Borçalıdan
başlayan yol
Bizim
tərəflərdə xeyirxah əməl sahibi olan bir şəxsdən
söz düşəndə : "O, sağlığında
özünə rəhmət qazandırmış
insandır!” – deyərdilər. Sağlığında
minlərlə insana yaxşılıqları keçən,
böyüklə-böyük, uşaqla-uşaq "dilində”
danışmağı bacaran və son nəfəsinə kim vətənə,
el-obaya, dost-tanışlarına sədaqətli olan rəhmətlik
Məhəbbət müəllim – Qarabağlı Məhəbbət
İsmayıl oğlu da ürəklərdə
yaşayıb, zaman-zaman xatırlanmaq haqqını elə ilk
gənclik illərindən qazanmışdı.
Mənim fikrimcə Məhəbbət müəllimi
insanlara sevdirən sadəliyi, səmimiyyəti,
ayrı-ayrı məsul vəzifələrdə işləyərkən
üzə çıxan təşkilatçılıq
qabiliyyəti və ən əsası isə
insaflı-mürvətli Allar adamı olması idi.
Kasıblığın-səfalətin hər üzünə
erkən yaşlarından bələd idi. Atası
İsmayılın İkinci Cahan Savaşından "qara
kağızı” gələndən sonra, anasının
keçirdiyi iztirabları hərdən dilinə gətirəndə
çöhrəsi bulud kimi qaralırdı...
Qədim oğuz elimiz
Borçalıdan pərvazlanan, o vaxtkı Azərbaycan
Dövlət Pedaqoji İnstitunun (indiki ADPU) tarix-filologiya
fakültəsini bitirib təyinatla Mingəçevirə gəlmişdi.
Əvvəlcə ixtisası üzrə orta məktəb
müəllimi, sonra isə məktəb direktoru, şəhər
təhsil şöbəsinin müdiri vəzifələrində
işləmişdi. Sanrakı illərdə
biliyi-savadı və təşkilatçılıq qabiliyyəti
sayəsində fərqlənən bu müdrik insan 1985-ci ildə
əvvəlcə şəhər XDS-nin birinci müavini,
1990-cı ildən 1995-ci ilin sonlarına kimi də şəhər
sovetinin sədri vəzifələrində işləmişdi...
Məhəbbət müəllimlə
tanışlığım 1993-cü ilin noyabr ayının 10-da
məcburi köçkün kimi Mingəçevirə gəlişimdən
üç-dörd ay sonra başlamışdı. Yerli "Səda”
adlı şəhər qəzetində şöbə
redaktoru kimi işə düzəlməyim şəhərin ədəbi
aləmi və ziyalıları ilə bağli bilgilərimi
gündən-günə artırmaqda idi. O
vaxtlar Məhəbbət Qarabağlının adı
çoxlarının dilindən düşmürdü.
Öyrənmişdim ki, həmin vaxtlarda artıq səlahiyyətsiz
bir quruma çevrilməkdə olan şəhər sovetinə
rəhbərlik edir. Şəhər miqyaslı tədbirlərdə
də az-az gözə çarpırdı. Bir-birimizi üzdən
tanısaq da elə bir yaxınlığımız yox
idi, sadəcə olaraq rastlaşanda salamlaşıb
keçirdik. Ancaq çoxlarının ondan ehtiram hissiylə
tez-tez söhbət açdıqlarının şahidi idim.
Deyirdilər ki, məsul vəzifələrdə işləsə
də "qara camaatla” səmimi ünsiyyəti olub, söz sərrafıdır,
sənət aləminə, istedadlı qələm sahiblərinə
böyük sevgisi var...
Aradan bir müddət keçəndən sonra
şəhər sovetinin fəaliyyəti yerli-dibli
dayandırıldı və bundan sonra eşitdim ki o, təklif
olunan bir neçə məsul vəzifədən imtina edərək
Bakıya köçüb gedib...
