"Tanınmayan
jurnalist jurnalist deyil"
--Karantin
günlərini necə keçirirsiniz?
-
Jurnalistlər üçün karantin rejimi-filan yoxdur. Digər həmkarlarım kimi mən də ölkəmizdə
bu qorxunc bəla müşahidə olunmağa başlayandan
işimin başındayam. Həftənin
altı günü, səhər saat 10-dan axşam doqquza qədər
işdəyəm. Bu günlərdə
üzərimizə nə qədər böyük məsuliyyətin
düşdüyünün fərqindəyik. Mənə elə gəlir ki, jurnalistlər bu
günlərdə polislər, hərbiçilər, təmizlik
işçiləri qədər fədakarlıq
nümayiş etdirirlər. Hətta deyərdim
ki, həkimlər bu gün fiziki
sağlamlığımıza cavabdehdirlərsə, jurnalistlər
də cəmiyyətdə ruhi tarazlığın
qorunmasına görə yükü öz üzərlərinə
götürüblər. Media olmasa dövlətin
gördüyü işlərin də bu qədər effekti
olmaz. Media dövlətlə cəmiyyət
arasında bir körpüdür. Hökumətin
gördüyü işləri cəmiyyətə məhz
jurnalistlər çatdırır və insanlar da bu günlərdə
fəlakətlə təkbaşına qalmadıqlarını
anladılar, dövlətin bu pandemiyadan minimal itkiylə
çıxmaq üçün mümkün bütün
addımları atdığına şahid oldular. Eləcə də, gün boyu maarifləndirici
süjetlərlə insanların pandemiya dövründə necə
davranmalarını aşıladıq, xəstəliyin
miqyasını, bəzən dəhşətini bütün
çılpaqlığı ilə göstərməklə
insanları səngərlərinə - evlərinə çəkilməsinə
vasitəçi olduq. Nəticədə
çox şükür ki, qısa müddətdə müsbət
tendensiyalar müşahidə olunmağa başladı. Dövlət başçımız prezident İlham
Əliyev müsahibələrindən birində, "jurnalistlərbəlkə
də özləri də bilmədən mənimköməkçilərimdir”
demişdi. Bəlkə təvazökarlıqdan
uzaq görünə bilər, amma mənə elə gəlir
ki, bu kritik günlərdə jurnalistlər həqiqətən
hökumətin ən yaxşı köməkçiləri
oldular.
Heç
vaxt işləmək istəmirsənsə, sevdiyin işlə
məşğul ol
-
Hazırda harda çalışırsınız?
- Hazırda Space TV-də "Hər Gün” Xəbərlər
Xidmətinin redaktoruyam. 2017-ci ildə Space-dən
ayrıldıqdan sonra bir mddət özəl şirkətlərdən
birində media məsələləri üzrə menecer kimi
çalışdım. Baxmayaraq ki, jurnalistikadakı
işimdən daha rahat və gəlirli iş idi, amma sevdiyim
işdən uzaq qalmaq məni çox sıxırdı. Ona görə də təkrar sevimli işimə
döndüm. Konfutsinin çox sevdiyim bir
deyimi var, deyir, "heç vaxt işləmək istəmirsənsə,
sevdiyin işlə məşğul ol”. Mənim
hazırkı statusumu bu deyimlə ifadə edərdim.
-Şəkili qızı Bakıya bağlayan nə oldu?
- Təbii
ki, işim, arzularım. Mən jurnalistəm, sənətimi də
çox sevirəm və bu iş mənim üçün sadəcə
gəlir mənbəyi deyil. İndi təsəvvür
edin, mən doğulduğum Şəkinin Aşağı
Göynük kəndində hansı media orqanında
çalışa bilərəm sizcə? Bilmirəm,
bu sual təsadüfidirmi, yoxsa son vaxtlar sosial mediada yenidən
aktuallaşan "rayonlular Bakıya niyə gəlir?”
şovinizmindənmi qaynaqlanır. Amma, hər
nədirsə, demək istəyirəm ki, xoşbəxt olmaq hər
bir insanın amalı və haqqıdır. İnsan özünü harada, necə xoşbəxt
görürsə orada da yaşamalıdır. Biri özünü kəndin
yaşıllığında, təmiz havasında xoşbəxt
hiss edirsə, digəri üçün isə Xəzərin
sahilində səhər velosiped sürmək daha xoşdur.
