Sülhməramlıların
məramı
İkinci Qarabağ savaşının
ilk mərhələsində Rusiyanın, ən
başlıcasısa, prezident Putinin zahirən prosesə
seyrçi münasibəti çoxlarının təəccübünə
səbəb olsa da ürəyincəydi. Çünki Azərbaycan
ordusunun ard-arda qələbələriylə müşayət
olunan döyüş əməliyyatları boyu Moskvanın susqunluğuyla keçən hər
gün az qala yeni bölgələrin azad olunması
üçün əlavə fürsət idi.
Şuşanın qurtuluşundan sonra, yəniXankəndinin azad
olunmasına artıq sayılı günlər, bəlkə də
saatlar qaldığı bir vaxtda Putinin məsələyə
təcili müdaxiləsi vəziyyəti kökündən
dəyişdi, 44 günlük zəfər
yürüşünə son nöqtəni, daha doğrusu,
nidanı qoymaq vəzifəsiordudan alınıb
diplomatların sərəncamına verildi.
Ancaq hadisələrin axarı
göstərdi ki, Kreml başçısının
“seyrçi mövqeyi” haqqında formalaşmış təsəvvürlər
yanlışdı, o hər şeyi diqqətlə izləyir və
öz məqamını gözləyirmiş. Elə bir məqamı
ki, döyüş əməliyyatlarının
dayandırılması ilk növbədə Rusiyanın
maraqlarına cavab versin. Sonradan kadr arxasında gedən
danışıqların mətbuata sızan detalları da bu
deyilənləri təsdiq elədi. Məlum oldu
ki, müharibənin ilk fazasında Ermənistan
özünü bir qarış da torpaq verməyəcək qədər
ötkəm, “Azərbaycan ya tam qələbə, ya da
Şuşasız heç nə” – deyə olduqca qətiyyətli
aparırmış. Sonda elə bu qətiyyətli mövqe də
ordumuzun qələbəsini təmin eləyən əsas
amilə çevrildi.
Putinin son davranışları,
problemə praqmatik yanaşması ilk baxışda onun rus
siyasətinin Qafqazda erməni-azərbaycanlı münasibətləri
müstəvisində formalaşmış çoxəsrlik ənənəsini
pozmaq, bu siyasətə ciddi korrektələr etmək cəhdinə
oxşayırdı. Elə təəssürat yaranırdı
ki, Rusiya sanki daim çiynində gəzdirdiyi Ermənistan
boyda ağır yükdən birdəfəlik azad olmaq fikrinə
düşüb. Amma patriarxın bu boyda siyasi
etirafda bulunacaq qədər praqmatikolduğunu düşünmək
sadəlövhlük olardı.Şübhəsiz ki, onun əsas
məqsədi Ermənistandan can qurtarmaq yox, bu ölkənin səadətini
okeanın o tərəfində axtarmaq eşqinə
düşmüş, bu azmış kimi, öz
düşük perfomanslarıyla uzun müddətdir
ki, canını boğazına yığmış
hüştürümlü baş nazirini cəzalandırmaq
idi.Böyük siyasət xırda ambisiyaların
fövqündə durmağı tələb etsə də,
mütləq hakimlərin qərarlarında belə kiçik
detallar daha həlledici rol oynayır.
Nə isə, artıq elə bir məqam
çatmışdı ki, “manqal inqilabı”ndan
başılovlu çıxmış baş naziri cəzalandırmaq,
ona qulaqburması vermək rəsmi Kreml üçün həyati
zərurətə çevrilmişdi. Putin Ermənistandan vaz
keçmək, onu taleyin girdabına buraxmaq fikrində deyildi. Ona ya
Paşinyansız Ermənistan, ya da zəif, müti Paşinyan
lazım idi. Odur ki, Ermənistanı tam
iflasdan xilas eləmək üçün mümkün köməyini
də ondan əsirgəmirdi.
Savaş günlərində Azərbaycan mətbuatında,
demək olar ki, hər gün Rusiyanın müxtəlif şəhərlərindən
onlarla ağır tonnajlı yük təyyarələrinin Ermənistana
uçduğu barədə mötəbər mənbələrə
istinadən məlumatlar dərc olunurdu. Təbii ki, həmin
təyyarələr bu basabasda “strateji tərəfdaşa”ın
mülki və hərbi aeorodromlarına yağəppək və
ya koronavirus vaksini daşımırdı.
