Şəhid Aqilim mənim

 

 

 

...Oğlumun toyu dəfələrlə təxirə salınsa da, həyatımızda hər şey normal gedirdi. Mart ayına planlaşdırdığımız toy da alınmadı. Sonrakı aylarda dünyaya yayılan koronavirus bəlası ucbatından ən azı 5-6 dəfə toyumuz təxirə salındı. Yenə də səbrli və ümidli idik... Hər il yay aylarında ata ocağına yığışardıq. Atamın, anamın sevinci yerə göyə sığmazdı. Anam iki gündən bir sacda lavaş, fəsəli və bağdan yığdığı göyərtidən qutab bişirərdi. Biz də bəh-bəhlə yeyərdik. Bu yay koronavirus ucbatından kəndə gedə bilmirdik. Mən bircə dəfə getdim Alpana, onda da virus qorxusundan yaşlı valideynlərimlə görüşmədən qayıtdım Bakıya. Bu səbəbdən yolda da xeyli ağlamışdım. Bir ağırlıq, gərginlik vardı üstümüzdə...

 

Nəhayət, bölgələrə gediş-gəliş bərpa edildi, bağlı yollar qismən açıldı. Bacımla kəndə getmək ücün bir plan hazırladıq. Sentyabrın 25-də kəndə getdik. Gözəl süfrə hazırladıq, yedik-içdik, dedik-güldük... 26 sentyabr səhər saatları gözəl hava var idi kəndimizdə. Bacımgilin qurbanı vardı. “Su baba” ziyarətgahına getmişdilər. Mən də onlara qoşulmaq fikrində idim. Bir az gecikdiyimdən Subaba türbəsinin yaxınlığında onları görmədim. Məzarlığa tərəf getmişdilər. Məzarlığı heç sevməzdim... Həmişə ora getməmək üçün minbir bəhanəylə boyun qaçırardım.

Nə isə... Atamgilə qayıtdım. Atamla kəndimizin axundu bağda oturmuşdu. Qurban kəsilməli, Quran oxunmalı idi. Nəhayət, bacımgil də qayıtdı, qurban kəsildi. Günümüz o qədər gözəl keçdi ki, nə vaxt axşam olduğunu bilmədik. ...Və onu da bilmədik ki, sabah bizi nə gözləyir. Gülüşlü çöhrələrimiz sabah olacaq faciədən bixəbər idi. Bu gün hər şey çox gözəl idi. Haradan biləydik ki, həmin gün ilin ən gözəl günü, ən bəxtəvər günümüzdü. Bir daha bu qədər içdən gülüşümüz olmayacaq, gülsək belə gülüşümüz çiliklənib ayağımızın altına elə töküləcək ki, səsə özümüz diksinəcəyik.

Və 27 sentyabr... Günəş doğmayaydı, açılmayaydı səhər. Zaman duraydı kaş... Bu gün müharibə başlamışdı. Mənim əzizim, canım Aqil ordumuzun zabiti idi. Ön cəbhədə idi. O, Hərbi Akademiyanı bitirdikdən sonra 10 il idi ki hər zaman ön cəbhədə olmuşdu. Kapitan idi. Həmin gün Aqilə zəng çatmırdı. İçimizdə bir narahatlıq, səbəbsiz bir sıxıntı vardı, amma bir birimizi sakitləşdirirdik: “Heç nə yoxdu, yəqin telefonu sönüb, yoxsa zəng edər və s.”

Artıq Bakıya qayıdırdıq. Quba - Bakı yolunda yüzlərlə hərbi maşın, toplar, hərbi təcili yardım maşınları və əsgərlər var idi. Bu səbəbdən yolu bağlamışdılar, böyük tıxac yaranmışdı. Əsgərlərdə elə böyük ruh yüksəkliyi var idi ki, sanki toya gedirdilər. Aqil də həmişə əməliyyata gedəndə “Toya gedirəm” deyirdi. Yoldakı insanlarda da böyük ruh yüksəkliyi hiss edilirdi. Onlar əsgərləri alqışlayır, onlara meyvə və yemək verirdilər. O gün hər kəs bir yumruq olmuşdu elə bil...

