HƏYATIN
MƏNASI
Əbülfət
Mədətoğlunun poeziyası haqqında fəlsəfi düşüncələr
Çoxdan
izlədiyim Əbülfət Mədətoğlunun
yaradıcılığı haqqında əlimə qələm
alanda saysız-hesabsız ştamplaşmış,
daşlaşmış bədii ədəbiyyatın nəzəriyyələrinin,
fəlsəfi ideyaların yolayrıcında durub fikrə
getdim. Bu nəzəriyyələrin, ideyaların
heç biri əl vermirdi.
Bəs, Əbülfətin
yaradıcılığına hansı gözlə
yanaşım?! Qərara gəldim ki, kreativ şəxsiyyətlərin
yaradıcılığına baxışın və təhlilin
ən obyektiv yolu onun öz gözüdür. Gəlin,
Əbülfətin bədii
yaradıcılığını fəlsəfi
düşüncə tərzində, onun öz gözü ilə
nəzərdən keçirək.
Ağrılı çəkdiyim,
dərdli çəkdiyim
Bu boyda Bakıda
dərddi çəkdiyim,
Mənim azadlıqda
şərti çəkdiyim,
Cəzanın adını
çəkənlər bilər.
Lirika
Lirika nədir? Qədim Yunanıstanda, o cümlədən
Qərbdə poeziya nümunələri - sonet, oda, elegiyalar və
s. lira musiqi alətinin sədaları altında oxunduğu
üçün onlara lirika deyirdilər. Qərbdə poeziya
ilə liranın melodiyasının vəhdəti də ecazkar
təsir qüvvəsinə çevrildiyi kimi, Şərqdə
də Əbülfət Mədətoğlunun poeziyası
tarla, kamanla, sazla vəhdətdə səslənir. O, tar kimi haray salır, kaman
kimi inləyir, saz kimi ruha hopur. O, Qurban Pirimovu, Habil Kamanı,
Ədaləti xatırladır. Onun
lirikasındakı insanlar da, onların məhəbbət və
nifrəti də, təbiəti də, orada ağacların
yarpaqlarının xışıltısı,
gül-çiçəklərin ətri də təkrarolunmazdır.
Ağacların
nəğməsini
yarpaqlar
oxuyur,
Yarpaqların
nəğməsini
küləklər...
çiçəklər,
ləçəklər...
Oxuyur
Günəşdən
öncə,
arılar,
sonra da
kəpənəklər...
Günəşsə yuyunur şehdə.
Qəlbləri
əvvəl
duyğu
danışdırır...
sonra da
qələm, kağız.
Ürəklə
kağızın arasında
hər
kəsdən
deyilməmiş
söz
qalır
bir
ağız...
***
Dilimizdə obraz surət, şəkil kimi
anlaşılır. Əbülfətin
yaradıcılığı bundan imtina edir. Onun obrazları, həyatdakı həqiqətlərlə
eyniyyət təşkil etmir, onların surəti və ya
şəkli deyil, özünün təkrarolunmaz
duyğularının, düşüncə, qavrayış tərzinin
şeir məhsuludur.
Gülüm,
əllərim dibçək,
saçların
ovcumda
açmış çiçək...
yüz
il bundan sonra da
tellərinin sayını
soruşan olsa,
əllərim su kimi içəcək!..
Və
yaxud
Dərdin
Böyüyü-kiçiyi
olmur,
Dərdin
ölçü vahidi
Ürəyin
tutumudu...
Dərd -
dadı damağından,
Ağrısı
canından getməyən
Ömrün
Bir turşməzə tumudu.
Baş-başayıq
onunla...
***
Allah saysız-hesabsız canlı-cansız varlıqlar
yaradır, lakin onların heç biri digərinin tam eynisi
deyildir. Hər
birini birləşdirən ümumi cəhətlər
olduğu kimi, ayıran, fərqləndirən xüsusi cəhətlər
də var. Van Qoqun “Günəbaxan” rəsmi həm təbii
günəbaxandan, həm də ona qədər çəkilən
minlərlə günəbaxandan xüsusi duruş,
görünüş tərzi, rəngləri ilə fərqlidir.
O günəbaxan daha çox enerji saçır,
işıqlıdır, orijinaldır, təkrarolunmazdır,
unudulmazdır. Hətta harda, ilin, günün hansı
vaxtında, kim tərəfindən çəkildiyini
açıq-aydın söyləyir. Yaradıcılıq, bədii
estetik yaradıcı düşüncənin məhsulu budur!
Mən səhəri
göy üzündə açmışam
Ulduzları
saya-saya baxışla...
