Xeyirxahlıq manifestinin müəllifi

 

Həyat təcrübəsi artdıqca insanın bir çox suallara cavabları da konkretləşir. Belə suallar sırasında qadının cəmiyyətdəki rolu məsələsi də var. Əslində bu, çox böyük bir dövrün müzakirə mövzusudur. Ömrün qazandırdığı təcrübə isə bu suala indi daha dəqiq cavab vermək imkanı yaradır.

Qadının cəmiyyətdəki rolu həlledicidir. O, gələcəyi yaradanları dünyaya gətirib tərbiyə edir, keçmişin həyati əhəmiyyətli dəyər və ənənələrini nəsillərə ötürür. Qadın ailənin, cəmiyyətin bütövlük rəmzi, evin, yurdun, ocağın abadlığı, möhtəşəmliyidir. Qadın Vətəndir, müqəddəs ailənin qoruyucusudur. El-obaya aid olanları Ana Vətən işığında başına toplayan ahənrübadır. İnkişafa doğru gedən yollar, atılan müdrik addımlar, qazanılan böyük uğurlar qadının fədakarlığı və zəkası sayəsində başa gəlir.

 

Azərbaycan dünyagörüşündə qadının yeri çox ucadır. Milli təfəkkürümüz üçün qadın ən ali dəyərlərimizin ünvanıdır. Bu münasibət Azərbaycanda zərif cinsin çiyinlərinə əslində çox böyük bir missiya qoysa da, qadınlarımız həmin missiyanı şərəflə daşıyırlar. Ona ağır yük kimi deyil, ucalıq ünvanı kimi yanaşırlar. Əməlləri, davranışları ilə hər zaman bu ucalıqda qərar tutmağa çalışırlar.

 

Azad düşüncə, övlad, ailə, vətən uğrunda fədakarlıq, nikbin ruh, xeyirxah əməllər, ədalətli qərarlar Azərbaycan qadınının tərcümeyi-halıdır. O, tarixin bütün dövrlərində mənsub olduğu nəslin, ailənin, el-obanın yükünü kişilərlə birgə daşımaqdan qürur duyub, öz borcu hesab edib. Ona görə də Azərbaycan kişisi tarixboyu üzləşdiyi çətinlikləri dəf etməyi bacarıb. Ağır sınaqlara rəğmən milli kimliyimizin, dəyərlərimizin, bizə aid özünəməxsusluqlarımızın keşiyində ayıq-sayıq dayanıb. Çünki qadınlarımız bütün bunları hifz ediblər, bu güvəni hər zaman doğruldublar. Bəlkə elə bu səbəbdəndir ki, bütün dünyada dövlətin, millətin mədəniyyəti onun qadına verdiyi dəyərlə ölçülüb.

 

 

 

Tarixdən gələn işıq

 

Bu sətirləri yaza-yaza Azərbaycan xalqının yetirdiyi böyük şəxsiyyətlərin portretləri yaddaşımdan keçir. Və maraqlı bir qanunauyğunluğa özüm də heyrətlənirəm. Əlbəttə, tarixdəki böyük şəxsiyyətlərimizin sayı çoxdur və onların hamısını saymaq, düzü, heç bilmirəm, mümkündürmü?! Amma əgər bunu edə bilsək, güman edirəm ki, həmin şəxsiyyətlər qalereyasında kişilərlə qadınların sayı təxminən bərabər gələcək. Bu da onunla bağlıdır ki, şəxsiyyət ucalığına doğru yolda qadınlarımız hər zaman kişilərlə bərabər addımlayıblar. Dahi insanları həm dünyaya gətirərək tərbiyələndirib, həm də onların əldə etdiyi uğurlarda müstəsna xidmətləri olub, fərdi nailiyyətləri ilə başqalarını da ucalıqlara yüksəldiblər. Bu şəxsiyyətlərin hər birindən gələcək nəsillər üçün böyük bir irs başlanır. Bizi biz edən, gələcəyə ruhlandıran, uğurlarımıza vəsilə olan da elə bu irsin nurudur.

