Dost itkisi... sənətkar itkisi...

 

 (Mahir tar ifaçısı Tahir Haqverdiyevin xatirəsinə)

 

 

Sənət elə bir ucsuz-bucaqsız məkandır ki, öz dünyasında hər kəsə yer verə bilər. Lakin o məkanda daimi yer tutmaq hər kəsə nəsib olmur. Vaqif Səmədoğlunun belə bir fikri var: "Həyatın yeganə həqiqəti ölümdür”. Bu günlərdə biz bu amansız həqiqətlə bir daha üzləşdik. Gözəl tar ifaçısı, muğamlarımızın mahir bilicisi, tələbə yoldaşımız, sənət dostumuz, olduqca sadə, səmimi, təvazökar insan Tahir Haqverdiyev aramızdan getdi. Onun qəfil ölümü hamımızı sarsıtdı.

 

Tahir 1953-cü ildə musiqi beşiyimiz olan Qarabağda, Ağdamda doğulmuşdu. Musiqiyə, xüsusilə tara olan həvəsi onu Ağdam Uşaq Musiqi məktəbinə gətirmişdi, uşaqlıq arzularını tarın kövrək tellərində kökləmişdi. Sonralar təhsilini o zamanlar istedadlı musiqi kadrları yetişdirən tanınmış təhsil ocağında - Ü.Hacıbəyov adına Ağdam orta ixtisas musiqi məktəbində davam etdirmişdi. Burada ixtisas müəllimi Lentruş Orucovdan, muğam müəllimi Məşədi Nərimandan tarın bir müsiqi aləti kimi ifa imkanlarını, muğamın sirlərini daha dərindən öyrənmişdi. İstedadlı, savadlı tələbə kimi orta ixtisas musiqi məktəbini bitirdikdən sonra, gənc olmasına baxmayaraq 1971-1973-cü illərdə həmin məktəbdə müəllimləri ilə birgə çiyin-çiyinə çalışaraq muğam dərsi demişdi. Ancaq tar sənətinin bitib-tükənməyən dəryasına daha dərindən baş vurmaq üçün ali təhsil ocağında - musiqimizin məbədgahı olan Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında oxumaq onun arzusu idi.

 

Mənim Tahirlə ilk görüşüm məhz o dövrə, 70-ci illərə təsadüf edir. 1972-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına qəbul imtahanları ərəfəsində rektorluq abituriyentlərlə söhbət-müsahibə keçirirdi. Həmin vaxtlar konservatoriyanın rektoru olan görkəmli bəstəkar, professor Soltan Hacıbəyov Tahir Haqverdiyevin, mənim bir neçə başqa tələbənin 2 illik stajımızın az olduğunu əsas gətirərək (o zamanlar belə bir qayda mövcud idi) 1 il işləyib növbəti il qəbula gəlməyimizi məsləhət gördü. 1973-cü il Tahirlə mən uğurla imtahan verərək konservatoriyaya daxil olduq. Həmin dövrlər konservatoriyaya qəbul çox yüksək müsabiqə şəraitində keçdiyindən tələbə adını qazanmaq hər arzulayana nəsib olmurdu. İxtisasdan qəbul imtahanı zamanı görkəmli bəstəkar Ramiz Mirişli hal-hazırda Azərbaycan Milli Konservatoriyasının xalq çalğı alətləri kafedrasının professoru, əməkdar incəsənət xadimi Oqtay Quliyev Tahirin ifasını çox bəyənərək onu ən yüksək balla qiymətləndirdilər. İş elə gətirdi ki, hər ikimiz ixtisasdan görkəmli bəstəkar dirijor, xalq artisti, Dövlət mükafatı laureatı, professor Səid Rüstəmovun, dirijorluqdan isə xalq artisti, tanınmış bəstəkar, professor Süleyman Ələsgərovun sinfində təhsil almalı olduq.

 