Hörüyünə
bir bənövşə taxmışam -
Yuxudaydın,
oyatmadım... bağışla!
Özüm,
sanki üzülmüş bir yarpağam
Duman
qoymur sənə tərəf, yar, baxam...
Nə əlim
var, nə əlində, yar, yaxam -
Seçəcəksən məni hansı naxışla?
Məhəbbətdi
ruhum - özəl mənbəyim,
Təbiidi
yana-yana sönməyim...
Qadağandı
ürəyinə dönməyim -
Dönəcəyəm
kirpiyinə yağışla...
***
Deyirlər, “Dünya bir pəncərədir, hər gələn
baxıb gedər”. Həmin pəncərədən hər kəs
öz gözü ilə görür, öz duyğuları ilə
qavrayır, gördüyünü paylayır. Rəssam rənglə, musiqiçi səslə,
şair poeziya ilə. Orada ümumi cəhətlər
nəzərə çarpmır, yalnız xüsusi, məxsusi
rənglər, səslər, poetik ifadələr
görünür, eşidilir, beyinlərə hopur, gələcəyə,
uzunömürlülüyə yol tapır.
Hönkür-hönkür
ağlayıb,
Boşaltdım ürəyimi.
Batırdım
göz yaşıma
Əl
boyda çörəyimi
Kasıb
süfrə açmışdım, kasıb...
Və
yaxud
Ucalıq
qəmin çəpəri,
Tükənir
dizin təpəri...
Günün
ən acı xəbəri -
Bu telefona
zəng çatmır!
Bu fikirlər
Əbülfətin poeziyası ilə tanış
olanda ağlıma gəldi.
Metafora
Əbülfət Mədətoğlu poeziyası nəql,
vəsf, nifrət, ifşa, çağırış,
üsyan etmir, o, imperativ deyil, onda notemika, pafos yoxdur. Sadəcə,
hiss-həyəcanlarının duyğu ilə
qavrayışını poetik dillə ifadə edir. O,
formaca adi görünsə də, ideya və məzmunca həyat
həqiqətlərini, reallığı ifadə etsə də,
deyim tərzi özünəməxsus obrazlı metafordur. Onun lirikası fəlsəfəsi, fəlsəfəsi
lirikasıdır. Təbiətən də
axar bulağın şırıltısını, musiqidə
ecazkar kamanın iniltisini xatırladır.
Dedim sənin
yanında
Heç nə düşmür yadıma.
Səndən
ayrılan kimi
Başlayır
darıxmağa -
Ürəyim.
Dedim sənin
yanında
Söz tapmıram danışım.
Ayrılanda
həsrətlə
İmkan
vermir barışım -
Ürəyim.
Dedim bunun
sonu nə -
Yolu hara qədərdi?
Bu
görüşlər bəhanə,
Yaşadığım
kədərdi -
Ürəyim!
Dedim son
da əvvəldi,
Dözəcəm sona kimi.
Çatlasa,
həsrətindən,
Yanacaq
qana kimi -
Ürəyim.
Dedim
çaşıb qalmışam,
Bilmirəm, heç nə edim?!
Tay sən
mənim özümsən,
Sənsiz
mən hara gedim -
Ürəyim?
Dedim mən
də dalğınam,
Ay arzum,
ay diləyim,
Dənizsən,
mən dalğanam
Ayır
görüm, sən bizi,
Ürəyim,
ay ürəyim!
Əbülfət Mədətoğlu hər zaman, hər
yerdə özü olmağa çalışır. Şeirlərinin
nöqtəsi yoxdur, ideyalar ən mükəmməl həndəsi
fiqur kimi dövrə vurub, yeni, daha mükəmməl keyfiyyətdə
oxucuya qayıdır, enerjisinə yeni enerji, ruhuna ruh, həyat
eşqinə yeni eşq qatır.
Əslində,
hər
şey sondu.
Və
sondan
başlayır əvvəl...
Nəticə
-
ilk
addımın əksidi.
Hətta
belə
də
demək
olar -
məqsədin çəkisidi
sondan əvvələ
uzanan
yol...
sanki
seyr edirsən,
bircə
unudursan ki,
hər
zaman
özündən özünə
gözüyumulu
bütün
istiqamətlərdən
yol
gedirsən.
Və
yaxud
Hərdən
üzüquylu düşüb
ölümümü
ağlamaq istəyirəm -
nə
vaxt gələcəyini
bilməsəm də...
Hərdən
əllərimi uzadıb
tanrının
gözlərini
bağlamaq istəyirəm -
mənim
necə
ağladığımı
gördüyünü bilsəm də...
