“Turana qovuşmaq bütöv Azərbaycandan keçir”

 

 

Müsahibimiz şair, Sumqayıtda fəaliyyət göstərən Əli Kərim adına "Poeziya Evi”nin direktoru İbrahim İlyaslıdır.

 

 

-Poeziya evinin rəsmi qeydiyyata alınmasından 30 il ötür. Otuz ildir ki, bu evin direktorusunuz. Bu illərdə hansı işlər görüldü, Azərbaycan ədəbiyyatına nələr qazandırdınız?

 

-Bu rəqəm mənə ömrün çox böyük bir hissəsini xatırlatsa da mənə elə gəlir ki, elə bil dünəniydi Poeziya Klubunun yaradılması, ora rəhbər təyin olunmağım. Mən ora təsadüfən yox, "Dəniz” Gənclər Ədəbi Birliyinin sədrliyindən gəlmişdim. Şəhər rəhbərliyi ictimai əsaslarla gördüyümüz işləri, fəaliyyətimizi dəyərləndirib bu qərarı vermişdi. O ki, qaldı bu müddətdə ədəbiyyatımıza nələr qazandırmağımıza, mənə elə gəlir, ən böyük işimiz şəhər ədəbi mühiti üçün münbit şərait, sağlam bir ortam yarada bilməyimiz olub. Ədəbi camiəmizə ləyaqətlə xidmət etmişik. Həm də ki, bu işləri təkcə mənim adıma bağlamaq düzgün deyil. Poeziya Klubu bir müəssisə, kollektiv olaraq bu ortamı sağlaya bilib. Təbii ki, 30 ildə 30 nöqsanımız da olmamış deyil.

 

- Poeziya evi Əli Kərimin adınadır. Həmçinin, sumqayıtlı yazarlar arasında Əli Kərim daha çox sevilir.

 

- Poeziya Klubunun görkəmli şairimiz Əli Kərimin adı ilə adlandırılması, Poeziya Klubunun yaradıcısı və ilk rəhbəri olmuş, şair Vaqif İbrahimin təşəbbüsü olub. Biz bu ənənəni davam etdirməyə çalışmışıq. Əli Kərim sağlığında Sumqayıta çox bağlı olub. Buradakı ədəbi məclislərdə yaxından iştirak edib. Rəhmətlik Feyzi Mustafayevin Ə.Kərimə həsr olunmuş "Dinmə, ey kədər...” və V.İbrahimə həsr olunmuş "Ölənlər evə qayıdırlar” kitablarını oxusanız həmin vaxtın ədəbi mənzərəsi bütün çalarlarıyla gözünüzün önündə canlanar.

 

- Bildiyim qədər "Poeziya Evi”nin rəsmi qeydiyyatdan neçə illər öncə də fəaliyyəti olub.

 

-Əlbəttə! Elə onu deyirdim... Vaqif İbrahimin rəhbərlik etdiyi dövr... Sonra Əşrəf Veysəllinin rəhbərliyi dövrü olub. Amma 1990-cı ildə Ə.Kərim adına Poeziya Klubu Sumqayıt şəhər Mədəniyyət şöbəsinin bir strukturu olaraq, ayrıca bina, avadanlıq və ştat vahidləri ilə təmin edilmiş bir müəssisə oldu.

 

-Dəbdəbəli ofisiniz var. Heç AYB-nin binası belə deyil. Bəlkə ofislərinizi dəyişəsiniz?

