Qarabağa
dönüş - Sabir Rüstəmxanlı
1
Yaramızdan
axan qan
qan
deyil, qorxumuzdur,
Ağrılarla qovulan ətalət yuxumuzdur.
Dünən
ağladığıma bu gün qəlbən gülürəm,
Ölüydüm yaşadıqca, dirilməyə
ölürəm.
Nə bu
ölüm yenidir, nə yarımcan dirilik,
Üzdə bütöv olsam da ürəyim
çilik-çilik.
Yad əllər
parçaladı, bölündükcə bölündük,
Küləklərdə sovrulduq, ələklərdə ələndik.
Çökdü
bir qara zülmət yurdumun üzərinə,
İşıqlı
günlər dedik qara demək yerinə...
Doğrandı
sərhədlərim, qayçılandı yollarım,
Başım
kötük üstündə, kələfçədə
qollarım...
Allahsız,
dinsiz olan unutdurdu Allahı,
Allah
sevgisi kimi yağmalandı silahım...
Unutduq ki, insanlıq çaylar kimi daşmaqdır.
Haqq-ədalət
yolunda sonadək savaşmaqdır,
Sağalmaz yara olar boyun əymək düşmənə.
Ömrüm sığışa bilməz
parçalanmış Vətənə.
Gözümüzdə
bir əsrin axan nahaq qanları,
Kükrəyib dağ çayıtək doldurduq
meydanları.
Meydan ana
qucağı, bir ürəkdi, bir candı,
Həsrəti qırıb tökmüş bütöv
Azərbaycandı.
Yan-yana
dayanmışdı Bakı, Təbriz, Ərdəbil,
Araz da xəcalətdən
qurtarmışdı elə bil!
Meydan yumruğa dönüb, hər yumruq bir qoşundu.
Harayımız ildırım, sözlərimiz
qurşundu.
Gəldi
Sovet ordusu, dişinə vursun bizi,
Tanklar, toplar, mərmilər bükmədi dizimizi.
Xalqın
iradəsindən çaşıb qorxuya düşən,
Kürsüsünə
sarılıb tülkü kimi büzüşən
Millətin
haqq sözünü gətirmədən dilinə
Daş qoydu Baş Katiblə xəyanət təməlinə.
Yatıranda
milləti yastığa dönən yalan
Soyuq yanvar günündə Bakıda axıtdı qan.
Ordu
öz şəhərinə soxulur yağı kimi,
Cırır bayraqlarımı düşmən
bayrağı kimi.
Gözündə
vəhşi qəzəb çıxır neçə
pusqudan,
Uçaqlar
göyü tutur, gəmilər qalxır sudan.
Tanklar,
raketlər gəlir dinc şəhərin üstünə,
Tuşlanır
top lüləsi körpələrin üzünə.
Son silahla
qırırlar silahsız insanları,
"Əl çək yurdumdan!" - deyən
günahsız insanları.
İşğal
ordusu durdu işğalçının yanında
Boğdu öz şərəfini Xocalının
qanında.
Dünyanın
fitvasıyla coşur Hayın harayı,
Arxadan tankla gəlir - sovetin son alayı.
Hüquq donub, haqq batıb, dünya eşitmir, kardı.
Qatilə dur deməyən özü də
günahkardı.
Dərin
siyasətlərin quruyacaq kökləri
Kəsib
atmaq olmasa əl gəzən ətəkləri,
Axırda
anladım ki, keçən ömür deyilmiş,
Göydə səsim boğulub, yerdə yolum əyilmiş.
Nəğməm
ağıya dönüb, laylamız göz yaşına,
Matəm havası hopub yurdun hər qarışına.
Nə
şeytan kimi şeytan, nə xilaskar mələyik
Eləcə boşluqlarda üzən cansız lələyik.
Dünya
özü də bilmir istəyi nədir bizdən,
Otuz il qara duman donubdur üstümüzdə.
Sanki görmür kor gözü - Vətənimdir
burası.
O millətlər
birliyi, bu dövlətlər şurası...
Hamısının
ağzında eyni çürük saqqızdı,
Hamı
siyasət qurdu, quzu-yurdum yalqızdır...
2
Ancaq birdən
göylərdən bir şimşək çaxıb
keçdi,
Həqiqət min yalanı yandırıb yaxıb
keçdi.
Savaş
deyən sərkərdə milləti oyandırdı,
Hər ürəkdə ümiddən
çilçıraqlar yandırdı.
Yol
gözləyən yurdların harayı hər gün təzə,
On milyonun tək səsi yol açdı
üzümüzə.
Qalxdı
igid oğullar, oğul düşmən çəpəri,
Qalxdı
əmrə müntəzir Azərbaycan əsgəri!
Nəfəsi
yaz nəfəsi, səsi ildırım səsi,
Yurdun coşan ilhamı, qisas almaq həvəsi.
3
Vur, qəhrəman
əsgərim, "Xocalı" bağırıb vur,
Yad əllərdə inləyən torpağın xətrinə,
vur.
Min-min
evim dağılmış, kəndlər qalmış virana
Daşları buz bağlamış ocağın yerinə
vur.
Köstəbək
yuvasında gizlənməkdir əlacı,
Dağıt
bu son deşiyi, mərmini dərinə vur!
Ziyarətgah
zirvələr gözləyir gözü yolda,
Bu
işğalı bitirib, zülmün məhvərinə vur!
Nəbinin
yolu bağlı, Həcərin əli bağlı,
Xatırla bu torpaqda at oynadan kəsləri.
Düşmən
top-tüfəngliydi, onun silahı qeyrət,
Hələ itib getməmiş Soltan bəyin izləri.
