Ömürlərini xalqın taleyinə bağlayan Bakıxanovlar

 

Mədəniyyət kanalında nümayiş etdirilən “Bakıxanovlar” sənədli filmi haqında qeydlər

 

 

Azərbaycan Televiziyası son illər tamaşaçıların zövqünü oxşayan, ölkənin ictimai-siyasi, tarixi, mədəni həyatına aid layihələri, proqramları ilə diqqəti cəlb edir. Dövlət televiziyasının Mədəniyyət kanalı da maarifçilik missiyasını öz üzərinə götürməklə, Azərbaycan incəsənətinin və elminin təbliği və tanıdılması istiqamətində ardıcıl işlər görür.

 

 

Bu günlərdə Mədəniyyət kanalında “Bakıxanovlar” sənədli filminə baxdım. İlk dəfə efirə gedən filmdə Azərbaycan  tarixində, ədəbiyyatında, musiqisində xüsusi xidmətləri və yeri olan bakıxanovlar haqqında müfəssəl məlumat verilir. Film Abbasqulu ağa Bakıxanovun aşağıdakı misraları ilə başlayır:

 

 

Zəkasının gücü ilə şərafətə qovuşur,

İnsan idrak sayəsində Günəş kimi saçır nur.

 

 

Bəli, insan zəkasının gücü, idrakı sayəsində nələrə qadir deyil? Bu filmə baxdıqca Abbasqulu ağa Bakıxanovun timsalında bu nəslin öz xalqı, milləti qarşısındakı xidmıtlərinin, ümumiyyətlə bəşəri dəyərlərə ən ali sadiqlik nümunəsinin bir daha şahidi oldum. Azərbaycanın böyük nəsillərindən biri olan bakıxanovların son üç yüz ildə Azərbaycan tarixi, dövlətçiliyi, hərb işi, ədəbiyyatı, mədəniyyəti, incəsənəti, tibb və s. sahələrdə böyük xidmətləri olmuşdur.

 

 

Filmdə adı çəkilən nəslin nümayəndələri ehtiramla yad edilir. Akademik Rafael Hüseynovun müəllif proqramı kimi təqdim edilən film bakıxanovlar nəslinin ən görkəmli nümayəndəsi Abbasqulu ağa Bakıxanovun ictimai-siyasi fəaliyyəti, ədəbi yaradıcılığı haqqında maraqlı məlumatlarla başlayır. Qeyd olunur ki, onlar ömürləri boyu Xəzərin sahilində yaşadılar, Xəzəri sevdilər, bir də Bakının yanında “xan” adlarını yaşatdılar. Çətin zamanlarda 1920-30-cu illərdə soyadlarında “bəy”, “xan” adları olduğu üçün onları təqib etdilər. Ən yaxşı halda soyadlarını “bəy”siz, “xan”sız etmələrini təkid olundu. Lakin bakıxanovlar bu soyadı həmişə qorudular. Çalışdılar ki, əməlləri soyadlarına daha artıq başucalığı gətirsin.

 

 

Bakıxanovlar nəslinin qol-budağı dünyanın bir çox yerlərinə yayaılıb. Filmdə göstərilir ki, akademik Ziya Bünyadov İrana səfəri zamanı Tusi şəhərində 60-a yaxın Bakıxanov ailəsi ilə görüşüb. Elə buna görə də filmdə bakıxanovlardan bir nəfərin bu şərəfli nəslin şəcərə ağacını düzəltmək üçün tədqiqata başlaması təklif edildi.

 

 

Bəstəkar Tofiq Bakıxanov ulu babalarının İçərişəhər yaranan vaxtdan burada yaşadığını diqqətə çatdırdı. Bildirdi ki, hələ 17-ci əsrdə burada bakıxanovların 111 otaqdan ibarət mənzili olub. İçərişəhər ona görə də bu nəslə doğma məkandır. Babam Məmmədrza bəyin bacıları, qardaşları indiki Asəf Zeynallı küçəsinin qurtaracağında yaşayırdılar. Xaricdən qonaqlar gələndə çox vaxt həmin evdə qalıblar. Məsələn, Buxara əmiri Bakıya gələndə xan həmin evdə qalıb.

 

 

Görkəmli musiqiçi danışır ki, İçərişəhərin ilk hakimi Dəryaqulu xan olub. O, çox savadlı adam olub. Ondan sonra övladları Birinci Mirzə Məhəmməd xan, onun vəfatından sonra İkinci Mirzə Məhəmməd xan idarə edib. İkinci Mirzə Məhəmməd xan Abbasqulu ağa Bakıxanovun atası olub. Filmdə bildirilir ki, İkinci Mirzə Məhəmməd xanın və Abbasqulu ağa Bakıxanovun möhürləri bu günümüzədək gəlib çatıb.

