Həyata-işığa
çağırışlar
Adəm
Asnı (bu təxəllüsü kəndlərindəki
çayın adından götürmüşdür) ədəbi
mühitə həyatı özündən gələn və
o həyatı ədəbiyyata gətirməyə
çalışan yazıçılardandır. Təsvir
olunan məişət tərzi, insani münasibətlərin
müxtəlif məqamları, adət, ənənə, xasiyyət...
hamısı təbiidir.
Yazıçı oxucuya köhnə tanışı,
dostu, təsvir elədiyi iştirakçısı
gözü ilə baxır, həmsöhbət olur.
Bu yazıçının daxili aləminə
endikcə o, bir az da üzə çıxır.
Müəllif giriş
sözündə belə yazır: "...hər bir kitab onu ərsəyə
gətirmiş müəllifin zəhmətinin,
düşüncə və hisslərinin, fikir və təəssüratlarının,
qəlb çırpıntılarının, əziyyətinin,
hadisələri qavrayışının, həyata
baxışının məhsuludur...”
Adəm Asnının "zəhmətinin,
düşüncə və hisslərinin” bəhrələrindən
olan iki hekayəsinin timsalında onun "fikir və təəssüratları,
həyata baxışı” ilə tanış olaq.
Yazıçı "Mişka” hekayəsində
Sərinoba kəndinin sakini Alxanı oxucuya təqdim edir:
"Onun kənddə kimliyini, beşdə alacağı,
üçdə verəcəyi olmadığını
hamı bilirdi. Qonum-qonşu, ağsaqqal-qarasaqqalla salam-kəlamı
da olmazdı. Elə bil salam verəndə Allah verdiyi canı
ondan alacaqdı. Nəinki camaat arasına çıxır,
kiməsə ürək qızdırır, heç
çayxanaya, elin xeyir-şərinə də getməzdi. Cin
iynədən qorxan kimi, kənd əhlindən qorxurdu elə
bil. Hamı onu cəncəl, cüvəllağı, həlləm-qəlləm
adam kimi tanıyırdı. Xortdan kölgəsi kimi kənddə
görünəndə də bilirdilər ki, yallanmaqdan
ötrü, özünə nə isə almaq
üçün dükana gəlib. Ona ehtiyacı olmasa,
komasındaca qalardı”.
Alxanın bədbəxt taleyini əslində
onun özündən savayı, kənddə hamı
görür, heç kəs ona yaxın getmir. Bunun
müqabilində o meydan sulayır, bu xasiyyətini müxtəlif
vasitələrlə yenə nümayiş etdirir.
Müəllif bu dəfə onun əlində
"bir tərəfi çomaq toppuzu kimi olan” dəyənəyi
göstərir. Oxucu görür ki, Alxan tək deyil,
"hansı ağac növünə aid olduğu” bilinməyən
əl ağacı, dəyənək bu hikkəli adamın
ixtiyarındadır. Dayağı, arxasıdır. Bu da ona
görə təhlükəlidir ki, "Alxan bu toppuzlu
ağacla çox sərrast tolazlama atırdı. Payızda
bütün meyvələrin barı yığılıb
qurtarandan sonra kolxoz bağlarına adamlar
buraxılırdılar. Hündür qoz ağaclarının
təpəsində qalan beş-üç qozu, payızlıq
armudun təpəsində adda-budda qalan armudu həmin
bağlarda quzu otaran Alxan bir tolazlama ilə sərrast vurub
salardı...”
Bu təsvirə fikir verdinizmi? Əl
ağacının rəsmi necə canlı çəkilmişdir...
Ötən əsrin böyük türk
şairi Nazim Hikmət söhbətlərinin birində deyirdi
ki, obrazı gərək gözünlə görüb, əlinlə
də tuta biləsən.
Şübhəsiz, Alxanın bir obraz, xarakter
kimi açıqlanmasında "dəyənək” öz
işini görür. O, Alxanın qəzəbinin, kininin,
hirsinin nümunəvi icraçısıdır. Hadisələrin
sonrakı inkişafında artıq Alxan dəyənəyi
yox, dəyənək onu idarə etməyə başlayır.
Kənddə iki nəfər – Məftunla Həsən,
altıncı sinif şagirdləri imtahanlarını bitirdikdən
sonra öz quzularını otarır. Onların hərəsinin
də bir çəpişi var. Bu çəpişlərə
də bir-birinin adını veriblər. Hadisələr elə
gətirir ki, bir gün Məftunun çəpişi hasarı
keçib Alxan gilin həyətinə düşür. Məftun
Alxanın ""...ay çəpiş, hara soxulursan” deyə
çığıraraq dəyənəyini
tolazladığını gördü. Dəyənəyin
çəpişə dəyməyi ilə onun yerə
yıxılıb bəyirməyi bir oldu...”