Düşmənə
su vermədən çəkilsə də içinə,
Hər qayanın altından fışqırar kəhrizləri.
Sən
aranda, o dağda, sanır ələkeçməzdir,
Qayada yuva
açsın poladlaşan dizlərin!..
Havalan
zirvələrdə, mən də gəlim dalınca,
Daha kəsməz yolumu çovğunlu qar, nəmli sis.
Düşmən başı alovlu tərk edir cənnətimi.
Bilir çoxdan çatıbdır geri dönmək vədəmiz.
Tərtər
yenə oxuyur Kəlbəcər nəğməsini,
Nə qədər qan yusa da bizə baxır tər-təmiz.
Gedənlərə
qoşulub zirvəsindən enmədi
Murovdan, Dəlidağdan
uca Şəmşir dədəmiz...
Yazılı
daşlarıma mən də bir tarix yazım,
Daşlar
da dil açacaq diri sözlə yazılsa,
Getdi
şair dostlarım, bu yurdlardan nigaran,
Həsrətləri soyumaz hər qaya bir saz olsa.
Bəhmənlə
Məmməd Aslan ilhamları tükənməz,
Bir
ağız da mən deyim dedikləri az
olsa.
Gözümdə
bu dağların hər qayası altındı,
Qızıl nəyimə gərək insanları
qızılsa.
Hələ
də xatırlayır tənha Ceyran bulağı
Üstünə Şəmşirlə bir Vurğun gələn
çağları.
Sücaət
Dəlidağa bir də uçmaq istəyir,
"Quş yerinə olaydım!" - titrəyir
dodaqları.
İmtahan
bitməsini gözləyir Ənvər Rza,
Tez
qayıtsın kəndinə, başında uşaqları!
Gəzsin
xalq arasında - sazından sözünəcən,
Qürbət olmuş Göyçənin Ələsgər
soraqları.
Laçın
düşmən əlində hələ dirənib durur,
İşıqlı dağlarım var qalxır qəm
dumanından.
Şair
Ağa Laçınlı - Bakıdadır məzarı,
Ruhu ayrıla bilmir anasının yanından.
Mıxtökəndən
atüstə aşsın Hüsey Kürdoğlu
Görsün
nişan qalıbmı burda ilk
ünvanından.
Yenə
Turşsu üstündə qurulsun məclisimiz
Görək
hansı sözümüz çıxır saz tufanından!
Tələs, igid əsgərim, havalar soyuqlaşır.
Təpələr çallaşmada, bir azdan qış gələcək.
Süleyman
Rəhimlidən hər il bir yeni roman,
Adına
neçə eldən neçə alqış gələcək...
Qaraoğlu
Əlinin qələmində "Qəhrəman"
Zəngəzurdan
nə yazsa millətə xoş gələcək...
Endirib
Balayana tərsşapalaq şerini
Dilində lətifəsi Eldar Baxış gələcək.
Azıx
tarixə giriş - ağız açıb
çağırır,
Hər kurqan sirrə pərdə, demə, adi təpədi.
Bu
gücüm, bu ilhamım Füzuli yadigarı,
Diri
dağlar ucalsın, diriliyi əbədi!
Bir Vətənim
bu yanda, bir Vətənim o yanda
Arada Xudafərin
bütövlüyün məbədi
Günahımız
çox olub savaşla təmizlənər
Haq-ədalət
yolunda ölmək də bir tövbədi...
Yüz
min əl uzadacaq bizə çinar meşəsi
Nə
Oxçu quruyacaq, nə xatirə bitəndir!
Qayıdım
Araz boyu Qarabağ düzlərinə
Yüzillərin
həsrəti ürəyimi didəndir...
Əl
edir Qarabağa qaradağlı qardaşlar,
Qırx milyon insanıyla ora da bir Vətəndir.
Nə sərhəd
çəkilməklə millətim ayrılacaq,
Nə birləşmək arzusu, nə də sevgi bitəndir.
Qoy
torpağı titrətsin üfüqdən üfüqəcən
İlxı-ilxı şığıyan Qarabağın
atları.
Ağdamı
xəritədən silmək istədi düşmən,
Bilmədi açılacaq poladdan qanadlarım.
Yenə
Xudu müəllim Mərzilidən yol başlar,
Dirilər naxış-naxış tariximin qatları.
Qarabağ
ağrısını yenə Muğam diliylə
Yayar qitələr
boyu Şuşanın övladları...
Cəbrayıldan keçirəm - fəxri vətəndaşıyam.
Dünyanı
arşınlayan Sabirin yurdudur bu,
Molla Pənah
Vaqifdən Bayatlı Vaqifəcən
Sözüylə, nəğməsiylə basılmaz
ordudur bu.
Sona
bülbül oxuyur yenə Qədir səsiylə,
Sanki fələkdən
axan bir mübarək sudur bu
İlahi,
Qarabağım yenə öz yerindədir
Nə
müqəddəs ziyarət, nə böyük arzudur bu!
Pənah
xanın qalası Şahbulağın üstündə
Düşmənin
qanlı əli o suya dəyəndə, vur,
Tikiləcək
kəndlərim, sonsuz cah-cəlalıyla,
Erməni
dil uzadıb "Qarabağ" deyəndə, vur,
Dəmir
quşlar uçuşsun qartallarla yanaşı,
İlanı
yuvasında, bayquşu göyündə vur!
Boğazı
əlindəykən rəhm edib buraxdığın
Barış
deyib yalvaran sözünü əyəndə, vur!
4
...Mən
sizə bu savaşda ölməyi əmr edirəm,
Siz ölümə gedəndə ölüm sizdən
qaçacaq.
