EYVANIMA BİR QUŞ QONDU
... Həmişə
yaz gələndə mənim eyvanımın pəncərəsində bir
qaranquş olardı. Və bu qaranquş
orda özünə yuva qurmuşdu. Çör-çöpdən nə
tapırdısa gətirib
yığıb orda, özünə bir ocaq yaratmışdı. Hər yaz gələndə
o quş gələrdi,
orda yumutlayardı, balalayardı. Və biz də
onlara böyük sevgi və məhəbbətlə,
istəklə yanaşardıq.
Balalarıma deyirdim birdən çaşarsınıza
ha, o quşun yuvasını dağıdarsınız,
aman gündü. Çünki qaranquşun
qarğışı çox
ağır olur.
Bax, beləcə,
illər keçdi, o quş hər yaz bizim eyvanımıza
gəldi, yuvasına qondu, balalar dünyaya gətirdi və yenidən qanadlanıb uçdular. Və bir gün
o quş gələndə
gördü ki, o yuva yoxdu. O yuvanı
da hansısa bir pişik çıxıb dağıtmışdı.
Quş o vaxtdan çıxıb getdi və bir daha
bizim eyvanımıza qonmadı. Yadıma böyük Musa Yaqubun bu şeiri
düşür:
Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib,
payız gəlib, qış qalıb.
Göy çəməndə
ocaq yanıb, daş qalıb,
Bu dünyanın
qara daşı göyərməz.
Və həmin
quş küsüb getdi... Biz də
gözləyirdik görəsən,
o qaranquş yenə gələcəkmi? Illər
keçdi, o qaranquş
gəlmədi. Amma bir neçə gün bundan əvvəl yenidən eyvana çıxmışdı.
Gördüm ki, eyvanda bir quş
var. Qaranquş deyildi, başqa bir quş idi,
yem axtarırdı. Özü də o quş nə sərçəyə bənzəyirdi,
nə qaranquşa bənzəyirdi, nə də başqasına... qeyri-adi bir quş
idi. O quşlar adətən yazın gəlməyini bildirir. Qeyri-adi, çox şirin, musiqiyə bənzər səs çıxarırlar. Və o quş
da eyvanda ora baxdı, bura baxdı və o şirin səsi çıxarmağa
başladı. Diqqətlə
o quşa baxdım, baxdım, birdən yadıma mənim eyvanımdan uçub gedən qaranquş düşdü. Gördüm
ki, o quş nəsə yem axtarır, nəsə acdı. Fürsətdən
istifadə eləyib evdə bir ovuc
buğda vardı, aparıb səpdim ətrafa. Gördüm o quş dəni yeməyə başladı.
Yedi, yedi, axırda əvvəlki səsiylə bir mahnı oxudu. Bilmirəm, bu mahnı idimi, quş səsi idimi, amma bildiyim
odur ki, çox qəribə bir səs idi.
Və bu qəribə səs məni çox təəccübləndirdi.
Bir müddətdən
sonra içəri keçib o pəncərədən
o quşa baxdım. Quşun tez-tez ətrafına baxaraq dənləri yeməyi mənim daha çox diqqətimi cəlb elədi. Sanki quş qorxurdu ki, kimsə
onu vuracaq, kimsə ona daş atacaq, kimsə onu öldürəcək. Dəni dimdikləyib
yeyirdi, sonra başını qaldırıb
ətrafına baxırdı...
yenə yeyirdi, yenə ətrafına baxırdı. Və hər dəfə yeyəndə, başını
qaldıranda sanki Allaha şükür eləyirdi ki, nə yaxşı mənim qarşıma bu dəni atıblar.
Beləcə, o quş
beş-on dəqiqə
mənim eyvanımda durdu, durdu, dəni
yeyib uçdu. Çox pis oldum. Dedim görəsən,
bu quş bir də mənim
eyvanıma gələcəkmi?
