Qılınctək sıyrılan səs,
yaxud sözünə bax, güzgülən...
Özünün
və Sözünün əcdadı olan kişilər var.
Əcdadımız
təkcə ulu babalarımız, dədələrimiz deyil ki!
Əcdadımız
doğulduğumuz torpaqdır, oduna, közünə
sığındığımız ocaqdır!
Mərdə
tası,
Doldur ver,
mərdə tası!
Mərd
oğul hardan olar,
Olmasa mərd atası?!
(Olmasa mərd eli-obası, mərd yurdu-yuvası?!).
Bir
sözlə, Özünün əcdadı olanın
Sözünün də əcdadı olur!
Şəmkirli
(qazaxlı, qarabağlı, gəncəli, təbrizli, dərbəndli,
kərküklü!) şair Məzahir Hüseynzadə kimi!
Məzahir Hüseynzadə qüdrətli şairdir. Niyə?
Cavab birmənalıdır. Bir
şeirində yazdığı kimi, uğuruna anası
çıxıb.
Məzahir niyə düz oğlu düzdür? Şəmkirin "Düz
Söyünlü ocağı"na mənsub
olduğu üçün!
Eldə təhrif
olunmuş bir misal var: "Düz düzdə qalar".
Yalan
deyirlər!
Bu
misalın ilk variantı dədələrimizin dediyinə
görə belə olub: "Düz düz də qalar!".
Məzahir
kimi!
"Düz
Söyünlü ocağı" kimi!
O təhrif
olunmuş misalı əliəyrilər
(ruhu əyrilər) düzlüyün nə olduğunu bilməyib
o günə (o kökə) salıblar ki, öz iyrənc
"boy-buxunlarına" uyğun gəlsin.
Hərdən Məzahirə də elə gəlir ki,
düzlük deyilən şey yoxdur, yoxa çıxıb. Hərdən
ona elə gəlir ki, unudublar onu (elə düzlüyü də!).
Halbuki, bir vaxtlar sədası çox uzaqlardan,
yaradıcı gənclərin ümumittifaq müşavirələrindən
gəlirdi.
Adamlar, əslində, indi çox şeyləri unudublar.
Hətta
Sözü də!
***
Dış
Oğuzda (Güney Azərbaycanda) Şəhriyar bir kostyumu əlacsızlıq
üzündən 22 il geyinməyə məcbur
olmuşdu. Amma bu nimdaş paltarın içində
dünyanın ən təzə-tər şeirlərini (əsərlərini!)
yazmışdı.
İç Oğuzda (Quzey Azərbaycanda) yaşayan
şair Məzahir Hüseynzadə də öz nimdaş
paltarıyla utanmaqdan, xəcalət çəkməkdən
daha çox, qürur duymuşdu. Ona görə ki, o da heç vaxt
nimdaş şeirlər yazmırdı! Ona görə ki...
Paltarım
şuxluğu itirmişdi ki,
Şümal
gözəllərə könül verməyim!
- demək haqqı olsun! Kökündən
(kökümüzdən) uzaq düşməsin!
***
M.Hüseynzadədən
soruşublar:
- Ən çox nəyə üstünlük verirsən?
-
İntellektual şeirə! - deyib.
Və həqiqətən də intellektual şeirlər
yazıb və yazır.
***
"Məni axtaranda tapmağa nə var, Dərdimin
dalında daldalanmışam" deyən şair bəzən
şairlikdən əl çəkmək istəyib. Aylı gecələrin birində
qapılarındakı gülün yanına qaçıb,
hönkürüb, and içib ki, bir də şeir yazmayacam!
Amma şeirlə vidalaşa bilmişdimi və
vidalaşa bilərdimi? Əhməd Cavadın həmyerlisi, milli və
üsyankar ruhlu bir şair? Axı o da təkcə
yaradıcılığı yox, mənəviyyatı və
yaşantısı da bir məktəb olan ustadlardan dərs
almışdı. Hələ də "ölməyəcəm,
ölsəm də, ölüm, canın sağ olsun"
eşqiylə yazıb yaratmaqdadır.
Ömrünün 70-ni yenicə adlayıb.
O bu
yaşında da özünü uşaq (gənc) sayır, ata
şapalağına ehtiyac duyur. Prezident Heydər
Əliyev 1997-ci ilin yanvarında Bəxtiyar Vahabzadəyə xəstəxanada
baş çəkəndə "Xalq qəzeti"ndə
Xalq şairinin çox ibrətamiz bir fikri də yer
almışdı. "Cənab Prezident, indi cavan
şairlərimiz yetişir. Dünən "Ata
şapalağı" adlı şeir oxudum. O nə
gözəl yazır. Atası rəhmətə
gedib. Şair deyir ki, mənim ata
şapalağına ehtiyacım var. Deyir ki, qalx, mənə
bir şapalaq vur, mən bu dünyanı dərk edə bilmirəm,
bəlkə şapalağın məni ayıltdı".