 

-"Poeziya Evi” indiki binaya yerləşincəyə qədər 7 dəfə köçkünlük həyatı yaşayıb. İlk dəfə simvolik olaraq S.Vurğun və C.Cabbarlı küçələrinin kəsişməsində yaradıldığı ofis istisna olmaqla, qalan yerlərdə çox ağır şəraitlərdə fəaliyyət göstərib. Zakir Fərəcov şəhərimizə rəhbər təyin ediləndən sonra isə tale bütün sumqayıtlılar kimi ədəbi mühitimizin də üzünə güldü. İndi yerləşdiyimiz zəngin bina Sumqayıt şəhər İcra Hakimiyyətin Başçısının sərəncamı ilə Poeziya Evinin istifadəsinə verildi. Həmçinin, Mədəniyyət Nazirliyinin Regional şöbəsi bizə hər işdə böyük dəstək verir. Bir dəfə AYB-nin sədri Anar müəllim qonağımız olanda dedi ki, sizin bina AYB-nin binasından da zəngindir. Bu cür fikirlər zaman-zaman xarici ölkələrdən olan yazar qonaqlarımız tərəfindən də səsləndirilib. Əlbəttə, bu cür münasibət biz sumqayıtlı yazarlarda qürur və fəxr hissi oyadır.

 

O ki, qaldı sənin təklifinə, bu məsələyə Bakıda və Sumqayıtda həmin təşkilatlara sizlər rəhbərlik edəndə baxarsınız. Hələlik bizim elə bir fikrimiz yoxdur. Hərənin yeri-yurdu özünə qismət olsun!

 

-"Necəsən, zalım”... Kütlə arasında bu şeirlə daha çox tanındınız. Halbuki, bu və digər seviləcək şeirləriniz əvvəl də vardı. Cəmiyyətimiz niyə şairi qiraətdən sonra sevir, qəbul edir. Olmaz ki, bütün bunlar öncədən olsun?

 

-Bilirsən, Emin əfəndi, bizdə, yəni bütövlükdə ölkəmizdə kitab oxumaq problemi yaşanır. Kitabın taleyi hələ ki, gətirmir bizdə. Kitab yayımı, kitab ticarəti, kitab reklamı arzuolunan halda deyil. Oxuculara seçim üçün gərəkli şərait yarada bilməmişik. Amma bir şeyi də qarışdırmayaq: bədii qiraətdən də çox şey asılıdı. Şeirdəki yaşantıları səslə birbaşa dinləyicilərin ruhuna, könlünə ötürmək olur. Əslində şairlərin də bu cür audio-video albomları hazırlanmalıdı. İndi oxucular oxuculuqdan dinləyiciliyə keçid edirlər. Onlara belə daha rahatdır.

 

-"Hamı bir körpüdən keçir” - ilk kitabınızın adı belədir. Eyni körpüdürsə bu qədər anlaşılmazlıq niyə? Bu qədər parçalanma, millətlər, irqlər niyə? Bəlkə fərqli körpülər var, siz səhv edirsiniz?

 

Elə məsələ də ondadır ki, bütün millətlər, irqlər, din-məzhəb, əqidə adına min yerə parçalananlar sonucda eyni körpüdən keçirlər. Bu HƏQİQƏT körpüsüdür. Həmin kitabım haqqında dəyərli tənqidçimiz Bəsti Əlibəyli yazmışdı ki; "Hamı bir körpüdən keçsə də, körpüdən hamı bir keçmir”. Mənə elə gəlir, bu cümlə mahiyyəti tam ifadə edir. Bu körpüdən hərə bir ömür içində toparlaya bildiyi öz yükü ilə keçir.

 

- Müxtəlif cərəyanlar var. Sizi isə daha çox milli şair kimi tanıyırlar.

 

-Cərəyanlar müxtəlif olsalar da ədəbiyyat mahiyyət etibarı ilə birdir. Əsl ədəbiyyata xidmət edən bütün cərəyanlara və onların nümayəndələrinə sayğı duyuram. Mən isə milliyətçiyəm, millətçi düşərgənin şairiyəm. Amma mənim milliyətçiliyim məni heç də bəşəri düşüncə və duyğulardan kənar tutmur. Mən həqiqətin hizmətçisiyəm. Bu gün mənim mənsub olduğum türk millətinin, vətəndaşı olduğum Azərbaycan ölkəsinin durumu məndən bunu tələb edir. Belə olan halda, milli duyğu və düşüncələrimin yazdıqlarıma yansıması da təbii haldı.

