Heç kimin İradə kimi oğlu
yoxdur”
Oxunanları oxutmaq məharəti və ya
Doğru Kitab haqqında imtahan
TARİXƏ REPLİKA:Bir az uzaqdan başlayacam
– mən vaxtı irəli-geri çəkməyi bacaranlardan
biri kimi taleyimin müəllimi, hakimi, həkimi, ustadı
olmuşlardan bunu öyrənə, tətbiq etməyi bacara
bildim.
TARİXƏ EKSKURS:1997-1998-ci illərdə
Moskvada... üç respublikanın sərhədində
dünyaya gələn, dədəsi "Xram Xrista Spasitelya”
kilsəsi sökülüb istifadədən
çıxarılanda, özü 60 il sonra həmin kilsə təzədən
bərpa edilib istifadəyə veriləndə eyni küçəylə
addımlayan, Yer üzündə Misirin prezidenti Ənvər
Sadatdan sonra Ağ Evdə iki aylıq akkreditasiya qazanıb sərbəst
gediş-gəliş haqqı qazanan dünyada ikinci, amma və
həm də ilk və sonuncu SSRİ-li, yeganə azərbaycanlı,
uşaqlığında Səməd Vurğunla oturub-duran,
böyüklüyündə kosmonavtlarla, prezidentlərlə
salamlaşan, "XİX-XX əsr Rusiya filosofları”
kitabında üç azərbaycanlıdan biri, eləcə də
gözəl şairimiz Osman Sarıvəllinin üç
oğlundan biri... Rafiq Qurbanovla söhbətlərimdə
dünya, elm, azərbaycanlılar, rəhbərlər və rəiyyətlər
haqqında çox bilgilər əldə etsəm də, mənə
bu an – pravoslavların bayram günündə gərəkəni
bu oldu ki...
Rafiq
Qurbanov ixtisasca fizik idi. Rusiyada azərbaycanlılara Azərbaycan,
azərbaycanlıların uşaqlarına ingilis dilini öyrədirdi.
Mən hamısını bir kənara qoyuram, sizə
çatdırmaq istədiyimi yazıram: Rafiq Osman oğlu
Qurbanov fizika... fəlsəsəfi üzrə elmlər namizədi
idi! Həə, demək istədiyim budur:
Müttəfiq
Azərbaycan SSR və Müstəqil Azərbaycan
Respublikasının, eyni zamanda Tarixi Azərbaycan dövlətinin
gəlib-getmiş şairlərinin Poeziya Planetində ləyaqət
simvolu Məmməd Arazın qızı,
"Batmanqılınc”ı sovet istilası dönəmində
dop"Dolu” – kəsəri batmanlıq qılınc,
"Dolu”su erməni təcavüzü kəsimində
"Batmanqılınc”- batman qılınc olan,
jurnalistikanın, həyatın, siyasətin Aqil imzası,
özü-özünün Şah Abbası – istəyəndə
boynu kirlini də eşidən, istəməyəndə
heç kimi hərləməyən, kefinə düşəndə
istədiyi vəzifəlini lağa qoyan, dolayan, ürəyi
ağrıyanda, yarası göynəyəndə...
"dünyanın ən varlı” şəhərinin
A-sını eşidəndə nəvəsi yaşda
uşaqlar kimi A-ğlayan, q-A-r-A-b-A-ğın Qara Bəxtinin
A-ları səslənəndə belə yumağa dönən,
şəxsi Zəfərin, milli Faciənin bir bətnə-bir
mətnə-bir sözə-bir cana sığışan Aqil
Abbasın xanımı, 70 il ərzində yeganə olan
S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin
jurnalistika fakültəsinin məzunu, Azərbaycanda ədalətin
yalnız sözdə qalan dönəmində "Ədalət”
adlı qəzetin baş redaktoru İradə Məmməd Araz
qızı İbrahimovanın – İradə Tuncayın
"Sarı odalar”ını oxuyanda (bitirməmiş!)
anladım ki, mən jurnalistin – bir mərhələ televizya,
ardınca da qəzet baş redaktorunun, publisistin, şair
Atanın yazıçı qızının,
yazıçı-jurnalist-deputat xanımının, polis rəisinin
Anasının, həyatda hər şeyə - arzularına, istəklərinə,
xoşbəxtliyinə həmişə gec və bəzən
də heç çatmayan, təkcə erkən nənə
olmağından diksinən, bu statusu özünə belə
çöçün gələn, özünü eyməndirən...