Adi günlərdən birində, 1999-cu il iyun
ayının 28-də çoxları kimi mən də Məhəbbət
Qarabağlının Mingəçevir şəhər
İcra Hakimiyyətinin başçısı təyin edilməsindən
xəbər tutdum. Həmin vaxtlarda şəhər
rəhbəri kimi müxtəlif təbəqələrdən
olan insanlarla söhbətləşib problemlərdan halı
olandan sonra məcburi köçkün rayonlarının səlahiyyətli
nümayəndələri ilə də görüş
keçirdi. Mən özüm də o
vaxtlar Cəbrayıl rayon İH-nin Mingəçevirdə
ictimai əsaslarla fəaliyyət göstərən səlahiyyıtli
nümayəndəsi qismində (elə indinin özündə
də) görüşə qatılmışdım.
Çıxış edərkən məcburi
köçkünlərin üzləşdikləri bir
sıra məsələləri dilə gətirəndən
sonra, Azərbaycan Yazıçılar Birliyinin şəhərdə
filialının açılması zərurətindən də
söz açdım. Üzümə təbəssümlə
baxaraq dedi:
-Bizim şəhərdə AYB üzvləri
varmı?
-Yox, hələ ki bircə mənəm?
-İndiyə kimi neçə kitabın nəşr
olunub?
-On bir. Kitablarımın dördü
1980-1990-cı illər aralığında tematik plana əsasən
"Gənclik” və "Yazıçı” nəşriyyarlarında
çap olunub.
- Filialın açılması ilə
bağlı AYB rəhbərliyinin razılığı
varmı?
-Bəli, həm Anar müəllimin, həm də
Fikrət Qocanın xeyir-dualarını iki il qabaq
almışam.
-Bəs indiyə kimi niyə bu məsələ
həll olunmayıb?
-Mən vəzifədən gedən adamın
dalısınca daş atanlardan deyiləm, ancaq sizdən
qabaqkı şəhər rəhbərinə bu barədə
məlumat verəndə (yazımın bu məqamında həmin
şəxsin adını çəkib, onu şərəfləndirmək
istəmirəm) o, : "Qardaş, bu məsələni
gəl, qatlayıb qırağa qoyaq, yoxsa gəlib-gedənlərin
ucbatından başımızı itirərik-deyərək
yaxasını qırağa çəkmişdi...
-Yox, İsmayıl, filialın
açılmasını ləngitmək olmaz, gəl, belə
eləyək, sən axşam İH-nin adından bir məktub
hazırlayıb gətir, sonrası mənim boynuma...
Borçalıdan başlayan yol - İsmayıl
İmanzadə yazırMəhəbbət Qarabağlı
Ertəsi gün tezdən məktubu şəhər
İH-nin bir işçisinə verib geri qayıtdım. Bir həftədən sonra eşitdim ki, Məhəbbət
müəllim şəhərdə mövcud olan problemlərin
həlli ilə bağlı pespublikamızın
ayrı-ayrı məsul şəxsləri ilə
görüşəndən sonra Azərbaycan
Yazıçılar Birliyinə gedərək, Anar müəllimlə
də bu barədə söhbətləşib.
Yeri gəlmişkən deyim ki, hörmətli
Anar müəllim sonralar çıxışlarının
birində bu hadisəylə bağlı demişdi ki: "Mən
indiyə qədər bir çox nazir, komitə sədri,
şəhər və rayon rəhbərləri ilə
görüşmüş, bəziləri ilə süfrə
başında duz-çörək kəsmişəm. Məhəbbət
müəllim yeganə şəxsdir ki, o AYB-yə gəlib mənimlə
iş yerimdə görüşərək, Mingəçevirdə
açacağımız filiala dəstək verməyə
hazır olduğunu bildirib...”
