Sən gedəndən... Dunya o dünya
deyil
Bəlkə də həyatımda ən
böyük zərbələrdən birini həmin gün
aldım. Bu elə bir zərbə idi ki, mən
uzun müddət özümə gələ bilmədim və
özümə gələndə də ilk ağlıma gələn
bu oldu ki, doğulduğum kənd, böyüdüyüm ev
ikinci dəfə işğal olundu… ikinci dəfə yandı…
dağıdıldı… yerlə-yeksan edildi.
İnanın ki, bunu tam səmimi deyirəm. Çünki o, mənim
üçün bir ev idi, bir kənd idi, bütövlükdə
Qarabağ idi. Mən hər dəfə telefonda
onun səsini eşidəndə, onunla üz-üzə
oturanda, onun süfrəsinin nemətlərini dadanda, ya da eləcə
ədəbiyyatımızın altından girib üstündən
çıxanda hamıdan güclü olurdum, hamıdan
dözümlü olurdum, hamıdan təpərli olurdum və
bir az da özümə yuxarıdan
aşağı baxırdım. Çünki o yanımda
idi... çünki mən ona güvənirdim. Üstəlik də
tam səmimiyyətimlə deyim, ondan bir az da çəkinirdim
də. Çünki o, bu dünyanın adamı deyildi… o,
yalan bilmirdi… o, biclik anlayışını ağlına da gətirmirdi…
o, yarınmağı da bacarmırdı… o…
Hə, orta məktəbdə oxuyurdum.
Bugünkü kimi yadımdadı – 6-cı sinifdə. Bir
gün əlimə «Araz» qəzeti düşdü. Qəzetin
son səhifəsində bir elan var idi. Həmin elanda bildirilirdi
ki, ayın son bazar günü «Araz» qəzetinin nəzdində
fəaliyyət göstərən «Ərgünəş»
Ədəbi Birliyinin növbəti məclisi toplanacaq. Arzu edənlər
iştirak edə bilərlər… Elanı oxudum, qəzeti
dörd qatlayıb pencəyimin qoltuq cibində gizlətdim. Həmin
vaxta qədər məktəbin divar qəzetində, şeir dəftərçəmdə
olan yazıları min dəfə alt-üst etdim. Axır ki, onlardan üzə
çıxarılası bir neçəsini səliqə ilə
kağıza köçürdüm, qoydum cibimə,
başladım həmin günü gözləməyə. Elə
ki, vaxt gəlib çatdı, evdən bir bəhanə ilə
icazə alıb Tuğdan Füzuli şəhərinə gedən
avtobusa əyləşdim. O da yadımdadı ki, rəhmətlik
nənəm pensiyasından mənə bir rubl vermişdi.
Avtobusla gedib-gəlmək 70 qəpik edirdi. Mən də o bir
rublla və bir də qoltuq cibimdəki şeirlər, həmçinin
«Araz» qəzeti olmaqla gəldim redaksiyaya. Redaksiyanın həyətində
xeyli adam toplaşmışdı. İçərilərində
yaşlılar da var idi, cavanlar da, mənim kimi orta məktəb
şagirdləri də. İlk dəfə onda diri şair
gördüm. O, həyatımda üz-üzə gəldiyim,
qarşılaşdığım ilk canlı şair olan Mətləb
Misirdi. Adını sonra öyrəndim, daha doğrusu, ona
müraciət edənlərdən eşitdim bu adı. O,
hamını içəri dəvət etdi. Mən
yaxınlaşıb Tuğdan gəldiyimi bildirdim. Bircə kəlmə
dedi:
- Noolar, xoş gəlmisən. Keç içəri
görək, sənin çilədanında nələr var?
Bəli, məclis başladı, kimi şeir
oxudu, kimi hekayə. Mən fikir verirdim ki, oxunan yazılara
hamı münasibət bildirir. Amma yaşına görə
cavan, lakin saçlarında xeyli bəyazlıq olan bir nəfər
daha kəskin danışır. Necə deyərlər, onun tənqid
qılıncının altından bir dənə də olsun
yazı sivişib gedə bilmir və bu adama da yaşlılar
da, cavanlar da hörmətlə yanaşırlar, onun fikirləri
ilə demək olar ki, razılaşırlar. Yenə etiraf
edim. Bu kəskin tənqidin yaratdığı mənzərə
məni bir balaca qorxutdu. Özümdən asılı olmayaraq
şeir yazdığım vərəqləri qatlayıb cibimə
qoydum. Elə həmin vaxt Mətləb Misir üzünü mənə
tutub:
- Bu oğlan Tuğdan gəlib, məktəblidi.
