Naxçıvanın sirlər dünyası
Layihənin istiqaməti:
Azərbaycanın dövlətçilik
tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
(əvvəli ötən sayımızda)
Orta əsr
qaynaqlarında F.Nəiminin
Təbriz, Şiraz, Astrabad və Məşhəddə doğulması
haqqında fikirlər
vardır. Görünür, F.Nəimi hələ
erkən vaxtlardan sufizmin mərkəzinə
çevrilmiş Xorasan
vilayətinin Məşhəd
şəhərində anadan
olmuş və ya orada təhsil
alaraq kamilləşmiş,
sufizm ideyalarını
mənimsəmiş və
öz ideyalarını
yaymaq üçün
Azərbaycana gəlmişdir.
Teymurilər tərəfindən təqib
olunduğundan Naxçıvanda
Miranşah tərəfindən
tutularaq Əlincədə
edam edilmişdir. Tərəfdarları isə
onun cənazəsini Əlincəqalanın yaxınlığında
dəfn edərək qəbrini ziyarətgaha çevirmişlər. Yerli
əhali isə qəbri onun gəldiyi yerin adı ilə "Xorasanlı Şeyxin qəbri", "Xorasandan
gəlmiş Şeyxin
qəbri" kimi tanımışdır. Sonralar
isə bu ad dəyişilərək
"Şeyx Xorasan"
şəklinə düşmüşdür.
Məşhur alim,
AMEA-nın müxbir üzvü Məşədixanım
Nemətin 2001-ci ildə
nəşr etdirdiyi
"Korpus gpiqrafiçeskix
pamətnikov Azerbaydjana"
kitabının III cildində
üç ədəd
mərmər kitabə
parçaları haqqında
məlumata rast gəlirik. Alim yazır ki, bu kitabə parçaları vaxtilə
filologiya elmləri namizədi Ə.Hüseyni
tərəfindən Əlincəqala
ətrafında qeydə
alınmışdır. Mərhum
Ə.Hüseyni bu kitabə parçalarının
hürufilik təliminin
banisi F.Nəimiyə məxsus başdaşının
parçaları olması
fikrində olmuşdur.
Sonralar Bakı Şəhər Tarix-Memarlıq
Abidələrinin Bərpası
və Mühafizəsi
İdarəsinin əməkdaşları
bu kitabə parçalarının fotosunu
tarix elmləri doktoru M.Nemətə təqdim etmiş, o isə həmin kitabələri oxuyaraq nəşr etdirmişdir. Kitabə bütöv olmadığı və bir hissəsi itdiyi üçün onun mətnini tam oxumaq mümkün
olmamışdır. Süls
xətti ilə ərəb dilində həkk edilmiş kitabənin mətni belədir: "Hər kəs ölümü dadacaqdır! ("Qurani-Kərim"
XXIX - 57). Bu bağça mərhum,
günahları bağışlanmış,
kamil və fəzilət sahibi alim, təriqət yolu ilə gedənlərə
("salik əl-məsalik")
doğru, aşkar yol göstərən, dinin Günəşi (Şəms əd-Din), padşahg - Allah onun qəbrini nurlandırsın - çərşənbə
axşamı günündə
öldü..."
Kitabənin tarixi
qalmamışdır. Mətndə mərhumun adına əlavə edilən və sufi təriqəti
başçılarına, xanəgah rəhbərlərinə
verilən "Şeyx"
titulu, həmçinin
kitabədə qeyd olunan "təriqət yolu ilə gedənlərə
(salik əl-məsalik)
doğru, aşkar yol göstərən"
sözləri mərhumun
görkəmli sufi şeyxi olduğunu söyləməyə
əsas verir. Heç də hər bir təriqət başçısının bu
mərtəbəyə yüksələ
bilmədiyini, eyni zamanda qaynaqların da təsdiq etdiyi kimi, F.Nəiminin
çoxlu ardıcılı
- müridi olduğunu
nəzərə alsaq,
başdaşının mərhum
Ə.Hüseyninin F.Nəimiyə
aid olması fikrindən yayınmaq olmur.
Xanəgah kompleksinə
daxil olan türbə-məscidin mehrabının
baş tərəfində
irihəcmli daşa həkk edilmiş kitabə vardır. Ərəb dilində iki sətirdə incə və gözəl xətlə həkk edilmiş kitabənin mətni belədir: "Bu
məqbərə mükəmməl,
kamil, fəzilət sahibi alim, şeyx,
hacıların və
hər iki müqəddəs yerin (Məkkə və Mədinə) iftixarı, xalqlar içərisindəki
tayfaların mürşidi,
Allahı tanıyanların
şeyxi Hacı Lələ Məlikindir.
Tikinti kəramətli,
əzəmətli xatun
Xond Bikə xatunun - onun isməti artıq olsun - səyi ilə doqquz yüz birinci ildə tamam oldu".