İki-üç gündən
sonra Məhəbbət müəllim o vaxtlar İH-də
şöbə müdiri işləyən İlham
İsmayılovu (hazırda şəhər rəhbəridir)
filial üçün ayrılan otağın təmir edilməsi
işlərinə rəhbərlik etməyi
tapşırdı. 1999-cu il oktyabr ayının 23-də AYB rəhbərliyində təmsil olunan Anarın, Fikrət
Qocanın, şəhər rəhbəri Məhəbbət
Qarabağlının və şəhər ictimaiyyəti
nümayəndələrinin iştirakı ilə AYB Mingəçevir
bölməsinin geniş şəkildə təqdimat mərasimi
keçirildi. Həmin tədbirdə Anar
müəllim mənim istəyimlə ədəbiyyatşünas
Rüstəm Kamala (Rüstəm müəllim o vaxtlar şəhərdəki
özəl ali təhsil ocağında dekan idi) və Bəsti
Bərdəliyə AYB-nin üzvlük vəsiqələrini təqdim
edərək, yerli yazarlara uğurlar arzuladı...
AYB-nin Mingəçevir bölməsinin
fəaliyyətə başlaması şəhərin, o
cümlədən yerli və məcburi köçkün
yazarların həyatında əlamətdar hadisə kimi iz
saldı. Görkəmli alim dostum Rüstəm Kamalın mənim
ötən ilin sonlarına yaxın "Mütərcim” nəşriyatında
işıq üzü görən "Seçilmiş Əsərləri”min
I cildində yer alan "Ön söz”ündə qeyd elədiyi
kimi: "Yerli yazarlarla bərabər, üzü
Yevlaxdan, Ağdaşdan, Şəkidən belə, Mingəçevirdə
məskunlaşmış qaçqın-köçkünlər
içindən ilhamı-təbi olanları da axtarıb
tapdıq və tədricən bu "ruslaşmış” sovet
şəhərini... şeir məkanına çevirməyə
başladıq”...
Məhəbbət
Qarabağlı Mingəçevirə rəhbərlik etdiyi illər
ərzində elə bir yubiley, poeziya gecəsi və kitab təqdimatı
mərasimi olmurdu ki, bizim tədbirlərdə iştirak etməsin.
Özü də o vaxtlar şəhər rəhbərinin
birinci müavini vəzifəsində işləyən,
sözün əsil mənasında yüksək
intellekt, ədəb-ərkan və söz-sənət aləminə,
istedadlı qələm sahiblərinə böyük sevgisi ilə
hamımızın ehtiramını qazanan Ramiz
Göyüşovla birlikdə...
Yaxşı yadımdadır,
2000-ci il aprel ayının 29-da ölkə Prezidenti görkəmli
sənətkar Rəsul Rzanın 90 illik yubileyinin keçirilməsi
haqqında sərəncam imzalayandan sonra Məhəbbət
müəllim məni yanına çağırıb bir
sıra təkliflər irəli sürərək: "Rəsul
Rza böyük sənət adamıdır, gərək onun
yubileyini adımıza layiq tərzdə təşkil edək!”
- dedi. Xeyli hazırlıq işlərindən sonra, oktyabr
ayının 9-da əvvəlcə sənətkarın
adını daşıyan küçədəki baralefin
açılışı, axşamüstü isə dövlət
dram teatrında yubiley gecəsi keçirildi. Yubiley
gecəsinin aparıcısı olduğuma görə demirəm,
sözlü-nəğməli tədbir çox yüksək
səviyyədə hazırlandığından, sonrakı
günlərdə hamı ondan ağız dolusu
danışır, Məhəbbət müəllimlə mənim
ünvanıma xoş sözlər deyirdilər. Həmin yubiley gecəsində bir neçə qonaqla
birlikdə iştirak və çıxış edən
yübiliyarın övladı Anar müəllim həm
oradakı çıxışında, həm də ertəsi
gün yola düşməzdən qabaq hamımıza,- təbiidir
ki, ilk növbədə Məhəbbət müəllimə
- təşəkkürünü bildirdi. Anarın
2002-ci ildə "Nurlan” nəşriyatında nəşr
olunan "Mübarizə bu gün də var” adlı
kitabının 496-cı səhifəsində bu məmnunluq
hissi aşağıdakı sətirlərdə də öz əksini
tapıb: "... Mingəçevirin icra
başçısı Məhəbbət Qarabağlı bu
şəhərdə də bir yubiley təşkilat komitəsi
yaratmış, şairin adını daşıyan
küçədə onun baraliyefini vurdurmuş və bu
gözəl şəhərdə Rəsul Rzanın adına
layiq gecənin keçirilməsi üçün böyük
səy göstərmişdir. Məhəbbət müəllimə
dərin minnətdarlığımı bildirmək istəyərdim...”
