DÜNYANIN ƏN SƏMİMİ PREZİDENTİ

 

...Dünyada böyük dövlətlər çoxdur. Və bu böyük dövlətlərin də bir-birinə bənzəməyən prezidentləri var: ABŞ var, Çin var, Rusiya var, İngiltərə var, Fransa var... Bunları başa düşmək olur. O ölkələr güclü dövlətdir və müstəqilliyi çoxdan qazanıblar...

 

Azərbaycan bunlardan tam fərqlidir. Yəni Azərbaycanın prezidenti adını saydığım ölkələrin prezidentlərindən heç də geri qalmır. Ən azından ona görə ki, qısa zaman kəsiyində müstəqil dövlətimiz dünyada tanınıb və öz çəkisi, öz yeri var. O prezidentlərdən bizim prezidentin bir də fərqi ondan ibarətdir ki, İlham Əliyev dünyanın ən səmimi prezidentidir. İnanmırsınız? Mən bir-bir faktları sadalayım, siz də fikir verin.

 

...Və bizim prezident həmişə öz sözünün yiyəsidir. Yəni o bir sözü deyirsə, deməli, mütləq ona əməl edəcəkdir. Və prezident İlham Əliyevin dediyi bu sözlər hər an, hər dəqiqə mənim qulaqlarımda səslənir: "Mən hər bir azərbaycanlının prezidentiyəm!" Və bu fikri də cənab prezident fəaliyyət göstərdiyi bu illər ərzində öz əməliylə təsdiqləyib.

 

Mən prezidenti ona görə sevirəm ki, o həmişə bu xalqın, bu millətin yükünü çiynində cavan olsa da daşımağı bacarıb... Mən prezidenti ona görə çox istəyirəm ki, Macarıstanda ömürlük həbs cəzasına məhkum olunmuş Ramil Səfərovu heç kimin xəbəri olmadan bir gecənin içərisində Azərbaycana gətirdi... Mən prezidenti ona görə çox istəyirəm ki, ermənilərlə bu məsələdə təkbaşına döyüşdü və erməni lobbisinin kürəyini yerə çırpdı, bir daha hər bir azərbaycanlının prezidenti olduğunu sübut etdi...

 

Milli Qəhrəman Mübariz İbrahimovun meytinin ermənilərdən alınması elə də asan deyildi. Nə qədər çətinliklə də olsa onun cənazəsi Azərbaycana gətirildi və möhtəşəm salona qoyuldu və o salonda prezident İlham Əliyev hamını kövrəldən çıxış elədi. Və çıxışı zamanı özü də kövrəldi. Bax, budur dünyanın ən səmimi prezidentinin böyük ürəyi! Bax, budur xalqını, millətini hər an işığa, günəşə doğru aparmağın yolları!

 

Müstəqil Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir desək, yanılmarıq. Və bu əsərə prezident İlham Əliyev çox böyük möhtəşəmlik, güc, qüvvət və rəng gətirib. Və qısa zaman kəsiyində Azərbaycan bir az da böyüyüb, bir az da inkişaf edib və dünyanın hər yerində tanınıb. Çünki Azərbaycan həm də mən deyərdim ki, dünyanın ən sabit, ən sakit, ən rahat məmləkətidir... çünki burda başqa ölkələrdə olduğu kimi, ictimai asayiş tez-tez pozulmur... çünki burda başqa ölkələrdə olduğu kimi terror aktları baş vermir... çünki burda gecənin hansı saatında desən küçəyə çıxıb təmiz hava uda bilərsən və rahat da qorxusuz-ürküsüz gəzərsən. Bunların hamısı cənab prezident İlham Əliyevin yaratdığı sabitliyin bəhrəsidir.

 

 

 

Biz İstanbulda olanda orda dedilər ki, abi, gecələr çölə çıxmayın. Hırsızlar sizi soyarlar. Sözün düzü, gülməyimiz gəldi. Onlara dedik ki, Azərbaycanın hansı yerinə yolunuz düşsə, heç kəs bu sözü sizə deməz. İstəyirsiniz Bakıya gəlin, istəyirsiniz də digər şəhərlərdə olun. Gecə vaxtı hara çıxsanız, heç bir qorxu-ürkü, narahatlıq ola bilməz. Heç kəs sizin qarşınızı kəsib deməz ki, niyə gecənin bu vaxtı bu küçədə gəzirsiniz?! Sözün düzü, türk qardaşlarımız da bizi dinləyəndən sonra çox sevindilər. Sonra qonağımız oldular, gecə Bakıya çıxdılar, çox rahat da özlərini hiss etdilər. Qayıdanda dedilər ki, bizim sizə heç bir sözümüz yoxdur. Dünyanın heç bir yerində belə rahat, sakit və qorxusuz şəhər görməmişik.