Həmin
şeir belə qurtarırdı:
Ehtiyacım
yoxdu usta sözlərə,
Ata şilləsinə ehtiyacım var.
Bu misraları oxuduqca yadıma aşıqların
danışdığı bir əhvalat düşdü.
Aşıq Şenliyin cavan vaxtlarıymış. Deyiblər ki,
böyük aşıq olmaq istəyirsənmi?
"Niyə istəmirəm!" - deyib.
- Onda məşhur
türk aşığı İzani var, onun yanına get, ondan
ustad dərsi al.
Gedib.
İzani 40 gün bunu çilə (imtahan) edib.
Hansı havanı çal deyibsə, çalıb,
hansı dastanı danış deyibsə, danışıb. Aşıqlıqla
bağlı hansı sınaq varsa, sınayıb. 40 gündən sonra bunun ağzının
üstünə bir tərs şillə - ustad
şapalağı çəkib.
Şenlik
dinməyəndə ustad izah edib:
- Bu
şapalağı ona görə vurdum ki, sən ki
aşıqlığa aid nə tələb olunursa, bilirsənmiş,
bə mənim yanıma nəyə gəlirmişsən?
Şenlik
gülümsəyib cavab verir:
- Bax, bu
ustad şapalağını dadmaq üçün!
Allah,
ustada bax!
Allah,
şəyirdə bax!
Ustad
şapalağı, sən demə, adamı adam
edirmiş, müdrikləşdirirmiş.
Ustad
şapalağı adama bir universitetin, akademiyanın vermədiyi
dərsi verirmiş!
Elə
ata şapalağı da!
Əslində, bu misalların hər ikisi şapalaqdan
çox, Azərbaycan kişisinin qüruru, kişiliyi, kişilik
sənədi - vizit kartı haqqındadır.
Məzahirin şeirləri də həmin vizit
kartını xatırladır. Sərtdir! Amma çox kürəkləri
yerə vurur, milli mənliyimizin kürəyini yerə dəyməyə
qoymur!
Aşağıdakı sözləri də demək
üçün gərək Məzahir Hüseynzadə olasan. Təkcə şair
ömrü deyil, həm də gərək kişi
ömrü yaşaya biləsən!
"Həyatda böyük qazancım şeirlərim
deyil, şəmkirliliyim və bu adı yaşada bilməyim
olub".
Bu yerdə
Cek Londonun bir fikri yada düşür: "Hər bir
amerikalı qələm sahibi sənətkar olmazdan əvvəl
amerikalı olduğunu unutmamalıdır".
Məzahir
üçün də Şəmkirdə doğulması yox,
şəmkirliliyi əsasdır!
Onun birinci düşməni kosmopolitlərdir,
yaltaqlardır, qorxaqlardır, bir sözlə, kimliyi və mənliyi
məlum olmayanlardır. Yer üzündə qorxu və qorxaqlar
olmasın deyə, o, ölməyə də hazırdır.
"Bir gün ölləm, əgər bilsəm,
qorxaqlıq mənimlə ölər" qənaətinin qətiliyi
bununla bağlıdır.
İgid
olmaq, mərd olmaq üçün, torpaq, Vətən
uğrunda fədakar mübariz olmaq üçün
qarışqalardan ibrət götürək, deyir şair:
Tapınıb
torpağa, dönüb orduya,
Torpağı vermədi qarışqalarım.
... Bir dəfə
bir atlı qarışqanı öz
yuvasının ağzından götürüb özümlə
bir az aralı yerə gətirdim. Sonra
buraxdım ki, görüm hatərəfə gedəcək.
Öz yuvasına doğru yol aldı,
inanırsınızmı?!
Bu,
doğma yurdu atanlara, unudanlara bir ibrət dərsi olsun gərək!
Şairin
bu misraları da çoxumuza ibrət olmalıdır:
Tap
çayırlar örtən yolu,
Yığşırılır
Vətən yolu!
...Yüklən
qardaş, mərd yükünü,
Qılıncın
qeyrət yükünü!
Bu misraları "Azadlığı istəmirəm
qram, qram!"
- deyə hayqıran Lefortovo məhbusu
X.R.Ulutürkə müraciətlə "mən qarqara
azadlığı istəmirəm!" şeirini yazan,
"Şeytan qız" kitabının qonorarını Milli
Müdafiə Fonduna köçürmüş bir fədai
şair yaza bilərdi.
"Venası
doğranmış qollar kimidir,
Sahibsiz yəhərin üzəngiləri!"
...Tanrını
tanımır Tanrıtanımaz,
Qıratın nalları düşmən yoğurur.
Şairin "Uvertüra" şeirindən misal gətirdiyim
bu parçaları oxuduqca gözümüz önündə
mərd, mübariz bir şair - sənətkar obrazı
canlanır.
Bu obraz bütövdür, ona görə də Vətənin
də, torpağın da bütöv olmasını istəyir.