İnsan
və robot
Poeziya irrasional qavrayışa rasional dərketmədən
daha çox önəm verir. Rasional təfəkkür dəqiq,
quru, sxematik, elm, ağıl yoluna gedib, insanı robota,
irrasional qavrayış isə insanın duyğu üzvlərini
itiləyir, fantaziyasını qanadlandırır, hiss və həyəcanlarını
coşdurur, həyat eşqini yüksəldir, hətta robot
hazırlayan alimlərin robotlaşmasına əngəl
törədir. Metafora, yaradıcı fantaziya, rasional təfəkkürlə
irrasional qavrayışın, ağılla hiss və
duyğuların balansını tənzimləyir.
Bu qədər
canım
sıxılmazdı əvvəllər -
bilməzdim ki,
nə
canım var,
nə dərdim...
İndi
canım
sıxıldıqca
düşünürəm ki,
canım
olmayan yerə
dərdimi
tərəddüdsüz
götürüb gedərdim -
bir az
rahatlanmaq
üçün...
Və
yaxud
Öldür
məni sevə-sevə,
Göz yaşın gözümə yağsın.
Öldür,
amma gülə-gülə
Gözlərin gözümə baxsın.
Dünyanın
odun ələyim,
Canımı
oda bələyim,
Özü
od olan mələyim,
Bir
dönüb üzümə baxsın...
Duyğu
qalereyası
Əbülfət Mədətoğlunun poeziyası təbliğatçı,
təşviqatçı, təşkilatçı deyil, təbiətin
qanunları kimi təbii, sakit, sadə, təmkinli və bitərəfdir;
öz strategiyası və trayektoriyası var. Bunu bilmədən
və öyrənmədən ondan faydalanmaq çətindir. O, təbiətin və cəmiyyətin
gözəlliklərini, ağrı-acılarını
abstraksiya edərək ümumiləşdirib
standartlaşdırmır, hamı üçün şablon,
ştamp, trafaret, matrisa hazırlamır. O, duyğuların,
hiss-həyəcanların açıq qalereyasıdır. Hər kəs onları öz gözü ilə
görür və təbii duyğularının gücü
müqabilində payını götürür.
Qaçdım,
qurtara
bilmədim
dərdin
əlindən.
Əvvəl
ətəyimdən tutdu,
sonra
ürəyimdən.
Yavaş-yavaş
ruhumu
oxşayaraq
şirin
vədlər -
səpələdi dilindən.
Mən də
üzüyumşaq -
aldana-aldana
bir də
gördüm ki,
əlimdən çıxıb ürək...
Və
yaxud
Metro
girişində
bir
parça
karton
üstündə
əyləşib
qucağında
əl
boyda
körpəsi olan
bir
qadın
çörəkpulu dilənir...
Görəsən,
Şirin
öpüşlərin,
gizli
görüşlərin
yaşayanda dadın -
heç
ağlına
gətirə bilirdimi,
doğacağı uşağın
indiki həyatın,
bu
gün
metro
girişində
Allahın
adıyla
dilənən qadın?!.
Vəhdət
Kainatda hər şey qarşılıqlı əlaqədə,
vəhdətdədir. Dahi filosof və loğman Əli ibn Sina son nəfəsində
bu sözləri təkrar etmişdi: Vəhdət! Vəhdət!
Vəhdət!
Orta əsrlərdə, dinlərin hökmran olduğu
dövrdə “proqres” sözü, anlayışı yox idi. Hər şey
mütləq ideyanın iradəsindən asılı idi.
“Ol” deyəndə olur, “öl” deyəndə
ölürdü. Vəhdət isə
yekcinsliyi qəbul etmir, o, xüsusi, təbii, zəruri,
qüdrətli strategiya və taktika əsasında birləşmənin
nəticəsidir. O, tərkibdir. Hər
şey, bütün materiyalar, hətta millətlərin qan
qrupu - DNT-ləri də tərkibdir. Heç kim düz xətlə bir tayfanın və qəbilənin
qan qohumluğundan yaranmayıb.
***
Eksperimental
fizikanın banisi Qalileo Qaliley (1564-1642) yeri-göyü tədqiq
edib bu fikrə gəldi: hər şey əbədi hərəkətdədir,
səbəb və nəticə əlaqəsinin məhsuludur. Əli ibn Sinanın “Vəhdət” sözü elmi təsdiqini
tapdı. Bəs səbəb?
***
Alman klassik idealist fəlsəfəsinin nəhəng
yaradıcılarından biri Georq Vilhelm Fridrix Hegel (1770-1831) vəhdəti
əksliklərin mübarizəsində gördü. Beləliklə,
əksliklərin mübarizəsi və vəhdəti qanunu
yarandı.
