...Sonuncudan əvvəlki.Bu fəsli
yaşayıram(mı?!)
… Elə bil ki, heç bu
dünyada deyiləm… Elə bil ki, baş verənlərin mənə
iynə ucu boyda da olsa dəxli yoxdu… Elə bil ki, hər
şey yuxudu, özü də şəlalə qoxulu, muğam
ahəngli yuxu… Elə bil ki, bu yuxu həm də
yüyrükdü, içində yellənirəm… içində
özüm-özümü musiqiyə uyğun gəlməyən
səsimlə həzin laylay çalıram… Elə bil ki, mən
bir ilğımam, görürsən, amma toxuna bilmirsən… Və…
Bəli, mən bu “elə belə”ni sözgəlişi,
yazıma giriş üçün yazmıram. Bunu
ona görə yazıram ki, son bir həftədə yazı
masamın üstündə, gözümün üstündə
olan bir kitabı tələsmədən, söz-söz,
yaşaya-yaşaya, duya-duya öncə gözümün
yaddaşına köçürdüm, sonra
ağlımın, düşüncəmin. Doğrusunu
deyim ki, bu kitabda oxuduqlarımın demək olar ki,
hamısını dövrü mətbuatda izləmişdim.
Amma indiki qədər mənə təsiri
olmamışdı. Görünür, hardasa son bir neçə
ayda yaşadığımız tapıntılar,
özümüzdə qalmağımız hamı kimi məndə
də müəyyən dəyişikliklər yaradıb. Yəni silkələyib içimi də, ruhuma da,
düşüncəmi də. Ona görə də artıq
oxuduğum bu kitaba bugünkü məntiqimlə,
bügünkü yaşam bucağım altında baxmağa və
onu içimdən, xüsusilə ruhumun süzgəcindən
keçirməyə çalışmışam. Və
birmənalı şəkildə demək istəyirəm ki,
bu kitabın məndə yaratdığı assosiasiya, bu
kitabın yaddaşımda yaratdığı əks-səda məni
çox uzaqlara apardı, özü də lap çox uzaqlara.
Mən belə bir uzaqlığın səfərinə Kamal
Abdullanın “Mənim Füzulim” kitabını oxuyanda
çıxmışdım. O kitab məni
Füzuli ayağına aparmışdı. Bu kitab isə məni
bir az da o yana, Qorqud ayağına apardı. Mən əlimi
ürəyimin üstünə qoyub birmənalı şəkildə
Allah qarşısında deyə bilərəm ki,
yazdığım fikir yazmaq üçün yox, xoş gəlmək
üçün yox, sadəcə, kitabdan aldığım,
duyduğum, alıb, duyub yaşadığım gerçəkliyin
özünüifadə etmək üçündür. Ona görə də barəsində havalı bir
şəkildə düşündüyüm bu kitabın
ön sözünün müəllifi akademik İsa Həbibbəylidən
min dəfə üzr istəyirəm. Çünki mən
kitabı öncə son fəsildən bir neçə vərəq
oxuyandan sonra onun əvvəlinə qayıtdım. Və
“Ön söz”ü oxumadım, istəmədim təsirə
düşüm, harasa yönəlim. Sadəcə,
istədim ki, “Sonuncu FƏSİL” kitabını heç bir təsir,
heç bir ovqat aurasında yox, məhz müəllifin öz
fikirlərinin, duyğularının, düşüncələrinin,
çəkdiyi mənzərənin, yonduğu sözlərin,
yaratdığı heykəlin fonunda toxuyum. Və belə
də etdim. Oxuduqca da əlimdəki vərəqdə
səhifələrlə bağlı işarələr
sıraladım. Çünki mən təptəzə, necə
deyərlər, çiçəyi burnunda görünən
sözləri dərhal həzm edə bilmirdim, onu təkrar
oxumağa ehtiyac duyurdum. Və beləcə,
bir də onda gördüm ki, az qala elə kitabın səhifələri
sayda işarələr düzülüb qarşımdakı
vərəqə. İndi bu yazını bilgisayara diqtə edəndə
bilmirəm, neçənci dəfədi ki, o işarələrə
diqqət yetirirəm və sanki özüm-özümə
deyirəm:
– “Vidalaşanda deyilən sözlər uzun
ömürlü olur, unudlmur”…
Bəli, yadıma düşür
vidalaşdıqlarım – könüllü və
könülsüz. Məndən asılı olan və olmayan
səbəbdən ayrıldıqlarım… Onların səsi,
son sözü indi də qulaqlarımda səslənir. Elə bil ki, indicə deyildi o sözlər və mən
elə indicə eşidirəm o səsi, o sözü.