"Sərhəd
boyu"ndan boylanıb hirsindən, acığından
dişini dişinə sıxıb təəssüf edir ki, hələ
də:
O taya
uzanan cığırlar ilə
Çayırlar
yeriyir adam yerinə!
Bu da əsl şair sözüdür.
Əsl şair kimdir?
Öz
idimi olan şair!
Dünyanın (eləcə də sözün, sənətin,
şeiriyyətin!) idimini itməyə qoymur.
Məhz
belələrinin sayəsində Nizami demişkən, Yer hələ
"dəli" olmur, öz oxundan çıxmır və
çıxmayacaq da!
Qələm də hələ öz işindədir.
O da
öz idimini tamam itirməyib və itirməyəcək də!
Çünki
Məzahirin də sağ əlindədir!
Və Məzahirin
haqqı var ki, desin:
Sağ əlim
dünyadır,
tutduğum
qələm
Əyilməz
oxudur Yer kürəsinin!
Bu
şair hər şeyin şəklini şairdən çox rəssam
kimi çəkir:
Qızıl
medalyondur payız yarpağı,
İçində baharın şəklini gördüm.
... Bu gün ədəbi aləmə diqqətlə,
insafla nəzər salsaq baxıb görərik ki,
"Üç-dörd şair Vətən deyib
çağlayır".
Bu üç-dörd şairdən biri Məzahir Hüseynzadədir.
Hər vaxt olduğu kimi bu gün də şairlik qəhrəmanlığa
bərabərdir. Döyüşə, cəngə girməkdir!
Şair
qardaşım doğru deyir:
Üzbəsurət
cəngə girmək
Gədə-güdə
işi deyil!
Hərdən Məzahir Hüseynzadəyə elə gəlir
ki, şair olmaqla çox şey qazanmaqdansa, bəlkə də
çox şey itirib.
Əbəs yerə belə fikirləşir.
Bir
gün məşhur yazıçılardan biri bu cür
düşüncələr içində bərk-bərk
sıxılırdı, bu yandan da bir mərdimazar, çox
şeyi varda-dövlətdə görən, axmağın biri
qırsaqqız olub yapışmışdı yaxasından:
- Sənə
demədimmi belə olma! Kişilik, insanlıq, mərdlik,
onun-bunun dərdi-azarı sənəmi qalmışdı?
Bu qədər yaxşılıqlar etdin, əvəzində
nə qaldı sənə? Özünü
ona-buna paylamaqdan bezmədin ki bezmədin. Özünə
nə qaldı, hə?
Həmin
yazıçı ötkəmcəsinə öz fikrini belə
açıqladı:
-
Özümə deyirsən ki, heç nə qalmadı? Qaldı, niyə ki? Mənə mən
qaldım!
Şair Məzahir
Hüseynzadə də bu gün həmin hissləri
yaşayır...
Gözəl
şair kimi!
Gözəl
ziyalı kimi!
İçi
şəmkirliliklə dolu bir insan kimi!
Gözəl
tarix müəllimi kimi!
Gözəl
övladlar yetirmiş ailə başçısı kimi!
Hər adam, hər kişi, hər şair "mənə
mən qaldım!" deyə bilməz.
Məzahirin atası yaxşı saz çalarmış. O da nəyi varsa
paylayarmış, insanlara, dağlara, daşlara, otlara,
quşlara... Vətənə, torpağa, elə-obaya!
Ancaq bir
şərtlə: Sonda özünə özünü də
(öz mənini də!) saxlamaq şərtiylə!
Bunu
M.Hüseynzadə atasına üz tutaraq daha poetik şəkildə
əbədiləşdirib:
Neçə
ömrə paylamısan,
Sən bir sazını... sazını.
İndi Məzahirin
özü özünə deməyin vaxtıdır:
"Neçə ömrə paylamısan, Sən bir
sözünü... sözünü!" Yaxud sən bir
özünü... özünü!
Və öz surətini, öz obrazını da (öz
heykəlini - söz heykəlini də) özün
yaratmısan.
Özünə
qalan Özünlə!
Sənə
qalan Sənlə!
Kimsə
qılıncıyla silər tərini,
Kiminsə
qılınctək sıyrılar səsi!
"Kiminsə"
niyə deyirsən, ayə, a kişi?
Həmin kimsə sən özün deyilsənmi?!
Güzgü
tapmasan, sözünə bax, güzgülən!
P.S. "Bir kimsənin sadəcə türk
doğulması kafi deyildir. Türk kimi
düşünməsi, türk kimi yaşaması da
lazımdır". Bunu Yəhya Kamal deyib.
Məzahir Hüseynzadə təkcə Şəmkirdə
doğulmuş şair deyildir. Şəmkirli
düşüncəsini (şəmkirli türkün yaşam
tərzini) özündə yaşadan bir şairdir. Bunu
da mən deyirəm: Barat Vüsal.
© Müəllif
hüquqları qorunur! Mətndən istifadə etdikdə
istinad mütləqdir!
Barat Vüsal
Ədalət.-2020.- 28
aprel.- S.7.