Müəllim
ömrünün silinməz izləri
Bizimlə həmyaşdır, bitməz, tükənməz,
Bizimlə yol gedər müəllim
ömrü.
Ömründən
pay verib hər kəsə bir az,
Məndədir, səndədir müəllim ömrü.
Ziyalılar
- Müqəddəslik, haqq-ədalət, müdriklik, Vətənə,
xalqa sonsuz məhəbbət mücəssəməsi olsalar, əsl
şəxsiyyət kimi tarixdə yaşayarlar! Belə
şərəfli, cəmiyyətin aparıcı qüvvəsi
olan insanların mənəvi dünyasını zənginləşdirən,
onlara hər zaman qayğı göstərən,
ağsaqqallıq edən, elmi biliyini gənclərə həvəslə
aşılayan ləyaqətli bir ömür sürüb Nəcəf
müəllim. Nəsillərin gələcəyi barədə
düşünən böyük şəxsiyyətin - Nəcəf Nəcəfovun
mənəviyyatı fəxarət doğurur.
Ömrünü gənc nəslin təlim-tərbiyəsinə
həsr etmiş Nəcəf
müəllimi düşünərkən onun mənəvi
dünyasının saflığına, insanlıq xüsusiyyətinin
yüksək ideallarına xidmətini, insanın mükəmməllik
və bütövlüyə aparan milli-mənəvi dəyərləri
özündə birləşdirən bu gözəl şəxsiyyətin
həyat yolu həm əsl ziyalılar üçün, həm
də həyat yolunu düzgün seçmək arzusu ilə
yaşayan gənclərimizə bir örnəkdir.
Pedaqoji
ictimaiyyətimizin
iftixarla
andığı, dəyər verdiyi, adı millətimizin təhsil
tarixinə şərəflə yazılan insanlardan biri olan Nəcəf
müəllim yaşlı nəslə aid edilsə də, onun fəaliyyəti,
yaradıcılığı ədəbi-bədii əsərləri
böyük tədqiqat mənbəyidir. Mən deyərdim ki, o, təəssüf
ki, ən coşqun bir fəaliyyət dövründə
dünyasını dəyişdi. Nəcəf
müəllim həyatının son anlarına kimi
yaşayıb-yaradırdı. Bir dost kimi, bir sədaqətli
insan kimi onu həmişə xeyirxah əməllərlə məşğul
olan görərdim. Filologiya üzrə fəlsəfə
doktoru Nəcəf Nəcəfov çoxsaylı elmi məqalələrin,
monoqrafiyaların, pedaqoji kadrların üz tutduğu dəyərli
əsərlərin, tədqiqatı yaradıcılıq
nümunələrinin müəllifi idi. Ən
başlıcası, dünyanın əşrəfi insana xas
olan, gözəl mübarək insani simasını, milli-mənəvi
əxlaqi dəyərlərini heç vaxt itirməzdi. Tələbələrinə
hər şeydən öncə dərin biliyə yiyələnməyi,
əsl insan olmağı, Azərbaycan xalqının milli-mənnəvi
əxlaqi dəyərlərini əxz edərək, doğma vətənimizin
mənəviyyatlı, vətənpərvər, dərin
düşüncəli, mərifətli və əxlaqi dəyərlərə
yiyələnmiş
gənclər kimi tərbiyə olunmasına
çalışırdı. Vətən
torpağına sevgi əkən, ocağının qorunu
gözü üstündə saxlayan hər kəs şərəflənər.
Vətənpərvərlik-vətənini və xalqını
sevənlərin hiss və duyğularını özündə
təcəssüm etdirən böyük dəyər kimi, Nəcəf
müəllimin ömrünün gənclik
çağlarından ixtiyar zamanınadək bir həyat
devizi olmuşdur. Azərbaycançılığı, Vətənə
məhəbbəti, el-obasını, ata-anasını, dost
yoldaşını qəlbən sevindirmək onun ən
böyük arzusu idi.
Söhbətlər
zamanı Nəcəf müəllim yana-yana deyirdi ki, milli-mənəvi,
əxlaqi dəyərlərini itirən xalq həmişə məğlub
olar! Ona görə də Vətəni Ana kimi
sevmək hər kəsin vətəndaşlıq borcudur.
