XATİRƏLƏR PƏNCƏRƏSİ
Görünür, insan yaşlaşdıqca
yurd həsrəti, torpaq həsrəti daha çox
özünü onun sözündə, hərəkətlərində
büruzə verir. Bax, bu mənada mən bəlli virusla
bağlı "evdəqal” zaman kəsiyində içimdəki
yurd nisgilinin, torpaq həsrətinin necə şiddətlə
atrdığının, necə məni özünə
çəkdiyinin canlı şahidinə çevrilmişəm.
Necə deyərlər, yaşın təsiri bir yandan, bir dam
altında da oturub qalmaq ikinci bir tərəfdən...
Bax, bunların içərisindən bircə
çıxış yolu var. O da dünənə uzanıb
gedən yol, yəni xatirələrin səni alıb
apardığı o cığırdı. Mən az qala bu bir
ay içərisində milyon dəfə kəndimizə gedib
qayıtmışam. Bəlkə də bir az da çox.
Çünki hər sözümlə, hər bir anımla
bağlı yaşantılarımda o kəndin yeri
görünür. O kənd üçün içim od tutub
yanır. Və mənə elə gəlir ki, ürəyim
partlayacaq. Amma o partlayışın nədənini hər kəs
bir yerə yozacaq. Təbii ki, günahın ən böyük
hissəsi virusun boynuna düşəcək. Hamı deyəcək
ki, ölkədə bir vətəndaş da bu virusun
qurbanı oldu. Amma təkcə bilənlər biləcək
ki, ürəyim nədən partladı, niyə partladı?
Mən bu fikirləri özümə təsəlli
üçün yazmıram. Amma doğrudan-doğruya
içimə dolmuş hisslərin diqtəsidi bu. Hətta təsəvvür
edin ki, bu günlərdə dostlardan biri sözarası dedi ki,
artıq yetişdi köç vaxtı...Sözü öncə
tutmadım. Daşın hara atıldığını bilmədim.
Amma onun xüsusi vurğuyla "köç”
sözünü deməsi sonradan mənə bir ipucu oldu. Və
anladım ki, mayın əvvəllərindən aran elinin
adamları yaylaq köçünün tədarükünü
görməyə başlayır. Və beləcə, arandan
yaylağa uzanan yolun qırışığı
açılır, Axı sinəsinə ləpirlər
düşür, cığırlar təzələnir,
çəhlimlər açılır... Hə, bunu
düşünə-düşünə bir də
gördüm ki, fikirlərim misralara çevrilir. Və o
misralar da köçür ağ vərəqə.
Qapı döyür yaylaq vaxtı, köç
vaxtı
Ayır!- deyir, Ara! – deyir, seç
vaxtı...
Yatammadım
yalmanına heç vaxtı –
Bu yüyənsiz,
bu yəhərsiz illərin...
Ürəyimin
teli ürkək, üşəngi
Meh də
dəysə qırılandı, düşəndi...
Yaddaşıma
elat yolu döşəndi –
Xatırladım
qəm-qəhərsiz illərin...
Ah çəkirəm,
dodağımda titrəyiş
Odum-közüm
o ocaqda, pirdəymiş...
Mənim
gücüm dağlardakı sirdəymiş –
Bax,
sayıram o səhərsiz illərin...
Sığınaraq
kipriyinin çətrinə
Batıb
qaldım xatirələr ətrinə...
Ağlının
heç ucuna da gətirmə -
Əbülfətin,
kənd-şəhərsiz illərin...
Hə, indi bu misraların yaratdığı ovqatın
içərisində necə rahatlıq tapım, necə
xatırlamayım o köç hazırlığın, o tədarükləri? Necə
gözümün qabağına gətirməyim bulaqları,
lilparları? Dəli bir hay-harayla gələn dağ
çaylarını... gözü yaşından da duru sularda
oynaşan balıqları... Amma bu xatırlamalar izsiz, səssiz-səmirsiz
ötüb keçmir axı... Hər biri
adamın sinəsinə dağ çəkir. Elə bir dağ ki, onun göynərtisi
tüstüyə çevrilib adamın təpəsindən
çıxır. Və mən bu tüstünün bu
günə qədər bir an da olsun
azalmadığını, sönməyə meyl etmədiyini
görürəm. Və görə-görə
də yenə düşünməyə məcbur qalıram.
Nə zamana qədər davam edəcək?
Nə vaxt bu tüstülər çəkiləcək?
Çətin,
cavabı mümkünsüz və bəlkə də deyilməsi
mümkün olmayan gerçəkliklərin alt qatında yatan
nəsnələr... Ola bilsin ki, hərə öz
arşınıyla, öz baxış bucağıyla cavab verə
bilər bu suallara... Ola bilsin ki, hər kəs
bir formada çıxış yolu göstərər. Və hətta inad edər, yeri-göyü şahid gətirər
ki, çıxış yolu onun göstərdiyidi. Və mən də heç kimin haqqını
tapdamadan bütün cavabları dinləyə-dinləyə
öz bildiyimi də onlara əlavə edib yenə
tüstülənəcəm. Çünki OCAĞIMIN
KÜLÜ ÜŞÜYÜR!..