Sultanla... üz-üzəyəm: "Çox yorğunam. Fəhləlik
yorub məni. Bütün dünyanın qara vətəndaşları
kimi payıma düşən tör-töküntü olub,
artıqlar olub... Hər şey tələsik, qaçaraq və
minnətlə...”. Və... mən TARİX
FƏLSƏFƏSİ üzrə Ustad İradə Tuncaydan
heç də Fizika Fəlsəsəfi üzrə Ustad Rafiq
Qurbanovdan öyrəndiklərimdən az öyrənmədim.
İradə
Tuncay"Sarı odalar”da Tarix Fəlsəfəsini o qədər
mükəmməl anlatmış ki... kitabın ilk səhifəsindəki...
ilk yazısının başlığı elə kitabın
qiymətidir, həm də və eyni zamanda Tarixdə
Türklüyün dəyəridir: 555, yəni – mənə
orta məktəbdə ədəbiyyat və coğrafiya müəllimlərim
dərsi üərklə, ürəkdən – cani-dildən,
anlaşıqlı və sərrast
danışdığıma görə, bəzən ürəkləri
soyumurdu, iki, lap üç 5-i ("əla”) ard-arda, əvvəlki
dərslərə sonradan, sonrakı dərslərə əvvəldən
artırmaqla sakitləşirdilər!
Canlarına
yağ kimi yayılırdı, gözlərinə işıq
kimi, təşnə ürəklərinə su kimi,
"5”-"əla” yazmağa həsrət qalmaqdan keyləşmiş
barmaqlarına can gəlirmiş kimi...
Bax,
İradə Tuncayın "Sarı odalar”ı belə
"vzlyot” götürür ilk səhifədən – 5-də
5-lə və üstündən daha bir 5-lə!
Yer
kürəsinin səmasında parad manevri edən
qırıcı təyyarələr kimi Azərbaycanın
üçrəngli bayrağını cızan, Türkün
göynən gedən tarixini Göy Türkün təntənəsi
kimi təqdim edən İradə Tuncay gözəl də
tamamlayır bu Tarix Fəlsəfəsini. Bircə cümləylə!
Cəmi bircə cümləylə: "... Mən bu şəhər
haqqında hər şeyi bilirəm, amma bunun farkında olan
birisi yox ki...”
Həə,
həqiqət elə budu: İradə Tuncayın İstanbul
haqqında, dolayısıyla Türklük və onun tarixi
haqqında hər şeyi bilməsinin fərqində
olmadıqları kimi, İradə Tuncayın özünün
də fərqində deyillər!
Nəinki
biz, elə... Türk Məsələsini həll və həzm
edə bilməyən Dünyanın özü də!
O İradə
Tuncayın haqqında ki, özü yazır özü
haqqında:"Çox qapalı adamam. Kimsəni içimə
buraxmıram. Və bilirəm ki, ətrafdakılara da ədalı,
göydən gedən, soyuq, qılıqsız adam təsiri
bağışlayıram. Heç həvəsim də olmur
ki, izah edəm ki, yox, vallah, belə deyil. (...) Bilirəm, məni
"həzm” eləmək çətindir. Xasiyyətim
ağırdır, dilim acıdır, sözlərimi bir batman
balla yemək olmur. Bilirəm. Necə varamsa elə qəbul eləyənlərə
minnətdaram. Həyatım boyu o qədər rəzilliklə,
alçaqlıqla üzbəüz qalmışam ki, bu
maskanı bütün vücuduma geyinməyə məcbur
olmuşam...”
Amma
"vizit-kart”la tanışlıqdan sonra siz Onun
"Depressiya”sına baxın və görün, əmin olun
ki, siz doğrudan da İradə Tuncayın fərqində
deyilsiniz. Şəxsən mən (deməyə ehtiyac duymuram
ki, mən hara, Ustad İradə Tuncay hara da, özünüz
heç olmasa bunun fərqindəsiniz), həmin o depressiya
yazısındakı mərhəməti, ədaləti, şərəfi
adları çəkilənin heç birinə verməzdim, nəinki
kitabıma salardım, heç yazıda adını çəkməzdim.
Handa ola sarıdimdiyin birinin "əşşi” müraciətinəcən.
Amma İradə Tuncay "Depressiya”nı gözəl
anlatmış – tarixi yöndən də, psixoloji yöndən
də. "Ölən istəklərimiz”in zülmü tam
alayı. Oxuyanda xoşum gəlmir "ƏLA YAZIBSAN, ƏLA
YAZIDI” deməkdən, dəyər verməkdən. Bir bax,
gör nə yaşantılardır? O yaşantılar da əlamı?
