Ağ-qara bağ
Vətən müharibəsinin sonlarında
dostum Rəşad Məcid mənə bir video yollayıb
soruşdu: "Tanıdın
bu yerləri, Ağsəs?.."
Göndərdiyin videoya
Baxmışam doya-doya.
Qoy sayım bir-bir, eşit,
Tanıdım, Rəşad Məcid:
Çətin, əzablı yolu,
Abdal-Gülablı yolu.
Qəbirstan... çəkillik,
Bu da kəndə qalxan
dik.
Sol tərəf bağın başı,
Yaxında Sürşək daşı.
Bir az da yuxarı
qalx,
Quruyub ki köhnə arx!
Yol gedir poçta sarı,
O üzündə hasarın
Dükan-malları çin-çin
Müftədi qonaq üçün.
Azca da yuxarı qalx,
Bir bizim məktəbə bax:
Mən burda oxumuşam,
Həm gündüz, həm də axşam,
Bəzən də səhərəcən...
Bir anamdı,
bir də mən.
Camaat uyuyardı,
Anamsa çay qoyardı,
Balası
ac qalmasın:
Bu da qozu, alması.
Yerimə
gətirərdi,
Bircə
mən idim dərdi:
"Ağacları kəsdirək,
Qoyunları qırdıraq,
Quluya toy vurduraq!"
(Kəsildi ağac, anam,
Kəsildi əlac, anam,
Qəbri
torpağa, özü
Atama möhtac anam...)
Hə, bu da həyətimiz,
Qorxma, yoxdu itimiz.
Tutumuz qoşa-qoşa,
Yavaş, üstün bulaşar.
İsti
yuvam - evimiz,
Dədə-baba evimiz.
Qabağı aynabənddi,
Çox deyil, iki bənddi.
Döşəyin altı kitab,
Kimin yeridi? Sən
tap!
Gedəkmi xalamgilə -
And içib qonaq gələ,
Qurban kəsəsidi o,
Kişi əvəzidi o.
Evi qaya başında,
Çıxmır ora maşın
da!
Getməyək? Ya da gedək,
Payi-piyada
gedək:
Maşabbası göstərim,
Mixi yazı göstərim -
Hər daşda, hər qayada...
Gedək? Getməyək
ya da!
Qırx
evə dönək hələ,
Ordan da
Camışgölə -
Korbulağın altına,
Altuna bax, altuna!
Xına
yaxıbdı yallar,
Gözlə ha, ilan olar.
Sənə demişdim axı,
Bizdə
Əlibulağı -
Üstündə nar gül açar,
Yığışar xəstə, naçar,
Bir dilək dilər bura,
Kafir də gələr bura.
Mapıyalı... Gəvənli...
Dırmaşaq sənli-mənli,
Qocalığa hələ var,
Haçadağa hələ var.
... Dönüb Abdala çatdıq,
Kənd deyil, muğamatdı.
Yarı
bihuş oxuyur,
Azad bir quş oxuyur...
Qoşulub quşa uçaq,
Yuxarı başa uçaq.
Bu da sanatoriya,
Tanımadın sən guya?!
Yaşıl bağlar, dərələr,
Ölü görsə dirilər.
Damcıbulaq - on addım,
Gücnən bir ovuc daddım.
Donduq...
maşına dönək,
Yurdun başına dönək!
... Ay canım-gözüm Rəşad,
Lap sözün düzü, Rəşad,
Bunlar yoxdu videoda -
İnşallah, olar o da!..
Qulu AĞSƏS
Ədalət.- 2020.- 19 dekabr.- S.8.