“YALQUZAĞIN ULARTISI”
Dostum
Səyavuş Yusifova içdən gələn bir məktub
Öncədən deyim ki, Səyavuş
Qubadlıda doğulub
- Aşağı Mollu
kəndində. Və
bizi bir-birimizə öncə yurd həsrəti bağlayır.
İkimiz də, vətənsizliyin, qaçqınlığın
həm acısını,
həm üz qarasını yaşayırıq.
Bizdən asılı
olmayan səbəblərdən
boynumuza yüklənmiş
həmin o "qaçqın”
sözünün ağırlığı
altında ömür
çürüdürük, ürəyi param-parça
edirik.
Səyavuşla mən həm də bir-birimizə qohumluq əlaqələri
ilə də bağlıyıq. Ona görə də həm bir-birimizdən, həm də bir-birimizin söz-söhbətindən
xəbərdarıq. Və
mən onun iç dünyasına, ürəyinə bələd
olduğumdan bilirəm
ki, Səyavuş heç yerdə, heç zaman özünə şair deyilməsinə imkan vermir, nə də özünü şair hesab eləmir. Sadəcə, ruh adamıdı. Ürəyi atlananda, xəyalı qanadlananda, xatirələri onu özündən alıb aparanda, təsəllini sözdə tapır, vərəqdə, qələmdə
özünü rahatlamağa
çalışır. Və
beləcə, onun pıçıltıları şeirə
çevrilir. Özü
də səmimi duyğuların, xatirələrin
və arzuların şeirinə...
Bəli, görüşlərimizin birində dəyərli şair dostum Xanəmirdən eşitdim
ki, Səyavuşun bir kitabı çapa hazırlanır,
özü də dostların təkidilə.
Bu xəbəri eşitdiyim zamandan vəziyyət elə gətirdi ki, nə Xanəmirlə, nə də Səyavuşla görüşə
bilmədim. Amma internet paylaşmalarımızdan
anladım ki, həmin kitab işıq üzü görüb. Təbii ki, bir dost,
bir qohum kimi o kitabın mənim də rəfimdə olmasını
içimdən xoş
istək kimi keçirdim.
Görünür, elə bu istəyin
çin olması Allahın da xoşuna gəldi. Və elə bu günlərdə, yəni hamının evdə qaldığı bir məqamda zərurətdən yaranan
bir işlə bağlı evdən bayıra çıxmışdım.
Masazırda magistral yola
yaxın bir ərazidə yaşadığımdan
qəflətən yanımda
bir maşın dayandı. İşlə
əlaqədar evdən
çıxmış Səyavuşu
görəndə həqiqətən
sevindim. Çünki
belə ağrılı
günlərdə görüşmək
və arzuladığın
adamlarla bir araya gəlmək həqiqətən xoşdu. Atüstü də olsa hal-əhval
tutduq. Elə həmin o məqamdan istifadə edib Səyavuşu kitabına görə, təbrik etdim və kitabı
nə vaxt əldə edəcəyimi
də soruşdum. Gülə-gülə dedi
ki:
- Bəxtin gətirib,
maşında kitabdan bir nüsxə var.
Mən dərhal
"kitabı aftoqrafınla
mənə bağışla”
– dedim. O da "Əziz qardaşım Əbülfətə xoş
arzularla” yazıb
"Yalquzağın ulartısı”nı
mənə bağışladı.
Açığını
deyim ki, kitabın tərtibatı çox qəribədi. Həm nəsil xatirəsinə, həm ailə albomuna, həm də şeirlərə yer ayrılıb burda. Oxuduqca Səyavuşun doğulduğu ailənin kimlyii, hardan-hara gəldiyi bəlli olur adama. Üstəlik,
Qubadlının, Aşağı
Mollu kəndinin də mənzərəsi canlanır göz önündə. Şəkilləri
gözdən keçirirəm.
Burada tanış üzlər, doğma baxışlar adama dünəni nağıl kimi danışır. Şeirləri oxuyuram. Hərəsi bir ovqatın bəhrəsidi.
Və ən vacibi odur ki,
bu şeilərin hamısı Səyavuşun
torpağa, ailəyə,
dostlara, Azərbaycana,
xüsusilə səngərdəki
əsgərlərimizə və
doğulduğu Qubadlıya
böyük həsrətin,
böyük sevginin ifadələridir. Yəni birmənalı
şəkildə demək
olar ki, Səyavuşun şeirlərində
bir nur nisgilli,
vətən həsrətli
övladın bir qaçqınlıq həyatı
yaşayır, bir düşmən çəpəri
olmaq amacıyla dünyaya gəlmiş oğulun döyüş ruhu var. Yəni o, şeirlərinin
mayasını qisasdan
götürüb. İstəyi,
arzusu Qubadlıya, işğal olunmuş torpaqlarımıza qayıtmaq,
xatirələrini gerçəyə
çevirməkdi. O, yazır:
Sərin-sərin hava dəyir üzümə,
"Top daşlardan”
aşdım "Yazı
düzünə”.