Bu, ümumdünya akademik, milli universal qanuna
hamımız inanmışıq. O, təbiidir, zəruridir, vacibdir,
geriyə dönməzdir.
***
Əbülfət Mədətoğlunun çox
maraqlı həyatı var. O, Azərbaycanın əzəli-əbədi
tarixi torpağı - Qarabağın Xocavənd rayonunun məşhur
Tuğ kəndində doğulub. Milli əksliyin əsrlərlə
tüğyan etdiyi doğma ata-baba torpağında. Şair bu əksliklərin mübarizəsinə təbii
qüvvə kimi baxır, axırda onun haqq-ədalətin rəmzi
kimi vəhdətdə birləşməsinə şübhə
etməməyə çalışırdı.
Kür,
Araz, Ararat, gözəldir bu həyat,
Qardaş olub Hayastan - Azərbaycan.
- sözləri ilə cilalanmış
mahnını eşidəndə duruxub fikrə gedirdi. “Kəndim” şeirində həmin hisslərini ifadə
etdi. Bu onun ilk şeirlərindən biri
idi.
Əlim
daşına çatmır,
Daşın öpə bilmirəm.
Heç nə başımı qatmır.
Gözümə
təpə bilmirəm,
Nə vaxtdır səni, kəndim.
Bu
qışda “soyuğa” bax,
Əlim, üzüm üşümür.
Qar
yağır, qardan da ağ
Xəyal
durub, düşürmür -
Atından məni, kəndim.
İçimin
göynərtisi
Soyadıma bəs edər.
Bu dərdin
göynərtisi
Nəsillərə
dərs verər
Dumanlı-çənli kəndim.
Bu öc
düşmənə qalmaz
(Mənimtək oğul olmaz!)
Son kərə gülməmişəm.
Qoruya bilməmişəm
Ölüncə səni, kəndim.
Və
yaxud
Kirsin dizi
üstə qoyub başını,
Uyuyur, dünyadan bixəbər kimi.
Gözümü
açandan, dağlar kəndimin
Qoruyur yuxusun bir sipər kimi.
Öz
qara donunu geyər buludlar,
Çilər göz yaşını yola, irizə.
Yəqin,
toz olmasın deyər buludlar,
Belə kövrəldiyin verməz büruzə.
Mürgülər
dağ kəndim - mənim Tuğ kəndim,
Amma ki, yuxusu quş yuxusudur.
Şəhərin
havası dəyişdi qəfil -
Yəqin, gələni var - kənd qoxusudur.
***
İllər beləcə keçir, Əbülfətin
həyatının ən dəyərli anları
ötüb-gedirdi. O, hərdən tarixi xatırlayıb, kəndinin taleyi
haqda düşünürdü. Kəndinin
yarısında azərbaycanlılar, digər hissəsində
ermənilər yaşayırdılar. Bu
iki əksliyin zaman-zaman təbii qüvvələrdən yan
keçib iyrənc hal alacağını, vəhdətdə
birləşməyəcəyini ağlına belə gətirə
bilmirdi. Cəfər Cabbarlının əsərindəki
Allahverdi ilə İmamverdinin üz-üzə durduğunu, hərdənbir
barışdığını düşünüb qəti
fikrə gələ bilmirdi. Arada güllə səsi gəlsə
də, erməninin səsinə inanıb təskinlik
tapırdı: “Atan kazaklardı”.
“Yersiz gəldi, yerli qaç”, “Gəmidə oturub gəmiçi
ilə dava eləmək” kimi xalq məsəlini arabir
xatırlasa da, əksliklərin mübarizəsinin mütləq
vəhdətlə nəticələnəcəyi kimi təbii
qanunun da gücünə güvənirdi. Buna baxmayaraq o
güllənin kazaklar tərəfindən
atıldığına heç vaxt qəti inana bilmirdi.
Ola bilsin ki, bu da Sovet təbliğatının acı nəticəsi
idi. O nəticə
də erməninin iç üzünün
açılmasını gecikdirirdi. Nəhayət, pərdələr
qaldırıldı və öncə söylədiklərim
öz təsdiqini tapdı: yersiz gəldi, yerli qaçdı. Bu da şairin poeziyasında yeni səhifə
açrı.
Mən səninçün
heç vaxtı
Belə darıxmamışdım.
Adımı,
soyadımı
Belə
karıxmamışdım -
Doğulduğum
əsir yurd...
Sən mənimçün
adicə
Çəmən idin, bağ idin.
Meşəli,
buz bulaqlı,
Şəlaləli
dağ idin -
Doğulduğum əsir yurd.