Biz əla yaşayıb da əla yaşantıları əla
yazmağa, yaymağa, çəkməyə göstərməyə
layiq deyilikmi?
Bu
sualı vermək üçün gərək İradə
Tuncay kimi, cəmiyyətin də durumunu biləsən: "...
amma hərəmiz bir tərəfdə sövdələşib
oturmuşuq da...”
Elə
deyil ki?
Biz fərqindəyikmi:
"İndi baş verənlər böyük Avropa faciəsinin
proloqudur. Müharibə olacaq. Müttəfiqlərimiz indi
bizimlə birlikdə yaxşı şəraitdə
döyüşmək istəmədilər. Neynək, onlar
bizim uğrumuzda döyüşəcəklər, amma o zaman
bizim döyüşmək imkanımız olmayacaq”.
"Çexoslovakiyanın
bədbəxt prezidenti Beneşi gecə saat 3-də yuxudan
durğuzub ölkədən qovdular. Hitler onu oralarda görmək
istəmirdi. Az sonra Beneş demişdi” yazan İradə Tuncay
onun fikrini, onda o vaxt üçün dediyi fikrini
çatdırır və...
Onda elə
olmuşdu! İndi də elə BELƏ deyil ki?
Bəlkə
heç belə də deyil: "Hərə üzünə
bir maska taxıb bu maskaradda ona ayrılmış rolu
oynamağa çalışır”.
Kimsənin
etirazı varmı deyilən fikrə?
Siz Allah,
eramızdan əvvəl və bizim eramızda dahi dediklərinizin
fikirlərini niyə qəbullanırsınız? Konkret
situasiyada bütün zamanlar üçün doğru
olanı dedikləri üçün, deyilmi?
Bəs elə
İradə Tuncay da onu edib də!
Həə...
doğru olanı... doğru olan... əsasdır.
HAŞİYƏ:
Oxuyan da
çoxdu. Kitab da çoxdu. İmkan da kifayət qədər.
Amma və lakin...
HAŞİYƏ
İÇİNDƏ HAŞİYƏ:
Bir dəfə
Sözümüzün, Sözünün, Sözün
Ağası Mir Şahin Ağayevlə təsadüfən
rastlaşdıq, qayıtdı ki, "bildin də nə deyirəm”
başlıqlı statusların çox yaxşı, amma o
birilərini rədd elə, özünü güllə
qabağına atırsan, bizi də pis vəziyyətdə
qoyursan”.
Qaçaraq
və ayaqüstü dedim ki, Şirməmməd müəllimin
sözüdü o. Sonra rəhmətlik müəllimin
sağlığında açıqlama da verdim. Ona görə
ki: Şirməmməd müəllim rəhmətə gedəndə
fb-də çoxlarının "yadına düşdü”
ki, Şirməmməd müəllimə məxsusdu o ifadə,
guya da onlar dərsdə eşidibmiş. O sözü Şirməmməd
müəllim hər dəfə işlətmirdi - ən
azından iki qrupda oxumuşam, nə o iki qrupda oxuduqlarım, nə
də başqaları deyə bilməz Şirməmməd
müəllim hansı "oborot”da işlədib!
DEMƏLİ:70-ci
illərin axırı, 80-ci illərin əvvəlində
jurnalistika fakültəsində oxuyan Raqif Məmmədov
1991-ci ildə "Həyat” (indiki "Azərbaycan”) qəzetində
işləyərkən danışmışdı ki,
Şirməmməd müəllim dərsdə sosializm mətbuatıyla
kapitalizm mətbuatını müqayisə edərkən dedi
ki, sosializm də xəstədir, kapitalizm də, sosializm
demokratiyanın azlığından, kapitalizm
çoxluğundan. Bildin də nə deyirəm? Və mən
də... arada-bərədə bunu yazırdım, rəhmətlik
Şirməmməd müəllimlə rastlaşanda
özünə etiraf eləmişdim: biz sizin kimi böyük
ola bilmirik, yazdıqlarınızı, etdiklərinizi
yaşatmaq qədərincə böyümədik,
böyük ola bilmədik, öz payıma gücüm o bir
ifadənizi-sualınızı yaşadıram. Rəhmətlik
"onu da edirsənsə, vicdanın var, demokratiya çox
olan kapitalizmdə demokratiya az olan sosializmin qəhrəmanlıq
dəyərlərini yaşatmaq mümkünsüzdür”.