 

Ümummilli Lider, dünya siyasəti korifeyi Heydər Əliyevin daha bir böyüklüyü həm də onda idi ki, Azərbaycan qadınına layiq olduğu dəyəri verirdi. Qadınlarımızın ictimai fəallığına mühit yaradırdı. İnkişaf, tərəqqi qapılarını onların üzünə taybatay açırdı. Azərbaycan qadınını mütəşəkkil bir qüvvə kimi səfərbər edib ümumxalq mübarizəsinə ruhlandırırdı, böyük cahanşümul işlərə istiqamətləndirir, cəmiyyətdə və dövlətdə layiq olduğu mövqe ilə təmin edirdi, ona ən yüksək vəzifələrdə etimad göstərirdi. Xanımlarımızın yüksək məsuliyyətinə, tapşırılan işlərin öhdəsindən ləyaqətlə gələ biləcəklərinə qəlbən inanırdı. Və Azərbaycan qadınları Heydər Əliyevi bu inamında, güvənində heç vaxt yanıltmadı, hər zaman o böyük şəxsiyyətin etimadını doğrultmağa çalışdı.

 

Bu gün də həmin missiyanı Ulu Öndərin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yerinə yetirir. Məhz onun uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycan qadını özünü, ailəsini, doğmalarını təhlükəsiz, əmin-aman bir inkişaf mühitində hiss edir. Bu mühitin qorunması, Azərbaycanın daha geniş yüksəlişi üçün cani-dildən çalışır. Qəlbinin sevgisi, əllərinin hərarəti ilə Vətən evinin abadlığına fayda verməyə daim səy göstərir, cəfakeşlik edir. Xalqın milli-mənəvi dəyərlərinə sadiqliyi ilə üzvü olduğu cəmiyyətə nadir töhfələr verir.

 

 

 

Yolyoldaşı, əqidə sirdaşı

 

Gündən-günə yeni möcüzələr ərsəyə gətirən innovativ texnologiyalar, böyük elmi kəşflər, iqtisadi meyillər bəşəriyyət həyatında çox şeyləri dəyişir. İnsanın rifahına yönəlmiş inkişaf proseslərini hərəkətə gətirir. Bu proseslərə rəvac verənlər, cəmiyyətin firavanlığına, xoşbəxtliyinə əsas məqsədi kimi yanaşanlar, insanı müasir həyatımızın ən qiymətli dəyəri kimi qəbul edənlər isə zəmanəmizin İlham Əliyev kimi parlaq liderləridir.

 

Dünyanı rifahla yaşadan, gələcəyə sonsuz ümid, inam yaradan məhz belə şəxsiyyətlərdir.

 

Mənəvi-insani dəyərlərə xitab, xalqın arzu və amallarının real həyat mənzərələrinə çevrilməsi dövlət başçısı İlham Əliyevin işıqlı qayəsidir. Qarşıya qoyduğu, həyata keçirdiyi ali məqsədlər yüksək ideallardır. Və Azərbaycan Prezidenti bu məqsədlərə doğru aparan haqq yolunda ona görə bu qədər uğurludur ki, ən çətin yolun hər addımında ümumxalq dəstəyindən güc alıb. Bu qətiyyətli, möhtəşəm fəaliyyətin daha bir məntiqli səbəbi də onun xanım Mehriban Əliyeva kimi dönməz silahdaşının, məsləkdaşının, etibarlı yolyoldaşının olmasındadır.

 

 

 

Əməllər və ali həqiqətlər

 

Bu gün Azərbaycan qadınını Vətən naminə çalışmağa ruhlandıran böyük bir səbəb də var. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə Azərbaycan qadını üçün möhtəşəm bir tarix başlanıb. O, təkcə Azərbaycanda deyil, ümumiyyətlə, bütün dünyada layiq olduğu şöhrətə, ucalığa yüksəlib. XXI əsrin məşhur, görkəmli qadınları sırasında indi onun da adı, pozulmaz dəstxəti var. Ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şəxsində Azərbaycan qadınının qazandığı nailiyyət qadın fəallığı ənənələrinə yeni nəfəs verir. Bugünkü və gələcək nəsillər üçün davamlı inkişafa yol açır.