Atəşkəsdən sonra elə Putinin özü də
bunu açıq etiraf eləməyə məcbur oldu. Sitat: “Moskva Yerevanla hərbi-texniki
yardım çərçivəsindəki bütün
öhdəliklərinə tam əməl etdi. Sizi
inandırıram ki, Ermənistan özünü tənha və
atılmış hiss eləmədi. Bundan
ötrü Rusiya hər şey etdi”. Ardınca
Paşinyan özü də bunu təsdiqlədi. Sitat:
“Müharibə dövründə biz daim Rusiya
Federasiyasının dəstəyini hiss elədik”.
Bu fasiləsiz yardımlarla Azərbaycan ordusunun
qarşısını kəsmək olmadı. Artıq
Rusiyanın öa qoşununu birbaşa hərbi əməliyyatlara
cəlb eləməkdən başqa yolu qalmamışdı.
Bunsuz ermənilərin
xilası mümkünsüz idi. Meydan PKK, Suriya, Livan, Fransa
terrorçularının meydanı deyildi. Düz, 27 il sərasər özlərinə “məğlubedilməz
ordu” yarlığı yapışdıranlar elə I
Qarabağ savaşındakı uğurlarına görə də
rus ordusuna borcludu, hansısa Monte Melkumyanlara yox.
Rusiya
sülhməramlılarının münaqişə bölgəsinə
yerləşdirilməsinin artıq burnu ovulmuş Paşinyan və
paşinyançılar qarışıq Ermənistan cəmiyyətinin
bütün siyasi və ictimai dairələri tərəfindən
az qala “sürəkli alqışlar”la qarşılanması da
bu reallıqlarla
bağlıdır.
Bu qoşunun bölgəyə gəlişi əsasən
Azərbaycan cəmiyyətində xeyli suallar, narahatlıqlar
yaratdı. Amma xoşumuza gəlib-gəlməməyindən
asılı olmayaraq qaçılmaz gəliş idi. Qərb demokratiyasının vaxtilə güvəndiyimiz
“ədaləti” Dağlıq Qarabağ münaqişəsinin
nizamlanması, işğal olunmuş ərazilərinin geri
qaytarılması işinə yaramadı. Onlar
bundan ötrü heç nə etmədi və yaxud etmək
istəmədi. Ara-sıra candərdi səsləndirdikləri
“ərazi bütövlüyünü tanıyırıq” ifadəsinin
arxasında gizlənərək işğalı unutdurmaq və
bizi onunla barışdırmaq siyasəti yeritdilər. Ermənilərin öz müqəddaratını
ikinci dəfə müəyyənləşdirmək
haqqını təkrarlamaqdan yorulmadılar, ancaq bu
yanaşmanı SSRİ-dəki digər münaqişə
ocaqlarına tətbiq etmədilər. Nəinki
Dnestryanıda və Ukraynada rusların özlərini ikinci dəfə,
heç Abxaziyada abxazların, Cənubi Osetiyada osetinlərin
özlərini birinci dəfə təyin eləmək
haqlarını tanımadılar. Haqlı
olaraq onlara tanımadıqları kimi ermənilərə də
tanımamalıydılar.
Bəs, Azərbaycana yönəlik bu ikili standartı necə
başa düşəməliydik? Təbii ki, öz
gücümüzlə başımıza çarə
qılmalıydıq. Qıldıq da.
Hələburasını da unutmayaq ki,
Rusiyanın, sadəcə, mövcudluğu bu müharibədə
karımıza çatan ən böyük amil oldu. Yoxsa, onlar yalnız gündə bir antiazərbaycan bəyanatı
verməklə yaxamızdan əl çəkəsi deyildilər.
Rusiya sülhməramlılarının hər
addımının cəmiyyətimiz tərəfindən diqqətlə
izlənməsi və incələnməsi, müxtəlif
reaksiyalar doğurması təbii haldır və həmin ordu
orda durduqca gündəmin ən həssas mövzusu olaraq
qalacaq.
Əvvəcə qoşunların Ermənistandan gəlməyi
etirazlar doğurdusa, sonra Azərbaycandan keçərək
getməsinə iradlar başladı. Əslində, bu
qoşun lap başlanğıcdan məhz Azəbaycandan
keçərək münaqişə bölgəsinə
yollanmalıydı. Çünki bölgə tam şəkildə onun ərazisində
yerləşirdi, üstəlik, daha ucuz başa gəlirdi.