Çoxlarının yaddaşında yəqin ki, qalır: 1974-cü ildə sovet dövrünün böyük bir inşaat layihəsinə - Baykal-Amur Magistralının tikintisinə start verilmişdi. Xalqımızın ümummilli lideri Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi həmin illərdə Baykal-Amur Magistralında işləmək üçün respublikamızda tikinti-inşaat dəstələrinin fotmalaşmasına böyük önəm verirdi. Bu layihəyə Azərbaycandan da memarlar, layihə mütəxəssisləri, inşaatçılar cəlb edilmişdilər. 1975-ci ildə biz 3-cü kursda oxuyarkən yuxarı təşkilatlardan belə bir təklif gəlmişdi ki, konservatoriyanın bir qrup tələbəsi BAM-a ezam olunaraq orada inşaatçılar qarşısında konsert proqramı ilə çıxış etsin. Bu qrupda Tahirlə birgə mən var idim, lakin son anda ailə vəziyyətimlə bağlı bu səfərə çıxa bilmədim. İfaçı tələbələrin qrupuna o zaman universitetin tələbəsi olan Aqil Abbas da (hal hazırda Milli Məclisinin deputatı, əməkdar jurnalist) daxil edilmişdi. O da Komsomolun Mərkəzi Komitəsi, televiziya mətbuat üçün materiallar hazırlamaq üçün BAM-a ezam olunmuşdu. Tahir Haqverdiyevlə birgə digər tələbə yoldaşlarımız soyuq, şaxtalı, əlverişsiz hava şəraitinə baxmayaraq BAM-da konsertlər vermişdilər. Uğurlu çıxışlarına görə onların hamısı o zaman Komsomolun Mərkəzi Komitəsi tərəfindən mükafatlara, fəxri fərmanlara layiq görülmüşdülər.

 

Tahir konservatoriyada oxuduğu illərdə virtuoz ifası ilə artıq tanınmışdı bir çox musiqiçilərin diqqətini cəlb etmişdi. Konservatoriyanı bitirdikdən sonra görkəmli müğənni, SSRİ xalq artisti Zeynəb Xanlarova onu öz ansamblına dəvət etmişdi. Zeynəb xanımın ansamblında tanınmış ifaçılarla birgə dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdular. Bir müddət sonra böyük sənətkar, dünya şöhrətli Rəşid Behbudov onu Mahnı teatrına dəvət edir. Aydındır ki, iki böyük sənətkarın Tahirin ifasını bəyənməsi onun yüksək professional ifaçı, mahir tarzən olduğundan xəbər verirdi. Vaxtilə böyük tarzənimiz Əhsən Dadaşov da Tahirin ifaçılıq istedadına yüksək qiymət vermişdi. Tahir konservatoriyanı bitirdikdən sonra ansambllarda uğurlu çıxışları ilə bərabər pedaqoji fəaliyyət göstərdi. Bir zamanlar Tahir Haqverdiyevin ifası Almaniyada yaşayan soydaşlarımızın da diqqətini cəlb etmiş o, həmin ölkəyə dəvət olunaraq bir neçə il Almaniyada yaşayıb fəaliyyət göstərmişdi. Tahirin ecazkar çalğısının pərəstişkarları onu tez-tez el şənliklərinə, toylara dəvət edir, bənzərsiz ifasına diqqət kəsilirdilər. Onun məşhur gitara ustası, xalq artisti Rəmişlə hələ gəncliyindən başlayan sənət dostluğu Tahiri gözəl gitara ifaçısı kimi tamaşaçılara sevdirmişdi.

 

Ömrünün son on ilində Tahir Haqverdiyev mənim dəvətimlə Musiqi Kollecində çalışırdı. Əməkdar müəllim Qəzənfər Abbasov, tanınmış müğənni Sabir Abdullayevlə birgə gənc xanəndələrin yetişməsində fəal rol oynayırdı.

 

Tahir sənət aləmində, musiqiçilər arasında böyük nüfuza malik sənətçi idi. Sənət dostları onun çalğısını, insanlığını, şəxsiyyətini həmişə dəyrləndirirdilər. Bu gün onun sıralarımızda olmaması hər birimizi ağrıdır. Bircə təsəllimiz odur ki, Tahirin təkrarolunmaz ifası hələ uzun illər qulaqlarımızda səslənəcək, yadigar qalmış lent yazıları hər an onu bizə xatırladacaq, xatirəsi ürəklərimizdə yaşayacaqdır.

 

Məhəmmədhüseyn Şəhriyarın belə bir şeri var: "Tarım mənim”. Bu misralar sanki Tahirin tarın simləri üzərində gəzişən zərif barmaqlarından süzülərək onun sirli dünyasını əks etdirir:

 

Sızlayır əhvalıma sübhə qədər tarım mənim,

Təkcə tarımdır qara günlərdə dildarım mənim.

Çox vəfalı dostlarım vardır, yaman gün gəlcəyin,

Tardan özgə qalmayır yari-vəfadarım mənim.

Yer tutub qəmxanədə, qıldım fəramuş aləmi,

Mən tarın qəmxarı oldum, tar qəmxarım mənim.

 

Nazim Kazımov Əməkdar incəsənət xadimi, professor

 

Ədalət.- 2020.- 21 aprel.- S.5.