 

-Demək olar ki, hecada yazırsınız. Doğulduğunuz məkan da bu vəznə meyllidir. Amma "Poeziya Evi”nin adını daşıdığı Əli Kərim sərbəstin ustadlarından sayılır.

 

-Əli Kərim mənim ən çox sevdiyim şairlərdəndir. O, öz ruhu ilə XX əsr Azərbaycan poeziyasını qapsayanlardandır. Ə.Kərim hecada da yetərincə bir-birindən gözəl şeirlərə imza atıb. Bir də ki, Ə.Kərimin bütün sərbəst şeirlərində yenə də hecanın ritmi, ruhu və avazı var. O ki qaldı, mənim doğulduğum məkana, doğrudur, bizim şeirlərimiz əsasən saz üstə köklənib. Millilik bizim təkcə düşüncəmizdə yox, həm də canımızda, qanımızda, ruhumuzda, iliyimizdədir. Sənin də bildiyin kimi, mənim azdan-çoxdan saz çalmağım da var. Hətta, Qaraçöpdə bizim Estoniyada yaşayan çox böyük şairlərimizdən olan Xaqani Qayıblı ilə deyişib, onu bağlamışam. Ancaq yerliləri imkan vermədilər sazını alım. Bu azmış kimi qəlyanımı da girov saxladılar. Qərib aşığın günü belədi...

 

- Bəzi millilikdən danışanlar söyləyir ki, milli şair "hecaçı”olmalıdır. Sevdiyiniz , oxuduğunuz şairlər, istər Əli Kərim, istər Nazim Hikmət də, digərləri də "sərbəstçi”. Hərdən düşünürəm ki, ən yaxşı sərbəst şeirləri yazanlar heca şeirlərini oxuyub sevənlərdir. Eyni zamanda ən yaxşı heca şeirlərini yazanlarsa sərbəst şeirləri oxuyub sevənlərdir.

 

-Mən, ümumiyyətlə, bu cür qarşılaşdırmanın, müqayisənin əleyhinəyəm. Şeir gələndə öz ölçüsü, öz ritmi və qəlibi ilə gəlir şairə. Əgər şeir bir şairin qəlbinə sərbəst ritmlə gəlibsə, nəyinsə xətrinə götürüb onu heca qəlibinə salmamalıdı. Etsə də, sonucda uğursuzluqla qarşılaşar. Sənin yanaşman da çox maraqlı gəldi mənə. Məsələn; mən nasir deyiləm. Ancaq nəsr əsərlərini oxumağa daha çox üstünlük verirəm, nəinki şeir kitablarını. Çingiz Aytmatovun hekayələr kitabını tərcümə edəndə az qala vəcdə gəlirdim, həmin ovqatla xeyli şeirlərim yazıldı.

 

-Bir qardaşınız irfanı şair, digərisə məşhur aşıq. Maraqlı ailə tablosudur.

 

-Məhəmməd Astanbəyli çağdaş poeziyamızda ayrıca bir spektr xəttidir, məncə. Onun hecası da fərqli hecadı. Məhəmmədin şeirləri həm poetik yükü, həm də poetikasının rəngi ilə seçilir. Tənqidçilərimizdən V.Yusiflinin, R.Kamalın, N.Mustafanın, E.Akimovanın çox ilginc araşdırmaları var M.Astanbəylinin şeirləri ilə bağlı. Bəlli yaşı və ədəbiyyat yükü olsa da hələ də kitabı nəşr olunmayıb. Qardaşlığa qalanda isə, bircə onu deyə bilərəm ki, Məhəmməd körpəliyindən tamam fərqli biri olub. Hamıdan və hər kəsdən fərqli bir ömür sahibidir.