Amma heç iki
gün keçmədi
ki, yenə həmin quş mənim eyvanımın məhəccərinə qondu,
qəribə səs çıxardı. Və
bəlkə də o insanları haraylayırdı
ki, ay insanlar,
bir az insaflı
olun, bir az mürvətli olun, bizə dəyməyin, biz sizi seviriksə, siz də bizi
sevməlisiniz. Bir sözlə, həmin quş hər gün olmasa da, iki-üç
gündən bir mənim eyvanıma qonur. Və mən də iki-üç gündən
bir həmin quşa dən səpirəm. Vallah, heç birlmirəm, hardandı, bu hansı hisslərdi, hansı duyğulardı, hansı sevgidi, amma bildiyim odur
ki, hər şeyi Allah yaradıb. Bütün canlılar yaşamaq istəyir, bütün canlılar dünyanın havasını ciyərlərinə
çəkmək istəyir.
... O quş da
yaşamaq istəyir...
dünyanın havasını
canına çəkmək
istəyir... yazı görmək istəyir... ağacların budaqlarında
öz şirin mahnısını oxumaq istəyir. Və o quş bizdən beş metr o tərəfdəki ağaca
uçub qonur və təzədən öz yaz mahnısını
oxuyurdu. Amma həyətə düşəndə
kədərli anlar gördüm. Gördüm
ki, bir göyərçin
ölüb və yerdə qalıb. Bu vaxt onu
bir pişik ağzınağına alıb
harasa gedirdi. Fikirləşdim ki, bu quş ya
baxımsızlıqdan, ya
diqqətsizlikdən, ya
da insanların zərbəsindən belə
ölüb. Amma bir balaca həyətdən
addımladım, məktəb
tərəfə getdim,
gördüm ki, orda da bir
quş ölüsü
var. Bu da
göyərçindi.
Çox qəribədi,
son vaxtlar quşlar şəhərdə,
Bakıda kütləvi
şəkildə qırılırlar.
Bu barədə mən hardasa oxumuşdum, amma görməmişdim. Gördüm
və çox pis oldum. Bilmirəm,
quşların ürəyi
partlayır, quşlar
sıxılır, quşlar
insanların bu çətin zəmanədə
boğulduğunu, sıxıldığını
hiss eləyir, bu vəziyyətlərə
düşür, deyə
bilmərəm. Bildiyim
odur ki, artıq quşlar da dünyanın bu sıxıntısına,
bu bəlasına dözə bilmirlər. Yadıma böyük şair Ramiz Rövşənin "Ölü
dəniz” şeirindən
bu misralar düşür:
O ölən dənizdən axı nə qaldı?
Qum örtdü, gizlətdi
son ləpirləri.
Qum üstə bir ölü qağayılardı,
Bir də ki, zorlanmış
su pəriləri...
... Bax, beləcə... O vaxtlar böyük Ramiz Rövşən də quşların ölümünü sanki
görüb və onu bir bəşəri
faciə kimi, bəşəri dərd kimi, bəşəri kədər kimi oxucuya çatdırıb.
Və bu gün biz tək insanların ölümünə yox, hər bir canlının
ölümünə, hər
bir canlının həyatına nöqtə
qoyulmasına qarşı
mübarizə aparmalıyıq.
Və hər bir canlını
sevməli, qorumalı,
onlara sevgiylə yanaşmalıyıq. Və
Allah-Təala bütün
canlıları yaradanda
onlara ürək verib, göz verib, onlara həyat
verib... Və bu quşlar da Allahın yaratdığı
böyük bir canlıdır... Və biz
hər şeyi vevməliyik – təbiəti
sevməliyik, insanları
sevməliyik, Allah-Təala
nə veribsə, onların hamısını
sevməliyik və qorumalıyıq...
... Yenidən eyvanıma baxırdım.
Gördüm ki, həmin
quş gəlib qondu eyvana və
qəribə bir mahnı oxuyurdu. Və bu qəribə mahnı mənə yaz mahnısını xatırlatdı... və bu qəribə mahnı mənə həyat eşqini xatırlatdı... və bu qəribə mahnı mənə hələ yaşamağa
dəyər, dünyanı
sevməyə dəyər,
dünyanın gözəliklərini
qorumağa dəyər
duyğularını aşıladı.
Gəlin,
dünyamızı, onun
gözəlliyini, onun
nəyi varsa, hamısını qoruyaq və üzü sabaha aparaq. Biz onu qorusaq, üzü
sabaha aparsaq, Allah da bizi qoruyacaq...
Faiq QİSMƏTOĞLU
Ədalət.- 2020.-
23 aprel.- S.4.