Deməyim
bu: İradə Tuncay az demokratiyalı dönəmdən
çoxdemokratiyalı dönəmi ömrünü
yarıbayarı bölərək yaşayıb. At izi it izinə
qarışan məmləkətdə bir az kolay... yaşam!
Özü yazıb da imperiyalar yıxılanda fəsadları
nə boyda olur. Azərbaycan SSR-in möhtəşəm sovet
şairləri müstəqillik dönəmində əliyalın
qaldılar – salamat çıxan çox az imzalardan oldu Məmməd
Araz. Bu dağıntılar üstündə ucalan şairciyəzlərin
şairlikdən çox özlərinə menecerlik
yaradıcılığı məcbur etdi ki... bir az sakin
olasan. İradə Tuncay bunu bacardı və həm də
Sözün Kimə Məxsus Olduğunu sərgilədi.
"Sarı odalar”da saralan poeziyanın, sözün,
ekranın, mətbuatın öləziyən
işığında harayını-həyəcanını
anlamaq lazım... Şair üçün, Söz
üçün danışmağa başlayanda. Mən
İradə Tuncayı anladım deyirəmsə, indi durub burda
bütöv yazısını paylaşası deyiləm –
kitabı alın, oxuyun, almırsınız, girin,
"Ədalət” qəzetinin portalında axtarış verin,
tapın!
HAŞİYƏYƏ
QAYIDIŞ:Oxuduqca görürəm ki, mən İradə
Tuncayın bəzi fikirlərini işlətmişəm yazılarımda.
Üzümdəki xəcalət təri elə üzümdəki
çopurları dolduruncaya və donduruncaya qədər...
bildim ki, Ustad niyə müəlliflik hüququnu mənə
xatırlatmır. Ustad elə ona görə Ustaddır ki,
bilir... Aydın Canıyevin özünə möhtərəm
və möhtəşəm deməyiylə deyil ki, o da elə
o birilərinin tayı, özü haqqında
yazdığı kimi düşünənlərdən biri, yəni
oxumayıb İradə Tuncayı! Ayıb olsun Aydın
Canıyevə də, elə oxumayan o birilərinə də.
Nələrə
rast gəldim: həmişə yazılarımda
davasını açmışam: a kişi, mənə Gədəbəy
rayonunun İnəkboğan, Bərdənin Kətəlparaq,
Lerikin Brkandul kəndində olan maraqlıdı, nəinki
Kafka, Drayzer, Sartr. Mən öz qəhrəmanımı istəyirəm,
öz yazıçımı oxumaq istəyirəm. İradə
Tuncay bunu ali və daha mükəmməl ərklə,
qınaqla ifadə edib. Mən söyərək, Ustad öyərək!
Mən
tez-tez yazıram son vaxtlar "biz Heydər Əliyevdən
heç nə öyrənmədik”, Ustad bunu daha sanballı
şəkildə illər öncə yazıb.
Mən bəzi
ədatları, modal sözləri məzə üçün
yazıram, amma İradə Tuncay daha ustacasına illər
öncə yazıb: "amma... amma... amma...”
HAŞİYƏDƏN
TƏZƏDƏN ÇIXIŞ:Rəhmətlik Rafiq
Tağı "amma və lakin”i dövriyyəyə buraxan ilk
imzadı yaddaşımda – ona qədər də kimsə bizlərdən
bəlkə də işlədib və daha gözəl. Amma və
lakin... mən ilk dəfə onda gördüm: ikimizin də
"Vətəndaş həmrəyliyi” qəzetində
yazımız çıxmışdı. "Xəqani 33”-də
görüşüb çay içəndə dedim ki, Rafiq
müəllim, sənin "oborot”una tamah salmışam. Dedi
ki, gördüm, sən məndən yaxşı işlədirsən,
halal xoşun.
HAŞİYƏDƏN
DOĞRUYA QAYIDIŞ:
Mal-mülk,
arvad-uşaq, iş-güc, şöhrət hərisi, qəsbkarı,
istilaçısı ola bilərsən, amma Söz...
Sözün yiyəsi var, Sözün deyəni var,
Sözü deyən var. O haqqa girmək olmaz!
İradə
Tuncay Sözün Yiyəsidi, Sözün deyənidi,
Sözünü deyəndi. Bayaqdan demək istədiyim
doğruya hələ tam çatmamışam, amma indi deyəcəm:
"Sarı
odalar” DOĞRU KİTABDIR, İradə Tuncay DOĞRU
MÜƏLLİF.