 

Aşıq İlhamı sən də yaxşı tanıyırsan. Doğma qardaşım olmasaydı daha çox tərifləyərdim. Sənətinə bütün varlığı ilə bağlı biridir. Saz onun üçün pirdir. Bacarığı isə ondadır ki, sazdan sirr qopara bilir və onu tamaşaçılarına eynən çatdıra bilir. Buna görə də sənətinə sayğı duyanların, onu sevənlərin sayı yetərincədir. Çağdaşlarından ən ciddi fərqi odur ki, sözə - şeirə qarşı çox tələbkar və həssasdır, duyğusaldır. Hər sözü saza qaldırmaz. Saz sinəsində olanda o, ayrı aləm olur, yenilməz birinə dönür.

 

- Sumqayıtın ədəbi mühiti, xüsusən orta və yaşlı nəsil daha mehribandır. Saflıq və təmizlik var. Bakıdasa belə deyil.

 

-Sumqayıtın ədəbi mühiti əvvəlindən belə olub. Bu gözəl ənənəni yaradanlardan dünyasını dəyişən şairlərimizə - Xasay Cahangirova, Vaqif İbrahimə, Gülbala Mehdiyə, Ağəddin Mansurzadəyə, Sabir Sarvana, Şaiq Vəliyə, Tofiq Məmmədə, Mir Sabirə rəhmət diləyir, bizimlə birlikdə olanlara – Əşrəf Veysəlliyə, Ofelya Babayevaya, Məmməd Namaza, Rafiq Yusifoğluna, Məmməd İlqara, Zirəddin Qafarlıya, ədəbi mühitimizin inkişafında əməyi keçən hər kəsə möhkəm cansağlığı arzu edirəm. Bu mehribanlığın təməlini onlar qoyublar. Arzu edərdim ki, bütövlükdə Azərbaycan ədəbi mühiti saflıq, dürüstlük və halallıq mücəssəməsinə dönsün. O cümlədən Bakı mühiti. Bakı ölkəmizin paytaxtıdır, qəlbimiz onunla döyünür. Qəlbimizi qoruyaq və saf saxlayaq, gərək.

 

-Sumqayıt gəncliyinin bir-birinə münasibəti haqqındasa təəssüf ki, bu sözü söyləyə bilmərəm.

 

-Əgər belədirsə, buna çox təəssüf edirəm. Əlbəttə, indiki gənclərin dünyagörüşləri, həyata baxışları, ədəbiyyata münasibətləri bizdən xeyli fərqlidir. İndi virtual ünsiyyət, üzbəsurət ünsiyyəti üstələyib. İstənilən halda virtual tanışlıq fərdi tanışlıq deyil axı. Səmimiyyət sərgiləmək problemi yaşanır virtualda. Öyüd, nəsihət vermək fikrindən tamam uzağam. Amma, hər halda, dünyanın düzənində, xüsusən ədəbiyyat alanında min illərdir davam edən ortaq ənənələr var. Hərdən oralara boylansanız ,belə olmaz. Sənin də köməkliyinlə "Dəniz” Gənclər Ədəbi Birliyinə yeni nəfəs verdiniz. fəaliyyətə başladınız. Uğurlar diləyirəm! Bütün işlərinizi bir-birinizə sevgi üzərində qurun.

 

-Ədəbi mühitdə bu qədər aktiv, tanınan, qəbul olunan şairlərinin olmasına baxmayaraq məncə Sumqayıtdan bir xalq şairi, xalq yazıçısı yoxdur.

 

-Xalq Şairi, Xalq Yazıçısı məsələsi bir az başqa məsələdir. Olması da mütləq bir hal deyil. Əlbəttə, olsa bununla ancaq fəxr edərdik. Yeri gəlmişkən onu da deyim ki, məsələn; Xalq Şairi Vahid Əziz Sumqayıt ədəbi mühitinin yetirməsidir. Sumqayıtda Prezidentin Fərdi Təqaüdçüləri olan Əşrəf Veysəlli, Ofelya Babayeva kimi şairlərimiz yaşayır. Ölkə başçısının sərəncamları ilə "Əməkdar mədəniyyət işçisi”, "Əməkdar jurnalist” fəxri adlarına layiq görülmüş, müxtəlif orden-medallarla təltif olunmuş qələm adamlarımız var. Siz gənclər möhkəm arzu etsəniz gələcəkdə Sumqayıtda Xalq Şairini də görərsiniz.

