Şəhid köynəyi
Dəstə-dəstə, qoma-qoma,
Tanrıya göz yuma-yuma,
bazarlara cuma-cuma
mal axtaran arxadaşlar, mal qurtarıb!
Özgə verən tuman-köynək,
şal qurtarıb!
Ət qaxacı, şəkər
tozu, yad verən adyal qurtarıb!
Bircə
şəhid köynəyi
var...
Verəmmərəm onu sizə.
Geysəniz də, dar gələcək əyninizə!
***
Didərginin tikəsini yeyənlərim!
Millətimi soyundurub, köynəyini
geyənlərim!
Bazarlara
yol axtaran bagrıdaşlar,
a soydaşlar, a yoldaşlar yol qurtarıb!
Yaşınmağa yarpaq, budaq, kol qurtarıb!
Bircə
şəhid köynəyi
var...
Necə qıyım onu sizə?
Eybinizi örtmək
üçün çəkəsiniz
əyninizə?!
***
Kəfən deyil -qandan baha, candan baha
köynəkdi bu!
Şivən deyil - göz dağıdı, lal fəryadlı göynəkdi
bu!
Əlvan
deyil, bir üzlüdü, bir ipdəndi, bir rəngdi bu!
Mənsəb gəzən, taxt
axtaran taxtabaşlar!
Gəzdiyiniz hal qurtarıb!
Şirin
nağıl, yalan vədə heç dəyməyib, kal qurtarıb!
Doğru
sözə, düz ilqara qismət olan buxov, noxta,
nal qurtarıb!
Satılmayan namus, həya, satlıq qoyun, mal qurtarıb!
Şor quruyub, yağ
tükənib, bal qutarıb!
Bircə
şəhid köynəyi
var...
O da mənim.
Qalan nə var sizin
olsun, a qandaşlar, qarındaşlar!
Təkcə isti qan çilənən köynəkdəki
o qan mənim,
qada mənim!
Aslan Vaqif
Ədalət.- 2020.-
11 aprel.- S.12