Qəhrəman tabor komandiri: Baş leytenant Teymur Məcidzadə

 

Vətənpərvərlik – Vətənini və xalqını sevənlərin hiss və duyğularını özündə təcəssüm etdirən böyük dəyərdir. Vətən və millət eşqilə qovrulan insanlarda özünə inam daha güclüdür. Vətənpərvərlik Azərbaycan xalqının qan yaddaşında ən yüksək mənəvi dəyər kimi səciyyələnir. Vətən sevgisi ata-anaya məhəbbətdən yaranır. Vətənpərvərlik müqəddəs ocağımız, gorgahlarımız, övliyalarımız, maddi-mənəvi dəyərlərimiz, dağlarda, gədiklərin cığırlarında uyuyan şirin kövrək xatirələrdir.

Həyat kitabından:

 

1992-ci ilin oktyabrın 10-da Füzuli rayonunun Gecəgözlü kəndində bir oğul dünyaya gəldi. Körpəyə görkəmli sərkərdə Fateh Əmir Teymurun ismini verdilər. Bu, təsadüf idimi?! O, comərd cavanşirlər nəslinin Hacılılar obasının qəhrəmanlıq tarixinin davamçısı olacaqdımı?

 

Mənfur düşmənlər yenə də Qarabağda aranı qarışdırdılar. Dağlıq Qarabağın ərazisindən kənarda olan şəhər və kəndlərə hücum edərək türk-müsəlman əhalisini qanına qəltan edir, doğma yurdlarından, isti ocaqlarından qovaraq onları məhrumiyyətlərə düçar edirdilər. Səkkiz aylıq körpə Teymurun da taleyinə məcburi qaçqın-köçkün adı yazıldı. Teymur böyüdü, Azərbaycan İqtisad Universitetinin əyani şöbəsinə qəbul olundu. Yüksək göstəricilərlə oxuduğu üçün magistratura təhsili almağa məsləhət gördülər.

 

Vətənə oğul gərəkdir. Əsl kişilik məktəbi keçən Teymur Məcidzadə sərhəd qoşunları tərkibində əsgəri xidmətini başa vurdu. Hər kəs ona böyük arzularla, ümidlərlə baxırdı. Beynəlxalq biznesin sirlərini öyrənib, respublikamızın inkişafı üçün çox şeylər görməyi planlaşdırmışdı.

 

Hər kəsin həyatının rəngi onun düşüncəsinin və varlığının təcəssümüdür. Düz yolun səmti hayanadır? Həmişə əqlinə, düşüncənə, qəlbinin səsinə, bir də müdriklərin həyat sınağından çıxmış dəyərli məsləhətlərinə güvən, öz tale yolunu tapsan...

 

Müdriklər demişlər ki, hər bir vətəndaşın, insanın vəzifə borcu var:

 

1. Özü qarşısında

 

2. Dövləti qarşısında

 

3. Ailəsi qarşısında

 

4. Başqa insanların qarşısında

 

Doğma ocağın, el-obanın qeyrət yükü çox ağır olur. Əlbəttə ki, onu ləyaqətlə daşıyana, özünə şərəf bilənə, bu yolda hətta şirin canından belə keçməyə hazır olana! Bu qeyrət yükünə, böyük vətənpərvərlik hissinə layiq olmaq Teymurun qan yaddaşından irəli gəlirdi. O, Xocalı, Qaradağlı, Daşaltı, Kərkicahan soyqırımlarını, eləcə də işgüzar, mehriban, el-obasının çöllərə düşməsini, yurd-yuvalarından didərgin salınmasını düşündükcə sakit otura bilməzdi.

 

Görkəmli yazıçı Viktor Hüqo demişdir ki, əsl insanın vəzifəsinin yarısı Vətənə, digər yarısı isə xalqa xidmət etməkdən ibarətdir. Bu düşüncələr içərisində yaşayan, özünə, əqlinə, bacarığına uyğun həyat yolu seçmək zorunda qalan Teymur Məcidzadə hərb yolunu seçdi.