Ardınca yenə həmin mənzərə, yenə həmin
baxışlar, həmin əsəb, həmin gərginlik və
yenə bütün bunları özündə ifadə edən
fikir:
– “Ən yaxın və ən isti münasibətlərdə
belə qızışıb çox dərinə getmə,
bunun geriyə qayıtmağı da olacaq bir gün”…
Hə, doğrudan da belədi.
Əsib-coşur, bəzən bütün körpüləri
yandırırıq, bütün budaqları kəsirik və
geri qayıdanda özümüz kəsdiyimiz kəndiri
axtarıb calaq vermək istəyirik… Amma həyat calaq
götürmür axı?! Belə bir məqama heç
yerdə rast gəlməmişəm, görməmişəm
ki, calaqlanan həyat olsun və o nəyisə ehtiva edə
bilsin. Elə bu yerdəcə əlimlə ürəyimi
sıxıram. Bəlkə də ürəyimin nə boyda
ağrıdığını üz-gözümdən duya
bilərsiniz. Amma o ağrının dərəcəsini,
ölçüsünü, çəkisini təxmin etmək
qabiliyyəti Allahdan başqa kimsəyə məxsus deyil. Amma
onu ifadə edən var:
– “Ürəyin ağrısını dil bilər”…
Bəli, gördünüzmü, nə gözəl
ifadə olunub. Sadə, sadə olduğu qədər
də hamının bilib, amma ifadə edə bilməyəcəyi
tamam yeni bir fikir, yeni bir çalar. Şəxsən mən
indi əlimlə sıxdığım ürəyimin
ağrısının nə boyda olduğunu ət
parçası sayılan dilimlə sənə və
hamıya çatdıra bilərəm. Çünki
indi deyəcəyim fikri də, indi ifadə olunacaq gerçəkliyi
də mənə dil deyir. Amma anamın dili:
– “Anam deyərdi ki, kəsiyin çörəyini
kəsməzlər, bala…”
Kim necə düşünür
düşünsün, özü bilsin, bir də Allahı.
Amma mən bu 60 yaşımda o qədər kəsik
çörəyini kəsənlər gördüm ki… o qədər
bu durumun, bu insafsızlığın, hətta bu
allahsızlığın acısını çəkdim ki…
Elə indi də həmin ovqatın bir sancağı
ürəyimin üstündədi. Yaşadır o
ağrıları mənə. Lakin mən az-çox sözə
meylli olan birisi həmin hissi anam dediyi kimi ifadə edə bilməmişəm.
Doğrudan da anam bir dərya imiş. Özü də
bütün anaların özəllikləri olmasına
baxmayaraq, onların övlada baxışı, yanımı,
oxşaması həmişə üst-üstə
düşür. Bu bir Allah vergisidi analar üçün. Təəssüf
ki, “ana” dediyimiz təbiətdə belə deyil.
Görünür, elə bunun özündə də nəsə
bir sirr var. O sirri tapıb ifadə etmək və yaxud da o
sirrin bir telini, bir tükünü, bir
işartısını, cizgisini sözə çevirmək
imkanı bu kitabın müəllifinə lütf olunub. Ona həvalə
olunub ki, yazsın:
– “Otlar bir rəngdədi, çiçəklər
min rəngdə”…
Razılaşırsınızmı mənimlə?!
Bu fikir mənə görə böyük rəssamlarımız
Səttar Bəhlulzadənin, Mikayıl Abdullayevin, Tahir
Salahovun… çəkdikləri təbiət mənzərəsinin
özüdür. Baxırsan, bir-birindən fərqli,
bir-birindən gözəl çiçəklər…
baxırsan, ya yaşıl, ya da saralmış otlar… Fikir
verdinizmi, bax, bu mənzərənin bir sözə gətirilib
ifadə edilməsinə. Əslində bu bir bitmiş fikridi,
bu bir bütöv cümlədi və bu həm də bir
cümləlik hekayədi. Oxuyub
düşünmək, qatlara enmək və hər qatın təkcə
rəngini yox, həm də səsini, nəfəsini duymaq
lazımdı. Bu pıçıltıları eşidındə
artıq otların bir rəngdə, çiçəklərin
min rəngdə olmasının fərqinə varıram.
