Zəfərin mübarək, Vətən!
Var ol, ana Vətənim,
üzünü ağ, başını uca edən
qazidi, şəhiddi.
Düşmənin başını əzən
dəmir yumruq
kimiyik,
dünyanın özü də
buna şahiddi...
Səni ürəkdən
sevən
övladların
üçrəngli bayraqdı bu gün.
Qələbə sevincimiz
yaraları qaysaqlayan
yurddu, torpaqdı
bu gün.
Hamımız yadlara tuşlanan
sal daşınıq.
Hamımız sənin
şöhrəti dillərda
gəzən
əsgərin-vətəndaşınıq.
Hər yanda gur səslə
Qarabağ Azərbaycandır -
deyirik.
Bu şanlı Qələbənin
baş memarı
Ali Baş Komandandır -
deyirik...
Azərbaycan-Türkiyə əbədi
qardaşdır, kəlməsinin
gücünə söykənmişik
hamımız.
Hər yerdə
qürur hissiylə
söyləyirik -
var olsun Vətənimiz - İlhamımız!..
Qarı
düşmən zaman-zaman
düşsə də qara niyyətə,
yenilməyən gücümüzlə
savaşdan qalib çıxıb,
son qoyduq rəzalətə,
əlvida dedik xəcalətə...
Qələbə sevincli
payızın mübarək,
Vətən!
Yer üzünü qitə-qitə
dolaşan
səsin-avazın mübarək,
Vətən!
Müqəddəs Zəfərin,
Haqqa-ədalətə tapınan
sabahlara səfərin mübarək, Vətən!
Azərbaycan əsgəri
Bir əlində bayraq,
bir əlində silah,
başının üstündə
hər şeyə qadir Allah!
Gecəsi
yox, gündüzü
yox,
haqqa, ədalətə
söykənib
inamla, qürurla
aşır dərələri,
dağları.
Qatıb qabağına
qovur,
neçə elimi-obamı
kor qoyan
yağıları...
Gah çiynində
yaralı yoldaşını
aparır,
gah da
düşmən istehkamını
dağıdıb,
yağı səngərini
kökündən qoparır.
Qasırğa-tufan kimidir,
Azərbaycan əsgəri!
Dayanmaq bilməyən
zaman kimidir,
Azərbaycan əsgəri!
Gücünə-güc qatıb,
Vətən sevgisi onun.
Sinəsində çırpınan
ürəyidir səngəri-
Azərbaycan əsgəri!
Tükənən deyil heç vaxt,
arzusu-həvəsi onun...
Yurdun keşiyində
ayıq-sayıq dayanıb,
yenə də
hər an
döyüşə hazırdır, hazır –
Azərbaycan əsgəri!
Ulu tariximizin
şanlı səlnaməsinə
özü, öz
əlləriylə
qəhrəmanlıq dastanını
həkk eləyib,
yazır-
Azərbaycan əsgəri!
Sabir Aydın
Ədalət.- 2020.- 10 dekabr.- S.4.