Gəlin
indi də ona qulaq asaq.
Geri çəkilməyə yer qalmamışdı. Ayağa
qalxdım, vərəqləri cibimdən çıxardım.
Onları əlimdə tutanda əllərimin əsdiyi də
aydınca hiss olunurdu. Bax bu vaxt onun gözləmədiyim vaxtda
toxtaqlıq verən səsini eşitdim:
- Hə,
qağa, qorxub-eləmə, döşə gəlsin.
İnanın ki, elə bir üstümə günəş
doğdu. Şeirləri oxudum. Bir anlıq
ortaya sükut çökdü. Heç kim
danışmadı, hamı bir-birinin üzünə baxdı
və sonra məclisin bütün üzvləri
üzünü Vahidə tərəf çevirdi. Elə bil içimdən soyuq bir külək əsdi.
Düşündüm ki, indi yıxıb
sürüyəcək məni və bununla da şeirə, qələmə
əlvida deyəcəm. Amma əksinə oldu…
- Şeirlərin hamısına qulaq asdım. Bu yaşda belə
şeirlər yazmaq ümidvericidi, xüsusilə «Şorbulaq»
şeiri. Onun bir misrası xoşuma gəlmədi.
Həmin misraya əl gəzdirib çap eləmək də
olar…
Bəli, bu sözlərdən sonra hamı başladı
fikir söyləməyə. Elə bil ki, suyun
ağzı açılmışdı. Hərə
bir tərəfdən mənim yazılarımın
uğurlu-uğursuz tərəflərini diqqətə
çatdırırdı. Nəhayət, məclis
başa çatdı. Mətləb Misir mənim
«Şorbulaq şeirimi də qəzetdə çap etmək
üçün götürdü və mən
dünyanın ən xoşbəxt insanı kimi loru dildə
desək, forslana-forslana hamı ilə birlikdə otaqdan
çıxdım. O, qarşıda gedirdi. Ürəyimdən
keçdi ki, yaxınlaşıb ona təşəkkür
edim. Elə bil ürəyimi oxudu. Bir
azacıq geri boylanıb:
- Ə,
qağa, bir az cəld yeri - dedi.
Sürətimi artırıb ona yaxınlaşdım.
- Bizdə
belə bir qayda var. Hər dəfə məclis bitəndən
sonra yığışıb gedirik qeyd eləməyə. Hərə üçdən-beşdən qoyur
ortaya, bir qısmət çörək kəsib
dağılışırıq. Bu gündən sən
də qoşuldun bizə…
Onun dedikləri ürəyimcə olsa da, cibimdəki qəpiklərə
görə əməlli-başlı qızardım. Bir ayağımı
qaçaq qoyub aradan çıxmaq istədim, imkan vermədi:
- Bilirəm,
sən hələ məktəbdə oxuyursan, sənin pulun
hardandı? Bundan sonra qağan sənin də xərcini çəkəcək...
Bəli, beləcə başladı onunla
tanışlığım və o gündən bu günə
qədər yaşadığım hər günün, hər
anın içərisində o mənimlə oldu, yanımda
oldu. Onda öyrəndim ki, bu saçlarına bəyaz
düşmüş, şair qardaşım Vahid
Əlifoğludu. Ali təhsilini başa
vurub qayıdıb doğma kəndinə. Amma
ixtisasına uyğun iş tapa bilmədiyindən tikintidə
fəhlə kimi çalışır və ilk dəfə
onda haqsızlığa qarşı içimdə bir etiraz
baş qaldırdı. Necə ola bilər
ki, ali təhsilli mühəndis bu boyda rayonda, bu boyda Azərbaycanda
işlə təmin olunmasın. İllər keçdi, biz
daha çox qaynayıb qarışdıq bir-birimizə…. Evlərimiz
qardaşlaşdı, bacılaşdı… Ailələrimiz
bir köynəkdən keçdi… övladlarımız
qardaş-bacı oldu və nəhayət, ən önəmlisi,
ən vacibi və mənim üçün həyat əhəmiyyəti
kəsb edən bir gerçəklik taleyimə yazıldı.