Ucuz demişkən, hələ ki, sülhməramlıların
ordakı xərclərinin kimin çəkəcəyi barədə
dinib-danışan yoxdu deyə işin bu tərəfi xeyli
qaranlıqdı. Hər halda Azərbaycanın
öhdəsinə məhz ona görə heç bir maddi
yük düşməməlidir ki, hazırkı hərbi-siyasi
reallıqda həmin qoşunların orda yerləşməsi
üç ölkə arasında yalnız onun maraqlarına
cavab vermir.
Qıcıq doğuran məslədən biri də
humanitar yardımlarla bağlıdır. İndi
sülhməramlı qüvvələr təkcə atəşkəsi
və dinc əhalinin təhlükəsizliyini təmin etmir,
humanitar yardımlar daşıyan çoxsaylı maşın
karvanlarını da müşayət edir. Başadüşüləndir. Bölgə
ağır müharibədən çıxıb,
infrastrukturlar dağılıb, həyatın ritmi pozulub.
Ermənistandan gələn humanitar yardımın birmənalı
olaraq Stepanakertə və yaxud digər erməni
yaşayış məntəqələrinə
daşınmasıyla da işimiz yoxdur. Bu
yardımlar ermənilərin xaricdəki böyük
bacı-qardaşları tərəfindən məhz onlara
göndərilir. Bəs, ölkənin rəsmi strukturlarının
müşayətiylə Azərbaycan ərazisində
daşınan humanitar yüklərə nə deyirsiniz? Bunu ki
münaqişənin arbitri rolunda çıxış eləyən
Rusiya göndərir və bilir ki, tikinti materiallarıyla dolu
bu maşın karvanı dağılmış Bərdənin
içindən, artıq bizim Vətən müharibəsinin
Stalinqradına çevrilmiş Tərtərin böyründən
keçib gedəcək. Tərtər Stepanakertdən on dəfə
kiçik şəhər olsa da,
dağıntılarının səviyyəsinə görə
onu yüz dəfə üstələyir. Məntiqlə
həmin maşınlar heç olmasa, yükünün
cüzi hissəsindən azad ola-ola son ünvanına
çatmalıydı. Ən azından
sözkəsənlik üçün. Təəssüf
ki, rəsmi Kreml bu çür incə məqamları nəzərə
almağa hazır görünmür, hələlik, azərbaycanlıları
müxtəlif humanitar missiyaların başına müsəlmanları
qoymaqla ovundurmağa çalışır.
Laçının Azərbaycana qaytarılarkən bəzi
ermənilərin dirəniş göstərməsi də xeyli
cavabsız suallar yaradır. Sülhməramlılar deyirlər
ki, bizə qulluq üçün 200 adam
lazımdır. Böyük bir dövlətin ordusunun
özünə qulluq üçün kənardan adam axtarması, kiməsə möhtac
olması bir başqa tamaşadır – bununla işimiz yox. Amma onların həqiqətən belə köməyə
ehtiyacı varsa, onda azərbaycanlıları elə indidən
hissə-hissə ora köçürməyə
başlamalıdırlar. Kababı da ermənidən
yaxşı bişirir, hələ istəsən onlardan
yaxşı tut arağı da çəkməyi
bacarırlar.
Azərbaycan tərəfi dəfələrlə bəyan
edib ki, 1988-ci ilə kimi Dağlıq Qarabağda yaşayan ermənilərin
və onların törəmələrinin öz
yurd-yuvalarında yaşamağı üçün hər
cür şərait yaradılacaq. Otuz illik olmazın
müsibətlərindən sonra Azərbaycan xalqı
üçün çox ağır olsa da, onun sülhpərvər
ruhu bunu həzm eləməyə yardımçı olacaq.
Bundan əvvəl də ermənilərazərbaycanlılara
qarşı çox qətliamlar törədib, amma ara soyuyan kimi gəlib süfrəsinin
başında oturmaqdan ar-abır etməyiblər.
İndi, yəni sülhməramlılar ordaykən ən
azı Laçın şossesinin üzbəüz tərəflərində
birgəyaşayışın kiçik modellərini yaratmaq
olardı.
Ancaq çox təəssüf, mümkün deyil, “əmması” da odur ki,
Laçında heç vaxt erməni yaşamayıb, orda məskunlaşanlar
Yaxın Şərqdən zorla gətirilən,Avropadan
könüllü gələn ermənilərdir ki, gec-tez
hamısı gəldikləri yolla da geri qayıtmağa məcbur
olacaqlar.
M. Cavadoğlu.
Ədalət.- 2020 -5
dekabr.- S.1;6.