 

Xanım Mehriban Əliyevanın həyat və fəaliyyəti bir şəxsiyyət dərsidir. Hər insanın ona bəxş edilmiş həyatı, əslində, necə yaşamalı olmasının nümunəsidir. Birinci vitse-prezidentin fəaliyyətini izlədikcə, gördüyü işlərin məzmununu nəzərdən keçirdikcə, nadir fikirləri ilə tanış olduqca, əslində, ömrün mənasının nədən ibarət olduğunu dərk edirsən. Dünyanın böyük filosofları, mütəfəkkir adamları öz əsərləri, müdrik kəlamları, öyüd-nəsihətləri ilə bu həqiqətləri anlatmağa cəhd ediblər və indi də çalışırlar. Mehriban xanımın isə fərqi ondadır ki, bu ali həqiqətləri o, öz əməlləri, unikal addımları ilə anladır. Şəxsi nümunəsi ilə göstərir. Hər birimizə ünvanlayır ki, bizim həyatımız, doğmalarımızla bağlı məsuliyyətimizdən başqa, həm də ictimai borcumuzla bağlıdır. Baxır ki, bu məsuliyyəti kim necə dərk edir. İnsanın cəmiyyətdəki statusunu, ictimai mövqeyini müəyyənləşdirən də elə budur. Əslində, tarixdə qalmaq şansını da bu borcun ləyaqətlə yerinə yetirilməsi təmin edir.

 

Mehriban xanım öz əməlləri ilə insanlara bu yolu göstərir. Onun fəaliyyətində kamilliyə, ruhani məqama ucalan insanların mənəvi keyfiyyətləri görünür. Ömrünü yaxşılıqlara həsr etmiş bütün kəslərin minilliklər boyu formalaşdırdıqları dəyərlər əks olunur. Mehriban xanım Əliyevanın gördüyü işlər zəngin bir aləmə qapı açır. Buradan əsl insani keyfiyyətlərin intəhasız qatları, üstqurumu görünür.

 

 

 

Qadın hərəkatı tarixində yeni bir dövr

 

Mehriban xanım Əliyevanın fəaliyyəti Azərbaycanın qadın hərəkatı tarixində də başqa bir mərhələdir. Azərbaycan qadınının ictimai fəallığında o, öz çoxşaxəli fəaliyyəti, strateji baxışları ilə yeni ənənələr formalaşdırıb. Qadın hərəkatının müasir forma və metodlarını irəli sürərək onların uğurunu təmin edib.

 

Bəli, unutmuruq ki, tarixin müxtəlif mərhələlərində cəmiyyət həyatının ayrı-ayrı sahələrində fəallıq göstərərək öz töhfələrini verən xanımlarımız çox olub: kimisi təhsil sferasında böyük işlərə imza atıb, kimisi səhiyyədə, bir başqası mədəniyyətdə və digər sahələrdə. Mehriban xanım isə qadın hərəkatı tariximizdə ilk şəxsiyyətdir ki, fəaliyyəti təhsildən səhiyyəyə, idmandan milli mədəniyyətimizin ölkədə və xaricdə təbliğinə, xeyriyyə işlərindən başlamış ətraf mühitin qorunmasına qədər ən müxtəlif spektrləri əhatə edir.

 

Mehriban xanım Əliyevanın fəaliyyətində məsuliyyət yükü ağır və şərəflidir. O, millətin tərəqqisi üçün yeniləşən ideyalar sahibidir. Azərbaycanın Birinci vitse-prezidentinin inkişafa doğru hər addımı sosial reallığı dəyişən, daha gözəl, daha sağlam, hər kəs tərəfindən məmnunluqla qarşılanan yaradıcılıq məzmunu təqdim edir.

 

Eyni zamanda Azərbaycanın qlobal dünyaya inteqrasiyası Mehriban xanıma imkan verir ki, gördüyü işləri təkcə ölkə hüdudları ilə məhdudlaşdırmasın. Azərbaycandan uzaqlarda da onu yaxşı tanıyırlar. Adını böyük ehtiramla çəkirlər. Çünki Birinci vitse-prezidentimiz bir çox ölkələrdə də insanlara həyat eşqi bəxş edən, onları sevindirən, dünyalarına işıq saçan möhtəşəm işlər görüb. Onları ümidlə, ilhamla, Azərbaycana minnətdarlıq duyğuları ilə yaşamağa sövq edib. Dünyanı gözəlləşdirməyə ruhlandıran nəcib əməllər meydana qoyub. Bu, onun missiyasıdır. Mehriban xanım dünyanı sərhədlərə, millətlərə, dil, din, mədəniyyət fərqlərinə bölmür. O, uçurumlar yaradan fərqlərin deyil, insanları nəcib niyyətlər, xoş məqsədlər ətrafında birləşdirən, ali dəyərlərin axtarışında olan şəxsiyyətlərdəndir. Mehriban xanım Əliyevanın məqsədi, amalı ayrılıq salmaq deyil, birləşdirmək, vəhdət yaratmaq, fərdləri, mədəniyyətləri üz-üzə qoymaq yox, onlar arasında sülhə nail olmaqdır. Bu həyatda hər kəsin bir-birinə həyan olmasının vacibliyi həqiqətini insanlara anlatmaqdır.