Vətənpərvərlik xalqımızın
qan yaddaşı ilə zənginləşəndə möhtəşəm
olur. Zaman keçdikcə bu böyük bəşəri
hisslər millətimizin, xalqımızın, gənclərimizin
həyatında başlıca meyar olur, xarakter kimi
formalaşır. Nəsillərin fəaliyyətinin fövqündə
bu bəşəri duyğuları hər zaman saxlamaq, onu
nurlandırmaq nəsillərin zehninə köçürmək
biz ziyalıların müqəddəs borcudur.
Dəyərli
ziyalılarımız,
yaxşı adam, əsl insani xüsusiyyətləri özündə
birləşdirən şəxslər cəmiyyətimizin mənəvi
sərvətidir. Məhz Nəcəf müəllim
özü də belə şəxsiyyətlərdən idi. Həyatın gözəlliyi
olan halallıq, yüksək insani xüsusiyyətlər, mərdlik,
sədaqətlik, zəhmətkeşlik, həmişə haqq-ədaləti,
həqiqəti insan bütövlüyü kimi şərtləndirən
mənəvi dəyərləri başının
üstündə saxlayardı. Dostyana söhbətlər
zamanı Nəcəf müəllim ətrafında olanlara həyatda
mərd yaşamağı, kişiliyi şərtləndirən
amillər sırasında müdriklik, sədaqətlik, səxavətlilik,
mərdlik kimi xüsusi əhəmiyyət kəsb edən dəyərlərə
diqqət yetirir, keçdiyi olduqca zəngin keşməkeşli
və ziqzaqlı həyat
yolundan gətirdiyi misalları,
qarşılaşdığı
ibrətamiz anları dost-yoldaşla bölüşərdi.
Onun dəyərli sözlərindən biri "tikan əkən
üzüm dərməz”, - deyərdi.
Böyük iradə və yüksək əxlaqi keyfiyyətlər
vicdanı saflaşdırır. Xoş söz həmişə
ürəklərə qapıdır. Axı
insan ömrü nə qədərdir ki?! Odur
ki, tanrının hər kəsə bəxş etdiyi bu
mübarək ömrü şərəflə, ləyaqətlə,
insana xas olan gözəl məramlarla yaşamaq
üçün xeyirli fikrə, xeyirli sözə, xeyirli
arzulara, xoş əməllərə aparan münasibətlərə,
qarşılıqlı anlaşmalara rəvac verməyi
arzulayardı. Müdrikcəsinə deyirdi
ki, həyatınızı çalışın xoş və
mənalı keçirin ki, nurlu bir ömür qismətiniz
olsun. Gələcək nəsillərə
sizin xeyirxah işlərinizdən, yaxşı əməllərinizdən,
bariz insanı keyfiyyətlərinizdən xatirələr
qalsın.
Nəcəf
müəllimlə iş birliyində olanda, hər kəs
zövq alardı, lakin onun son dərəcə ciddi tələbkarlığından
əziyyət çəksən də, nəticəsi olduqca sevindirici
ovqatlar bəxş edirdi. Nəcəf müəllim
deyərdi ki, haqq-varlıq deməkdir. İnsan
o kəsdir ki, haqqı görə, sevə və ona güvənə.
Şəxsiyyəti
nurlandıran
insanın gözəl qəlbidir. Nəcəf
müəllimin qəlbinin gözəlliyi, yüksək insani
keyfiyyətləri onun söhbətlərində,
yazdığı ədəbi-bədii əsərlərində,
elmi rəylərdə, qələmindən
çıxmış yaradıcılıqda, qəzet və
jurnal, radio və televiziya çıxışlarında
aydın görünürdü.
Təsadüfi
deyil ki, Təhsil Nazirliyində uzun illər dərslik və nəşriyyat
şöbəsinə rəhbərlik etdiyi zaman məktəblilər
üçün hazırlanan dərsliklərin məzmunu,
ideya-siyasi səviyyəsi, Azərbaycançılıq dəyərlərinin
öz yerini tapması üçün çox
çalışır, dərin elmi-nəzəri və praktik
pedaqoji biliyinin səviyyəsi imkan verirdi ki, məktəblilər
üçün dərsliklər müasir tələblər
səviyyəsində hazırlansın, gənc nəslin həyat
yolunu nurlandıran, onun mənəvi aləmini zənginləşdirən,
xalqımıza layiq gələcək
nəsillər yetişdirilməsi nəşr edilmiş dərsliklərin
məğzində dayansın. Ona görə də müəlliflərə
və nəşriyyat işçilərinə Nəcəf Nəcəfovun
özünə məxsus yüksək tələbkarlığı
var idi.