Bu şəhərin
yolunu üzümüzə açsanız
Allah da dərgahında sizə qucaq açacaq.
Mən
sizə bu savaşda ölməyi əmr edirəm
Ancaq ölüm gəlmədən düşməni
öldürməyi.
Başqasının
yurduna göz dikəni ağladıb
30 il yas tutanın üzünü güldürməyi!
Mən
sizə bu savaşda ölməyi əmr edirəm,
Ölümün qucağına dirilik sinməlidir.
Əmrim
ölüm olsa da ancaq bu son savaşdan
Əsgərim
qələbəylə, sapsağlam dönməldir!
Qarşıda
sıldırımlar, dik qayalar baş-başa,
Gərək
qartal olasan, gərək qanadın ola.
Ya da bu qayalardan
səni alıb qaldıran
Bir
uçuş ehtirasın, dəli inadın ola.
Daşlar
soyuq, sürüşkən, altda dibsiz uçurum,
Qayaların başında düşmən əsgəri
min-min.
Yağış
ol, dumana dön, düşmən duyuq düşməsin
Gözündəki şimşəyi görənə
kimi sənin.
Ölüm-dirim
anında haqdan gələn bir nida
Kəlmeyi-şəhadəttək ürəklərdə
bəslənir.
Bu əmrin
ilk vətəni Çanaqqala olmuşdu,
Yüz ili adlayaraq Şuşada da səslənir.
Əsgərin
silahı yox, əmrin özü silahdır,
Bu əmr özü qanaddır, qaldırır
uçurumdan.
Düşmən
gözünü açıb görür bir körpə ruhu
30 yaşa dolaraq gəlibdir Xocalıdan.
Qarnı
yarılan ana, döşü kəsilən ana,
Cənnətdən süd verərək igid ərlər
böyütdü.
O zorlanan
qızların bakirə gözəlliyi
Qisasa
könül verib min-min əsgər böyütdü...
5
Adına
qurban olum, ey adsız qəhrəmanım!
Ruhundakı tilsimə heyran olub durmuşam.
Siz Vətən
fədaisi! Qəlbimdə hərənizə
Neçə ləqəb düşünüb, neçə
ad uydurmuşam.
Yürü,
yürü, Mete xan, burda da sərkədəsən,
Arxanca qanadlanıb Qazanla, Beyrək gəlir.
Gürşad
saraylar yıxır qırx igidi başında,
Özgürlük
deyə-deyə Xürrəmi Babək gəlir!
Gəlir
Oğuz, Bayandur, Alparslan, Qızıl Arslan,
Çağrı
bəyin yoluna düzülüb neçə oğul,
Siz bu
günün Çingizi, siz bu günün Timuru,
Sizlərin
simasında dirilibdir Ərtoğrul!
Sizin
adınız namus, qeyrət, şəhid, intiqam,
Milyon-milyon
adlı var tüpürürlər adına.
Ata-ana ad
verib böyütdülər sevgiylə,
Sonra da alışdılar pis övladın oduna.
Get,
adsız qəhrəmanım, Qacar ala bilmədi,
Bu qalanı seyr etdi dediyi o şüşədən.
Qala - təxəllüsündür,
Qaya - sənin ayaman
Öz əsil
adınısa alacaqsan Şuşadan...
Ya da ki, Dədəm
Qorqud dilləndirib qopuzu
Türkün
ölməz ruhundan verər sözə yeni can.
Deyər
ki, ayırmıram sizi bir-birinizdən,
Şuşa
fatehlərinin bir adı var: Qəhrəman!
6
Əsgər
boşəllə gedir Qalanı fəth etməyə,
Tək bircə bıçağı var, gizli tutur
ovcunda.
Bıçağın
tiyəsində gözlərinin işığı,
Neçə düşmən taleyi bir
bıçağın ucunda.
Tankın
yarsın sinəni, topun yuvana dəysin,
Namussuzun nə işi bu namus savaşında?
Bir
ağzın var, bir qarnın, sanki yemək güc verir,
Dünyanın ərzağını əndərdilər
başından.
Şuşada şırmandıqca sanırdın yenilməzsən.
Hələ Yallı da getdin qutsal Cıdır
düzündə.
Ayaq
qoyduğun torpaq bilmədin sənin deyil
O şənliklər,
o rəqslər gələcəkdir gözündən.
Vaqifin
gözəlləri bu düzdə gəzən zaman
Sənin xalqın hardaydı. Sən özün
harda idin?
Bu qala
qayalarda bir qala da ucaldan
Pənah xanın dövründə sən hansı gorda
idin.
Qalanın
divarları - qayaların davamı,
Burda quş quşluğuyla qanad salıb
qayıtmış.
Sərkərdələr,
fatehlər ölkələr basa-basa
Əli
çatmadığından qalaya dil uzatmış...
Bircə
Qacar almışdı ikinci hücumunda,
Baxmaqdan yorulanda aylarla hayıl-mayıl.
Bəndəsi
o dünyaya həsrət getməsin deyə,
Ona gizli yolları göstərmişdi Əzrayil.
Şuşada
ömür sürüb, Şuşada gün keçirmək,
Gözəllərin qisməti, igidlərin bəxtiydi.
Neçə
saray tiksə də Pənah xan Qarabağda
Şuşa
qızıl sarayı, Şuşa
büllur taxtıydı.
Şuşa
Bülbülün səsi, Şuşa səsin
bülbülü,
Sözün İsa bulağı, "Çahargah" zənguləsi.
Bəstəkar
yetirməsə bundan sonra min il də
Min il diri qalacaq Üzeyirin bəy səsi.
Havası
bal, suyu bal, ağzının sözü də
bal,
Onu arı əzmiylə qayalarda hörmüşük.