Təsəvvür edirsiniz? Və yaxud xəyalınıza
heç gətirirsinizmi kül necə üşüyər?
Bax, elə bu düşüncələrlə də
yenə duyğuların girovuna çevrilirəm, yenə hisslərimi
misra-misra çatdırıram sizə. Yazıram ki:
Gör nə
vaxtdı kösöv yanmır, köz düşmür
Ətrafımda
yığnaq olmur, söz düşmür...
Tay məndəki
bu dözümə "döz!” düşmür –
Ocağımın
külü yaman üşüyür...
Göz
göynəyir künc-bucağın torundan
Divarlar da
çat veribdi gorundan...
Əli
çıxıb çınqısından, qorundan –
Ocağımın
külü yaman üşüyür...
Toz
qoparır ilin, ayın karvanı
Həsrətimdi
bu karvanın, sarvanı...
Pozulandan
yurd yerimin sahmanı –
Ocağımın
külü yaman üşüyür...
Mən tək
qalmış Boz isimli qurdamsa
Kipriyimdən
bircə gilə qor damsa...
Bil, səninçün
Tuğ adlanan yurdamsa –
Ocağımın
külü yaman üşüyür...
Doğrudan da yurd dərdi təkcə söz deyil, təkcə
fikir deyil, həm də təkcə ağrı deyil. O həm də
daşınması mümkün olmayan dəyirman
daşıdı. Adamın boynundan üzü
aşağı basır, yapışdırır torpağa.
Canını göynətdiyi kimi, ruhunu da
sıxır, sızıldadır. Və bu
sızıltılar gilə-gilə yaş olub axır ürəyə.
Yandırır, dağlayır o duzlu göz
yaşları insanın içini. Və...
Bakıdan, eləcə də ölkənin digər bir
guşəsindən "evdəqal” hökmüylə girov
kimi ancaq xəyal pəncərəsindən baxırsan
dağlara, yamaclara. İndi hər tərəfi bürüyən
bənövşələrin, lalələrin, xarı
bülbülün artıq tək-tək də olsa
çiçəkləməyə can atan kəklikotunun, əvəliyin,
qırxbuğumun, daha nələrin qoxusu, ətri çəkir
səni. O xəyal pəncərəsindən
çıxıb getmək, bir qom bənövşə
yığmaq, bir çəngə cincilim toplamaq... dağ
çayının sakit səmtindən bir qucaq bulaqotu
(qıjı) toplamaq, təzəcə özünə gəlməyə
başlayan gicitkəni ovcunun içində ovmaq...
bütün bunlar nədən xatir oldu mənə?.. Hansı günahımın
acısını çəkirəm mən..? Danışanda,
deyəndə dilimi yandırır, içimdə yaşadanda
ürəyimi parçalayır. Və hətta
bütün bunlara dözə biıdiyimə bəzən
inanmağım gəlmir. Onda az
qalıram ki, yerə də, göyə də, hər kəsə
asi olam, hər kəsdən üz çevirəm... hətta
havalanmış adam kimi bağıra-bağıra demək istəyirəm
ki:
Bəsdi
bu qədər yalvartdın,
Küsdüm
daha dağlar, səndən...
Ürəyimə
qan ağlatdın –
Çəkdim
neçə dağlar səndən...
Dumanına
tamarzıyam
Yarımçıq
yox, tam arzuyam!
Əridikcə
damasıyam –
Kiprik-kiprik
ağlar səndən...
Yönüm
üzü aşağıdı
Dərdim
dərdlər başağıdı...
Özüm
torpaq uşağıdı –
Çəkir
ancaq ahlar səndən...
Tay
düz gəlmir günə günüm
Vağanıyır
səsim, ünüm...
Bir yol
aç ki, mən də dönüm –
Olum,
ötmüş çağlar səndən...
Hə,
bax elə bu yerdəcə adam
özünü dəli olmaqdan necə
saxladığını anlaya bilmir. Ən azından ona
görə ki, içimdə bu qədər xatirə,
içimdə bu qədər nisgil ola... və
sən də o xatirələri, o nisgilləri hər gün təkrar-təkrar
canından-qanından keçirəsən...