Məhəbbət
Qarabağlı hər şeydən qabaq bir insan kimi sadə-səmimi
və qayğıkeş idi. Şəhərə rəhbərlik
etdiyi illərdə heç kim onun mühafizəçinin
müşaiyyəti ilə hansısa tədbirə getdiyinin
şahidi olmamışdı. Qapısı hamının
üzünə açıq idi. Bəzən
elə küçədə də kim istəydi, elə ordaca
maşını saxladıb, onunla görüşür, həmin
şəxsi narahat edən müşkül bir məsələni
əlüstü həll etməyə
çalışırdı. İş yerində də həmişə
qapısı hamının üzünə açıq idi...
Onun ürəyi yumşaqlığından
istifadə edənlər də az deyildi. Xüsusiylə,
yaltaqlığa öyrənicli adamlar ilk sıralarda gəlirdi.
Bir dəfə mənə dedi ki: "İsmayıl, elə
bilirsən mən bu dəyyusları
yaxşı tanımıram! Yox, tanıyiram,
sadəcə olaraq xətirlərinə dəymək istəmirəm.
Atalar demişkən, milçək şirəyə qonar
da...”
Mənimlə bağlı bir deyimi də
yaxşı yanımdadır: "Bu qədər
duz-çörək kəsmişik, özün bilirsən ki,
xətrini çox istəyirəm, niyə bircə yol
özünlə, ailənlə bağlı məndən bir
istəyin olmayıb”. Minnətdarlığımı bildirib
dedim ki: "Məhəbbət müəllim, səmimiyyətinizə
inanıram, ancaq belə məsələlər mənim "dəftərimdə”
yer almayıb. Üzümə baxaraq təbəssümlə:
"Heç elə bil zəmanə adamı deyilsən!” -
dedi.
Ancaq bununla bərabər onun
qayğısını, ehtiramını və yurd niskilimə
ortaq olduğunu həmişə hiss edirdim. "2000-ci ilin mart
ayında ömür-gün yoldaşı Dilbər xanım və
atasının adını daşıyan nəvəsi ilə
birlikdə qızımın toyuna gəlib xeir-dualarını
verdi. 2003-cü ilin fevral ayında isə Biləsuvarda
dünyasını dəyişən anamın Mingəçevirdə
keçirdiyim "adna”sınnda iştirak etməklə ailə
üzvlərimin dərdinə şərik olduğunu
nümayiş etdirdi.
Anar müəllimlə Fikrət
Qocanın hər dəfə yolu Mingəçevirə
yolları düşəndə hər ikisi ilə birlikdə
yerli yazarlarla görüşməyi özünə borc
bilirdi. 2001-2002-ci ilər aralığında AYB Mingəçevir
bölməsinin xəttiylə nəşr etdirdiyimiz
"İnam” qəzetinə mənəvi dəstək verdi, mənim
məktubla müraciətimə əsasən
köçkün şair Elşən Əzimin məskunlaşdığı
keçmiş troleybus idarəsində ona əlavə bir otaq
verilməsinə yardımçı oldu. Şair həmkarlarım
Zahid Kədər və Museyib Eloğlunun ilk şeir
kitablarını öz şəxsi vəsaiti hesabına nəşr
etdirdi...