 

-Daha çox gənclərlə görünürsünüz. Onların sevgisini anladım, bəs, İbrahim İlyaslının onlarla görünmə səbəbi nədir? Özünü gənc hiss etmək, ya?

 

-Gəncləri öyrənmək, onların duyğu və düşüncələrini bilmək, öz gəncliyimlə müqayisə etmək istəyi məni heç vaxt tərk etmir. Həm bu maraq, həm də içimdə baş qaldıran yardımçı olmaq, onlara nədəsə kömək etmək hissi məni gənclərə yaxın olmağa sövq edir. Sən dediyin hiss də yəqin ki, xali deyil. Sadəcə adam boynuna almaq istəmir. Həm də gənclər adama daha xoş sözlər deyirlər, tərifləyirlər... Bunu kim istəməz...

 

-Şeirlərinizə, açıqlamalarınıza görə bu sualı verməli oluram:Böyük Azərbaycan, yoxsa Turan?

 

-TURAN, əlbəttə! Amma bizim coğrafiyanın türkləri üçün Turana qovuşmaq həm də bütöv Azərbaycandan keçir. Bizim coğrafiya zaman-zaman çox mürəkkəb və bizim üçün çox üzücü geosiyasi bir hala gətirilib. Dəmir qapı Dərbənd, Borçalı, Göyçə, Zəngəzur, Qarabağ, nəhayət Təbriz... Bunları düşünəndə iliyimə işləyən bir göynərti duyuram canımda. Hələ çox imtahanlar gözləyir bizi qarşıda. Ancaq Turana dəli bir ümidim və gümanım var. Ancaq onu da yəqin bilirəm ki, bu istəyin oluşması üçün Türk dünyasının siyasi liderləri ilə bərabər aydınlarımız, ədiblərimiz, alimlərimiz, incəsənət xadimlərimiz durmadan çalışmalıdırlar. Ulu əcdadlarımızın fəth etdikləri böyük mədəniyyəti və coğrafiyanı dünyanın çağdaş düzəninə nisbət birləşdirməliyik. Bu mənim həyat amalımdır!

 

- "Dosta yalan danış, yara yalan de”. Nə vaxtdan bu qənaətə gəldiniz və ya həqiqət çoxmu çirkindir?

 

-Həqiqət heç vaxt çirkin olmayıb və ola da bilməz. Həqiqət göz tökəcək qədər parlaqdır. Buna hər göz tap gətirməz....

 

-"Mən ömür sürmədim-vaxtdı, uzatdım”. Yeddi il öncə yazmısınız. Yenə də uzadırsınız, yoxsa bu yeddi ildə fikrinizi dəyişdiniz?

 

-Hə... 50 yaşımın şeiridir. Bu bir ömrün adıdır. Adam adını dəyişməz ki... Bundan əvvəl: "Özüm çağıracam son anlarımda, O nida qeyibdən gələndə gəl çıx” yazmışdım. Uca Tanrının lütfünə və mərhəmətinə sığınıb gözləyirəm.

 

-Uzun illərdir həm də tərcümə ilə məşğul olursunuz.