Biz bir-birimizə qardaş dedik, dost dedik və bir-birimizə
Allahın qəlbimizə əkdiyi ən böyük sevgiylə
qağa deyib ərk etdik, güvəndik. Mən
bundan böyük mükafatı, bündan böyük həyat
uğurunu özüm üçün kimsədən
ummamışam və təsəvvürümə də gətirməmişəm.
Görünür, Allahdan gələn bu istək, Allahın
xeyir-duası ilə gerçəkləşən bu dostluq bir
tarixi zərurət idi, mənim tariximin, mənim həyat
kitabımın, mənim alın yazımın…
Hər dəfə telefon zənginə diqqət yetirəndə
uyğun nömərələr məni
çaşdırır. Elə bilirəm ki, zəng vuran Vahiddi.
Amma telefonda başqa səs eşidirəm.
Onda mən də ölürəm, mən də
bitib-tükənirəm. Axı biz
ölümün belə vaxtsız gələcəyinə,
ayrılığın belə tez baş verəcəyinə
heç vaxt inanmamışdıq. Özümüzü
bu gün üçün iynə ucu boyda da
hazırlamamışdıq. Biz başqa arzularla,
başqa xəyallarla yaşamışdıq, lap gənclik illərində
olduğu kimi. 1987-ci il idi. «Araz»
qəzetində işləyirdim. Kəndimizdən
rayon mərkəzinə 18 km idi. Vahid də
Aşağı Seyidəhmədli kəndindən gəlirdi
rayon mərkəzinə. Bəxti gətirmişdi, ona qaz
idarəsində iş icraçısı vəzifəsi
vermişdilər. Rayonun hansı
künc-bucağında işləməsindən asılı
olmayaraq, nahar vaxtı özünü
çatdırırdı yanıma. Birlikdə
çıxırdıq şəhər bazarına tərəf.
Bir az göy-göyərti, bir az turşu,
bir az kənd pendiri, sonra da isti təndir çörəyi
alıb bəzən kolbasa da gözünə qatırdıq.
Hərdən «ruski»ni də unutmurduq.
Bütün bu bazarılqlardan sonra qayıdırdıq mənim
iş otağıma. Qapını bağlayıb iki qardaş,
iki dost nahar edirdik. Bu, 1988-ci ilin fevralına kimi
beləcə də davam etdi. Mən iş yerimi dəyişəndən
sonra biz nisbətən az-az görüşdük. Sonra
doğulduğum kənd işğal olundu… Ardınca
Füzuli şəhəri. Onda Vahid
qalmışdı odla su arasında. Bir
otaqda yaşayırdı. Çox istəyirdi
ki, bizim ailəni də ora yerləşdirsin. Ancaq heç cür mümkün deyildi. Bunu o da bilirdi, mən də. Lakin
israr edirdi. Axır ki, onun
qarşısında ilk dəfə səsimi ucaltdım. Bu qədər adamın bir evdə yerləşə
bilməyəcəyini söylədim. Gözlərimin
içinə baxdı. Baxışlarından
peşman olsam da, sözümün üstündə durdum.
Razılaşdı. Mən
ailəmi Beyləqanda uşaq bağçasına yerləşdirdim.
Kəndlər işğal olunurdu. Vahid isə
Aşağı Seyidəhməlidə ev
tikdirirdi. Kəndin işğalından təqribən
40-45 gün əvvəl məni soraqlayıb tapdı.
Dedi ki, sabah evə
yığışırıq, uşaqları da götür
gəl. Gəldik. Gördüm
ki, Vahid evini əsl gəlin kimi bəzəyib, hər şey
yerli-yerində. Amma nədənsə evin
adamlarının hamısı həyətdədi. Üzünə baxdım. Gülə-gülə:
- - Mənim hökumət adamım da sənsən, evin
açılışını sən elə.