Bu kitabda
doğru olmayan heç nə yoxdur! Və...
Tarixin
Türk məsələsindən tutmuş Torpağın
Tanrı payından ta Sözün Tarixinə, Tarixin
Sözünə təpkiyə qədər! Hər şey
doğrudur. Kitab başdan-ayağa təpkidir –
Doğruların Təpkisi, Təpkilərin Tarixi!
Mən
doğru kitab və doğru müəllif deyəndə təkcə
bunları nəzərdə tutmuram, nəzərdə
tutduğum həm də budur:
Andre Morua
"Literaturnıe portretı” yazıb. Bu yaşıl
üzlü kitabı mən hardasa bir 20 il qabaq oxumuşdum.
Doğruların kitabı olaraq. Belə bir fikri vardı
A.Moruanın: "Stendal qədər bəşəriyyətdə
yalançı adam olmayıb, amma bəşəriyyətə
onun qədər də doğru deyən olmayıb”.
Tam səmimi
deyirəm – silsilə yazılara başlamışdım, 20
ilə tamamlaya bilmədim. İradə Tuncayın "Sarı
odalar”ı mənim o "ədəbi portretlər” arzumdur.
Yaşca da, başca da böyük olmaq Sözünü deyib
İradə Tuncay! Hətta ora qədər ki, illərin uzun və
qısa olmasınacan: "Belə bir inanc var ki bu "uzun” ildə
dağıntı və fəlakətlərin sayı başqa
normal illərdən artıq olur. Xəstə və qoca adamlar
daha çox olur (xüsusən fevral ayında. "Februarus”
sözü latın dilində "təmizləmə” deməkdir.
Belə çıxır ki, ölüm özü də bir
növ təmizləmədi). Bu illərdə bağlanan
nigahlar da uğurlu sayılmır. Amma bir istisna var ki, belə
dövrlərdə qadınlar, qızlar özləri
elçilik edə bilərlər. Bu, onlara ayıb sayılmaz,
heç kim də onlara "yox” deyə bilməz”.
Həə,
tamamlayım: doğru kitab odur ki, səni həyatın,
yaşamın, elmin, dönəmin, dünənin,
dünyanın bütün qatlarına aparır,
düşündürür, məhz də sənin
missiyanı, boyunu, qabaritini, təfəkkürünü sənə
aydınladır.
Mən
Andre Moruanın portetlərindən, Vahid Rzayevin
"Yaranış”ından sonra üçüncü
kitabı gördüm. Ki...
sağlığını-varlığını qeyd etməyə
dəyər!
Və
"niyə bu kitabı oxumaq lazımdır, dəyərləndirmək
lazımdır” sualının cavabını da İradə
Tuncay verib: "Bizim toplum olaraq birinci dərdimiz budur –
içimizin boşluğu”. Və İradə Tuncayın bu
haqlı ittihamını anlamaq üçün gərək
ilk növbədə yenə də İradə Tuncaya
müraciət edəsən əlac üçün: "Biz,
əlbəttə, anlayırıq ki, özbaşına deyilik
(...) amma heç cür anlamaq olmur ki, bizim hər birimizə vətəndaş
olmağa, insan olmağa nə mane olur?! Yenə Avropa
Şurası?”
İradə
Tuncayı həm də ona görə FƏRQ ETMƏK
lazımdır ki: "Bizim gələcəyimiz çox
böyük təhlükə altındadır! Və həmin
təhlükənin ən böyük mənbəyi də
TV-lərdi”.
Əfəndilər,
İradə Tuncay demişkən, bir az "çoxkremli
pirojnaya oxşayan xalq artistlərinin yataq otağına həsr
olunan” verilişlərdən uzaq durun, DOĞRU
MÜƏLLİFLƏRİN DOĞRU KİTABLARINI oxuyun. Bunun
üçün, vallah, baş lazım deyil anlamağa,
göz lazımdır, göz, oxuyun, gözünüz açılsın.
Əldən gedən baş sizi kor qoyub. Heç olmasa, oxuyun,
oxumaqla gözünüz açılsın!
Həm də
İradə Tuncayı oxuyanda anlamaq problemi yoxdu - yetər ki
oxuyasan, hamımızın əvəzinə anlayıb da,
dogru nəticəni çıxarıb da qoyub süfrəyə
- horra da yeyə bilməyənlərin dərdini də çəkəsi
deyil ki? Özünün bir ömür boyu anlanılmaq dərdi
özünə bəsdi də!