Hər
qarış torpaq üçün ölmək necə
olurmuş,
Ölüm sevinci nədir? Bu qalada görmüşük...
İki dostla yazmışdım qayasında adımı.
Qayadan silinsə də qalacaq yaddaşlarda.
Şair
adını yazdı, əsgərim zəfərini
Tarixim yaşadıqca silinməz bu daşlardan.
7
Qala
zülmət içində, sabah günəş
doğacaq,
Əsgər
qurd gözü ilə gecə də görməlidir...
Diş ilə,
dırnaq ilə yapışıb qayalardan
Düşmənin
başı üstən qalaya girməlidir...
Qalaya girməlidir
hava kimi, ruh kimi,
Tankın, topun üstünə boş əllə getməlidir.
Qonşusunun
yurduna soxulmağın sonunu
Otuz il qanmayana bu gün öyrətməlidir...
Laçın, Xankəndi yolu - tanklar burun-buruna.
Canlı çəpər çəkibdi canilər hər
köşədə.
Düşmən
hardan bilsin ki, əsgərim qanadlıdır,
Bulud kölgəsi kimi sürüşür bu
şüşədən.
Ona
gülməli gəlir bizim son niyyətimiz,
Min-min gözdən yayınıb Şuşaya qalxa bilmək.
Ölkələrə
əl açan erməni ümidiylə
Erməni
ordusunu bir əllə boğa bilmək!
Azuqə
aşıb-daşır, silahları tükənməz,
Yeyib-içir, əylənir, nə qorxu var, nə də
qəm.
Lap
dünyanın ən güclü qoşunuyam, nə olsun,
Üstünə hansı yolla, ha yandan gedəcəyəm.
Qayaların
dibiylə nəğməsiylə axır çay,
Nə qədər coşub-daşa qalaya yetmir səsi.
Burda kəsib
yolumu, Şuşanın sinəsinə
Sağalmaz yara vuran Daşaltı faciəsi.
Yurdunun
harayına qalxan igid dostlarım
Bu dərənin dibində xəyanətə yem oldu.
Görən,
niyə soran yox, bu kimin oyunuydu
O
şeytan tələsini orda quran kim oldu?
Hər
yerindən duranın çiynində zər paqonu,
Millət ayıra bilmir fərarini qaziylə.
Onca nəfər
əsgərin onbaşısı olmayan
Papağını yan qoyub sərkərdə ədasıyla.
Keçmiş
olsun, Daşaltı, yenə gəlir əsgərim,
Bu ağlar dərələrə unutdursun yasını.
Şuşadan
gedənlərin övladları gəlib ki,
Burda axan
qanların alsınlar qisasını!
8
Əsgər
qalxır qalaya,
çıxılmazdır
daş-divar.
Ancaq əsgərimin də poladdan pəncəsi var.
Qartal
dırnaqlarını daşlara çala bilir,
Uçurumun üstündən asılıb qala bilir.
Gecənin
havasını doldurub cigərinə
Bilir ki, vuruşacaq yüz dostunun yerinə.
Bu qoyun
sürüsünə qurd kimi saldırmalı,
Qoynundakı
bayrağı Şuşada qaldırmalı!
Bayrağı
qaldırmalı ala buludlarla tən,
Qoy onu hər
tərəfdən görsün yaralı Vətən,
Şuşam
uca olsa da, bayraq ondan da uca,
Altında keşik çəkib mən də baxım
doyunca.
Sonra
düşmən gülləsi sinəmdə yanır,
yansın,
Təki Vətən
göyündə bayrağım dalğalansın!
Qala divara
möhtac, divar qalaya möhtac,
Komandir əmr
eləyir:
- Şuşanın yolunu aç.
Gecə sisli, dumanlı, gecə - hücum fürsəti.
Əsgərin
öz gücünü göstərmək qətiyyəti...
Qaya
üzünə durur,
Qaya qəsdində durub.
Qaya deyil
nizədir,
Yaraları təzədir.
Daşaltıdan
dikələn
Qaya deyil,
bəladır,
Qayaların
başında
Yol gözləyən qaladır.
Gecə
zülmət pərdəsi
Gözlərindən tük çəkir.
Üstdə
qulaq-qulağa
Çaqqallar keşik çəkir.
Keşikçi
projektor
Qaranlığı darayır.
Yayınmaz
gözdən quş da,
Sübhə kimi arayır.
Ancaq əsgər
dayanmır,
Yolu sözündən keçir.
Dumanın
qanadından,
İynə
gözündən keçir...
Nə
ordu vecinədir,
Nə
Qacar deyən "şüşə".
Bir həsrətli
tələsir
aşiqiylə
görüşə.
Gecə nəmli,
divar yaş,
Oğlum,
ehtiyatlı ol, ayağından qaçar daş,
Əsgər
hərdən yan-yana, hərdən nəfəs-nəfəsə,
Hərdən qulaq kəsilir qaladan gələn səsə.
O
haqqın sorğuçusu, son hökmü verən Allah
Görünməz
bir tor hörüb, kim bacarar, ya pənah!
Əsgər
asılıb tordan qalxır hörümçək kimi
Sarmaşıb qayalara yazağzı çiçək
kimi.
Hər
daşda bir kəpənək,
Buz
daşları isidən, qəzəbdən yanan ürək...
Damarında dolaşır Xocalıda axan qan.
Ay
doğa onbeşgünlük, yapışa
işığından.
Göydən
bir ulduz baxa, qollarına güc gələ,
Süd yoluna sarılıb bircə anlıq dincələ.
Qatılaşır
qaranlıq,
Əsgər durmur bir anlıq.