 

 

 

Onun humanizm dünyası

 

Mehriban Əliyevanın dünyaya, həyata, zamana bu baxışının əsasında xalqa, ümumilikdə insanlara intəhasız sevgisi, böyük vətənpərvərliyi, bəşəri ideyalara sadiqliyi, zərif və eyni zamanda mükəmməl humanizmi durur.

 

Hələ Milli Məclisin deputatı olduğu dövrlərdə ölkənin birinci xanımı cəzasının bağışlanması mümkün olan yüzlərlə insanın azadlığa qovuşmasına, öz ailəsinin, doğmalarının yanına qayıtmasına amnistiya təşəbbüsləri ilə kömək etdi. Onlara həbsxana divarlarından xilas olub vicdanlı, dürüst, təmiz həyata doğru açılan qapıları göstərdi.

 

Mehriban xanım bu gün bütün dünyada multikulturalizm dəyərlərinin yayılmasına çalışır. Sivilizasiyalararası dialoq mühitinin formalaşdırılmasına böyük əmək sərf edir. Tolerantlıq düşüncəsini aşılayır, toplumu inandırmağı bacarır. Hər zaman olduğu kimi, bu məsələlərdə də ən mükəmməl nümunəni məhz özü göstərir.

 

Mehriban Əliyeva bu gün həm UNESKO-nun, həm də ICESCO-nun xoşməramlı səfiri statusunu daşıyan dünyanın məşhur lider qadınları sırasında nadir şəxsiyyətdir. Məlumdur ki, UNESKO Qərb dünyasına aiddir. ICESCO isə daha çox Şərq dünyagörüşünü əks etdirir, müsəlman aləminə bağlıdır. Bəşəriyyət bu iki dünyagörüşün, Qərb və Şərq sivilizasiyalarının toqquşma nöqtəsinə gəldiyi, bir-birilə münaqişəyə girdiyi məqamlarla az qarşılaşmır. Mehriban xanım Əliyeva hər iki qurumda eyni statusda, eyni səviyyədə təmsilçiliyi ilə göstərir ki, dəyərlər eynidir, ümumbəşəridir. Sülh bütün insanlar üçün sülhdür. İnkişaf arzusu, tərəqqi məramı, rifah, xeyirxahlıq, şəfqət dünyadakı bütün fərdlərə eyni dərəcədə aiddir. Yetər ki, insanları bu dəyərlər ruhunda tərbiyə edəsən. Onların arasında münaqişələr yaradan, təfriqələr salan, müharibələrə, qan-qadaya gətirən süni fərqlərə deyil, ali dəyərlərə tapınması üçün çalışasan.

 

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva öz nümunəsi ilə göstərir ki, insan eyni anda bir neçə milli mənsubiyyətə, mədəniyyətə, dinə, dilə

 

s. aid ola bilməz. Amma bir insan fərqli milli özünəməxsusluqların da, mədəniyyətlərin də, dinlərin də, dillərin də ən gözəl xüsusiyyətlərini öz şəxsiyyətində, fəaliyyətində, dünyagörüşündə eyni araya gətirməyi bacarar. Humanizm adlanan, qarşısında dünyanın diz çökdüyü, baş əydiyi bir dəyərə yeni çalarlar, rənglər qatar, ona ölçüyəgəlməz mənalar bəxş edə bilər.

 

Mehriban xanım bu həqiqəti çatdırarkən həyatını belə bir missiyaya həsr edən şəxsiyyət kimi dünyanın diqqətini cəlb edir.