Mənim Atam 18 il işiylə bağlı
Bakıda yaşadı və qaldığı hər gün kəndi
arzulayırdı və işindən ayrılandan dərhal
sonra kəndə döndü. Qısa müddətdə
təsərrüfatını da qurdu, bağ saldı, qoyunlar
aldı, toyuq-cücə artırdı. Bütün
bunlar onu xoşbəxt edirdi. Amma mən belə şeylərdən
xoşbəxt ola bilmirəm. Mənim arzularımın yaxından – uzağa kəndlə
bir əlaqəsi yoxdur. Uşaqlıqdan
musiqiyə çox həvəsim vardı. Atama az qala son gününə qədər irad
bildirdim ki, məni musiqi məktəbinə qoymadın. Səbəb kənddə yaşamağımız,
rayon mərkəzinə gediş – gəlişin çətin
olması idi. O səbəbdən də arzum ürəyimdə
qaldı. Eləcə də, bayaq qeyd etdiyim kimi,
sənətimlə bağlı arzularımın da kəndlə
bir əlaqəsi yoxdur. Bəlkə də orada həyat
şəraitim daha yüksək olardı, ən azından kirayələrdə
ömrüm çürüməz, bu gün də nəmişlikdən
uçub-tökülən 22 kvadratmetrlik mənzilə
ayın sonunda ödəyəcəyim 200 manatın dərdini
çəkməzdim. Amma şükürlər
olsun ki, sevdiyim işlə məşğulam və bu illəri
boşuna yaşamamışam. Ümid edirəm ki,
dövlətimizin, ölkə başçımızın
jurnalistlərin problemlərinə diqqəti və
qayğısının nəticəsi olaraq ev problemim də 3
ay sonra həllini tapar, jurnalistlər üçün
ayrılan mənzillərdən nəhayət mənə də
pay düşər.
-Efirlərdən
uzaq düşmüsünüz. Əvvəllər
hər gün sizi ekranda görürdük.
- Elədir.
İndi işimin xarakteri elədir ki, fəaliyyətimin
nəticəsi görünsə də özüm kadr
arxasında qalıram. Əslində,
ölkəmizdə koronavirusla mübarizəyə start verilən
günlərdə televiziyamızda "Bu Gün, İndi”
adlı analitik – informasiya proqramı yayıma başladı və
aparıcılığı da mənə həvalə
olunmuşdu. Amma qısa müddət sonra
işlərimin çoxluğundan ondan imtina etməli oldum.
-Uşaqlıqdan
efirdə sizi görürdüm. İllər
keçib. Sizi tanımasaydım elə bilərdim
100 yaşınız var.
- Məni
qocaltdığınız üçün "təşəkkür”
(gülür). Yadda qalmaq, tamaşaçı tərəfindən
xatırlanmaq çox gözəl hissdir. Vladimir
Molçanov deyir, tanınmayan jurnalist jurnalist deyil. Mən aparıcı kimi deyil, məhz imzama görə,
jurnalist kimi tanındığıma görə sənətdə
xoşbəxtliyimə nail oduğumu söyləyə bilərəm.
Bir neçə il əvvəl, hələ
ANS – də işləyirdim. Bir yerdə növbəyə
dayanarkən iki nəfərin söhbətinə şahid
olmuşdum. Biri məni göstərib digərinə
deyirdi ki, bu qız Milli Məclisin saatlarla davam edən
iclasından 2-3 dəqiqəlik elə reportaj edir, bütün
vacib məsələləri elə əhatə edir ki, elə
bilirsən özün iclasda iştirak etmisən. Tamaşaçının belə detallara diqqət
etməsinə çox heyrətlənmişdim. Milli Məclisdən reportyorluğumdan söz
düşmüşkən, bir hadisəni də
xatırladım. Bu gün çox tanınan həmkarlarımdan
biri bir gün parlamentdə mənə yaxınlaşıb
dedi ki, bəs rəhbərlik mənə deyir ikiniz də eyni
iclsa gedirsiniz, necə olur ki, Azadə Balayevanın
reportajları, seçdiyi sinxronlar (parlamentdə
deputatların çıxışlarındandan parçalar)
daha maraqlı olur. Ona görə də rəhbərlik
həmin həmkarıma parlamentdə mənim fəaliyyətimi
izləməyi tapşırmışdı. Yəni, dediyim odur ki, adətən belə
detalları peşəkarlar duyur, tamaşaçının da
görməsi insanı sevindirir.