 

Həyat kitabından:

 

Teymur Məcidzadə abırlı, həyalı, ismətli, mənən və ruhən gözəl bir gənc idi. Vətənpərvərlik isə mövcud şəraitlə bağlı onu yeni-yeni düşüncələr oylağına çəkirdi. Yağı düşmənin doğma torpaqlarımızı işğal etməsi, minlərlə əhalimizi yurd-yuvasından didərgin salması və bir çox insani hisslər yalnız hərbiçi olmaqla tarixi düşmənlərimizdən qisas almağı düşünürdü. Ona görə də hərbi hissədə qulluq etməyi, gənc nəslə hərbin sirlərini öyrətməyi, əsgərləri Azərbaycan xalqının tarixi qəhrəmanlıq salnaməsi ruhunda tərbiyə etməyi qarşısına məqsəd qoydu. Dörd il idi ki, ordu hissəsində zabit kimi xidmət edirdi.

 

İnsan öz taleyini İlahidən əfsəl hər kəs özü əməlləri ilə yazır. Şəxsiyyəti nurlandıran, onu Vətən naminə qəhrəman kimi yetişdirən isə insanın nurlu, gözəl qəlbidir. İstək və arzusu onu həyat yolunda zirvələrə doğru aparacaqdı. Bu ziqzaqlı yollarda hər cür çətinliklərlə üzləşə bilərdi. Lakin o, hərb yolunu seçdi.

 

Xəstə erməni təxəyyülü dənizdən-dənizə böyük erməni dövləti yaratmaq arzuları çox millətlərə zərər vurmuşdu. Lakin insanlıqdan kənar xarakterlərlə yaşayan, özünün vəhşi siması ilə tanınan, dünyada satqın, qorxaq, kələkbaz və hər cür yola qulluq edən, onun-bunun qoltuğuna sığınan ermənilər təpədən-dırnağadək silahlanaraq Azərbaycanı təhdid edirdilər. Zaman-zaman türk-azəri torpaqlarını işğal edib, onu mənimsəyib, özününküləşdirib, insanları əzizlərinin uyduqları məkanlardan qovmağa çalışan ermənilər sözsüz ki, gənclərdə və bütün xalqımızda nifrət qazanmışdılar.

 

Zaman-zaman türk-müsəlman elləri yağıların təhdidlərinə, basqınlarına məruz qalıb. Torpaqları talanıb, dədə-baba yurdlarından didərgin salınıblar. Vətənin dar günündə xalq öz cəsur oğulları ilə tanınıb. Qeyrətli, namuslu vətən oğulları qəhrəmanlıq tariximizə şanlı qələbə səhifələri yazıblar. Belə qəhrəmanların sayı isə yüzlərlə, minlərlədir.

 

Həyat kitabından:

 

İnsanlar qəhrəman kimi doğulmurlar. Lakin həyat, mövcud şərait, Ana Vətənin təhlükədə olması, qeyrətli vətən oğullarını silaha sarılmağa məcbur etdi. Baş leytenant Teymur Məcidzadə belə qəhrəman oğullardan biri idi. İkinci Qarabağ döyüşləri başlananda Teymurun xidmət etdiyi hərbi hissə cəbhə bölgəsinə yollandı. Qəribə bir təsadüf idimi?! Tabor komandirinin müavini olan Teymurun bölüyü məhz doğma rayonu Füzuli istiqamətində mövqe tutdu. Qəribə bir təsadüf isə onların döyüş istiqamətini müəyyənləşdirəndə Teymurun doğulduğu Gecəgözlü kəndinin istiqamətində döyüşlər aparıldı.

 

Aşağı və Yuxarı Aybasanlı, Üçüncü Mahmudlu və Gecəgözlü kəndləri ildırım sürətli hücum nəticəsində, qəhrəman əsgərlərimizin şücaəti sayəsində işğaldan azad edildi. Qəlbi Vətənin azadlığı eşqi ilə döyünən Teymur kimi əsgər və zabitlərimizin qələbə sorağı daha da uzaqlardan gəldi. Taborun döyüş yolu Füzuli, Hadrut, Xocavənd rayonlarının ərazisindəki kəndlərin azad olunmasından keçdi. Nəhayət ki, Şuşa istiqamətində mövqe tutmağa əmr aldılar.