 

 

 

 

Mədəniyyət diplomatiyası

 

 

Mehriban xanım hər zaman ona böyük ehtiyacın olduğu yerdədir, fəaliyyətinin zərurətə çevrildiyi andadır. O, hələ 1995-ci ildə Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən belə bir qurumun mövcudluğu həyati vacib məsələ kimi görünürdü. Dövlət müstəqilliyimizi yenicə əldə etmişdik. Artıq milli mədəniyyətimizi vahid sovet xalqının mədəniyyəti kimi deyil, müstəqil bir xalqın milli sərvəti kimi beynəlxalq aləmə təqdim etməli idik. Azərbaycanı dünyaya qara qızılından sonra bir də onun mədəniyyəti işığında tanıtmaq lazım gəlirdi. Kifayət qədər çətin və keşməkeşli vaxtlar idi. Resurslar lazımi səviyyədə deyildi. Əsas diqqət dövlət quruculuğu proseslərinə, hüquqi islahatlara, diplomatik əlaqələrin inkişafına, keçid dövrünün problemlərinin həllinə, insanların maddi rifah halının yaxşılaşması məramına yönəlmişdi.

 

Belə bir məqamda Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradaraq dövlətimizə böyük dayaq oldu. Milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, incəsənətimizin inkişafı, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyası işinə mühüm töhfələr verdi.

 

Azərbaycanın öz dövlət müstəqilliyini yenicə elan etdiyi zamanlarda Mehriban xanımın belə bir missiyanı üzərinə götürərək mədəniyyət diplomatiyasının gücündən istifadə etməsi onun dövlətçilik təfəkkürünün, zəngin mənəvi irsimizə sadiqliyinin ifadəsi idi. Bu təşəbbüs xalqımıza azərbaycançılıq məfkurəsinin aşılanması, onun zəngin mədəniyyət tariximizlə mənəvi bağlarının möhkəmləndirilməsi yolu ilə sovet quruluşunun süqutundan sonra yaranmış ideoloji boşluğun aradan qalxması baxımından da müstəsna əhəmiyyət daşıyırdı.

 

Mehriban xanımın baş redaktoru olduğu "Azərbaycan-İrs” jurnalı da bu missiyanı davamı etdirən faydalı bir layihə kimi ortaya çıxdı. İstənilən nəcib təşəbbüsün yerinə yetirilməsi üçün, ilk növbədə, kommunikasiya vasitəsinə ehtiyac duyulur. Qəzet, jurnal, kitab da yüksək dəyərləri, faydalı bilgiləri geniş auditoriyaya çatdıran, onları xoş niyyətlər ətrafında bir araya gətirə bilən təsirli vasitələrdəndir. Bu baxımdan milli mədəniyyətimizin xaricdə, çox geniş çevrədə təbliğ olunmasında "Azərbaycan-İrs” jurnalının böyük rolu inkaredilməzdir.

 

 

 

 

Muğam - xalqımızın genetik kodu

 

 

Mehriban xanım Əliyeva Azərbaycan Mədəniyyətinin Dostları Fondunun xətti ilə milli mədəniyyət tariximizdə hər zaman qürur və ehtiramla xatırlanacaq başqa möhtəşəm layihələrə də imza atdı. Dünyanın musiqi xəzinəsində misilsiz inci kimi parlayan muğama Azərbaycanın sərvəti kimi sahib çıxdı. Muğam sənətini dirçəltdi. Azərbaycanda da, dünyada da bu sənəti populyarlaşdırdı. Beynəlxalq aləm Azərbaycan xalqının nə qədər zəngin dəyərlərə malik, tarixin hələ ən qədim qatlarında da muğam kimi sistemli, mürəkkəb musiqi nümunələri yarada bilmiş xalq olduğunu gördü. Mehriban xanım muğamı Azərbaycan xalqının genetik kodu adlandırdı. Belə bir mükəmməl genetikaya malik xalqın bütün çətinliklərdən çıxmaq bacarığında olduğunu, dövrün inkişaf axarında hər zaman öz yerini tuta biləcəyini bizə də, başqalarına da isbat etdi.

 

Ölkənin Birinci vitse-prezidentinin təşəbbüsü ilə Bakının mərkəzində "Beynəlxalq Muğam Mərkəzi” kimi mədəniyyət məbədi ucaldı. "Qarabağ xanəndələri” musiqi albomu, hər il Bakıda keçirilən beynəlxalq caz festivalları, başqa mədəniyyət hadisələri ilə tariximizdə yeni səhifələr açdı. Azərbaycan mədəniyyətinə dünyanın dörd bir yanında yeni dostlar qazandırdı. Bu dostların köməyi ilə milli mədəniyyətimiz daha çox yayıldı, xalqımız tanındı və bununla da mövqelərimizi daha çox möhkəmləndirə bildik.

