Dəniz də qadın kimidir - Gah
mülayim, gah qəzəbli...
Həmişə düşünmüşəm,
ulu Yaradan insanlığa və təbiətə iki bənzərsiz
ilahi gözəllik bəxş edib: onun biri dənizdi...
Siz heç səhər dan yeri ağarmağa
başlayanda dənizdən Günəşin
doğmasını, gizlin-gizlin boylanmasını
görmüsünüzmü? Ayın və ulduzların
günümüzün yarısını Günəşə
verdiyi an təbiətin ən bakirə anıdır. Bu ana uzun
illər tamaşa etmişəm və
duyğulanmışam...
Şair Rəfail Tağızadənin
danışığını, təbəssümünü,
insana sayğısını nədənsə ləpələrin
həzin pıçıltısına bənzədirəm. Həm
də mənəvi aləmini. Qarabağda -
Ağdamda dünyaya gələn uşaqlığında, gəncliyində
dəniz görməyən şairin dənizə
vurğunluğunda gözəlliyə - dənizə və dağa
sevgi olmasaydı poetik dünyası kasıb olardı. Halbuki
onun söz dünyasının zənginliyinə heç kimin
şübhəsi yoxdur.
Rəfail müəllimin lirikasının bahar
təravəti, payız kövrəkliyi, həm də təbii
yosun rayihəsi poetik lövhələrin canına hopub. Bəzən
mən qəribə hisslərin ağuşuna düşürəm.
Mənə elə gəlir ki, elə anlar olur Rəfail
müəllim başdan ayağa dənizləşir,
“quraqlığın balıq iyini, dənizin yarpaq ətrini”
duyur, “dənizin qurbanlıq gəmisi” olmaqdan, “boş şəhərin
onu dənizə uzanan küçələriylə
boğmağa aparmasından” qorxmur. Arxayındır ki,
doğması dəniz onu qoruyacaq. “Düşüb dənizin
bətninə yeni insan kimi doğulmaq” istəyir şair.
Doğrudan da köhnəfikirli cəmiyyət yeni doğulacaq
azadfikirli, zəngin dünyagörüşlü, cəsarətli
insan həsrətindədir. Şair təxəyyülü bu
insanın siluetini dənizin qoynunda axtarır. Bilir ki, dəniz
gərəksizləri qoynundan kənara atır, safları
qucağına alır.
Rəfail müəllimin
yaradıcılığının çoxşaxəli
çığırlarından biri də dənizin poetik “mənzərə”ləridir.
Bu cığırda ləpə kimi mülayim,, dalğa kimi coşğun,
sunami kimi qəzəbli, dənizin ortasından boylanan qara
daşlar kimi sərt şeirlərlə rastlaşdım.
Bir-birimizi birinci dəfə görsək də tez
isinişdik, dil tapdıq, doğmalaşdıq. O təzə
“tanış”larımla necə anlaşdım? Bu
“görüş”ün təfərrüatları ilə sizi də
tanış etmək istəyirəm. Şair “Dəniz də
qadın kimidi” bənzətməsiylə nə demək istəyir?
Gəlin, birlikdə çözək...
Dəniz Rəfail müəllim
kimi mənə də doğmadır. Şəfaverici Günəşi,
hər gecə sularında yuyunan Ayı, qərib
axşamları, qaynar qazan kimi coşmasıyla.
Ömrümün üçdə birini onun ləpə təbəssümüylə,
qasırga qaşqabağıyla birgə keçirmişəm.
“Dünyanın səkkizinci möcüzəsi- “mözüzələr
adası” Neft Daşları mənə və bir çox dəniz
fatehlərinə qucağını açıb. Dənizin
quzu kimi mülayimliyini, pələng kimi gərilməyini
çox görmüşəm, bəyaz gəlin donlu
qağayıların gülüşəbənzər nəğməsini
də...
Bəs Rəfail müəllimin dənizinin
xasiyyəti necədir? Ancaq qadın kimimi? Bəzən mənə
elə gəlir ki, şair Ağdamda yox, dənizin qoynunda
doğulub. Onun dənizi o qədər səmimidir
ki, könlünə yatmayanı yaxına buraxmır, Rəfail
müəllim isə həmişə onun könlündədir.