Qaynaqlar təsdiq
edirlər ki, orta əsrlər zamanı Naxçıvan bölgəsində fəaliyyət
göstərən sufi
təriqətlərinə rəhbərlik
edən adamlar içərisində sufilikdə
ən yüksək məqama çatmış
şəxsiyyətlər də
olmuşdur. Belə şəxsiyyətlərdən biri kitabədə adı xatırlanan Şeyx Hacı Lələ Məlikdir. Kitabədə adına əlavə
edilən titullar təsdiq edirlər ki, Şeyx Hacı
Lələ Məlik sufiliklə ən yüksək məqama yüksəlmiş, bir müddət Əlincəçay
sahilindəki xanəgahda
fəaliyyət göstərən
dərvişlərin rəhbəri
- şeyxi olmuş, onlar vasitəsilə mənsub olduğu təriqətin ideyalarını
yaymışdır.
Təriqət başçıları, xanəgah
rəhbərləri olan
şeyxlər ailə
üzvləri ilə birlikdə Xanəgah komplekslərinə daxil olan xüsusi yerlərdə yaşamışlar.
Bu faktı əsas götürərək ehtimal
etmək olar ki, ölümündən
sonra onun xatirəsinə belə möhtəşəm bir türbə - məscid inşa etdirən Xond Bikə xatın Şeyx Hacı Lələ Məlikin arvadı olmuş və onunla birlikdə xanəgahda yaşamışdır.
Keçən yüzilliyin 70-ci illərinin
əvvəllərində xanəgahda
bərpa işləri
aparılarkən kompleksin
şərq divarının
yanından, torpağın
altından dörd ədəd sənduqətipli
qəbirüstü xatirə
abidəsi aşkar edilmişdir. Bu abidələrin üzərində
həkk edilmiş kitabələrin sayəsində
xanəgahda yaşamış
və fəaliyyət
göstərmiş bir
neçə sufi şeyxinin, onların ailə üzvlərinin adları aşkar olunaraq elmi dövriyyəyə
daxil edilmiş, qeyd olunan ölüm
tarixləri əsasında
yaşadıqları dövr
müəyyənləşdirilmişdir.
Xanəgahın ətrafında abadlıq işləri aparılarkən
aşkar edilən digər üç sənduqətipli qəbirüstü
xatirə abidəsi Naxçıvan Dövlət
Tarix Muzeyinə gətirilmiş və orada mühafizə edilir. Xanəgahın divarlarında qalan
və ətrafda vaxtilə dəfn olunmuş təriqət mənsublarının qəbirləri
üzərində qoyulan
xatirə abidələrinin
üstündə həkk
edilən məzar kitabələri burada sufi təriqətinin fəaliyyət göstərdiyini
birmənalı şəkildə
təsdiq edirlər.
Xanəgahda bərpa
işləri aparılarkən
torpağın altından
bir ədəd inşaat kitabəsi aşkar olunmuşdur. Ağ mərmər lövhə (50 x 37 x 12 sm)
üzərinə üç
sətirdə nəsx
elementli gözəl süls xətti ilə ərəb dilində həkk edilmiş kitabə, əsasən, salamat vəziyyətdə qalmışdır.
Xanəgah kəndinin
qərb tərəfində,
Əlincəqalanın ətəyində
son illərdə gözəl bir türbə aşkar edilmişdir. Türbənin
içərisində irihəcmli
daşa (83x41x7 sm) dörd sətirdə süls elementli nəsx xətti ilə ərəb dilində həkk edilmiş kitabə saxlanılır.
Göründüyü kimi, Culfa bölgəsinin mərkəzində
yerləşən və
orta əsrlər zamanı yaradılmış
tarix-mədəniyyət abidələri
ilə çox zəngin olan Xanəgah kəndi həm də Naxçıvanda sufi ideyalarının çox
geniş yayıldığı
yaşayış məskənlərindən
olmuşdur. Xanəgah
kompleksində fəaliyyət
göstərən təriqət
mənsubları dərvişlər
Naxçıvan bölgəsinin
sosial-siyasi və ideoloji həyatında mühüm rol oynamış, xalq kütlələri ilə
sıx təmasda olmuşlar. Onlar xüsusilə XIV yüzilliyin
sonlarında ərazidə
Teymurilərə qarşı
baş verən narazılıqlara rəhbərlik
etmiş, bu mübarizənin ön sırasında dayanmışlar.
Sonrakı yüzilliklərdə də bu xanəgah
öz fəaliyyətini
davam etdirmiş, Səfəvi dövləti
hökmdarlarına xidmət
göstərərək onların
ideyalarının yayılmasında
mühüm rol oynamışdır. Əldə
olunan epiqrafik faktlar bu xanəgahın
XVIII əsrdə də
fəaliyyət göstərdiyini tam qətiyyətlə söyləməyə
əsas verir.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.- 2020.- 5 dekabr.- S.20