Ona qalxmaq
əmri var,
Düşmənin mövqeyini yaxıb-yıxmaq əmri
var.
Maska üzünü örtür, gözlərini gizləməz.
Torpaqdan
göyərəcək! Düşmən bunu gözləməz!..
İstehkam,
səngərləri dağılacaq bu gecə,
Allahın köməyiylə, ədalətin
hökmüncə.
Ölüm
mələyi kimi qonsun düşmən bağrına,
Bir əsgər qələm çəksin
yüzünün varlığına.
Qayalar da
xəbərsiz, qarşısında dikəlib,
Ancaq
doğma nəfəsdən onlara da can gəlib!
Dırmaşırlar
divarla - silahı bıçaqları,
Savaşda ad çıxarmış Yaşmanın
uşaqları.
Beynində
neçə arzu, neçə görüş həsrəti...
Hamısını
unutmuş,
Bir əli
qaranlıqdan, biri buluddan tutmuş...
Düşməndən
alacağı qisas qaldırır onu,
Ürəyinə güc verən yol gözləyən
ellərdir.
Çatır
qulaqlarına anaların ağısı,
Fələyə üsyanları davam edir illərdir.
Gözündə
Xocalının, Gəncənin körpələri,
Tərtəmiz gözlərindən yaş yerinə qan
axır.
Çox
sevinmə bu yasa, dayan, uşaq qatili,
Barmağım gözlərini deşmək
üçün darıxır.
Uzaq
maviliklərdən baxır Polad Həşimli
Mehriban bir səs ilə "Qalx!" deyir əsgərinə.
Silkələ
qayaları, yol aç qaya döşünlə
Yürü, xeyir-duamla mən də köməyəm sənə.
Şəhidlərin
ruhları qaya üstə çıraqdı,
Mübariz də dumandan sıyrılıb gəlir birdən.
Fikrində
son döyüşü özü gedir qabaqda
Qoruyur divar kimi əsgəri güllələrdən.
Nə qədər
sərt olsa da, bu qayalar, bu daşlar
Övladını tanımış, yol verib
qaldıracaq.
Duman
görünməz edib, bu gecə əsgərlərim
Bir qoyun sürüsünə Qurd kimi saldıracaq.
Birdən
sükut pozulur,
düşmən
şübhəyə düşmüş,
Elə bilir canlıdır dumandan sıyrılan daş.
Qayaya
baxa-baxa səngərində büzüşmüş,
Dərələrdən
dumanla kim qalxır yaşaş-yavaş?
Projektor
işığı gözünü qamaşdırır
Növbə
çatsa sevinclə gedib bir az yatardı,
Bu dibsiz uçurumlar xəyalını
çaşdırır.
Günəş
çıxsa canından bu qorxunu atardı...
İşıqla
bir gecəyə yağır güllə
yağışı,
Əsgərim yaralandı, gücü yox
dırmaşmağa.
Şuşanı
öz gözüylə görmək arzusu vardı,
Öndə
son maneədi, qanadı yox aşmağa!
Tez
yaralı əsgəri dostu alır çiyninə,
Yox, burda
dayanılmaz,
silahdaş
buraxılmaz,
Daşlara
sinə-sinə yuxarı qalxır yenə,
Bir əsgər
yolda qalsa bu qalaya çıxılmaz...
Qollarını
boynuma bərk-bərk dola, buraxma,
Səni
qaldıracağam - bu daşlar buz olsa da!
Yaran da
sağalacaq Şuşanın havasından,
Bir yerdə
gedəcəyik bu yol sonsuz olsa da!
Boynunu
qucaqlayan dostu deyil, qanaddır,
Soyuq payız gecəsi əsgərim yanıb gedir.
Nə
sınmaz bir dəyanət,
nə
sarsılmaz inaddır
Yaralı
dost yük deyil, yenə dırmanıb gedir!..
"Qardaş,
sən burax məni,
ağıram,
üzülmə, get!
Bax
Şuşaya doyunca, mənim də gözümlə, get!"
"Şuşaya öz gözünlə, sap-sağlam
baxacaqsan!"
Belə deyir əsgərim yaralı qardaşına.
Allah ona
güc verir, coşur damarında qan,
Hamıdan
tez dırmanır qayaların başına!
Düşmənin
əcəlidir qayadan qalxıb gələn,
Haraya qalxır-qalxsın, tapacaq endirəcək.
Neçə
projektoru sübhün əsintisiylə,
Ya da
öz nəfəsiylə şam kimi söndürəcək!
Üzeyirin
"Cəngi"si birdən gəlmişdi dilə,
Xanın, Seyidin ruhu bir muğam
çaldırırdı.
Şəhid
qəhrəmanlarım öz ruh əlləri ilə
Adsız
qəhrəmanları Qalaya qaldırırdı!
9
Arxada
qaldı divar, öndə düşmən səngəri,
Səngərin o üzündə ruhumuzun şəhəri.
Pənah
xanın, Vaqifin, Natəvanın şəhəri,
Zirvələrə köklənən tar-kamanın şəhəri.
Hər həyətdən
yollara aşan qızıl gülləri,
Canlı güllər eşqinə oxuyan Bülbülləri.
Nəcəf
bəyin ocağı, Əhməd bəyin yuvası,
Hacıbəyli nəslinin bitməz vətən
qovğası.
Gah tarixə
əl atdı, gah bu günü dindirdi
Gah da Koroğlu yazıb milləti sevindirdi.
Həm
bulaq zümzüməsi, həm okean səsiydi
Üzeyir
musiqisi - ruhun möcüzəsiydi...