Kitabdan
kitaba layiq yazılar yazılmalıdı – kitab(ın dəyəri)
qədər, amma day kitab(ın özü) qədər də
yox, hərçənd "Sarı odalar”dan elə özü
boyda kitab yazıla bilər! Burasını ucuzlaşdırmayaq,
keçək xoş ovqat notlarına.
SON
SÖZ ƏVƏZİ:
İradə
Tuncay Məmməd Arazın oğul arzusu üstündə
dünyaya gələn övladıdır və İradə
Tuncaya qoşulub deyim ki: "Hər kişinin İradə kimi
oğlu ola bilməz!”
İradə
Tuncayın kitabı və özü fərq edilməlidir – həddən
artıq fərqli yazılıb, ONÇUN. Tarix və ədəbiyyat
öz fəlsəfəsiylə, Söz və Anlam öz təsnifatıyla,
ölkə və dünya, dil və xalq, adət-ənənə
- milli mentallıq və bəşərilik, kişilik və
Kişilik, qadınlıq və anlamı, dövlət idarəetməsi
və ilahi düzən, ağıl və hiss, qismət və
bəxt, zaman və məkan, xarakter və dəyərlər...
Qapısına
yazıçı kimi gələn müştəbeh gəncə
"hər şeydən yazmaq heç nədən
yazmaqdır”, - deyən İradə Tuncay Özü Hər
Şeyi Gözəl Yazıb.
Və belə
bir Sizif əzabına sadəcə belə etirafda bulunmaq vicdan
borcudur...
"XX əsrin
ən müəmmalı və ən qalmaqallı ədəbi
cütlüyü. Jan Pol Sartr-Simona de Bovuar. Müasirləri
xatırlayırlar ki, Sartrın üzünə baxmaq istədiyi
yeganə qadın Simona olub. Zərif cinsin digər nümayəndələri
isə onun baxışlarını boğazdan
aşağıda hiss ediblər...”
Stop!
Tapdım...
bir daha və yenidən... "Sarı odalar”ınDOĞRU
MÜƏLLİF TƏRƏFİNDƏN DOĞRU
KİTABolmağının dəyərini:
İradə
Tuncay elə üzünə baxılası yeganə müəllifdir!
Sevgilər
və səcdələr, Ustad!
YAZIYA
SÖZARDI:Əvvəldə dediyimə ayaq verim. Oxuyan
çoxdu, kitab da çoxdu, oxumaq imkanı da çoxdu. Siz
allahınız, kitabı İradə Tuncay kimi oxuya bilirsinizsə,
kitabı İradə Tuncay kimi yaza bilirsinizsə, oxuyun və
yazın. Yoxsa ki... "tanklarını Berlin küçələri
ilə sürən qüdrətli dövlətə ahıl
bir qadının döş qəfəsinin üstündən
keçmək nəyə lazım idi” sualını səsləndirməyə
şərait yaratmayın! Yorulduq axı, hər kitabı
oxuyanın, hər kitabı çıxanın üzündən
aşağısına baxmaqdan!
... Mən
"Sarı odalar”la sağollaşa bilmirəm – gecələr
Günəşimlə sağollaşa bilmədiyim kimi. Bu
anlamı... mənim özüm üçün dəyərli
və əziz saydığım oxuculara çatdırmaq
üçün yazıram ki, kitab və müəllif
haqqında doğru təsəvvürləri olsun.
... Sovet
dövründə (sovet dövründə ha!) bir gün Lənkəranda
hər gün içən biri aşura günü gəlir
kafeyə ki, yüz süz içim. Adam da qayıdır ki,
Allah evini tiksin, bu əziz gündə içmək olarsa da, mən
araq sata bilmərəm. Adam baxır ki, heç cür yola gələn
deyil, xahiş edir, yaxşı, satma, amma mən dediyimi elə.
Razılaşır bufetçi. Deyir, bax o nimçəyə
iki dənə göy alça qoy, iki dilim də yerpənəkdən,
böyrünə də yüz qram araq. Bəli, qəşəng
bir kompozisiya yaranır. Alkaş nimçəni
götürür əlinə, nümayiş etdirə-etdirə
qayıdır ki, həə, indi bunu apar Ağa Mircavad
Ağanın qabağına, içməsə, atabaatama lənət.
"Bildiniz
də nə deyirəm?”
Vallah,
içilməli... hə, hə, içilməli... kitabdı
"Sarı odalar” - su kimi, viski kimi, rakı kimi, konyak kimi...
Aydın Canıyev
Ədalət.- 2020.-
21 aprel.- S.3.