 

Hərbi hissənin taboru qanlı döyüşlərdə bir çox qələbələrin izini qoymuşdu. Döyüşlərin birində tabor komandiri ağır yaralandı. Komandanlıq taborun müvəffəqiyyətlərini yüksək qiymətləndirməklə yanaşı, komandanlığın təşəkkürünü yeni tarix yazan əsgərlərə çatdırmağı ona tapşırdı. Tabor komandirini əvəz edən baş leytenant Teymur Məcidzadə ötən döyüşlərdə özünün qəhrəmanlığı, hərbi biliyə malik olması, düzgün taktiki və strateji seçimi ilə tabor qüvvələrini qoruyub saxlamağa nail olması ilə fərqlənirdi. Orta məktəb illərində dəfələrlə olimpiadaların qalibi olmuşdu. Dəqiq elmlər sahəsində bilikləri ilə xüsusilə fərqlənirdi. Lakin coğrafiya üzrə olimpiadanın qalibi olmaq, doğma Azərbay\canın xəritəsini mükəmməl bilməyi, döyüş mövqeləri seçərkən düzgün məsləhətlər verməyi, onun əxz etdiyi biliklərdən irəli gəlirdi. Sakit anlarda döyüş mövqelərində olduqları ərazilərin xəritəsini, Dağlıq Qarabağın yerləşdiyi çətin keçilən, dağlıq, qayalıq mövqeləri dəfələrlə öyrənir, hər cığırın mənasını özünün düşüncə tərzinə uyğun axtarırdı. Yeni döyüş mövqeyi seçilməsi, Şuşa istiqamətində dayanmaq əmrini komandanlıqdan alanda Xocavənd istiqamətində taborun böyük təhlükə ilə üzləşəcəyini yəqin edirdilər. Lakin baş leytenant Teymur Məcidzadənin ağıllı və düşüncəli tədbirləri, yiyələndiyi hərbi bilikləri inamla tətbiq etməsi, qurdgözü düşmənin yəqin etmədiyi dağ yolları ilə taborun 104 nəfər əsgərini mühasirədən çıxararaq, tamamilə itkisiz Şuşa istiqamətində yeni döyüş mövqeyi tutmağa nail oldu. Bu mövqelər əsgər və zabitləri xüsusilə sevindirirdi. Deməli, Azərbaycanımızın, Qarabağın tacı olan Şuşanın işğalçılardan azad olunması uğrunda döyüşlərdə bizim tabor da iştirak etmək şərəfinə nail olmuşdu. Çünki qarşıda olduqca keçilməz, sərt və sıldırımlı qayalıqlar, düşmənə gizlənməkdə yardımçı olan meşələr qəhrəman əsgərlərimizin qarşısında idi.

 

Komandanlıq yüksək döyüş qabiliyyətinə malik, təcrübəli seçmə bölükləri və taborları Şuşanın işğaldan azad olunması uğrunda döyüşlərə cəlb etmişdi. Baş leytenant Teymur Məcidzadənin taboru məhz seçilmiş əsgəri hissələrdən biri olduğu üçün fəxr edir, qürur duyurdular.

 

Böyük hazırlıq işləri aparılır, lazımi təlimatlar verilirdi. Çünki qarşıda ən qaniçən, dünyanın terrorçu dəstələrindən ibarət Şuşaya yerləşdirilmiş muzdlu ordu bizim müqəddəs Şuşamızı aylarla müdafiə edə biləcəklərinə söz vermişdilər. Tabor komandiri Teymur Məcidzadə təbii relyefi və düşmənin əsas mövqelərini öyrənmək, eyni zamanda mövcud şəraitdən istifadə edərək düşmənə zərbə vurmaq, Qarabağın simvolu Şuşanın azad olunmasında şəxsi şücaət göstərməyin namus, qeyrət işi olduğunu hər bir əsgərə anlatmaq, izah etməklə yanaşı, onları Vətən qarşısında böyük bir imtahan olaraq nümunə göstərməyə ruhlandırırdı.