Söz-söhbəti
dillərdə, kefi daim çağ olan,
İşi
- sənət, musiqi, yazıb-yaratmaq olan
Dağı,
daşı, torpağı tarixdən bu yana
sirr,
Bir
qaraçı nəslinə qala bilərmi əsir...
Səsim,
sözüm, musiqim bu qayanın üstündə,
Məni kim endirəcək bu qayanın üstündən?
Bu səngərdə yenilsən divardan enmək olmaz.
Şuşanı
fəth etmədən geriyə dönmək olmaz...
Əsgər
fürsət bilincə qaranlıq gecələri
Dumanla qatılaşıb bu bələdçi
qaranlıq.
Səsindən
işıqlanıb şəhərin küçələri,
Addımından oyanıb yatan ruhlar bir anlıq.
Mürgülü
keşikçilər göz açıb-qırpanacan
İçirlər nuşi-canla ölümün şərbətini.
Nə
anlaya biliblər hara uçub getdi can,
Nə sözə növbə çatıb anlada heyrətini.
Göyün
dumanı kimi qondu düşmən başına
Yerdən, göydən gəldiyi bilinməyən bir əsgər.
Mərmi,
güllə başına dolu kimi yağsa da
Yürüşü pozulmayan, ələnməyən bir
əsgər.
Səsi
çıxmazdan qabaq ağzından çıxır
canı,
On ölkədən gələnin əcəli burda
çatır...
Düşmən
bir də ayılır, yollarında Şuşanın
Məscidə doldurduğu donuz sürüsü
yatır.
Döşünə
döyən ordu qanqal kimi biçilib,
Leş leşin üstündədir, oyanmaz bu yuxudan.
Düşmən
siçana dönüb, düşmən elə kiçilib
Silahla bir-birinə saldırır qorxusundan.
Günahsız körpələrin qanı tutub
gözünü.
Hesabat verməlidir bu qiyamət günündə.
Qorxudan ağlı çaşıb biçir
özü-özünü.
Bir ordu qaçıb gedir yüz əsgərin
önündən.
İntiqam
səhnəsini qəsdən uzadır gecə,
Yalvarışlar qaçırır dağların
yuxusunu.
Dumana
çevrilərək yerə üz sürtüb keçən
Əsgər aslana dönüb qovur it ilxısını.
Dabanına
tüpürüb generalı, zabiti,
Tankın, topun üstündən tullanaraq
qaçırlar.
Arvad-uşaq
qatili dözmür ər döyüşünə
Tülkü texnikasını qullanaraq qaçırlar.
Şuşanın
dolayları dönüb şahmar ilana,
Sağ
çıxanlar bu yolda ərisinlər, itsinlər
Heç kim cəsarət edib boylanmasın dalına.
Açılıb
Laçın yolu, qoy rədd olub getsinlər!
Şuşanın
gecəsindən yad nəfəsi hayların
Sökülüb atılınca astaca sökülür
dan.
İşığı
qayıdıbdır Günəşlərin, Ayların
Müqəddəs
bayrağımdır gecəni aydınladan!..
***
Bu gün
türkün bayramı, işğalçının
yasıydı,
Allahın
hökmü ilə yazılmışdı bu yazı,
Onun "bəla" dediyi Allahın balasıydı.
Xocalı qırğınının
alınmışdı qisası.
Ordum Cəbrayıldadır,
Arazdan bir az bəri,
Arada sıx meşələr, neçə cəbhə
xətti var.
Düşmən
hələ bilmir ki, savaşın dahiləri
Adsız qəhrəmanlarım, Yaşma igidləri var.
Allahın
hökmü ilə yazılmışdı bu yazı,
Millətimin zilləti axır çatmışdı
sona.
30 illik həsrətin
alınmışdı qisası,
Bir milyon
göz baxırdı öz viranə yurduna!
10
Murovun, Dəlidağın
üstündən çəkilir çən,
Qəddini yavaş-yavaş dikəldir yorğun Vətən.
İntizarı
dağılır yad olmuş sahillərin
Süsləndikcə üçrəngli bayraqla Xudafərin.
Otuz il ümid verib bizi susduran susur,
Ümidini qırdıqca Azərbaycan ordusu.
Bayram
havası gəzir şəhərləri, kəndləri
Paylandıqca hər axşam qələbə tvitləri.
Ax
dünya, qəddar dünya, əsiridir yalanın,
Başını
əzib keçmir bu zəhərli ilanın,
Köhnə
Səlib havası dolaşdıqca başında
Neçə ölkə səf tutur yenə din
savaşında.
Tanrı
da əsir düşüb siyasətə, sirr deyil,
O
özü bir olsa da elçiləri bir deyil.
Şükür,
yıxıb dağıdır bu çürüyən
bütləri
Qanımdan qanad taxan qələbə tvitləri.
Şeytan
üskük oynadır erməni kilsəsində,
Nə Allah sevgisi var, nə inanc hiyləsində.
Hər
keçənə əl açır, hər tərəfdən
pay umur,
Dosta xəyanət edib kənardan haray umur.
İnsanlıqdan
danışır, ancaq xəyalında qan,
Nə keşişdən əl çəkir, nə
ayrılır molladan.
Pozur bu
oyunları yurdumun igidləri
Yayıldıqca dünyaya qələbə tvitləri.
Qartal kimi
açılır Şuşanın qanadları,
Yorur Cıdır düzünü Qarabağın
atları.
Haqq tutur
öz yerini, kökü kəsilir şərin,
Dağıdır matəmini səsimiz Kəlbəcərin.
Açır
öz qollarını Kirs yolu, Laçın yolu,
Düzlənir ayağımda dağların
qırçın yolu.
Aşıb
keçir əsgərim divarları, sədləri
Dilində
nəğmə kimi qələbə tvitləri!