 

-Düzünü deyim, mən tərcüməçiliyə dolanışıq naminə, qonorar üçün başlamışam. Əvvəlcə "Qələm” Nəşrlər Evinin sifarişi ilə Türkiyə türkcəsindən kitablar uyğulamağa başladım. Naşirlər və redaktorlar bu işin məndə yaxşı alındığını söylədilər və bundan sonra davamlı şəkildə məşğul olmağa başladım. Ədəbi əlaqələrim genişləndikcə rus dilindən də şeirlər tərcümə etməyə qərar verdim. Peşəkar tərcüməçiliyə gəlməyimə səbəb isə Türk dünyasının ən böyük yazıçısı bildiyim Çingiz Aytmatovun "Qırmızı alma” hekayəsini tərcümə etmək istəyim səbəb oldu. Hekayəni tərcümə edəndən sonra "Altun Kitab” nəşriyyatının direktoru Rafiq İsmayılıovun təklifi ilə "Hekayə Ustaları” seriyasından Çingiz Aytmatovun bütün hekayələrini tərcümə etdim(Təranə Quliyeva ilə birlikdə) və kitab nəşr olundu. Qırğızıstanın Bakı böyükelçiliyi kitabın yüksək səviyyədə təqdimatını keçirdi. Nəsrimizin nəhənglərindən olan Anar, akademik Nizami Cəfərov, professor Rüstəm Kamal təqdimatda iştirak etdilər və tərcümələrim barədə xoş sözlər söylədilər. Sonra Beynəlxalq Mahmud Kaşqari Fondunun təklifi ilə Fondun direktoru, görkəmli şairimiz Elxan Zal Qaraxanlı ilə birlikdə Qazaxstanın eks-prezidenti və milli lideri Nursulatan Nazarbayevin "Avrasiyanın ürəyində” kitabını tərcümə etdik. Bu kitab da oxucular və siyasi dairələr tərəfindən rəğbətlə qarşılandı. DGTYB-nin təklifi ilə çağdaş Qazaxstan, Özbəkistan, Qırğızıstan və Rusiya Federsiyası şairlərinin şeirlərinin antologiya şəklində nəşrə hazırlanmasında tərcüməçi olaraq yaxından iştirak etdim. Keçən ilin aprelində isə Moskvada M.Tereza adına Dövlət Linqvistika İnstitutunda "Azərbaycan-Rusiya ədəbi əlaqələrinin çağdaş durumu” mövzusunda məruzə ilə çıxış etdim. Dünya ədəbi arealına inteqrasiya etməyimiz ədəbiyyatımızın təbliği üçün taleyüklü bir məsələdir. Arada öz istəyimlə, bəyəndiyim və seçdiyim, qazax, qırğız, rus, krım-tatar, fransız şair və yazıçılarının da əsərlərinə müraciət etdim. Sadalasam uzun çəkər. Hazırda isə Qazaxların ən böyük şairi, klassiki ABAYın şeir və poemalarını tərcümə etməklə məşğulam. İş son mərhələdədir. Bu kitabı da Mahmud Kaşqari Fondu nəşrə hazırlayır. Kitabı Elxan Zal Qaraxanlının rəhbərliyi və Türkiyənin tanınmış nasiri və şairi İmdat Avşarla birlikdə başa gətirdik. Qarşıda isə bu yöndə hələ görüləcək çox işlər var...

 

-Poeziya evinə nə vaxt gəlirik, çay təklif edirsiniz. Şair də şairə çay təklif edər?

 

-Bax, bu yerdə əsl həqiqəti dilə gətirsəm işlər korlanar. İndi bildinmi, "dosta yalan danış...” hardan və nədən qaynaqlanır?.. Həm də unutma ki, dünyada hələ indiyəcən çaydan daha yaxşı içki icad edilməyib. Müsahibə qəzetdə çıxanda gəl Poeziya Evində müxtəlif çeşidli çaylardan içək. Limon, mürəbbə və konfet də olacaq. Müsahibənin müqabilində mənə çatacaq qonorarı isə səninlə birlikdə ən bərkgedən restoranda xərcləyərik. İstəsən, dostlarını da dəvət edərsən...

 

Yaxındasan deyə səndən bir xahiş də eləyim: Sayın millət vəkilimiz Aqil Abbası deputat seçilməsi münasibəti ilə mənim adımdan da təbrik elə! İradə xanım Tuncaya salam söylə!

 

Söhbətləşdi: Emin Piri

Ədalət.- 2020.- 11 aprel.- S.14.