 

Məlumdur ki, Şuşada döyüşlər əsasən əlbəyaxa mübarizə kimi keçmişdir. Çətin, keçilməz sıldırım qayalıqları mərdliklə dəf edən cəsur Azərbaycan oğulları hərb tarixində ən çətin və şərəfli, hər bir əsgərin şəxsi şücaəti və qəhrəmanlığı sayəsində əlbəyaxa döyüşlər aparmaq mümkün idi. Qəlbində böyük Vətən məhəbbətini yaşadan azadlıq şahinləri bu vəzifələrin yerinə yetirilməsi üçün mümkün olmayan tədbirləri də gördülər. Müxtəlif qüvvələr öz mövqelərindən artıq düşmən səngərlərinə hücuma keçmişdilər. Şuşa şəhərinin xeyli hissəsi qəhrəman Azərbaycan döyüşçüləri tərəfindən azad olunmuşdu.

 

Şuşada qələbə bayrağı qəlbimizin bir parçasıdır. Şuşaya İsa bulağına getmək zamanı olduğunu hər kəs düşünürdü.

 

Həyat kitabından:

 

Baş leytenant Teymur Məcidzadə amiranə səslə əsgərlərinə müraciət etdi: - Düşmənin son nəfəsidir. İşğalçı ordu sonuncu müdafiə eşalonuna sıxışdırılıb. Biz böyük qələbə ərəfəsindəyik. Ana Vətənin tacı olan Şuşamızın işğaldan azad olunması uğrunda irəli! – deyib, silahını qaldırıb, düşmən istiqamətinə şığıdı. Əsgərlər cəsur zabitin, onları ölüm-dirim mübarizəsində dəfələrlə xilas etmiş sevimli komandirlərinin ardınca düşmən üzərinə hücuma keçdilər.

 

2020-ci il noyabr ayının 8-i, Qarabağın azadlığı uğrunda döyüşlərin 43-cü günü idi. Şər qarışanda yeni hücum əməliyyatına hazırlaşırdılar. Gənc zabit, baş leytenant Teymur Məcidzadə yenidən ayağa qalxdı: - Cəsurlar, Vətən uğrunda ardımca! Bütün tabor komandirin ətrafında idi. Düşmənlə qarşı-qarşıya apardıqları döyüşlərdə aldığı böyük təcrübə, həm də onun duyğulu bir insan olaraq, şəxsiyyətini nurlandıran insani xüsusiyyətləri, qəlbinin səsi onu ayıq olmağa çağırırdı. Artıq düşmənin minomyot mərmiləri onların mövqelərini vururdu. Bir anda baş leytenant yanındakı iki cəsur əsgəri qayalıqlara tərəf itələdi. Düşmən mərmisinin qəlpələri isə onun böyük arzularla döyünən cəsur qəlbini ağır yaraladı.

 

Öndə olan əsgərlər döyüşü qələbə ilə başa vurdular, düşmən məğlub edildi. Mənfur erməni işğalçıları müqəddəs Şuşa şəhərindən, sıldırım qayalardan süpürüb atıldı. Əsgərlər ağır yaralanmış tabor komandiri baş leytenant Teymur Məcidzadəni qayalıqlardan endirərək tibbi hissəyə çatdırsalar da, onun həyatını xilas etmək mümkün olmadı. Tabor komandiri Vətən uğrunda qəhrəmanlıqla həlak oldu. Atəşkəsə isə cəmi iki saat qalmışdı.

 

Əsgər dostları cəsur komandirləri haqqında fəxrlə danışırdılar.

 

Gizir S.Poladov: - Komandirimiz hər bir əsgərin taleyi üçün mübarizə aparır, onlarla bir yerdə yatıb-durar, yeyib içər, hal-əhval tutar, əsgərlərin döyüş ruhunu qaldırmaq üçün dəyərli söhbətlər edərdi.

 

Sıravi əsgər A.Həşimov: - Tabor komandiri baş leytenant Teymur Məcidzadə mənə taleyimi bağışladı, məni xilas etdi. Ağır döyüşlərin birində, mövqelərimiz sürəkli artilleriya atəşinə tutulduğu zaman mən qayalıqlarda ilişib qalmışdım. Komandir irəli atılaraq avtomatını mənə tərəf uzatdı. Silahdan yapışıb tez çıxmağı əmr etdi. Mən bu gün salamat qaldığım üçün komandirimə minnətdaram.