Təbii ki, burda söhbət həqiqi insadan, adamdan gedir. Təkcə
danışa bilən, gülə bilən, daş
daşıyıb qum ələməyi bacaran, söz yazıb
mahnı oxumağı peşə edənlərdən getmir
söhbət. Söhbət böyük mənada adamdan gedir.
Bax, o böyük adam öz duruşuyla, yerişiylə,
baxışıyla kimliyini də büruzə verir, içini
də göstərir, yerini də. Amma:
– “Sırtıq adam üçün məsafə
yoxdur”…
Bəli, bu ən böyük həqiqətdir…
Bu ən gerçək olandı… Və sırtıq adamın
sırtıqlıq cizgiləri saysız-hesabsızdır. O cizgilərdən biri də həmin o sırtıq
adamın hər yerdə olmasında, hər yerdə
dayanmasındadı. O, məndən, səndən, bizdən
milyon ağac uzaqda da dayana bilir, bizi çiyni ilə itələyib
bir ayağı üstündə yerimizə şərik
olmağı da bacarır. Bax, bu mənzərənin, bu
yaşam tərzinin ifadəsini mən bu kitabda tapdım. Yəni
“Sonuncu FƏSİL”də oxudum. Həmin anda diqqətimi
başqa bir nüans da çəkdi. O nüansın belə
tez qabarmasının səbəbi havaların isti keçməsi
idi. İndi hamı hərdən əziyyət çəkir.
Əlində dəsmal tövşüyə-tövşüyə
harasa tələsir. Və anlayışlı adamlar elə bu
kitabda deyildiyi kimi:
– “Bədən təri utancdı, alın təri
qazanc”…
Necə də gözəl deyilib, necə də
dəqiq ifadə olunub. Bir məclisdə hamının kənar
durmağa çalışdığı adamı gətirin
gözünüz önünə. Onun tər qoxusu adamları
uzaqlaşdırır. Bu, hansı səbəbdən olur-olsun,
sıxır bədən təri abırlı adamı. Birtəhər
işini həll edib, tədbiri yola verib uzaqlaşmaq istəyir.
Təbii ki, utandığına görə. Amma
yer şumlayan, xış çəkən, daş yonan, qum ələyən,
dəyirmanın dəmliyini ağır kisələrdən
boşaltdığı mirvari kimi göz oxşayan buğda dənləri
ilə dolduran… Elə yazı masası arxasında bu kitabı
araya-ərsəyə gətirən alın tərindən
utanmır. Çünki o, zəhmət çəkir, o tər
onun qazancıdı, özü də halal qazancı. Və ən
maraqlısı da odur ki, həmin qazanc hamıya aiddir, ordan
hamıya pay düşür. Və bunu da içində
cücərdib, göyərdib sözə, fikrə
çevirib oxucuya fərqli bir şəkildə
çatdırmaq lütfünü də Allah kitabın müəllifinə
həvalə edibdi.
Təsvir etdiyim bu yaşamın içərisində
rahatlanmaq və hər şeyi unutmaq istədiyim anda sanki kimsə
əlini çiynimə qoyur, mənə toxunur, dönüb
baxıram. Baxdığım istiqamətdə böyük hərflərlə
yazılıb:
– “Vərdiş – ən böyük tiryəkdir”…
Bu fikir silkələyir məni.
Rahatlığımı, özümə bir cənnət
guşəsi qurmaq istəyimi bir andaca alır əlimdən.
Elə bil içərisində olduğum həmin o özəl
dünyanın aludəçisi, adətkərdəsi olmaqdan məni
çəkindirir. Yadıma salır ki, öyrəncəli, vərdişli
olma! Yoxsa… Yoxsa, bir gün bu xəyallar, bu adət etdiklərin
əlçatmaz olar və onda tiryək xəstələrinin
yaşadığı ağrı-acının
yaratdığı sarsıntıları,
sızıltıları özündən uzaqlaşdıra
bilməzsən. Mən ağlımdan gəlib keçən
bu fikrin xofu içərisində həyata bir açıq
gözlə, ayıq başla diqqət yetirirəm. Gördüm
ki, burdakı məntiq birmənalıdır. Çünki həmin
məntiqi elə o məntiqlərdən doğan başqa bir məntiq
də təsdiqləyir. Həmin təsdiqini tapan məntiq isə
belədi:
– “Gəlin onsuz da nəslinə qan
qarışdıracaq, təki nəsli və ailəni
qarşıdırmasın ”…
Öz-özümə bir az qəliz
görünən bu cümləni təkrar edirəm. Və hər
təkrarda da fikrin tutumu məni həqiqətən divara dirəyir.