Qoyun-quzu qaçır,
girir üzümə,
Ala yonca
qalxıb çatır
dizimə.
Qoruyuram sürüləri
zəmidən,
Haylayıram "Yükaşandan” keçirdəm,
"Gav yerindən”
vələmirdən, xəzəldən,
"Qaravunda” qoyunları yedirdəm.
Bu şeiri
bir neçə dəfə oxudum. Və mənə elə gəldi ki, Aşağı Mollu kəndindəki bütün bəlli yerləri gəzib qayıtdım. Özü
də şeirin sonunda Səyavuşun dediyi kimi, darıxdım
o yerlər üçün.
Və darıxdığım
kimi də qayıdacağımıza da
inandım. Doğrudur,
Səyavuş başqa
bir şeirində yazır ki:
Səyavuşam, bəxtim qara,
Vətənsiz, elsiz biçarə,
Yazdıqlarım çatmır yara,
Fələyimin üzü məndən
Elə döndü,
elə döndü.
Mən Səyavuşu
yaxşı başa düşürəm. Onun
yaşantısı mənim
də hər anımın göstəricisidir.
Amma bu üzüqara
bəxtin ağ günə çıxacağına
da inanıram. Və içimdə bir əminlik var ki, fələyin üz döndərməsinə
baxmayaraq, Tanrı - Böyük Yaradan haqqın zəfərində
bizə yardımçı
olacaqdı. Axı, bizim dərdimizin dərmanı doğulduğumuz
yurd, həsrətini çəkdiyimiz o müqəddəs
yerlərdi. Biz kökündən qoparılmış
ağaclar kimi sarala-sarala, yarpaq-yarpaq quruyuruq. Bunun nə demək olduğunu bizdən yaxşı kimsə duya bilməz.
Səyavuşun sevgi şeirlərində də səmimiyyət hakimdi. O yazır ki:
Deyirsən bağışla,
nə deyim axı?
İnsan öz canından incik düşırmi?
Halallıq istədim, nə halallığı?
Özünə halallıq kimsə verərmi?
Səni
özüm bildim bu günə kimi,
Səninlə sevindim, səninlə güldüm.
Bu cahan dar gəldi,
bir qəfəs kimi,
Sənsiz keçirdiyim həsrətdir
ömrüm.
Deyirsən, bağışla, nə bağışlayım?
Özümdən dəyərli bəxşiş
olarmı?
Soruşdum xoşbəxtsən? Nə bilim, axı...
Sevgini görmədən
ölmək olarmı?
Mənə elə gəlir
ki, bu şeiri
bütünlüklə oxuyan
hər kəs özünün öz ruhuyla, öz iç dünyasıyla baş-başa qalmağın,
həmsöhbət olmağın
yaxşı bir nümunəsilə tanış olacaq. Və hətta ola bilər
ki, bu şeirin
təsiriylə kimsə
duyğulanıb öz
xatirələrinin qapısını
döysün. Səyavuş
başqa bir şeirində yazıb ki:
Bəsdi
bu yükləri yığdın boynuna,
Heç
kim çəkə
bilməz, bax, bu dərdləri.
Bir də çətin girə sevgi boynuna,
Əridə don vurmuş xatirələri.
Və yaxud:
Can dediyim canan oldu
özgəyə,
Xar eylədi
el-obaya, ölkəyə.
Həsrət qoydu saf qəlbimi sevməyə,
Verdi bada gəncliyimi
fələyim.
Səyavuşun bu kitabında onun qəzəlləri də yer alıb. Təbii ki,
bu qəzəllərin
mövzuları da onun
şeirlərinin mövzuları
kimi rəngarəngdi.
Yəni
o, qəzəllərində də şeirlərində
olduğu kimi, daha çox dərd dastanımızı,
sevgi dastanımızı,
yurd nisgilimizi yazır. Ona görə də oxucuya üz tutaraq deyir ki:
Ey könül, aşıqə
ehsan edəcək eşqi, eşit,
Sənə canım da fəda, Səyavuş, dastanmı yazım?
Bəli, mən Səyavuşa ünvanladığım bu
yığcam məktubumda
onun dostu və oxucusu kimi, kitabla bağlı
ilk təəssüratlarımı dilə gətirdim. Və bir də kitabın
son bölümündə dəyərli
imza sahiblərinin Səyavuşa ünvanlanmış
dost sözlərini oxuyub
bir daha inandım ki, Səyavuş Yusifov könlünü həqiqətən
böyük sözə
veribdi. Ona söz ömrü
arzusuyla "uğurlar
olsun!” deyirəm.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2020.-
16 aprel.- S.7.