Bu bizim
haqq işimiz, ədalət savaşımız,
İntiqam ala-ala dikələcək başımız.
Vur, əsgərim,
vur! - deyə əmr eləyir Komandan
Qoy bir də yurdumuzda tokülməsin nahaq qan.
Qayıtsın
Qarabağa yenə xoşbəxt çağımız,
Başımızın
üstündə üçrəngli bayrağımız!..
Qovur
öz yuvasına quduzlaşan itləri
Ali
Baş Komandanın qələbə tvitləri!
11
Minadan təmizlənsə
gedərdik Qarabağa,
Bəlkə tövbə etməyə, bəlkə
üzr istəməyə.
Cığırları
oyadıb, kəmənd atıb hər dağa,
Sizi çox gözlətmişik,
bağışlayın, deməyə.
Düşünmə
daş cansızdır, öz ömrü var daşın da,
Soruşsan doğma dillə güzgü tutar min ilə.
Ancaq ölçü ayrıdır onun daş
yaddaşında.
Onun vaxt
sayğacının adı bilinmir hələ...
Hər
qaya milyon ilin harkdiskidir elə bil,
Göyün bütün səsləri
yazılıbdır o başdan.
Ulduzların
dili də bəlkə ona yad deyil,
Bəlkə də qopub qalır bir uzaylı
uçuşdan.
Kağızlar
yandırılır, papiruslar çürüyür,
Ancaq torpaq kitabın pozulmur yazıları.
Ağac
kimi, ot kimi bu dağları
bürüyür
Nəslimizin minillər yaşayan arzuları.
İndi
otlar saralıb, evimiz külə dönüb,
Ölüm nəfəsi əsib hər
cığırdan, hər izdən.
Biz də
dirilik kimi dizin-dizin sürünüb,
Ayrılaq evimizdə qaçqın keçmişimizdən.
Yaz gələ,
ağac kimi çiçəklənə həvəsim,
Çatılan
köçlərlə bir qayıdım Dəlidağa,
Bu şəhər
tünlüyündə sıxılanda nəfəsim
Loğman dağlar yenidən yol açar yaşamağa.
İstisuyun
başında susmaz sazın kafesi -
Yanıq divarlarda da bir ilham rüzgarı var.
Ala
göllər üstündə coşar
cıdır həvəsim,
At uçar, daşlardan da göylər məni
çağırar.
Bu daş
kitabələrdə dünya fərqli, vaxt ayrı,
Daşların
güzgüsündə bir də boylan elinə,
Gör
hansı gözəlliklə insan açar axtarır
Buludların şəklinə, ulduzların dilinə.
Görək
adsız bulaqlar kimi qonaq gətirib
Şamil qardaşımızın Kürd ovşarı səslənsin.
Bu
dağlar əzəl gündən mərd oğullar
qucağı,
Qoy yenə hər obada aşıqları bəslənsin.
Dağların
da ruhu var - o, bizim ruhumuzdur,
O,
insanın eşqidir, pirə, məbədə dönən.
Altaydan
Qarabağa nizami ordumuzdur,
Qara
dumanlarda da yenə uca görünən!
"Yar-yarını istəsə!" - dağlardan
bir qız səsi,
Əbədi bir gəncliklə sevgisini oxuyar.
Yenə hər
gün Turşsuda bir Koroğlu nərəsi,
Yenə qızlar xalçada Nigar eşqi toxuyar.
Zirvələrə
qalxınca gücümüz oyanacaq
Bu güc
tarixdən gələn ulu Turan gücüdür!
Savalandan
Tanrıya, Ağrıdan Altaylara
Min illərlə var olan bir qəhrəman
gücüdür.
Süfrəmdən
pay umanlar bir deyil, iki deyil,
Elə ki, qarnı doyur unudur keçmişini.
Bu
dağlar öz suyundan yolçuya da pay verər,
Harama əl uzatsa sındıracaq dişini.
Yolu Təbrizdən
keçir Qarabağın demişdi
Bir ilkə qəhrəmanı çarəsizlik
anında.
Sən
demə, Qarabağdan keçirmiş Təbriz yolu,
Millət
hökmünü verdi bu savaş
meydanında.
12
Gözün
aydın, Millətim, qurtardın sıxıntıdan,
Daha hədyan maşını üstünə gələ
bilmir.
Ancaq erməni
pulu dolaşdıqca ortada
Dini, irqi
pul olan yatıb dincələ bilmir...
Dünya
boynunu büküb böyük güclər önündə
Çarəsiz, əli bağlı sonunu gözləyərkən.
Ayılara
güvənən tülkünü boğmağınla
Məzlumların könlünə sən oldun ümid əkən.
O əllər
ki, uzandı sənə çətin günündə
Qardaşların əlidir qızıla tutulmalı.
Üzdə
bəradər deyib, düşmənə dayaq olan
Dinimə ləkə olan şeytandan qurtulmalı.
13
Ey qoca Azərbaycan!
Haqq nazilir, qırılmır,
Sənin Zəfər gününə yazıram yeni
dastan.
İki
bitməz nəğməsi olmalı bu dastanın
Birincisi
Türkiyə, ikincisi Pakistan.
Ədalətdir
yolumuz, bunu Allah görürdü,
Ədalətə
söykənən verməz namərdlərə can!
Bu namus
savaşında səsinə səs verirdi
Ankaradan
Türkiyə, Kəraçidən Pakistan!
Üç bayraq dalğalanır üç
qardaşın şəninə.
Silir göz yaşlarımı iki əl,
çıxım yasdan.
Bir dua da
artacaq duamın üzərinə,
Alqış
sənə, Türkiyə, Alqış sənə, Pakistan!