 

 

Birinci Mirzə Məhəmməd xan dünyasını dəyişəndən sonra xanlığı qardaşı İkinci Mirzə Məhəmməd xana verirlər. Lakin İkinci Mirzə Məhəmməd xan kiçik olduğundan İçərişəhəri dayısı Fətəli xanın köməyi ilə idarə edib. Hüseynqulu xan böyüyüb İçərişəhəri idarə edəndə Məhəmmd xan Əmircanda yaşayırdı və Abbasqulu ağanın 7 yaşı vardı. Onlar Fətəli xanın təklifi ilə Qubaya köçür və Əmsar kəndində yaşayırlar. Hazırda Əmsar kəndində Abbasqulu ağa Bakıxanovun ev muzeyi və abidəsi var.

 

 

Filmin aparıcısı– Rafael Hüseynov qeyd edir ki, fitrətindən müəllim olan Abbasqulu ağa Bakıxanov “Məsai” – “Öyüdlər” adlı bir kitab yadigar qoyub. Bu əsər başdan-başa düşüncələrə həkk olunmalı ustad vəsiyyətləridir. O belə nəsihət edirdi: “Başqasına pislik etmək istəyənə yaxşılıq eləmə. Bu pislərə yaxşılıq etmək, yaxşılara pislik etmək kimi bir şeydir”. A.Bakıxanov belə öyüd verirdi: “Ağıldan və elmdən daha yaxşı bir dövlət yoxdur. Çünki onlar həmişə səninlə olar və heç kəs onları sənin əlindən ala bilməz”. “Yaxşı əməldən iki dəfə zövq alarsan: birincisi onu edəndə, ikincisi onun əvəzi sənə çatanda”;

 

 

Abbasqulu ağa Bakıxanovu digərlərindən fərqləndirən onun universal zəka sahibi olması idi. O, yeddi dil bilirdi. Coğrafiyaya, astranomiyaya, əxlaqa, etikaya aid əsərlər, şeirlər yazıb. Azərbaycanın ilk elmi tarixini yaradıb. Bakıxanov ən müxtəlif elm sahələrinə səriştə ilə bələd insan idi.

 

 

Bakıxanovlar nəslindən görkəmli alimlər, ədəbiyyatçılar, musiqiçilər yetişib. Bu da bakıxanovların gendən gələn, irsən keçən bir xüsusiyyəti idi. Abbasqulu ağa ədəbi məclisin başında dayanırdı. O dövrün ziyalıları Bakıxanovun ətrafına, onun işığına toplaşırdılar. Qriboyedovla görüşündə onlar təkcə dövlət işlərini deyil, həm də ədəbi məsələləri müzakirə edirdilər. Qribayedov özü yazırdı ki, mənə fars dilini öyrədən Abbasqulu ağa olmuşdur.

 

 

Müəllif vurğulayır ki, Abbasqulu ağa Bakıxanovun əsərlərindən başqa məktubları da var ki, günümüzə gəlib çatıb. Həmin məktubları oxuduqca sanki o diridir, nəfəs alır məktubların içində. Bundan başqa Bakıxanovun haqqında söz açılan məktublar da maraq doğurur. Belə məktubların birini Puşkinin anası oğluna yazıb. Məktubda deyilir ki, Abbasqulu ağa gəlmişdi bizə. Onun yüksək intellekti, mədəniyyəti bizi heyran qoydu.

 

 

Puşkinlə də möhkəm dostluğu olub Bakıxanovun. Qlinka vaxtilə “Ruslan və Lyudmila” operasını yazanda əsərdə istifadə etmək üçün ona bir türk mahnısı lazım olur. Qlinka Puşkindən mahnı ilə bağlı məsləhət istəyəndə o, bu barədə Bakıxanova müraciət etməyi tövsiyə edir. Qlinka Bakıxanovun təklifi ilə “Qaladan qalaya” mahnısını operaya daxil edir. Həmin mahnı Orta Asiyadan, Hindistandan, Rusiyadan tutmuş Avropaya kimi hər yerdə tanınırmış.

 

 

Yuxrıda qeyd edilən məlumatlardan göründüyü kimi, Abbasqulu ağa Bakıxanov musiqini çox sevirdi. Şeirlərinin biri “Fatma tar çalırdı” adlanır. Böyük mütəfəkkir bu şeirlə həm də onu bizə çatdırır ki, Azərbaycan qadını da tar çalır. Onun qəzəlləri vaxtilə xanəndələrin ifasında səslənib. Tofiq Bakıxanov şairin “Fatma tar çalırdı” şeirindən ruhlanaraq “Səninlə bağlıdır bəxtiyarlığım” adlı mahnı yazıb.