 

Bu gün Azərbaycanın hansı yerinə, hansı rayonuna, hansı kəndinə ayaq bassan, orda möhtəşəm bir abadlıq görərsən... Bu gün hansı yerə üz tutsan, hansı yerə baş çəksən orda gözəlliklərin, qeyri-adi mənzərələrin şahidi olarsan... Və bu gün Azərbaycanın hansı yerinə yolun düşsə, orda çox qəribə bir ab-hava, rahatlıq və sakitlik duyarsan... İndi məmləkətimizdə elə bir kənd, elə bir yaşayış sahəsi yoxdur ki, orda möhtəşəm işlər görülməsin. Bunlar hamısı Azərbaycan prezidentinin zəhmətidir... bunlar hamısı dünyanın ən səmimi prezidentinin yaratdığı xariqələrdi... bunlar hamısı bizim gördüyümüz, şahid olduğumuz mənzərələrdi...

 

Biz şənbə-bazar günləri istirahət edərkən prezident İlham Əliyev həmin günlərdə regionlarda səfərdə olub, sosial obyektlərin, yolların və yeni tikililərin açılışını edib. Bütün bunlar həm də milyonların, insanların sevinci və yeni həyatı deməkdir. Nə qədər məktəblər, nə qədər xəstəxanalar, nə qədər uşaq bağçaları və nə qədər də digər obyektlər istifadəyə verilib...

 

...1993-cü ildə Ulu Öndər Heydər Əliyev İmişliyə səfər etmişdir. Bax, onda Füzulidən olan məcburi köçkünlər də İmişlidə məskunlaşmışdı. Ulu Öndər onlarla görüşə gəlmişdi. Həmin görüşdə mənim qardaşım rəhmətlik Qürbət Hüseynov da çıxış etmişdi. Bax onda Füzulidən qaçqın düşmüş insanlar Ulu Öndərə sığındılar. Ona görə sığındılar ki, 1994-cü ilin yanvarında onun rəhbərliyiylə Füzulinin 22 kəndi və Horadiz şəhəri geri qaytarıldı. Bax, bu, xalqa, millətə və ən nəhayət, öz yurdundan didərgin düşmüş insanlara bəxş edilmiş ən böyük sevgi idi. Və bu gün də bizim kəndin camaatı öz yurdlarına yenidən qayıtdıqlarına görə, Ulu Öndərə rəhmət oxuyur...

 

Bəhmənli Füzulinin ən böyük kəndidir. Və bu ən böyük kəndə heç Sovet dönəmində belə qaz xətti çəkilməyib. Amma bu gün Böyük Bəhmənlidə bütün evlərə təbii qaz verilir. Bütün evlər bu sevinci yaşayır. Kəndin dörd tərəfini birləşdirən altı kilometrlik yol ən müasir üslubda yenidən tikilərək istifadəyə verilib. Kənddə demək olar ki, insanların həyatı və yaşayışı tamamilə dəyişib. Əgər Sovet dönəmində bu kənddə beş-on avtomobil vardısa, indi bəlkə də minə yaxın avtomobil var. Hətta elə ailə var ki, onun həyətində iki-üç bahalı maşın dayanıb. Bunun hamısını ölkə prezidenti cənab İlham Əliyev yaradıb. Bunu xeyirdə, şərdə camaat hamısı yada salır, deyir və xatırlayır...

 

Böyük şair Məmməd Arazın aşağıdakı misraları yadıma düşür:

 

 

Vətən daşı olmayandan,

 

Olmaz ölkə vətəndaşı...

 

...Hər bir insan, hər bir adam öz ölkəsinin vətəndaşı olmalıdır. Onun hər daşını, hər qayasını, hər otunu, çiçəyini sevməlidir. Amma bu heç də belə deyil. Bu ölkənin çörəyini yeyən, suyunu içən bir neçə üzdəniraq azərbaycanlı Fransada və Almaniyada səfirliklər qarşısında toplantı keçirərək ölkəmizin ünvanına min cür şər-böhtan deyirlər. Guya onların bu millətə ürəyi yanır. İndiyə kimi bir ağac əkməyən, bir arx çəkməyən, bir qarış yerdə bir iş görməyən adamlar adlarını müxalifət qoyub bu dövlətə, bu ölkəyə hər cür böhtan deyirlər. Sağlam müxalifəti mən də qəbul edirəm. Amma bu cür sözlər danışan, şər-böhtan deyən adamlar mənən xəstə adamlardı. Fiziki cəhətdən xəstə olan insanı sağaltmağa nə var ki?! Ancaq mənən kar, kor, lal olan adamları heç qəbir də düzəltmir. Gərək kar, kor və lal olasan ki, bu qədər Azərbaycanda görülmüş möhtəşəm işləri hiss etməyəsən, danışmayasan, görməyəsən.

