı heç kim yaddan çıxara bilməz!

 

Faiq Qismətoğlu

Ədalət.- 2020.- 21 aprel.- S.5.