14
Bir vaxt
Nuru paşa da gəldi qardaş hayına,
Dirək
oldu yurdumda min könül sarayına,
Ocağımız
küllənib, ümidimiz sönəndə,
Bakı, Şuşa, Zəngəzur qan gölünə
dönəndə.
Tiflisdən,
Qarabağdan, Naxçıvandan keçmişdi.
Neçə gizli tələdən, neçə qandan
keçmişdi.
Osmanlı
zor durumda, qardaşın halı da pis,
Bir yanda rus daşnakla, bir tərəfdə ingilis.
Bütün
oyunlar bitib, bütün yollar tutulmuş,
Bakı bunların olub, millətim unudulmuş.
Onda da
öyünürdü düşmən silah-sursatla,
Bakı dəmir
zirehdə, paşam tələsir atla,
Ancaq
atı uçuran belindəki qeyrətdi,
Düşməni
diz çökdürən gənc paşaya heyrətdi...
Aradan
yüz il keçib, dünya köhnə dəyirman,
Üyüdülmək
növbəsi - sırada biz, müsəlman!
Sırada
biz - Ədalət! Haqq deyib, haqq istəyən,
Öz
halal torpağına sahib çıxmaq istəyən!
Zaman deyir
dağının, daşının qədrini bil,
O köməyə
tələsən Paşanın qədrini bil!
Kökün,
gövdən bir olub, budağın da bir olsun,
Qaldır
bu sərhədləri, torpağın da bir olsun!
Mən bu
yolun ağıyam,
Ağıyam,
çırağıyam,
Sür
gözünə nur gəlsin
Türküstan
torpağıyam!
Torpağın
bir olanda gözünə nur gələcək!
Sənin ədalətində
millətlər dincələcək!
Turan deyib
qorxurlar, sən də böyü Turan ol!
Bu nifrət
əkənlərin ümidini qıran ol!..
15
Yolüstü
söhbət
və ya
Qələbədən 25 il öncə yazılmış nəticə
...Görən,
yenə Şuşanın bal dadırmı
havası,
Tərtərin
nəğməsinə, görən, kim
qulaq asır?
El gedəndən
Həkəri necə boğur hirsini,
Yazılı daşlarımız kimə verir dərsini?
Bizləri
unutdumu, görən, Göyçə, Zəngəzur
Təbriz niyə danışmır, Ərdəbil niyə
susur?
Bu ehkam
dağlanda qatmazlar ki, aranı
Nə qədər vaxt gərəkdir sağaldaq bu
yaranı?
...Hər
sözün başı sual, hər sualın sonu qəm,
Bu qəmlərin ardında qəmsiz səhər
görürəm.
Deyirsən bitəcəkmi bu ağrılar?
Deyirəm,
hə, bitəcək!
Ömrümüz o illərə yetəcəkmi?
- Yetəcək!
Ovacağıq
Şuşada düşmənlərin burnunu,
Erməni kimdir türkün sındıra qürurunu?
Bu da Qərbin
fitvası, bu da bir sirdi olub,
Yoxsa o bizi yensin?
Hansı əsrdə olub?
Bu
köç geri dönəcək səfərdən dönən
kimi,
Dağlar
da dikələcək ruhumuz dinən kimi!
Qurulacaq
Qarabağ əvvəlkindən daha şən
Bərdədən Göyçəyəcən.
Sağalacaq
yaralar olsa nə qədər dərin,
Belini dikəldəcək qocaman Xudafərin.
Ağdamın
ağ damları,
Qızılgül
hasarları,
Kəlbəcər
yaylaqları,
Alagöllər
üstündə sazın coşan çağları
Hər
bulağın üstündə uzanan məclisimiz,
İşıqlı dağınacan işıq
saçan izimiz.
Türbələr,
qurbangahlar,
Didərgin
ruhlarımız
Sərvətimiz,
varımız,
On
çadırlı obadan min evli kəndlərəcən,
Kağız
üstə yarımçıq çəkilmiş bəndlərəcən,
İlxıların
atından, sürünün itinəcən
Həkəri
balığından,
Murovun südünəcən.
Hər
şey dönəcək geri,
Tutacaq
öz yerini!
Elimiz unudacaq bu sınıq günlərini.
Dağlara
ruh gələcək Şikəstədən, Muğamdan
Düşmənlərin əlini üzəcəyəm
yaxamdan.
Millətim dikələcək qırx milyon, əlli
milyon.
Bu birlik
mahnısını qitələr eşidəcək,
Gəncədən
Naxçıvana, Naxçıvandan Qəzvinə
Əngəlsiz,
maneəsiz yollarım çəkiləcək!
Sümüyə
dirənibsə əsarət bıçaqları
Qapımın ağzındadır, demək xoşbəxt
çağlarım.
Tarix
qatarlarını saxlamaz öz yolundan
Kiminsə hədələri, kiminsə öləcəyi.
Azərbaycan
içindən doğulur, diqqətlə bax,
Xalqın ruhu bütövsə,
bütövdür gələcəyi!
***
Bu sözlər yazılanda hələ keçən
əsrdi,
Hələ Qarabağımız erməniyə
əsirdi.
Ölkə zəif, imkansız, halı pisdir
millətin,
Arxalı köpəkləri silahla yenmək
çətin...
İşğalçı göz
yaşıyla əl atırdı hər yana,
Dünya bizi eşitmir, dünya ona inanan.
Ancaq türkün şərəfi taxtından enməmişdi.
İçimdəki ümidlər sozalıb
sönməmişdi...
Sabir Rüstəmxanlı
Ədalət.- 2020.-
31 dekabr.- S.6.