Əli ilə sinəmdən sıxıb bu gerçəyi
dupduru su kimi qəbul etməyə, görməyə,
anlamağa kökləyir. Mən sinəmdən sıxan o əlin
hökmünə, gücünə təslim oluram.
Çünki bu cümlənin bütün məntiqi
düşündürücü həqiqətdir. Siz
özünüz də gözünüzün önünə
gənc ailəni, ata evindən yeni ünvana köçən
qızı gətirin. Onun yeni həyatını
düşünün və bu yeni ünvanda təzə adam
olan gəlinin nələr edə bildiyini və biləcəyini
xatırlayın. Onda çılpaq məntiq,
çılpaq həqiqəti bir cümlənin içərisində
cilalanmış bir sənət əsəri kimi, əl işi
kimi qoyacaq masanızın üstünə və mənim kimi
siz də razılaşacaqsınız fikrin sahibiylə. Və
yenicə nəfəs dərmək istədiyiniz anda
kitabların vərəqləri arasında şehli bir
fikir də özünü göstərir:
– “Belini əyən
talehin yüküdür”…
Buna necə inanmayasan? Bunu necə qəbul
etməyəsən? Mən bəlkə də
çox qapılmışam özümə. Və qapıldığım dünyanın
içində ancaq ruhunu oxşayan, könlümə yatan nələrisə
axtarıram. Və yaxud da oxuduğum bu
kitabın ovqatı, aurası, onun əhatə dairəsi,
bilmirəm daha nələri məni bu duruma salıbdı.
Amma hər nədisə, gerçəyin
özüdü. Və mən çəliyə
söykənib ağır-ağır gedən yaşlı
adamları da seyr etmişəm. 30-35 yaşında
içindən bükülən adam da
görmüşəm. Birini yaşadığı illər əyib,
birini yaşadığı tale!.. Bu
qoşalıq bir müstəvidə hər adam
üçün görünmür. Onu görmək
duyğu, fəhm istəyir. Elə kitabın müəllifi
də bu yığcam fikri fəhmlə deyibdi…
Hə, mən yazımın bir məqamında bu
kitabın məni dədəm Qorqudun ayağına aparıdığın
yazdım. İndi də həmin fikrə qayıdıram.
Bu kitabdakı aforizmlər həqiqətən Dədə
sözü günündədi. Və mən o gücə
içimdən gələn təşəkkürlə sanki mənim
üçün dediyi sözün, fikrin əlini
sıxıram:
–
“Alın yazısı – alının çölündə
deyil ki, hər yoldan ötən oxuya bilsin”…
Doğrudan
da Dədə sözüdü! Mənim alın yazımı
heç kim oxuya bilməz və oxuya da bilməyəcək!
P.S. Barəsində fikirlərimi dilə gətirməyə,
kağıza köçürməyə
çalışdığı “Sonuncu FƏSİL”
kitabının müəllifi yazıçı-publisist
İmamverdi İsmayılovdu. Kitabın ilk səhifəsində
belə bir aftoqraf var: “Əziz qardaşım, istedadlı qələm
dostum Əbülfət müəllimə xoş arzularla
müəllifdən”. Bunu, yəni aftoqrafı
ona görə diqqətlə təqdim edirəm ki, oxuduğum
kitab mənə ömrümün sonuncu fəslindən bir
addım əvvəli yaşatdı. Və mən sonuncu fəslə
qalmış bir addımda anladım, qardaşım
İmamverdi müəllim mənə öz düşüncələriylə
sonuncu fəslə qədər
yaşadıqlarımı təzə biçimdə, təzə
təqdimatda və çiçəyi burnunda olan fikirlərlə
təqdim etdi. Var olun, qardaşım!
Mədətoğlu
Əbülfət
Ədalət.- 2020.-10
iyul.- S.3