Ədəbiyyat bağçasında öz
çiçəyi olan
şair
Adətən, söz adamlarının, yazıçıların, şairlərin
əvvəlcə əsərləri
ilə, sonra isə özləri ilə tanış olurlar. Bizdə belə olmadı, əvvəlcə
tamam başqa, bu sahəyə heç bir aidiyyəti olmayan səbəbdən tanış
olduq. Bir-birimizi tanımağa başladıq...
Öncə onu qeyd edim ki, elə
ilk söhbətlərdə
adi danışıq zamanı da qafiyəli sözlərdən
istifadə edən Zaur (o zaman onun
«Ustac» təxəllüsü
olduğundan xəbərsiz
idim) çox gözəl həmsöhbət,
istənilən mövzuda
mükalimə aparmaq üçün tam münasib bir müsahibdir. Bizim ilk tanışlığımız
2009-cu ilin payızına
təsadüf edir. Çox keçmədən
mənim qafiyə ilə danışan bu sirli müsahibim
“Günaydın” adlı
şeirlər kitabını
mənə hədiyyə
etdi. Bununla da Zaur Ustacla bir söz
adamı kimi tanışlığım başladı.
Qeyd edim ki, mən də
ona Əhməd bəy Ağaoğlu haqqında olan kitabımı hədiyyə
etdim. Əhməd bəy Ağaoğlu haqqında da fikirlərimizin üst-üstə
düşməsi bizi
daha da yaxınlaşdırmışdı. “Günaydın”la
başlayan şeir çələngləri bir-birini
əvəz etməyə
başladı.
Bir dəfə
o mənə “Bayatılar”
adlı yeni kitabını hədiyyə
etdi. Kitab Azərbaycan dilində, paralel latın və ərəb qrafikasında yazılmışdı.
Bu kitabla Zaurun daha bir
qabiliyyəti - ərəb
əlifbasını bilməsi
və əski əlifba ilə yazmaq bacarığı mənə məlum oldu. “Bayatılar” kitabı cildindən tutmuş, içərisindəkilərə
qədər hamısı
mükəmməl idi
və bir-birini tamamlayırdı. Ümumiyyətlə,
Zaur Ustac mənim üçün maraqlı şəxsə
çevrilmişdi və
hər görüşdə
ondan nəsə bir yenilik gözləyirdim.
Bu günə qədər də bizim əlaqələr davam edir. Demək
olar ki, onun işıq üzü görmüş
bütün kitabları
məndə var. Onunla həm canlı ünsiyyətdə
olmaq, həm də şeirlərini oxumaq mənim üçün maraqlıdır.
Onun yazdıqlarını
iki istiqamətdə ümumi şəkildə
dəyərləndirmək istəyirəm. Birinci, şeir həvəskarı,
oxucu kimi. İkinci isə, bir dilçi-filoloq kimi. Şeir həvəskarı və bir oxucu kimi
yanaşdıqda, onun yazdıqları həqiqətən
oxucunu ovsunlayır. Zaurun xüsusi ibarələrlə, özünəməxsus
ifadə vasitələri
ilə zəngin şeirlərini oxuduqca, sanki müəllifin özü ilə söhbət edirsən. Onun yazdıqları o qədər səmimi və xalq dilinə
yaxındır ki, valeh olmamaq mümkün
deyil. Bir mütəxəssis kimi yanaşdıqda isə, görürsən
ki, onun şeirləri nə qədər axıcı, yüngül və sadə görünsə də, əslində bir o qədər mürəkkəb, diqqəti
cəlb edən, bəzən hətta anlaşılmaz təsiri bağışlayır.
Zaur Ustac şeirlərində indi artıq o qədər də yayğın şəkildə işlədilməyən
köhnə və eyni zamanda Azərbaycanın
olduqca müxtəlif bölgələrinə məxsus
şivə sözlərindən
istifadə edir. Bəzən bu hal şeirlərin oxunuş və tələffüzünə gözəllik
qatsa da, anlaşılmasında çətinliklər
yarada bilər.
Məncə, bir yaradıcı şəxs kimi onun ən əsas
məziyyəti yenilikçi
olması, ölçü
və çərçivələrə
sığmamasıdır. Zaur
Ustac ənənəvi
şeir formalarından
istifadə etdikdə belə, onun dəst-xətti aydın sezilir. Bütün bunlardan əlavə, artıq ədəbi mühitin nümayəndələrinə
yaxşı məlum olan və mətbuatda
haqqında geniş müzakirələr gedən
“Ustacı” adlandırdığı
xüsusi şeir formasında şeirlər
yazır. Yuxarıda qeyd etdiyim kimi,
onun müəllifi olduğu kitabların çoxu mənim kitabxanamda var. Şeirlərinin çoxu
ilə tanışam.
Bu yazıda ancaq bir şeirdən söhbət açaraq, onun əsasında Zaurun daxili dünyasına
ayna tutmağa və onun təfəkkür
tərzinə, sözdən
istifadə bacarığına,
zəngin biliyinə, geniş dünyagörüşünə
bələd olmağa
çalışacağam.