İndi həsrət
çəkdikcə
Qınayıram özümü.
Sənə
qovuşmaq üçün
Qurban
dedim gözümü -
Doğulduğum əsir yurd.
Və
yaxud
...Bir ev qoyub gəlmişəm
Açarları cibimdə.
Açarla
oynayıram
Çadırların dibində.
***
Əbülfətin həyatının anları bir-birini
əvəz edirdi. Ötən əsrin 80-ci illərində
onu illər boyu düşündürüb rahat buraxmayan bir
sıra müəmmalar tam çılpaqlığı ilə
üzə çıxdı. Atan kazaklar
deyilmiş, ermənilər və onların naxələf xisləti,
nişangah kəndin azərbaycanlılar yaşayan hissəsi,
yandırılıb külə döndərilən əksliklərin
təbii, qüdrətli nəticəsi - vəhdət idi.
Əbülfət Mədətoğlu yanan kəndini,
ata-babasının yurdunun, evinin yandığını
gözləri ilə gördü.
Yandı
evim-eşiyim,
Yandı
divarım, daşım...
İsit,
qoyma üşüyüm,
İsit məni
göz yaşım...
Və
yaxud
Bir
qış nağılıdı bu qış gecəsi,
Şaxta
da, sazaq da köhnə tanışım...
Təkcə
evim yoxdu, balalarımı
Toplayıb
başıma, nağıl danışım...
Əbülfət Mədətoğlunun özünün
dediyinə görə, həyatının 33 anını
xatırlayır. Lakin onların hamısını hələ
ki qələmə almayıb. Kim bilir, o
anlara həyat daha neçəsini əlavə edəcək.
Şair əksliklərin daha neçə mübarizəsinin
şahidi və iştirakçısı olacaq, daha neçə
vəhdətin təntənəsini və qələbəsini
görəcək. Hələ ki
poeziyasının ən maraqlı məhsulları ilə
inamla addımlayır, gedir.
Bəs o, indi haradadır, hara gedir?
Aramsız
güllə yağışı
bələyir torpağı
dəlib
keçir
daşı,
otu
ağacı
yarpağı...
Bir igid
sol əliylə
sıxıb ürəyini
dizi
üstə
qana
boyanıb
barmağı -
ovcu qan
dolu...
Sağ əliylə
tutub
bayrağı
güclə dayanıb
baxır,
baxır
və
bağırır: -
İrəli,
qardaşlar, görünür
Şuşanın
yolu!!!
***
Hər dəfə bu sualı özümə verəndə
xəyalımda sürətlə şütüyən bir
çapar canlanır. Qatardan irəlidə saysız-hesabsız
insanlar inadkarlıqla onu istədikləri səmtə yönəltməyə
çalışır. Bacarmır, naməlum
tərəfə yönəlib, şikəst, çarəsiz
halda qatarın ardınca söyüş söyməklə,
qatardakıları təhqir etməklə, qarğımaqla,
çığır-bağır salmaqla yalnız və
yalnız dodaqlarının ətrafındakı havanı
azacıq tərpətməyə nail olurlar.
Qatarın
arxasında da böyük bir dəstə var. Onlar tənbəl-tənbəl
hərəkət edir, hamı axtarır,
yıxılıb-qalxır, yolda qalır, qatarı
gözdən itirir, sonra özləri üçün dua etməklə,
kimlərəsə nəzir-niyaz boyun olmaqla təsəlli
tapırlar.
Onlar - qatarın qabağında və
arxasındakılar kimlərdirlər? Birincilər özlərindən
müştəbeh radikal, çılğın, xoleriklər,
vsevodlar, “Çingizxanlar”, “Napoleonlar”dır. Onlar, hətta qatarın zaman və məkanın
qurduğu relslərdən kənara
çıxarılmasının
mümkünsüzlüyündən belə xəbərsizdirlər.
İkincilər maariflənməmiş məzlum kütlədir,
hamı axtarır.
Bəs, qatardakılar kimlərdir? Burda mən
Martin Haydeqqerlə razılaşmıram. Orada
fitri istedadları ilə həyatda “özü olmağı
bacaranlar”dır. Əksliklərin - yeniliklə
köhnəliyin debatının qalibləri, işıqlı
vəhdətin müəllifləridirlər; zaman və məkan
ilə ittifaqda böyük gələcəyə doğru
gedirlər.
Əbülfət Mədətoğlunu öz
yaradıcılığı ilə birgə həmin
qatarın içərisində görürəm.
Hüseynağa Qəniyev,
Ədalət.- 2020.- 31 dekabr.- S.9.