 

 

 

 

Heydər Əliyev ideyalarına layiqli xidmət

 

 

2004-cü ildə Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun yaradılması da zamanın məntiqindən irəli gələn məqsədəuyğun bir addım idi. Ulu Öndərin cismani yoxluğu dövründə onun ideyalarını öyrənən, tədqiq və təbliğ edən, yeni nəsillərə çatdıran, bu böyük dövlət adamının zəngin irsini nəsildən-nəslə ötürən bir təsisatın olması tariximiz üçün mühüm əhəmiyyət kəsb edirdi.

 

Birinci vitse-prezident Heydər Əliyev ideyaları işığında belə bir qurumu formalaşdırdı və onun öz məramlarına uyğun fəaliyyəti üçün məxsusi bir yol seçdi. Nədir bu özünəməxsusluq? Heydər Əliyev Fondu Ulu Öndərin dövlətçilik irsinə xidməti təkcə nəzəri tədqiqatlar səviyyəsində məhdudlaşdırmadı. Hər hansı maarifləndirici tədbirlərlə, elmi-kütləvi aksiyalarla fəaliyyətini tamamlanmış saymadı. Fond Heydər Əliyev irsinə xidməti həm də real əməllərdə göstərdi və hazırda da bu iş uğurla davam etdirilir. Ümummilli Liderin ideyalarının xalqımız, ölkəmiz və ümumiyyətlə, dünya üçün faydalılığını dərk edərək dövlətimizin apardığı inkişaf siyasətinə böyük dəstək olan çoxşaxəli layihələrlə yaşatdı və yaşadır.

 

Heydər Əliyev ideyalarının təməlində insana xidmət durur. Hər bir kəsin inkişafına çalışmaq, mükəmməl şəxsiyyət yetişdirmək, onun qayğılarına, problemlərinə həssaslıqla yanaşmaq qayəsi əks olunur. Mehriban xanım Əliyeva da bunu Heydər Əliyev Fondunun fəaliyyətinin ana xəttinə çevirdi.

 

Bu nüfuzlu qurum çox qısa zamanda milyonlarla insanın ümid qapısı oldu. Vətəndaşlara həssas münasibəti, hər birimizin qəlbimizdən xəbər verən mədəni, humanitar, sosial layihələri ilə, problemlərin həlli üçün formalaşdırdığı effektiv mexanizmlərlə cəmiyyətimizin böyük ehtiramını qazandı. Məhz Mehriban xanım Əliyevanın yüksək təşkilatçılıq məharəti sayəsində Heydər Əliyev Fondu ölkəmizin və müasir dünyanın yeni və qabaqcıl ideyalarla hərəkət edən innovativ təşkilatlarından biri kimi tanındı. Təhsil, mədəniyyət, səhiyyə, idman, elm və texnologiya, ekologiya və sosial sahələrdə ölkəmiz, cəmiyyətimiz üçün son dərəcə mühüm əhəmiyyət kəsb edən miqyaslı layihələri ilə dövlətimizin apardığı inkişaf siyasətinə mühüm töhfələr verdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qazandığı nailiyyətlərin sırasını daha da genişləndirdi.

 

Mehriban xanımın təşəbbüsü ilə inşa olunmuş səhiyyə müəssisələri minlərlə insana həyat bəxş etdi. Onun bütün ölkə boyu tikdirdiyi məktəblər evlərdə, ailələrdə, düşüncələrdə maarif nurunu daha da gücləndirdi. Mehriban xanım Əliyeva kimsəsizlərin himayədarı oldu, ata-anasız körpələrə analıq etdi, övladlarından naxələflik görmüş valideynlər onun timsalında ən diqqətcil, ən qayğıkeş övladın varlığına sevindilər.

 

Mehriban Əliyeva bu yurdun insanlarına ən doğma adamları kimi sahib çıxdı.

 

Ölkəmizlə yanaşı, dünyanın müxtəlif yerlərində ehtiyacı olan icmalara köməyi ilə, həyata keçirdiyi sosial-humanitar layihələrlə Azərbaycana sevginin, ehtiramın hüdudlarını genişləndirdi.