Mirşahinin
işçilərin üstünə
qışqırdığını, hətta təhqir
etdiyini deyirdilər
-Bütün
media çalışanlarına jurnalist deyirlər. Türkiyədə TV muhabiri, qazeteci kimi
anlayışlar var. Özünüz də əvvəllər
qəzetdə çalışmısınız. Tv,
radio,sayt yoxsa qəzet? Hansı
daha doğmadır?
- Mən
jurnalist fəaliyyətimə qəzetdən
başlamışam. Amma həmişə
ağlımda televiziya jurnalisti olmaq vardı. Hətta
ANS-ə gəlməzdən əvvəl iş
üçün Space TV-ə müraciət etmişdim. Bu 2004-ci ilin əvvəllərinə təsadüf
edir. O vaxt Space çox baxılır, çox sevilirdi. Amma Space-dən müraciətimə cavab gəlməzdən
əvvəl ANS-dən dəvət aldım. Təbii ki, ANS də məşhur idi o vaxtlar. Amma oradakı vəziyyətlə bağlı
dedi-qodular məni qorxudurdu. Televiziyaya nə
qədər həvəsim olsa da həmin vaxta qədər
artıq iki dəfə müxtəlif səviyyələrdə
ANS-də çalışmağımla bağlı dəvət
almışdım, amma imtina etmişdim. Deyirdim,
mən Mirşahinlə işləyə bilmərəm. Xarakterimə bələd olanlar, söz götürmədiyimi
bilirlər. Orada da Mirşahinin
işçilərin üstünə
qışqırdığını, hətta təhqir
etdiyini deyirdilər. Ona görə tərəddüd
edirdim. Sonradan bunu Mirşahin müəllimə
söyləmişdim, onda, "dəli – zadam boş-boşuna
kiminsə üstünə qışqıram”, demişdi.
Həqiqətən də, orada
çalışdığım müddətdə şəxsən
özümə qarşı nə Mirşahin, nə də
Seyfulla və Vahid Mustafayevlərdən bir hörmətsizlik
görmədim. Tam əksinə, həmişə
mənə dəyər veriblər. Beləcə,
üçüncü dəvətdən sonra, "Koroğlu
üçdən deyib” məsəli ilə ANS-dən televiziya
həyatım başladı və bu gün də davam edir.
Çalışdığım qəzetlər də mənim
üçün doğmadır. Mən "Hürriyyət” və
"525-ci qəzet”lərdə çalışmışam. Universitet skamyasından sonrakı məktəbim bu qəzetlər
olub. Bu media orqanlarında bu gün Azərbaycan
mediasının aparıcı simaları olan insanlardan
çox şey öyrənmişəm, gözəl dostlar
qazanmışam. Saytlara gəlincə, təəssüf
ki, saytlarda uzunmüddətli fəaliyyətim olmayıb.
Sadəcə zaman-zaman saytlarda tərcümələrim,
məqalələrim dərc olunur. Buna
görə sayt rəhbərləri dostlarıma minnətdaram.
-Yuxarda
qeyd etdiklərimdən hansı insanı daha peşəkar
jurnalist kimi yetişdirə bilir?
- Dövr
və kütləvi informasiya vasitəsinin xarakterinə
görə fərqlidir. Məsələn, Azərbaycanın
media məkanında belə bir tezis var ki, yaxşı
telereportyor olmaq üçün mütləq öncə bir
müddət qəzetdə çalışmaq
lazımmış. Amma mən televiziyada
çalışacaq xəbər jurnalisti üçün
bunu vacib hesab etmirəm və medianın yaxın tarixi də
göstərir ki, jurnalistikaya sıfırdan televiziyada
başlayan nə qədər uğurlu telereportyorlar olub.
Çap media məktəbini keçmək daha
çox publisitikaya, analitikaya, araşdırma
jurnalistikasına meylli olanlar üçün vacibdir. Qeyd etdiyim kimi, fərqli dövrdə yaşamamız
da jurnalistlərin yetişməsində yeni imkanlar
açıb. Bu gün online media istər
operativliyi, istərsə də auditoriyasına görə istər
çap, istərsə də elektron medianı qabaqlayır.
Son illər online mediada çox uğurlu imzalar
yetişib. Bir də qeyd edim ki, ilk harada
başlamağından asılı olmayaraq yaxşı
jurnalist olmanın əsas şərti bu sənətə həvəsin
olması, ona sevgidir. Bura sənin üçün sadəcə
gəlir yeri, ayın sonunda maaş
alacağın yer yox, sevimli, hər dəqiqəsindən
zövq aldığın bir sahədirsə hər an öyrənməyə
can atacaqsan və sonunda gec-tez uğur qazanacaqsan. Təbii ki, bu
media orqanlarında qarşılaşacağın məllimlərin
də önəmi az deyil...