Məhəbbət
Qarabağlı 2005-ci ildə şəhər rəhbərliyindən
azad edilərək, Bakı şəhər Baş Təhsil
İdarəsinin rəisi vəzifəsinə təyin ediləndən
sonra, ayrı-ayrı vaxtlarda Mingəçevirə
başçı qismində gələnlərin (Mübariz
Ağayev və hələ ki, hazırkı şəhər
rəhbəri İlham İsmayılov istisna
olmaqla) heç biri nəyin ki, yerli yazarlarla
görüşdülər, əksinə bəzi məsələlərdə
qarşımızda sünü maniələr yaratmağa da
meyilli oldular. Belə məqamlardan birində publika
önündə: "Ay Məhəbbət Qarabağlı, ay
Ramiz Göyüşov, indi sizi necə tapıb gətirək
ki, bu nadanlara söz aləminə dəstək verməyin
savab iş olduğunu anlada biləsiniz” - deyib təəssüf
hissimi gizlədə bilmədim...
Məni tanıyanlar və ədəbi
yaradıcılığıma az-çox bələd olanlar
bilirlər ki, yüksək səlahiyyət sahiblərinə
şeir ithaf edənlərdən deyiləm, olsa-olsa beş-on nəfər
şəhid və istedadlı hesab etdiyim qələm
dostlarım barədə şeir yazmışam. Məhəbbət
Qarabağlı yeganə yüksək səlahiyyət sahibidir
ki, ona bir vaxtlar yazdığım şeirimə görə
heç vaxt peşimançılıq hissi keçirməmişəm...
Məhəbbət müəllim
sonuncu dəfə Bakıya köçüb gedəndən
sonra adətən əlamətdar günlərdə zəngləşib
hal-əhval tutmazdan qabaq bu şeirin ilk misrasını ya o, ya
da mən dilə gətirəndən sonra dərdləşərdik.
Çoxlarının-elə mənim özümün də
- Tanrının sevimli bəndəsi hesab etdiyimiz Məhəbbət
Qarabağlının illər öncəsi Borçalıdan
başlayan ömür yolu 24 dekabr 2017-ci ilin soyuq bir
qış günündə Bakıda sona çatdı.
İllər öncəsi ölkəmizdə
ilk dəfə Mingəçevirdə qoyulan "Ana dili” abidəsi
və şəhərin "Şəhidlər Xiyabanı”nda
ucaldılan "Azərbaycanlıların Soyqırım” abidə
kompleksi” Məhəbbət müəllimin şəxsi təşəbbüsü
və zəhməti sayəsində ən qiymətli sənət
əsərləri kimi dəyər qazanmışdır.
O, ən azından məhz bu möhtəşəm abidələrə
görə də həmişə minnətdarlıq hissiylə
xatırlanacaqdır...
Sonda istəkli mərhum dostuma Ulu
Tanrıdan qəni-qəni rəhmət diləməklə,
sağlığında onun könül dünyasından bəhs
etdiyim şeirimi Məhəbbət Qarabağlının ruhuna
ehtiram hissi bəsləyənlərə təqdim edirəm.
ÜRƏYİMDƏSƏN
(Sözə-sənətə dəyər
verən unudulmaz
sirdaşım Məhəbbət
Qarabağlıya)
Qardaşım Məhəbbət, ürəyimdəsən,
Ən şirin arzumda-diləyimdəsən.
Bilirəm dağ kimi kürəyimdəsən,
Yoxdur sədaqətdə əvəzin sənin.
Vətəndən - Vətənə
köçüb gəlmisən,
Nisgilin içindən keçib gəlmisən.
Dirilik suyumu içib gəlmisən,
Nə avazın itər, nə səsin sənin?
Tanrı duaları gəzir dilində,
Mənasız keçməyib bircə ilin də.
Bir mahir
bağbansan, Kür sahilində,
Gül-çiçək bitirib həvəsin sənin.
Adınla
öyünür Araz da, Kür də,
İsmayıl
dost tapmaz sənintək bir də.
Hamı
yaxşı bilir, Mingəçevirdə,
İsidir elləri nəfəsin sənin.
İmamzadə
İsmayıl
Ədalət.- 2020.-
16 aprel.- S.6.