 

 

 

 

Xalqı şərəfləndirən qürur hekayələri

 

 

Birinci xanımın fəaliyyəti Azərbaycan insanları üçün bir qürur hekayəsidir. Onun təşəbbüsü ilə həyata keçirilmiş müxtəlif layihələrdən xeyir görən, müşkülləri asan olan, dərdlərinə çarə tapılan minlərlə insanın sevinci öz yerində, digər tərəfdən, ölkənin Birinci vitse-prezidentinin təşkilatçılıq məharəti, Vətənə sevgisi ilə bütün dünya azərbaycanlılarına misilsiz qürur hissi bəxş etdiyi tarixi hadisələrin sayı da az deyil. 2012-ci ildə Bakıda keçirilmiş "Avroviziya” Beynəlxalq Mahnı Müsabiqəsi, 2015-ci ildə Azərbaycanda təşkil olunan I Avropa Oyunları, 2017-ci ildə ölkəmizin evsahibliyi ilə İslam Həmrəyliyi Oyunları bu ümumxalq qürurun heç zaman unudulmayacaq rəmzləridir.

 

Xalq belə qürur hekayətləri ilə böyüyür, özünəinam, özünəhörmət hissi formalaşır, yaşamağa, yaratmağa, yeni nailiyyətlər qazanmağa ruhlanır. Və Mehriban xanım Əliyeva bu uğur və qürur hekayələrini bu gün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti kimi daha israrla davam etdirir.

 

Vətəndaşların arzu və ümidlərinin tərcümanı kimi öz dövlətinə, xalqına faydalı olmağın parlaq nümunələrini yaradır. Ölkəmizin gələcəyə hazırlanması üçün aparılan köklü islahatlarda, inkişaf proqramlarında, Azərbaycanın milli maraqlarının qorunmasında bir silahdaş kimi möhtərəm Prezidentimizə dəstək verir, onun və xalqımızın yüksək etimadını doğruldur.

 

 

 

 

Təhsilin yaratdığı yeni dəyərlər

 

 

Bu yaxınlarda maraqlı bir fikirlə qarşılaşdım. Məzmunu təxminən belə idi ki, gələcək nə tapdığımızdan, nə istehsal etdiyimizdən asılı olacaq. Bəşəriyyət yüzillər boyu təbiətin ona verdiyi sərvətlər hesabına güzəranını davam etdirib. Ona lazım olanları təbiətdən tapıb. Artıq insanın özünün təbiətin ona verə bilmədiklərini də yaratması zamanıdır. Bu isə ancaq elmin, təhsilin gücü ilə mümkün ola bilər. Xalqların gələcək həyatı, xoşbəxtliyi yalnız və yalnız elmdən, təhsildən asılıdır. Bəlkə elə buna görə də Mehriban xanım Əliyevanın fəaliyyətində elm, təhsil məsələləri çox önəmli və zəruri yer tutur.

 

Bu sahəyə onun sistemli baxışı yeni dünyamızın müasir çağırışları kimi təhsil sferasında çox şeyləri dəyişdi. Təhsil artıq insan üçün bir neçə illik təlim və tədris proqramı deyil, bütün ömür boyu davam etməli olan prosesə çevrilib. Eyni zamanda elm, təhsil artıq təkcə dövlətin həyata keçirdiyi tədbirlərlə məhdudlaşan fəaliyyət növü sayılmır. Təhsil bu gün bir mühitdir, ekosistemdir və onun formalaşmasından ötrü bütün cəmiyyət üzvlərinin bu prosesə cəlb olunması lazım gəlir.

 

Birinci vitse-prezidentin təşəbbüsləri sayəsində bu gün elm-təhsil sahəsində qazandığımız ən ciddi nailiyyətlər məhz ölkəmizdə də təhsilin mühitə çevrilməsidir. İnsanlar üçün strateji bir dəyər kəsb etməyə başlamasıdır. Mehriban xanım cəmiyyətimizə elmin, təhsilin nə qədər mühüm əhəmiyyət kəsb etdiyini layihələri ilə göstərir. Ömür boyu oxuyub-öyrənməyi, öyrəndiklərimizi başqaları ilə paylaşmağı, informasiyaların gücü ilə dünyamız üçün yeni dəyərlər yaratmağı aşılayır.

 

Mehriban xanım xüsusilə qızlarımızın, qadınlarımızın təhsilinə diqqət yetirməyi, onların fərdi inkişafına sərmayə qoymaq düşüncəsini verir cəmiyyətə. Çünki hər savadlı qadın cəmiyyətin gələcəyi üçün yeni, layiqli nəslin yetişdirilməsi deməkdir. Toplumun daha böyük güclə, resurslarla irəli getməsidir, önə çıxmasıdır. Gənclərimizin, xüsusilə qızların təhsilinə xərclənən hər bir manat qısa müddətdən sonra min dəfələrlə böyük artımla yenidən cəmiyyətə dönür. Və bundan təkcə həmin vəsaiti sərf edən fərdlər yox, ümumilikdə Azərbaycan qazanır. Mehriban Əliyeva öz baxışları, yanaşmaları, layihələri ilə insanlarımıza bunu öyrədir.