Hekayənin toppuzla bağlı fabulası burada
yekunlaşsa da, sonradan çəpiş də sağalır,
Alxanı mərdimazar adam kimi tanıdığından kənddə
onun satmaq istədiyi ev-torpaq sahəsini də alan
tapılmır.
Adəm Asnı həyatı, insanı həssas
müşahidə etmək qabiliyyətinə malik ürək
və qələm sahibidir. O sevdiyi, tanıdığı
el-obanın simasında sanki bütöv bir epoxanı verməyə
(görməyə və göstərməyə)
çalışır, təəssüf elədiyi hadisələrin
içərisində qovrulur, lakin yanıb kül olmur.
Zülmətdə işıq görür.
- Bir adamın xatirəsi, adı
ki, bir çəpişin adı qədər yaşayıb yad
edilməyə, beləsinin bu itib-batan, tökülüb-gedən,
hətta ehtiyacı olanlara belə lazım olmayan həyətindən
bir çöp belə götürməyə dəyərmi?
– deyir.
Hekayənin fəlsəfi tutumu belədir.
Bu ümumiləşmə - ədəbi
tapıntı kimi də qiymətlənə bilər.
Çünki həyatdan-həyata-işığa
çağırışdır.
Adəm Asnının nəsri – onun təsviri,
təhkiyəsi, cümlələrarası nəfəsi əsl
xalq dili olduğu üçün zəngindir, koloritlidir, ifadəlidir.
Hekayələrinin qəhrəmanlarını hansı şəraitdə
danışdırsa da, onlar daxilən mənə
tanışdırlar. Yaxşısını da,
yamanını da birinci dəfə yox, bəlkə ikinci dəfə
görürəm. "Dəb” hekayəsindən məhz belə
bir təəssüratla ayrıldım.
Qulam dayı (ondan yaşca böyüklər
onu "Qulam kişi” çağırırlar) "min evli”
Qaraqaş kəndində seçilən, "sayılan,
yaşı səksəni ötmüş el
ağsaqqalıdır”. Onu qonşu kəndlərdə də
tanıyırlar, sözü keçir, adı tutulur. İndiyəcən
bir sözünü iki eləyən olmayıb. "İndiyəcən”
deyəndə ki, Gülsüm arvadın ölümünə
qədər. Qulam kişi həmişə elin xeyirində-şərində
yaxından iştirak edib, bir mürəkkəb məsələ
olanda, çalışır ki, onu da yola versin.
Xudaverdi Gülsüm arvadın yeganə
övladı, oğludur. Türkiyədə günəmuzd
işləyib dolanır. Güzəranı o qədər də
yaxşı deyil. Bütün bunları nəzərə alan
Qulam kişi Xudaverdini təmtəraqlı yas adətindən
imtina etməyə çağırır. Onun bu təklifi
başqa bir təkliflə qarşılanır:
- Qulam dayı, yıx yerə, başımı
kəs, "mıkk” eləsəm, köpəkoğluyam. Ancaq
sən Allah gəl bu dəbi məndən başlamayaq. Camaat
adama nə deyər?
Qulam dayə kənddə adamı ölən
ailələrin adlarını çəkib onların hələ
də borclarını ödəyə bilmədiklərini
sadalasa da, Xudaverdi təkid edir:
- Qulam dayı, qurban olum, gəl bu dəbi məndən
başlamayaq. Deyəcəklər ki, köhnə bazara təzə
nırx qoyur.
Beləliklə söhbətə son qoyulur.
Lakin Qulam kişi də öz inadından
dönmür, imkansızların gününü-güzəranını
düşünür.
İş elə gətirir ki, günlərin
birində Qulam dayının əmisi oğlu Zülfəli rəhmətə
gedir. O, vaxtilə kənddə kolxoz sədri, sovxoz direktoru vəzifələrində
işləmişdi. Oğlanları ali məktəbdə dərs
deyir. Elmlər namizədidirlər.
Burada bir haşiyə kimi qeyd etmək istərdim
ki, yazıçı Adəm Asnı başqa hekayələrində
də belə oxşar, müqayisəli vəziyyətləri
nəzərdən qaçırmır, əksinə, onlardan ədəbi
vasitə kimi istifadə edir. Bəlkə də bununla o demək
istəyir ki, hadisələr, oxşar situasiyalar həyatda
heç vaxt tək olmur. Dünyanın dərk mürəkkəbliyi
və müxtəlifliyi də elə bunda deyilmi?!
Qulam dayı mərhumun uşaqlarından
razılıq alandan sonra yas məclisinə müraciət
edir:
- Mən istəyirəm ki, bu artıq
israfçılığı, əlavə təmtərağı
yığışdıram.