Nəcəf
müəllim bu ideyaları eyni zamanda Tusi adına Azərbaycan Dövlət
Pedaqoji Universitetində tələbələrə-gələcəyin
müəllimlərinə aşılayırdı.
Bir
neçə dərsliklərin müəllifi olan metodist-alim, ümumtəhsil məktəblərinin
VII sinifləri üçün "Azərbaycan dili", IX
sinifləri üçün "Ədəbiyyat", Azərbaycan
və rus dilində olan ümumtəhsil məktəblərinin
VIII-XI sinifləri üçün "İnsan və cəmiyyət"
fənnlərinin məzmununun müəyyənləşdirilməsində,
müasir tələblərə cavab verən dərsliklər
hazırlanması onun gərgin zəhmətinin bəhrəsi
idi. O, həm də ali məktəblər
üçün "XX əsr Azərbaycan ədəbiyyatşünaslığı
məsələləri" dərs vəsaitinin müəllifi
idi. Görkəmli pedaqoq Nəcəf Nəcəfovun
elmi redaktorluğu ilə 12 monoqrafiya, çoxsaylı dərslik
və dərs vəsaitləri nəşr edilmişdir.
Onun təhsilin
idarə edilməsi, insan resurslarının yeniləşdirilməsi,
dərsliklərin planlaşdırılması mövzularında bir sıra beynəlxalq
konfranslardakı məruzələri dərin rəğbətlə
qarşılanmışdır.
Nəcəf müəllimin həyat yoluna nəzər
salanda o, ünlü bir yaradıcılıqla zəngin,
özünün yüksək elmi bilikləri və insani
keyfiyyətləri ilə cilalanmış,
ziyalılarımıza bir örnək olan keçdiyi
ömür yolu gözlərimiz qarşısında
canlanır. Görkəmli pedaqoq, akademik Mehdi Mehdizadənin Maarif
və Təhsil Nazirliyinə rəhbərlik etdiyi illərdə
çalışdığı olduqca məsul vəzifələrdə
keçdiyi həyat məktəbi Nəcəf Nəcəfovun
gələcək həyat və fəaliyyətinin məhək
daşı idi. Təhsil Nazirliyinin müavini, uzun illər
Kadrlar İdarəsinin rəisi, Təhsil problemləri üzrə
Respublika Elmi Metodiki Mərkəzin direktoru, "Azərbaycan məktəbi"
jurnalının baş redaktoru və bir sıra məsul vəzifələrdə
çalışan Nəcəf
müəllimin yaradıcılığı məhz zəngin
və çoxsahəlidir.
Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan
Jurnalistlər Birliyinin fəal üzvlərindən olan
"Qızıl-qələm" mükafatı laueratı Nəcəf
müəllimin 100-dən artıq elmi-metodik və publisistik məqalələri
çap olunub.
O, XX əsr
Azərbaycan ədəbiyyatşünaslığın
tədqiqatçılarından biri idi. "Salman
Mümtazım ədəbi və elmi fəaliyyəti"
mövzusunda müdafiə etdiyi namizədlik
dissertasiyasını genişləndirərək, ona yeni
çalarlar əlavə etmiş, doktorluq işini başa
çatdırmaqda idi.
Kitab elə
bir kəhkəşandır ki,
onun
nuru zaman-zaman nəsillərə
yol göstərir, həyatın mənasını
aşılayır. İnsan həyatı boyu yol
ayrıclarında qərar tutur, düzgün seçim etmək
zorunda qalır. Həyatın bu yol
ayrıcıları görəsən onu hansı təlatümlü
dünyaya atacaq, həyat burulğanlarında ələyəcək,
olaylardan keçirəcək. Öz həyatının
mənasını nədə görürsən?! Səndən sonra həyatda hansı xatirələr,
izlər qalacaqdır? Müdriklər
demişlər ki, "Ölməz o adamdır ki, ondan sonra Vətən
üçün böyük və faydalı yadigarlar
qalsın". Görkəmli filosof Hegel demişdir ki,
"İnsanın vəzifə borcu dörd növə
bölünür:
1.
Özü qarşısında,
2. Ailəsi
qarşısında;
3.