Telefonuma qəfildən zəng gəldi. Atam idi. Aqillə danışdığını dedi. Qardaşım hər şeyin yaxşı olduğunu və özünüzdən muğayat olun -demişdi. Bir ah çəkdim. Bu içdən gələn narahatlığımın ifadəsi idi. Elə bil nəsə çatmırdı, boğulurdum sanki... Qeyri- ixtiyari gözümdə yaş gilələndi. Özümü saxlaya bilmədim, göz yaşım bulaq kimi qaynayırdı. Ürəyimdə olan sıxıntı, sanki bir az toxtadı. Özümü ələ almağa çalışırdım: “Aqil zəng eləmişdi, hər şey qaydasında idi. Bəs mənə nə olub axı?!”

Şəhərdəki evimə çatmışdım. Bu gün, 27 sentyabr oğlumun doğum günü idi. Hər şeyə həvəsim sönmüşdü, heç nə etmək istəmirdim, adi tort bele almadım. Aqilə zəng çatmırdı. Çox narahat idim. Bir də zəng etdim, yenə ona zəng çatmadı. Daxilimdən məni parçalayan narahatlığım sakitləşməyimə imkan vermirdi. Söndürülmüş telefonun ürək ağrıdan səsi məni daha da sıxırdı.

28 sentyabr. Aqilin telefonu yenə də susub. Ona zəng çatmır. Özümü sakitləşdirməyə çalışıram...

Axşam saat 8 radələri. Böyük qardaşım kiminləsə danışıb və salamatçılıq olduğunu deyib. Ona zəng etdim. Dedi ki, narahat olma salamatçılıqdı: “Füzulidə olan tanışımla danışmışam, hər şey qaydasındadı. Başqa məlumat yoxdu”.

Sağollaşdıq və ona dedim ki, bir xəbər olsa mənə mütləq de. Ürəyim partlayır burda. Qardaşım yavaş səslə “mən kənddəyəm” -dedi. “Necə yəni kənddəyəm, sənin kənddə nə işin var? Sən işdə olmalı deyilsən?” Bütün bədənim əsdi, dilim topuq vururdu. Məni qəhər boğurdu, danışa bilmirdim. Qardaşımın “kənddən üç şəhid var deyirlər, biri də Aqildir” -deyib hönkürüb ağlaması məni tam məhv etdi... “Necə yəni şəhid var, necə yəni biri də Aqildir?!” -deyib, hönkürərək ağladım. Telefonu yoldaşım əlimdən alıb qardaşımla danışdıqdan sonra məni sakitləşdirməyə başladı: “Dəqiq deyil, özünü ələ al”. Qardaşıma yenidən zəng elədim: “Dəqiq deyil, yalan deyirlər, onu deyənin dili qurusun! Boş-boş danışırlar, qayıt gəl evinə”.

Böyük qardaşım Eldəniz kəndə başqa bəhanə ilə getmişdi və Bakıya qayıtmalı olduğunu demişdi. Anamın hazırladığı payı götürüb “Bakıya gedirəm” deyərək qayınatasıgilə getmişdi. Qubada xəstəxanalarda, hərbi komissarlıqda, ağlına gələn bütün yerlərdə Aqili soruşmuş, ancaq heç bir xəbər ala bilməmişdi. Biz də Aqili axtarmağa başladıq. Ora zəng, bura zəng... Yoxdu, Aqildən xəbər yoxdu.

...Atam yoldaşımın telefonuna zəng etdi. Telefonda onun nömrəsini görən yoldaşım özünü itirdi: “Nə deyim mən, nə cavab verim? Aqilə heç nə olmayacağına elə inandırmışam ki, özümü...”. Yoldaşım telefona cavab verdi. Xəttin o biri başında atamın sakit və sakit olduğu qədər də təlatümlü səsini eşitdim. Atam qısa danışdı: “Durun gəlin bura”. Atamın səsi hələ də qulaqlarımda qalıb. Bu səs o səs deyildi. Bu səsdə bir kədər var idi. Bu səs oğlunu itirmiş bir atanın səsi idi. Ya Rəbb, mənim böyük balam, kiçik qardaşım həyatda yoxdu artıq?! Dizlərimdə taqət qalmamışdı artıq. Özümü ələ ala bilmirdim. Həm də tez anama çatdırmalıydım özümü. Ona nə təskinlik verəcəm, ilahi?! Əynimə nə geyinim? Heç qara paltarım da yoxdu mənim. Hər zaman nifrət etdiyim qara paltar bu gün lazım idi mənə.