 

 

Aparıcı bakıxanovlar nəslinin daha bir görkəmli nümayəndəsi Əhmədxan Bakıxanov haqqında danışarkən vurğulayır ki,  hamının qəbul etdiyi münsif kimi ad qazanmışdı. O qədər ədalətli, o qədər düzgün insan idi ki, hər kəs onu doğrunu ölçə biləcək tərəzi hesab edirdi. Xalq musiqisi ilə bağlı idi. Sakit təbiətli, mülayim adam olub Əhmədxan. Ə.Bakıxanov sinəsini qabağa verib o dövrdə neçə-neçə gəncləri müdafi edib. Onların sırasında sonralar görkəmli sənətkarlar kimi yetişən Zeynəb Xanlarova, Hacıbaba Hüseynov və digərləri var idi. O, 1931-ci ildə Xalq Çalğı Alətlər Ansamblını yaradıb. Əhmədxan Bakıxanovdan bu xalqa muğamlarımızın ritmli boyaları olan rənglər yadigar qalıb. Ə.Bakıxanov Bakıda doğulmuşdu. Atası Məmmədrza bəy də Bakıda doğulub. Qardaşı Məmmədxan Bakıxanov da görkəmli musiqiçi olub. 1941-ci ildə Azərbaycan musiqiçiləri İrana gedəndə Məmmədxan Bakıxanovu da aparmışdılar. O da gözəl muğam bilicisi idi. Azərbaycan və İran tarında çalmağı bacarırdı.

 

 

Əhmədxan Bakıxanov uşaqlıqdan evlərində böyük tar görüb. Həmin tarın çox güclü səsi vardı. Bu tarda atası, dayısı Mirzəağa, sonralar Əhmədxanın qardaşı Məmmdəxan da çalırmış. Əhmədxana növbə çatmırmış. Bir gün evdə adam olmayanda Əhmədxan tarı götürüb simlərin yerini sağdan sola dəyişir ki, ondan başqa çalan olmasın. Əhmədxan Bakıxanova müəllim deyə müraciət edirdilər. Tarı solaxay etməkdə də bir müəllimlik məharəti görünür. Əhmədxanın atasını qubernatora sui-qəsdə şübhəli bilirlər. O ailəsi ilə birlikdə Tehrana köçür, sonra da Zəncana gedir. Lakin orada həbs edib Bakıya gətirirlər. Xarkovda altı il həbsdə qalır. Uşaqlar dayısı Mirzəağanın himayəsində yaşayırlar.

 

 

Repressiya illərində Əhmədxanı və qardaşını həbs etmişdilər. Onu İran musiqisini təbliğ etməkdə günahlandırırdılar. Məmmədxan və Əhmədxanı İran şahının agenti kimi suçlayırdılar. 1938-ci ildə Moskvada Azərbaycan ədəbiyyatı və mədəniyyəti ongünlüyü keçirilirdi. Həmin vaxtda Əhmədxanın həyat yoldaşı Üzeyir bəyə müraciət edərək günahsız tutulan qardaşların azad olunmasına kömək etməsini istəyir. O da Mir Cəfər Bağırovla qatarda Moskvaya gedəndə kömək üçün xahiş edir və qardaşlar günahsız tutulduqları üçün azadlığa buraxılır.

 

 

Üzeyir Hacıbəyovun xahişi ilə Əhmədxanın övladları Avropa musiqi alətləri ifaçılığını öyrənərək peşəkar musiqiçilər olmuşlar. Azərbaycanın ilk solist skripkaçısı isə Tofiq Bakıxanov olmuşdur.

 

 

Abbasqulu ağa Bakıxanov Məkkəyə ziyarətə getmək üçün imperatora müraciət edir ki, məni yaradıcılıq işlərim ilə əlaqədar vəzifədən azad edəsiniz. Müraciətə razılıq verilmir. Onu Qafqaz komandanlığından icazə almaq üçün Polşaya getməyi məsləhət görürlər. Bakıxanov Varşavaya gedir. Ərizəsinə bir şərtlə icazə verilir ki, yerinə bacarıqlı bir nəfər tapsın. Bakıxanov bu işdə Mirzə Fətəli Axundovu öz yerinə təyin etdirərək vəzifəsindən uzaqlaşır. O, Mirzə Fətəliyə özünün ardıcılı, davamçısı kimi baxırdı və haqlı idi də. Çünki Axundov da Bakıxanov kimi Azərbaycan ədəbiyyatında yeni cığırlar, yollar açırdı.