 

Böyük yazıçı Mir Cəlalın bir hekayəsi var: "Qulp". Orda əsərin "qəhrəmanı" hər şeyə bir qulp qoyur. Deyirlər ölkəmizdə metro var. O da deyir ki, noolsun, metro çox pis şeydir, çünki yerin altıyla gedir. Deyirlər filan yerdə gülüstanlıqdı. O da deyir ki, noolsun, güllərin ətri bir-birinə bənzəyir. Bir sözlə, həmin adam hər şeydə bir qaranlıq axtarır. Bax, bizim üzdəniraq müxalifət də indi Azərbaycanda lupayla belə bir qaranlıq axtarır və onu gözə soxmağa çalışır.

 

Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, bu xalqın bir nömrəli xidmətçisiyəm. Dediyinə də tamamilə əməl edib. Prezident dəfələrlə çıxışlarında bildirib ki, jurnalistlər mənim dostumdur. Yenə dediyinə əməl edib. Çox uzağa getməyək. Son üç-dörd ildə jurnalistlər üçün iki möhtəşəm bina tikilib və həmin mənzillər ehtiyacı olan jurnalistlərə hədiyyə edilib. Bundan böyük, bundan işıqlı mətbuata münasibət göstərmək olarmı? Dünyanın heç bir yerində Azərbaycanda olduğu qədər jurnalistlərə sevgi və dəyər verilməyib. Bu sevgini yalnız və yalnız Azərbaycanda ölkə prezidenti mətbuata bəyan edib.

 

Aprel döyüşləri heç vaxt yadımdan çıxmır və çıxmayacaq da. Çünki 2016-cı ilin aprelin əvvəlində mən də Horadiz şəhərində idim. Bax onda Azərbaycan xalqının və Azərbaycan ordusunun prezidentin ətrafında necə birləşdiyinin şahidi olmuşam. Bax, onda gördüm ki, Azərbaycan prezidenti dünyanın ən güclü və ən səmimi prezidentidi. Çünki o, yumruğunu düyünləyib çıxış edəndə Azərbaycan xalqı onun arxasında dayanmışdı. Və buna görə də Azərbaycan ordusu Cəbrayıl rayonu ərazisindəki Lələtəpəni işğaldan azad elədi. Tərtər rayonunda strateji yüksəklik ələ keçirildi. Min hektarlarla torpaq sahəsi işğaldan azad olundu və həmin yüksəkliklərə Azərbaycan bayrağı sancıldı və orda Azərbaycan bayrağı dalğalandı!..

 

...İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində möhtəşəm quruculuq və tikinti işləri görüldü. Bir-birindən gözəl yaşayış binaları, sosial obyektlər tikildi. Şuşa məscidinin bənzəri olan məscid inşa olundu. Və ölkə prezidenti İlham Əliyev bu kəndin yeni tikintisinin açılışında iştirak etdi. Cocuq Mərcanlı balaca bir kənd olsa da, indi dünyadan görünən bir kənddir. Və indi o kənddə əlavə yüzdən də çox evlər tiklib və əhali də bu ocağa qayıdır...

 

Biz Azərbaycanın qədrini hələ bir o qədər də yaxşı bilmirik. Biz ölkə prezidenti İlham Əliyevin möhtəşəm işlərinə yetərincə dəyər verməyi bacarmırıq. Amma Azərbaycan bu gün Avropadan, xarici ölkələrdən çox möhtəşəm görünür. Çünki dünyanın gözü Azərbaycandadır... çünki Azərbaycan gündən-günə daha qüdrətli, daha güclü olur... çünki Azərbaycanla nəhəng dövlətlər artıq hesablaşmağa başlayıb... Və nə yaxşı ki, hesablaşmağa başlayıb. Ona görə hesablaşmağa başlayıblar ki, bu dövlətin sükanı arxasında dünyanın ən səmimi, ən güclü və ən qüvvətli şəxsi əyləşib - İlham Əliyev!

 

...Və biz də dünyanın ən səmimi prezidentini o bizi qoruduğu kimi qorumalı və onun ətrafında daha möhtəşəm birləşməliyik! Çünki belə olanda möhtəşəm Azərbaycana heç bir dövlətin gücü çata bilməyəcək!!!

 

Faiq QİSMƏTOĞLU

Ədalət.- 2020.- 25 aprel.- S.6.