Çayxor Murquşla qurulan dialoqda Qulam
dayının xarakterindəki qətiyyət daha aydın
görünür və biz ona daha çox inanırıq.
Görürük ki, dəbi dəyişməyə qadir bir
ağsaqqaldır:
- ... ay Qulam dayı, gözəl işdi, ancaq
bunun bir əmması da var.
- Nədir elə?
- Sabah bir-iki imkansız sənin dədənə
rəhmət oxuya-oxuya buna əməl etsə də, arada bir
imkanlısı bu dəbi pozan kimi, yenə ondan sonrakılar əvvəlki
kimi yas verəcəklər.
- Yox, ay Murquş, mən hələ bundan əvvəllər
də kəndimizin ağsaqqalları, mollaları ilə bu məsələni
danışmışam, götür-qoy etmişik. Bu dəbi
pozanın məclisini heç bir molla aparmayacaq. İmkanlı
əgər istəyirsə, qoy bir cöngədən, danadan kəsdirib
fağır-füqəraya paylasın, bu da olsun onun ehsanı.
Qulam dayı fürsətdən istifadə edib
başqa bir vacib təklifini də edir:
- Mən xahiş edirəm ki, çadırda
heç kim siqaret çəkməsin. Kim dözə bilmirsə,
çıxıb bayırda çəksin...
Toyda-yasda siqaret çəkməyi ilə
seçilən Elbəyi kişi sonralar Qulam dayını belə
xatırlayır:
- Allah Qulam kişiyə rəhmət eləsin.
Düzü, o rəhmətlik bu dəbi qoyanda elə ən
çox narazı qalan da, rəhmətlik Zülfəlinin yas məclisindən
küsüb gedən də, rəhmətlik Məcid kişi ilə
mən olmuşduq. Ancaq bu dəb olmasaydı, kim bilir elə Məcidin
öz uşaqları nə edəcəkdilər, yası necə
yola verəcəkdilər...
Beləliklə, biz
görürük ki, yazıçı, Qulam dayının
şəxsində dəbə qarşı başqa bir dəbi,
israfçı adətə qarşı başqa bir adəti
mütərəqqi, səfərbəredici bir qüvvə kimi
qoymaqla, nəinki hekayənin bədii həllini tapmış,
həm də onun təsir gücünü
artırmışdır.
Yazıçı Adəm Asnının oxunaqlı
hekayələri, ağıllı mükalimələri,
gözəl də mükaliməsi var – ünsiyyəti!
Heç biri oxucunu yormur.
İnanıram ki, Adəm gələcəkdə
(özü də yaxın gələcəkdə!) daha epik
lövhələrin təsvirinə meyl edəcək.
Adəm Asnı həm də gözəl
şairdir. O, dünyanı özündə, özünü
də dünyada görə bilir. Şairin hələ
üç il bundan əvvəl – 2017-ci ildə üç
yüz əlli səhifəyə yaxın
"Duyğuların ifadəsi” adlı iri bir şeirlər
kitabı nəşr edilmişdir. Kitaba Azərbaycanın
böyük ədəbiyyatşünas alimi, akademik Nizami Cəfərov
geniş, əhatəli, səmimi ön söz
yazmışdır.
"Böyük sələflərindən
gələn və bütövlükdə müasir
poeziyamızın ruhuna hopan fəlsəfi təfəkkürün
Adəmin şeirlərində də həm ənənəvi,
həm də özünəməxsus şəkildə təzahür...”
etdiyini vurğulayan akademik N.Cəfərov daha sonra qeyd
edir ki, "Ənənəvilik sələflərə
ehtiramın, özünəməxsusluq isə cəmiyyət
həyatının yeni təcrübələrinə
istinadın nəticəsidir. Və əminliklə demək
olar ki, Adəm filosofluq etməyə qüdrəti çatan,
bundan çəkinməyən fikir, mühakimə
adamıdır.
İslam dininin fəzilətlərindən
gələn mənəvi dəyərlər Adəm
Asnının şeirlərində həm tərənnüm
olunur, həm də bu dəyərlər mövqeyindən
bugünkü "dünyanın işi”nə sözün
geniş miqyasında "əxlaq”ına, əgər belə
demək mümkünsə şərh verir”.
A.Asnının şeirləri barədə
deyilmiş bu dəyərli sözlərdən, verilmiş bu
yüksək qiymətdən sonra, onun şeirlərinin əlavə
şərhə məncə heç ehtiyacı yoxdur.
Sizə
daha yeni uğurlar, Adəm Asnı!
Nəriman Həsənzadə
Ədalət.- 2020.-
22 avqust.- S.6.