Zaur Ustac “Şehçiçəyim”
adlandırdığı bu
şeirdə təbiətdə
mövcud olan Şehçiçəyi adlı
çiçəyin təbii
- bioloji xüsusiyyətlərindən
böyük məharət
və ustalıqla istifadə etməklə bu günə qədər adət etdiyimiz formalardan kəskin şəkildə
fərqlənən bədii
nəzm nümunəsi
yaratmışdır:
Şehçiçəyim
Tacısan dünyamda
tüm çiçəklərin,
Köksündən bal süzən, tər Şehçiçəyim...
Sehrinə düşmüşəm
nur ləçəklərin,
Əqli başdan
alan, zər Şehçiçəyim...
Cəzbində qalmışam, tamam çar-naçar,
Sağımda, solumda çox çiçək açar,
Pərvanəyə dönüb dövrəmdə
uçar,
Sərrafam, seçmişəm,
dürr Şehçiçəyim...
Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim...
Birinci bəndin ikinci misrasına nəzər salaq:
“Köksündən bal süzən, tər Şehçiçəyim...”
Burada “Köksündən
bal süzən” ifadəsində şairin sətiraltı mənada nə demək istəməsindən asılı
olmayaraq bu hal təbiətdə mövcud olan Şahçiçəyi adlı
çiçəyin öz
şikarını cəlb
etmək üçün
dadlı və ətirli nektar ifraz etməsi məqamı ilə tam uyğunluq təşkil edir.
“Sehrinə düşmüşəm
nur ləçəklərin,
Əqli
başdan alan,
zər Şehçiçəyim...”
Bu halda da eyni ilə yuxarıdakı kimi çiçəyin təbii - bioloji xüsusiyyəti öz əksini bədii dildə tapıb. Şehçiçəyi əlvan rəngli, ətirli ləçəkləri
ilə həşaratları
cəlb edərək tələyə salır.
“Bir kərə, bir anlıq olsa da, vüsal,
Ruhuma rahatlıq verməyir xəyal,
Sonu ölümsə də, gəl, qoynuna al,
Həsrətdə yaşamaq, zor Şehçiçəyim...”
Geniş
izahatdan sonra sonu əvvəlcədən
məlum olsa da, Şehçiçəyinin qurbanları
ləçəklər arasında
sıxılaraq məhv
olduğu kimi,
“Sonu ölümsə
də, gəl, qoynuna al.”
- deyən şair
çiçəyin təbii
– bioloji xüsusiyyətindən
bu məqamda da məharətlə istifadə
etmişdir. Şeirdən belə ayrı-ayrı
məqamları nəzərinizə
çatdırsam da, əslində
elə vahid və bütöv şəkildə yazılıb
ki, onu belə
hissələrə ayırıb
izah etməyin tərəfdarı deyiləm.
Bu üç bəndlik şeir tam olaraq çox gözəl bir bədii nümunə və söz dünyasında, ədəbiyyat
aləmində yenilik kimi qəbul olunmalıdır. Bu günə
qədər müxtəlif
statuslu söz adamların ədəbiyyata
gətirdiyi çoxlu
çiçəklər; ağçiçək,
bənövşə, nərgiz,
yasəmən, lalə
və s. olduğu halda Şehçiçəyi
çiçəyini, kəlməsini
ədəbiyyata ilk dəfə
Zaur Ustac gətirib. Həm də bu elə-belə sadəcə
söz, kəlmə kimi deyil, çiçəyin
bütün təbii-
bioloji xüsusiyyətləri
nəzərə alınmaqla
baş verib. Zaur Ustacın Şehçiçəyi
çəmənlikdən dərilərək
söz süfrəsini
bəzəmək üçün
gətirilən çiçəklərə
bənzəmir. Əksinə, onun Şehçiçəyi
ədəbiyyat bağçasında
bitmiş, söz dünyasın dərinliklərinə
rişələr atmışdır.
Bu səbəbdən o, solmayan bir çiçəkdir.
Şairin şeirin əvvəlində özünün
qeyd etdiyi kimi:
“Tacısan dünyamda
tüm çiçəklərin.”
Və ya ikinci bənddə:
“Sağımda, solumda çox çiçək
açar,
Pərvanəyə dönüb, dövrəmdə
uçar,
Sərrafam, seçmişəm, dürr Şehçiçəyim...”
Zaur Ustac özünəməxsus lirizmi
və ədəbiyyat
bağçasında solmayan
bir çiçəyi
olan şairdir. Onun müəllifi
olduğu “Şehçiçəyim”
şeiri təkdir və düşündürücüdür.
O, bu şeiri yazmaqla ədəbiyyat aləminə yeni bir çiçək qazandırmış və
söz dünyasını
təkrarsız bir nümunə ilə bəzəmişdir. Bütün bunlardan
sonra böyük əminliklə demək olar ki, Zaur
Ustac söz bağında, ədəbiyyat
bağçasında öz
çiçəyi olan
şairdir. Və
o çiçək...
Ülviyyə Hüseynova, filologiya üzrə fəlsəfə doktoru
Ədalət.- 2020.-
30 aprel.- S.5