İlahi, doğrudan da insan dağdan, daşdan, dəmirdən,
poladdan da dözümlü və sərt imiş. İçində
yeyilə-yeyilə, üyünə-üyünə, əriyə-əriyə
dözüb durmaq qüdrəti yalnız insana məxsus
imiş. Və o insanların sızıltısı da
dözümdü... göz yaşı da dözümdü...
yuxusu da, xəyalı da, xatirəsi də... Sizi
deyə bilmərəm, şəxsən mən ilin
bütün günlərində, bütün fəsillərində
o saydığım nişanələr üçün
darıxırıam. O xatırladığım və hələ
çoxunu da kağıza köçürmədiyim məqamlar
üçün sinov gedirəm. Çünki
Qarabağda yazın, yayın, payızın, qışın
özəllikləri tamam fərqliydi. Heç
yerdə o özəllikləri və o gəzəllikləri
görmədim. Hara yolum düşdüsə,
hara üz tutdumsa, orada bir iynə ucu bənzəyiş,
oxşalıq görəndə ürəyim nanə
yarpağı tək əsdi, titrədi. Az
qaldım ki, o bənzərliyi, o oxşarlığı
gözümə təpim. Xüsusilə bunu
Trabzon səfərlərimdə çox yaşadım.
Havanın, suyun, torpağın, daşın
oxşarılığı məni orda öldürüb
diriltdi... ürəyimi oxdan, nizədən keçirdi...
Elə bu günlərdə elektron ünvanıma bir
video görüntü gəldi. Gecə saat 3 idi.
Bunu mənim ustadım, unudulmaz Şahmar Əkbərzadənin
oğlu Elşən Çəmənli göndərmişdi.
Açdım görüntünü... O
görüntünün özünə hopdurduğu səs mənim
ömrümü-günümü baltaladı, mənim həyatımı,
onu dinlədiyim zaman kəsiyində, göz yaşına bələdi.
Xanəndə Elnur Zeynalov oxuyurdu. Və görüntü yağmalanan, işğal
altında qalan kəndimiz idi. Dinləyə-dinləyə
mən də bu misraları yazdım. Yazdım ki:
Korun-korun
öz odumda yanırdım
Öz
odumu tək özümün sanırdım...
Qibləm!
– deyib Qarabağı anırdım –
Sən də
gəlib duz çilədin yarama...
Havalı
dərd, göy üzünü seçmişdim
Ahım
çoxdan buludları keçmişdi...
Mənim
artıq hər anım da keçmişdi –
Sən də
gəlib duz çilədin yarama...
Ürək
xırman – sovurduğu dərd, saman
Bu
xırmanın qovurduğu dərd yaman...
Kipriyindən
gecə-gündüz dərd daman –
Sən də
gəlib duz çilədin yarama...
Nə
çəkirəm, nə yeyirəm ta sözdü
Dinləyənə
göz yaşıdı, ya sözdü...
Otuz ili yazıq canım ha çözdü –
Sən də
gəlib duz çilədin yarama...
Daha o kənd,
silib məni yadından
Nə haqqım var de, danışım adından?
Tamsınırdım
həsrətimin dadından –
Sən də
gəlib duz çilədin yarama...
***
Həyat insanın alın yazısıyla
üst-üstə düşəndə, uyğun gələndə
onunla barışmalı olursan. Bax, bu mənada mən
bütün yaşantılarımın bir alın
yazısı, bir bəxt payı olduğuna artıq
şübhə etmirəm. Və bilirəm ki, bu dünyada nələrə
qovuşmuşam, nələrə sahib olmuşam, nələrə
əlim çatmayıb.., bütün bunlar ilahi qələmin
yazısıdı. Amma bir gerçək də var. O da
İSTƏK adlanır . Yəni içimdən, ürəyimdən
keçən istək üçün çarpışmaq,
zəhmətə qatlaşmaq və lazım gəlsə
vuruşmaq... Təəssüf ki, biz sonuncunu həmişə
arxa plana keçirdik. Burda söhbət şəhidlərimizdən,
səngərdəki oğullarımızdan getmir. Onların
yeri başımızın üstündədir. Amma, etiraf etmək
lazımdır ki, biz bir yumruq, bir ordu ola bilmədik.
Bütün Azərbaycan vuruşmadı Qarabağ
üçün! Bütün Azərbaycan səngərə
doğru yerimədi - itirilən torpaqlar üçün! Ona
görə də gücümüz parçalandı. Dastə-dəstə,
kənd-kənd, rayon-rayon döyüşdük və... Son da
göz qarşısındadı!..
Bəli, bu son hələ böyük SON deyil. Biz ona doğru
gedirik. Bu yolu artıq tanıyırıq.
Apreldə onun nümayişi oldu. Və deməli, həmin Aprelin qələbə
işartısı olduğuna inam var içimizdə. Elə o inamdan da yapışıb getmək və
orda bayrağa çevrilmək gərəkdi. Düşünürəm ki, biz bayraq olmağı
artıq bacarırıq. Və bütün Azərbaycan
Şuşada dalğalanan bayraq ola biləcək!
Mədətöğlu
Əbülfət
Ədalət.- 2020.- 18 aprel.- S.7.