 

Bu mənada o, zəmanəsinin ən müdrik müəllimidir.

 

 

 

 

Vətəndaşlıq dərsi

 

 

Birinci vitse-prezident bizə vətəndaş olmağın meyarlarını da anladır. Hər birimizə vətəndaş məsuliyyəti aşılayır. Ona olan ümumxalq sevgisi bu vətəndaşlıq dərslərinin, dövlətçilik tərbiyəsinin təsir gücünü təmin edir. İnsanlarımız öz davranışlarında onun tövsiyə və təlqinlərini nəzərə alırlar. Çünki ona inanırlar. Bilirlər ki, əgər bunu Mehriban xanım deyirsə, deməli, insanların faydasınadır. Koronavirus pandemiyasına qarşı karantin tədbirlərinin həyata keçirildiyi vaxt bunu Birinci xanımın cəmiyyətimizə ardıcıl müraciətlərində, vətəndaşların həmin müraciətləri sevgi və anlayışla, əsl dost, munis, canıyanan insanın tövsiyələri kimi qarşılamalarında da şahidi olduq.

 

Bu, bir yüksək rütbəli dövlət məmurunun yox, bir ananın, bacının, övladın öz doğmalarının qeydinə qalaraq onlara göstərdiyi yüksək qayğı, sərhədsiz məhəbbət idi. İnsanlarımız da Mehriban xanımı məhz bu doğma statusda qəbul edib ürəkdən sevirlər. Bu, elə bir ali hissdir ki, onu hər hansı inzibati təsir gücü, yüksək vəzifə ilə əldə etmək mümkün deyil.

 

Bu, qarşılıqlı sevgidir, inamdır, güvəndir, ülvi bir bağlılıqdır.

 

Mehriban xanım Əliyeva insanların bu sevgisini, inamını, güvənini məhz onlara olan sevgisi, inamı, güvəni qarşılığında əldə edə bilib. Onun varlığında həyat mənbəyi, müdriklik mücəssəməsi kəşf edən qədirbilən insanlar əsrlərin dərinliyinə uzanıb gedən tariximizin unudulmuş guşələrinə işıq salan, ana və bacılarımıza böyük məhəbbət və ehtiramla süslənmiş duyğular oyadan bu şəxsiyyətin nurlu əməllərinə minnətdarlıq hissləri ilə cavab verirlər. Bu, qarşılıqlı ehtiram, anlayış, məhəbbət, təmənnasız, ürəkdən gələn xidmətin indiyədək arzularda yaşanan manifestidir. Həmin manifestin müəllifi qədirbilən insanların sevdiyi, hər addımını təqdir etdiyi, varlığı ilə qürur duyduğu ölkəmizin Birinci vitse-prezidenti xanım Mehriban Əliyevadır.

 

Bu gün isə onun dünyaya gəldiyi gündür. Ömrün neçənci zirvəsinə ucaldığını bilmək üçün təvəllüd tarixinə baxmağa gərək qalmır. Ona görə yox ki, qadınlar hər zaman göründükləri yaşdadırlar. Ona görə ki, şəxsiyyət olmağın yaşı yoxdur. Mehriban xanımın qərar tutduğu şəxsiyyət ucalığı, yaşadığı mənalı ömür dünyanın dörd bir tərəfindəki milyonlarla insana onun etdiyi yaxşılıqların yaşındadır, bəşəriyyətə bəxş etdiyi xeyirli əməllər qədərdir. Bu nurlu əməllərin sayını, hesabını, yaşını müəyyən etmək mümkün deyil.

 

Azərbaycanın Birinci vitse-prezidentinə - qadın hərəkatı tarixinin ən parlaq liderlərindən birinə ölkəmiz və dünyamız üçün yeni-yeni nailiyyətlərlə dolu tükənməz, gözəl illər arzulayırıq. Şərəfli və fədakar ömrünüz uzun olsun!

 

İki sahil.- 2020.-27 avqust.- S.11;13.