-Heç
elə anlar olur ki, Şəkiyə köçmək, şəhər
həyatından tam uzaq həyat yaşamaq istəmisiniz. Gələcəkdə mümkündür?
- Elə
bir "romantikadan” uzağam (gülür). Şəkini,
kəndimizi çox sevirəm. Ən
çox da yaz fəslində. Amma oralara
yalnızca ildə bir-iki dəfə dincəlməyə getməyə
üstünlük verirəm.
-Mətbəxdə
daha peşəkarsınız, yoxsa? Yaxud bununla bağlı
ikinci belə bir sual da əlavə edim: Mətbəxda daha
azadsınız, ya işdiyiniz media qurumlarında?
- Etiraf
edim ki, aşbaz kimi peşəkar sayılmaram. Azərbaycan
mətbəxinin bir çox yeməklərini heç
bişirməmişəm. Çünki
çox vaxt Anam yanımda olub, yeməklərimi o bişirib.
Son beş ildə də bacımın
qızı yanımdadır, indi də o özəlləşdirib
mətbəxi. Amma deyilənlərə görə
yeməklərim dadlı olur. Azadlıq məsələsinə
gəldikdə isə, təbii ki, mətbəximdə daha
azadam. Çalışdığım şirkətdə
mən də digər əməkdaşlar kimi məhdud səlahiyyətləri
olan işçiyəm və azadlığım da yalnız
bu səlahiyyətlər çərçivəsində ola bilər. İşçi
çalışdığı şirkətin rəhbərinin
iradəsinin ifadəçisidir. Bir Xəbərlər
Xidmətinin redaktorunda yalnız peşəkar azadlıq ola bilər. Onun kanalın efir
siyasəti ilə bağlı söz sahibi olması
ağlabatan deyil.
-Bir
övladınız var. O da səhv etmirsəmsə sizdən
uzaqda Türkiyədə qalır. Təklik sizi
qorxutmur?
- Mənə
çox adam deyir, "bir oğlun var, niyə
gözündən uzağa göndərmisən?”- filan. Bu ənənəvi azərbaycanlı
düşüncəsidir. Yəni, kasıbın malı mütləq göz qabağında
olmalıdır (gülür). Bəs,
uşağın özünün arzusu? Oğlum
İstanbul Universitetinin üçüncü kurs tələbəsidir.
Özü orada oxumaq istədi. Azərbaycanlı məntiqiylə mən məhz bir
oğlum olduğuna görə, tək qalmayım deyə onun
arzularına qarşı getməliydim. Mənim
üçün önəmli olan oğlumun xoşbəxtliyi,
onun seçimidir. Heç vaxt onun
arzularına qarşı getməmişəm, tam əksinə
hər zaman dəstək olmuşam. Bundan
sonra da belə olacaq. Bir də
texnologiyanın indiki inkişafı uzaqlıq
anlayışını da aradan qaldırıb. Hər gün görüntülü danışa
bilirik. Sadəcə bu karantin günlərində
oğlumun yanımda olmasını çox arzuladım. Sərhədlər bağlandığına görə
də onun gəlməsi mümkün olmadı.
- Bir
çox həmkarınız tanındıqdan sonra hansısa
quruma mətbuat katibi gedir. Sizi məmur kimi görmək
mümkündür?ff
-
Heç vaxt elə bir arzuda olmamışam. Mən bayaq da qeyd
etdim, iş mənim üçün
sevimli bir əyləncə olmalıdır,
sıxılmamalıyam, gözüm saatda olmamalıdır,
iş vaxtı bitsəydi çıxıb gedərdim deyə.
Bir də mənim üçün önəmli olan
faydalılıq prinsipi var. Bu baxımdan düşünürəm
ki, hansısa məmurun doğru-yanlış fikrinin
yayılmasına vasitəçi olan o cür məmurdansa,
öz sözünü 10 milyona, bəlkə də daha
geniş auditoriya çatdıran jurnalist olmaq cəmiyyət
üçün daha faydalı vəzifədir. Mən
nə vaxtsa məmur olmaq fikrinə düşsəm yəqin
ki, ya Bakı şəhər İcra Hakimiyyətinin
başçısı, ya da Təhsil Naziri postlarına iddia
edəcəm. Bu sahələrlə
bağlı çox gözəl planlarım var
(gülür).
Söhbətləşdi:
Emin PİRİ
Ədalət.- 2020.-
30 aprel.- S.4