Ən uzun gecə başladı... Komendant saatı, qadağalar var. Şəhərdən necə çıxaq? Polislər şəhidimiz olduğunu biləndə şəhərdən çıxmağımıza yardımçı oldular. Atamın evinə, öz uşaqlığımı keçirdiyim, Aqilin saçlarını sığallaya-sığallaya qayğısına qaldığım doğma yuvama, anamın yanına tələsirdim...

Alpana çatanadək Aqilin bütün həyatı, körpəliyi, uşaqlıq dövrü, məktəb illəri, toyu keçdi gözüm önündən. Elə bil film izləyirdim. Elə bil yuxu görürdüm... Xeyr bu yuxu deyildi, artıq bu həqiqət idi. Acı bir həqiqət... Qəbul etməyə ürək tab gətirərmi?! Yox, əsla yox... Axı Aqil balacadı. Nə vaxt böyüdü o?! Saçları da ağarmışdı. Nə vaxt ağardı o qara saclar?! Aqil, içim yanır, ağlamağa ürəyim dözmür...

...Atamın evinə çatanda dəfələrlə yuxuda gördüyüm, heç bir anlam vermədiyim mənzərini oyaq ikən görürdüm. Bu mənzərəni görüb ah çəkdim, bağırdım... Atamın, anamın ölümünü arzuladım o an. Təki Aqilə heç nə olmasın, mən də ölüm, amma Aqil olmasın bu. Aqil ölə bilməz, axı o balacadı. Aqil hamımızdan balacadı.

Atamı gördüm həyətdə. Atam yaşayır, o sağdı demək. Anam da ağlayaraq bağdan həyətə doğru gəlir, o da sağdı. Aqilə ağlayır hamı. Balaca Aqilə... Anam ağlaya bilməzdi, həmişə nifrət edərdi ağlamağa. O gecə anan ağladı, Aqil, bacın dil açdı. Yer də göy də ağladı. O gecənin səhərini sevmədim, günəşə nifrət elədim. Səhər açılmasın, günəş çıxmasın, zaman dursun, İlahi!! Ana, bala nə qədər hayqırsaq da xeyri olmadı. Səhər də açıldı, günəş də çıxdı, zalım zaman da su kimi axdı getdi.

29 sentyabr, saat 9 radələri. Təcili yardım maşını dayandı atamın evinin önündə. Bayraqlarla bəzədilər həyəti. Bayraqla bəzənmiş tabutda Aqil vardı. “Oradakı Aqil ola bilməz” -deyərək qışqırdım. Dəhşətli mənzərə idi. Anam saçını yolur, mən anamı qorumağa çalışırdım. Bacımsa məni qoruyurdu. Bu nə fəxarətli müsibətdi, Allahım!

3 saat 3 saniyə kimi keçdi... Vaxt çatırdı, getmək vaxtı. Əbədi məkana getmək vaxtı. Necə verim axı mən Aqili?! Anam tabutun üstündəki bayrağı dartışdırırdı, açmağa çalışırdı. Mən isə tabutun bəzəyinin pozulmasını istəmirdim. Onsuz da qoymurdular açmağa, heç olmasa bəzəyi pozulmasın. Vaxtdı! “Yox bir az da qalsın. Nə olar, qalsın!!!”. Qardaşım yaxınlaşıb dedi ki, özünüzü ələ alın. Məğrur durun, bizim qardaşımız ŞƏHİD olub. Qardaşım tabutu götürmək üçün gələn polislərdən bir az da gözləmələrini istədi. Tabutu son dəfə Aqil məni necə qucaqlayıb ürəyinə sıxmışdısa eləcə qucaqladım. Dərin bir nəfəs aldım, qoxusunu içimə cəkmək istədim. Nə qədər dərindən qoxlasam da Aqilin qoxusunu ala bilmədim. Öpdüm, öpdüm, öpdüm tabutu. Necə ki, aprel döyüşündən sonra görüşəndə Aqili öpdüyüm kimi.

Mən də məzarlığa getmək istəyirdim, xoşum gəlməyən o məkana getmək istəyirdim. Axı ora mənimçün indi əziz bir yer idi. Axı mənim əzizim Aqil orada uyuyacaqdı...