Hamımız
bir-birismizə qoşulub necə güldüksə… Hələ də o gülüş, o hərarət
canımdadı, qulaqlarımdadı. Təəssüf
ki, o evdə çox yaşamaq Vahidə qismət olmadı.
Bütün əmək fəaliyyəti
dövründə arzuladığı evi tikib-qurub sonra da
qaçqın həyatı yaşamağa məhkum oldu.
Qaçqınlıq onu Biləsuvar
qaçqın şəhərciyinə çıxarıb
apardı. Burda da Vahidin ziyarətinə getdik, özü
də dəfələrlə… Burda da Vahid özünü
tanıtdı, sevidirdi… Burda da Vahidin sözünə hamı,
hətta məmurlar da dəyər verdi. Sonra «Qayıdış» qəsəbəsinə
köç etdi Vahid. Doğulduğu kəndə bir az da yaxınlaşdı…. Haramı
düzündən boylandı üzü Ərgünəşə…
Haramı düzündən boylandı üzü Bakıya…
Haramı düzündən boylandı üzü Araza… Və
Haramı düzündən silsilə yazılarını
göndərməyə davam etdi «Ədalət» qəzetinə…
İki qız övladı ilə yanaşı,
əl boyda kitabları da işıq üzü gördü
Vahidin. O, bu kitabları da övlad sayırdı… Birlikdə işldədik, ön söz yazdım,
redaktorluğunu etdim. Hər dəfə də
kitabların siqnal nüsxəsini ona çatdıranda ilk dəfə
şahidi olduğum o ərkli, bir az
köntöy səsiylə:
-
Qağa, sən mənim Bakıdakı səfirimsən. Məni Bakıya çağırıb-eləmə,
darıxıram orda. Mənimki
Haramının düzüdü. Heç sənin də o
Bakıda bir ölümün yoxdu, yır-yığış
elə, qayıt gəl yanıma…
Hər dəfə Horadiz istiqamətinə, Beyləqana
yolum düşəndə öncədən ona zəng
vururdum.
İnanın ki, mən gedib o mənzilin sonuna çatana qədər
bəlkə 10-15 dəfə Vahiddən zəng gəlirdi:
- Ay
qağa, harda qaldın? Bu asfaltın qırağında
«stolba» kimi bitməkdən ayağıma su gəldi…
Görüşüb-öpüşürdük,
bütün dünyanı unudurduq, elə ikimiz olurduq bu
dünyada.
Lakin…
Bu
dünya Vahidi sıxdı… Bu dünya aldı onu mənim əlimdən…
Bəlkə də Vahid bu dünyaya tüpürdü, dözə
bilmədi onun oyunlarına… Çünki Vahid
heç cür ipə-sapa yatmayan, heç bir
ölçülərə sığmayan, özü
olduğu kimi düşünən və sözü də
bütün rəndələrdən, bütün ütülərdən
kənar bir şəkildə, necə doğulurdusa, o cür də
ifadə edən bir şair idi. Vahid dostluğun
mənim düşüncəmdə, mənim anlamımda
kriteriyası idi. Vahid poeziyanın,
publisistikanın çılpaq, amma gerçək özü
idi - gördüyünü, yaşadığını
kağıza köçürən müəllif idi.
Ona görə də xalq şairləri Məmməd Araz və
Bəxtiyar Vahabzadə onun məktublarına həssaslıqla
cavab verirdilər və onun şeirləri də dinləyənlərə
bir növü şəkili yox, şəkilin
arxasındakıları göstərirdi…
Bəli, mən bu gün də, əgər
yaşasam sabah da mənimlə birlikdə olan Vahidin haqq
dünyasına köç etməsindən sarsıldım.
Amma indi düşünürəm ki, Vahid bəlkə də
bu köçü özü istəyirdi, özü
arzulayırdı. Çünki sifəti getdikcə
sürtülmüş pencək qolundan daha çox
payırldayan bu dünya Vahidlik deyildi. O, hər şeyi öz
rəngində sevirdi. Çünki o, öz xarakteri ilə gəldi,
öz xarakteri ilə də getdi. Təbii ki, cismən…
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2020.-
11 aprel.- S.8.