Dövlət qarşısında;
4. Başqa insanlar qarşısında".
Nəcəf müəllim bu vətəndaşlıq
borcunu həmişə ləyaqətlə, şərəflə
yerinə yetirmişdir.
El arasında belə
bir deyim var: "Dağların əzəmətini qayalar
göstərir, meşələrin möhtəşəmliyinin
rəmzi göylərə baş vuran çinar
ağaclarıdır. Bunların hər ikisi isə kökdən mayalanır".
Öz nəsil
ənənələrinə, boya-başa
çatdığı indiki Qərbi Azərbaycan adlanan
diyarın Oxçuoğlu kəndində Həsən
kişinin ailəsində boya-başa çatmış Nəcəf
müəllim də belə şah palıd əzəmətli,
görkəmli pedaqoji, ictimai-siyasi və ədəbi fəaliyyəti
ilə seçilən və adı həmişə iftixarla
xatırlanan böyük insanlardan biri idi.
Təsadüfi
deyil ki, təbiət gözəlliyi, yüksək mənəviyyatlı
insanların, istedadlı gənclərin vurğunu olan əziz
dost, səmimi insan Nəcəf müəllim deyirdi ki, təbiət
gözəlliklərini yaradan düşüncə kimi insanlar
da müdrik olmalıdırlar.
Ağsaqqallarımız
söz
sahibi olan ziyalılarımız, xüsusi ilə geniş təbliğat,
təşviqat imkanları olan radio-televiziya, dövrü mətbuat,
digər kütləvi informasiya vasitələri mənəvi
dəyərlərimizin təbliği və gənc nəslə
ətraflı izah edilməsi işlərinin fövqündə
olmalıdırlar. Azərbaycan Ana radio və
televziyasında vaxtaşırı qarşılaşardıq.
İntellektual, dövrün və zamanın
aktual problemlərinə həsr edilmiş, eyni zamanda
yazıçı və jurnalistlərin ədəbi
yaradıcılığından bəhs edən verlişlərdə
çıxışlarımızla bağlı deyiləsi
sözlərimiz çox idi.
Özü
böyük vətənpərvər bir insan olan Nəcəf
müəllim mənfur düşmənlərimizin təzyiqi
nəticəsində məcburi köçkün olmuş Qərbi
azərbaycanlıların tarixi, həyat və fəaliyyəti,
onların məişəti, dəyərli ziyalıları,
elm xadimləri barədə dəyərli məlumatlar və
verlişlər hazırlanan "O kənd bizim kəndimizdir"
proqramının yaradıcılarından biri olmuşdur.
Vaxtaşırı radio və televiziya kanallarında
çıxış edən Nəcəf müəllimin radio
və televiziyanın tanınmış jurnalistləri Bəxtiyar
Bəxtiyarov, Mahəddin Əsgər, bir sıra elmi-publisistik
verlişlərin redaktorları ilə sıx
yaradıcılıq əlaqələri vardı.
Əziz
dost, gözəl həyat müəllimimiz, dəyərli
ziyalı, tanınmış şəxsiyyət olan Nəcəf
Nəcəfov barəsində keçmiş zamanda
danışmaq şəxsən mənim üçün
çox ağırdır.
Bu böyük şəxsiyyətin
həyat yolunu davam etdirən ziyalı övladları-
tanınmış kardioloq-həkim Ruslan Nəcəfov, dəyərli
ziyalımız Eldəniz Nəcəfov, gənc alim Elnarə
Məmmədova, Bakı Dövlət Universitetinin müəllimi
Aybəniz Cəfərova şəxsində yenə də
xalqımızın dəyərli
ziyalısı, görkəmli alim və mütəfəkkir
jurnalist, ünlü qələm sahibi Nəcəf müəllim
ideyalarını həyata
keçirməyə çalışır,
xalqımızın gələcəyi olan gənclərin təlim-tərbiyəsində,
insanların sağlamlığı keşiyində ön
sırada dayanmışlar. Nəcəf müəllimin
istedadlı nəvələri
oxuduqları təhsil ocaqlarında elmi bilikləri ilə
fərqlənirlər.
Həyat davam edir... Nəcəf Nəcəfov
kimi xalqımızın istedadlı, nurlu, işıqlı, zəkalı
oğlunun arzuları Azərbaycanımızın inkişaf
yollarında öz bəhrəsini verir.
Oqtay Əliyev,
Yazıçı – Jurnalist
Ədalət.- 2020.- 17 dekabr.-S.5.