Böyük qardaşımın yalvarışlı baxışları inadımı qırdı. Başımı qaldıranda evin, həyətin insanlarla dolub daşdığını gördüm. İnsan seli vardı. Bu insan selini mən dəfələrlə atamın həyətində yuxumda görmüşdüm, amma heç bir anlam verə bilməmişdim. Ən balacamız, ən körpəmiz gedirdi. Atamın güvəni, inamı, qüruru, nəşəsi gedirdi. Anamın gülüşü, sevinci, həyat eşqi, sevgisi gedirdi. Bir ATA hələ ki yaşananları tam anlamyan iki körpəsini qoyub gedirdi. Bir ƏR, həyat yoldaşı, can yoldaşı gedirdi. Bir qardaş gedirdi. Körpəliyindən 6 yaşına kimi baxdığım, əzizlədiyim böyük balam kimi gördüyüm kiçik, balaca qardaşım əbədiyyətə gedirdi. Getdi Aqil, harayımızı eşitmədi. Ağlar qaldıq, ürəyimiz yana-yana qaldı... Amma fəxr edirdik, təsəlli tapırdıq ki, o, şəhiddir, Vətən yolunda gedir...

Təsadüfən Aqilin döyüş yoldaşını tapmışdım. Onunla danışdım. Sən demə ayın 27-də Aqil atamla danışandan bir neçə saat sonra onu vurublarmış. Füzulinin üç kəndini düşməndən təmizləyib irəli gedirlərmiş. Qaraxanbəyli kəndində düşmən səngərinə düşüblərmiş. Aqil sevincdən qışqırırmış: “Biz qalib gelmişik, biz qalibik. Bütün silahları qoyub qaçıblar!”. Döyüş yoldaşını (Dənizi) göndərir ki, get maşından ağır silahı gətir. Dəniz 50 metr aralanan kimi Aqil və digər iki zabit yoldaşı düşmən atəşinə tuş gəlir. Onlar bir yerdə, eyni vaxtda şəhid olurlar. Dəniz sağ qalır. İki saat ərzində Aqili döyüş bölgəsindən çıxara bilmirlər. Aqil başından dəyən qəlpə ilə gözlərini əbədi yumur. Aqil sentyabrın 27-də, oğlumun doğum günündə şəhid olmuş, sentyabrın 28-də yol gəlmiş və sentyabrın 29-da, mənim toy günümün il dönümündə dəfn edilmişdi. Oğlumun toyunu planşdırmışdıq. Aqil də söz vermişdi ki, mütləq toya gələcək. O, toya getdi, özünün şifrəli dediyi toya. Amma qayıtmadı oradan.

Kənddən 3 şəhid var- demişdilər. İkisinin xəbəri doğru çıxmadı. Sən də bir dəfə yalan çıxsaydın olmazdımı? Həyatında ən amansız həqiqət oldu bu şəhadət. Kaş ki, bu da sonradan doğrulmayan yalanlardan olardı. Anam sənin köynəyini qoynunda gəzdirir. Deyir, qoxusu gedir nə edim ki getməsin?!

Bir Aqil gəldi getdi bu dünyadan. Bir ulduz yandı söndü. Bir yarpaq vaxtsız qopdu budaqdan. Bir çiçək qoparıldı, acımasızca, parçalanaraq... yağı düşməni bağışlamaq olarmı? Qətiyyən, erməni canilər gec-tez Qarabağdan it kimi qovulmalıdır! Qatillər ya məhv edilməli, ya həbsxanada çürüməli, ya rədd olub torpağımızdan getməlidi!

Məzarlığı sevməzdim demişdim, indi necə sevməyim?! Əzizim oradadı. Canımdan çox sevdiyim oradadı.

***

...Şəhidliyindən sonra heç özünün belə bilmədiyi bir xəbər eşitdik. Sənə üç gün öncə mayor rütbəsi verilmişdi. Mübarəkdi, igidim, yeni rütbən. Ən böyük rütbən ŞƏHİDLİKDİ şəksiz. Sən onu haqq etdin, qardaşım! Vətənin vandallardan qurtarılması uğrunda tökülən qanlarınız, verilən canlarınız hədər getmədi. Görməsən də, bilirəm ki Ordumuzun-səngər qardaşlarının Qarabağ Qələbəsi Ruhuna əyandı. Ruhumuz qovuşanadək, Aqilim...

 

Şəhidin bacısı:

Aybəniz Aydəmir

Ədalət.- 2020.- 5 dekabr.- S.20