 

 

Müəllif bildirir ki, Tofiq Bakıxanovun “Xəzər” balladası baleti onun əsərlərinin içərisində xoşbəxt taleli əsərdi. 1961-ci ilin martında Bakıda bu əsər uğurla ifa edildikdən sonra Parisdə keçirilən 7-ci xeoqrafiya həftəsinə aparıldı. Tamaşaçılara uğurla təqdim edilən əsər parisliləri valeh etmişdi. Festvaldan sonra baletimiz Fransanın ayrı-ayrı şəhərlərində nümayiş etdirildi.

 

 

Köməyə ehtiyacı olana əl uzatmaq Bakıxanovların qanıda olan xüsusiyyətdir. Xalq artisti bəstəkar Tofiq Bakıxanov ömrü boyu həmin nəslin ənənələrini şərəflə davam etdirib. O ahıl çağlarında Ərtoğrul Cavid haqqında kitab yazmağı da öhdəsinə götürdü və bu işi mənəvi borc kimi böyük həvəslə yerinə yetirdi.

 

 

Aparıcı qeyd edir ki, Abbasqulu ağa Bakıxanov Xəzəri çox sevirdi. Ömrü boyu da Xəzərlə bağlı araşdırma aparıb. Rus şərqşünası İlya Berezin (1818-1896) yazırdı ki, Bakıxanov Xəzər sahilində sular altında qalmış yaşayış məntəqəsini–Şəhri-yunanı axtarırdı. Hətta Gürcüstandakı dostluq əlaqələrindən istifadə edib komandanlıqdan ona komək veirlməsini xahiş etmişdi. Həmin şəhəri tapmasa da Bakıxanov elə adalar, elə qitələr tapdı ki, həmin yerlərdən Abbasqulu ağanın səsi həmişə gələcək.

 

 

1990-cı illərdə bakıxanovlar nəslinin nümayəndələri mənə dedlər ki, Xəzər Dəniz Gəmiçiliyi İdarəsinə müraciət edib Abbasqulu ağa Bakıxanovun da adını əbədiləşdirməyi xahiş edək. Mən də müfəssəl məktub hazırladım. Bakıxanovun Xəzərlə bağlı araşdırmalarından da məktubda söhbət açdım. Çox  keçmədi ki, A.Bakıxanovun adını daşıyan gəmi Xəzər sularında üzməyə başladı. Abbasqulu ağa Bakıxanov irsi bu gün də dünya dənizlərində, okeanlarında,  Xəzər sularında üzməkdədir. Amma sonsuzdan sonsuz, nəhayətsizdən nəhayətsiz söz dənizi ki var orda Abbasqulu ağa Bakıxanov – Qüdsi həmişə üzüb, bundan sonra da üzəcək.

 

 

Sənədli filmin senari müəllifi, quruluşcu rejissoru və aparıcısı akademik Rafael Hüseynovdur. Filmdə bakıxanovlar ailələrinin şəxsi arxiv materiallarından, Dövlət Arxiv İdarəsinin, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin, Azərbaycan Televiziyasının arxiv materiallarından istifadə edilib. Filmin üstün cəhətlərindən biri  elmiliklə bədiiliyin vəhdət təşkil etməsidir. Filmin çəkilişlərində bakıxanovların yaşadığı, işlədiyi məkanlardan geniş istifadə edilməsi, arxiv materiallarının, sənədlərin dəqiq yeri və digər məkanların görüntüləri, film boyu hadisələrin gedişinə uyğun uğurlu musiqi seçimi ona olan marağı qat-qat artırır. Ömrünü Azərbaycan xalqının taleyinə bağlayan bir nəslin nümayəndələri haqqında ensklopedik bilgi verən sənədli film həm məktəblərdə, həm də ali təhsil müəssisələrində dərs deyən müəllimlər, eləcə də tələbələr üçün zəngin material verir. Xalqımızın taleyində mühüm xidmətlər göstərmiş görkəmli nümayəndələri, klassiklərimiz haqqında bu cür filmlərin sayını artırmaqla onları xalq daha yaxşı tanımaq, müasir texnologiyanın imkanlarından istifadə etməklə tamaşaçıya daha çöx və maraq doğuran məlumatlar çatdırmaq yaxşı olardı.

 

Qabil ƏLİYEV

 

İki sahil.- 2020.- 27 avqust.- S.-25.