 

Gizir M.Əhmədov: - Çox fikirli olurdum, ailə qayğıları məni ağuşuna almışdı. Tabor komandiri çox həssas bir insan idi. Onun səmimiyyəti əsgərlərin böyük məhəbbətini qazandırmışdı. Dəfələrlə məni öz yanına dəvət edib, birlikdə vuruşacağımızı, bu gün yalnız Vətən torpağının azadlığı uğrunda mübarizə aparmağımızın zəruriliyini başa salmışdır. Düşmən mövqeyi dəqiqləşdiriləndə birinci sərrast atəşi komandir özü açırdı. Əsgərlərimiz onun döyüş üsuluna uyğun vuruşmağa çalışırdılar.

 

Ulu öndərimiz Heydər Əliyev demişdir: “Vətəndaş” sözü böyük sözdür, müqəddəs sözdür. “Vətəndaş” sözü o deməkdir ki, hər bir vətəndaş öz Vətəninə sadiq olmalıdır. Onu göz bəbəyi kimi qorumalıdır və Vətəni uğrunda, torpağı uğrunda, atasının, anasının müdafiəsi uğrunda şəhid olmağa hazır olmalıdır! “Vətəndaş” sözünün mənası bax, budur! Mən istərdim ki, Azərbaycan torpağında yaşayan hər bir vətəndaş bu sözün yüksək və ülvi mənasına malik olsun!”

 

Böyük Vətən müharibəmizin artıq başa çatdığı, qəhrəman Vətən oğulları haqqında düşünərkən öz Vətəninin, dövlətinin, ailəsinin, şəxsən özünün qarşısında duran vətəndaşlıq borcunu baş leytenant, tabor komandiri Teymur Tehran oğlu Məcidzadənin necə şərəflə yerinə yetirdiyinin şahidi olursan. Dövlətimiz qəhrəman tabor komandirinin dəfn mərasimini Fəxri Xiyabanda keçirdi. Bütün şəhidlərin ruhu şad olsun, qəbri nurla dolsun. Vətənimizin azadlığı uğrunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimizin, eləcə də qəhrəman xalqımızın şərəfi həmişə uca tutulur və hər kəsin qəlbində əbədi olaraq yaşayacaqdır.

 

Qarabağ uğrunda döyüşlərə oğul yola salmış analara ithaf olunur.

 

DURNALAR QAYIDACAQ!..

 

Nohurlar, irmaqlar pıçıldaşanda, xəzan bağında bir tumurcuq göyərəcək durnalar qayıdanda. Bir qəm evindən göz yaşı silinəcək durnalar qayıdanda. Durnalar qayıdanda bir məlhəm səs geri dönəcək, gözlə durna qatarını, ana!

 

Gözlə şəvə saçına dən düşənəcən! Gözlə lap ömrün-günün bitənəcən! Bil ki, durna qatarının küskün, qəmli yolçusu var. Bil ki, bu durna qatarının tufanlı-dumanlı, uzaq-uzaq çətin yolları var axı.

 

Ana, əzizim, gözümün işığı ana!.. Ana nisgilini oğul dərdi çəkənlər bilər! Həsrət olan yerdə bil ki, vüsal da var. Göz yaşı varsa, sevinc də, fərəh də var. Qəlbində övlad sevgisi olanlar ola bilməz ki, görüşməsinlər. Ola bilməz ki, ana oğlunu görəmməsin. Ola bilməz ki, durnalar doğma Vətən torpağına qayıtmasın!

 

Ana! Ey qəmli xatirələrinə qapanmış, mənən gözəl, sədaqətli insan! Öləzimiş gözlərinin qorunu sil, qulaqlarını ayıq tut, qarsımış yaddaşını çin-çin eylə. Qərinələr keçsə belə, qışın xatirə boxçasına od düşsə belə, səba yeli kimi məndən sənə soraq verən bir durna qatarı – öz qəmli nəğmələrini ellərə söyləyən durna qatarı qayıdacaq, mütləq qayıdacaq!..

 

Oqtay ƏLİYEV, yazıçı-jurnalist

 

Ədalət.- 2020.- 1 dekabr.- S.6.