“İsmətli gəlin” kimi özünü istədən dəniz
həmişə şairin qulağına lirik məhəbbət
nəğmələri pıçıldayır.
“Dənizdə toy” mağarı qurub şair. Ləpələr
önünə yüyürür, “əyilsə, üzündən,
gözündən öpər ləpə paltarlı gəlinin”.
“Mendelson marşı”nı isə külək çalır”:
Bu gecə dalğalar dəniz toyunda
Ləpəylə
ilk dəfə bir vals oynayar.
Ay da
olanları göyə yollayar...
Şair təxəyyülünün
gücünə baxın: kobud dalğayla zərif ləpəni
barışdırıb, qol-boyun edib vals
oynamağa razı salır.
Rəfail
müəllim bəzən bir mahnıda deyildiyi kimi, “iki sevda
yaşayır, bu iki sevdanın cəzası”ndan da qoxmur:
Gəl
gedək, dəniz gözlüm,
gedək
burdan uzağa.
Gedək
biz olan yerə,
gedək
bizim dənizə.
İki
sevgi arasında
Od
oluram, su oluram –
Səni dənizə
qısqanıram,
mən
dənizi qısqanıram.
Əsl sevgidən yaranan qısqanclıq alovu şairi
yandırıb-yaxır. O, dənizə həsədlə sevgilisinin
Səni dəniz
təki qucaqlayaydım,
səni
dəniz təki öpə biləydim.
Səni
dalğalartək alıb qoynuma,
səni
ləpələrtək sığallayaydım...
könlünü alır, həmin şirin nəğməni dinləyən
o “dəniz gözlü” səmimidir, sadiqdir. Rəfail
Tağızadə “dəniz gözlü”sünü “özgə
baxışa - “gündüzlər Günəşə, gecələr
Aya qısqansa” da, gecələr onun yuxusuna dalğaların
laylay deməsinə razıdı. Dəniz
çılğın aşiqi necə də ”ram”
edərmiş...
Şairin sevimli dənizi bir özəlliyi ilə də
seçilir. Dənizin hər ovqatı Rəfail müəllimə
xoşdur, ilhamına qol-qanad verir, yaşamaq eşqini
artırır, saflaşdırır. Onun “xatirələri
dalğayla sevişir, amma həqiqi sevənlər kimi
qısqancdır:
O
coşğun dalğayla qaçsa xatirəm
Keçmişim içimdə alışıb yanar.
Nəbi Xəzrinin “Dəniz, göy və məhəbbət”
şeiri ilahi sevgi və mavi dəniz haqqında ən
xoşuma gələn poeziya incisi kimi həmişə sevə-sevə
oxumuşam. Rəfail Tağızadənin
yaradıcılğında belə şeirlərə rast gələndə
sevindim. Dəniz xislətini Rəfail
müəllim də çox gözəl anlayırmış.
Sevən
aşiq sevgisi yolunda hər cəfaya dözməlidir,
mübarizə apamağı bacarmalıdır,
qurub-yaratmalıdır:
Sənə
bir şəhər salım,
yeni: iki
nəfərlik.
Uzunu bir
yol boyu,
eni iki nəfərlik.
Bu eni iki
nəfərlik şəhər kövrək xatirələr
şəhəridir, “pəncərəsi dənizə
baxır, gündüz Günəş, gecə Ay
süzülüb evə axır”:
Qızılgülün
ətriylə
dolan bir
evim olsun.
Ruhumuzu
oxşayan
o evim,
evin olsun....
Dalğalar
layla desin
gecə
sənin yuxuna.
Ləpə
özü gələcək
hər
gün səhər qoxuna...
Şairin
lirik “mən”i “söykənib arzulara sevgilisinə baxmaqdan
doymur”, ilahi gözəllikləri – onun sevgisinin şahidi
“aylı gecəni, mavi dənizi, qumlu sahili, ləpələrin
mehini” ona ərmağan edir:
Saçını
darayasan
Baxıb mavi güzgüyə.
O, “dənizin
sahilinə fikrini dağıtmaq üçün” yox,
dalğaların nazlana-nazlana “gətirdiyi xatirələrin”
qanadında ömrün şirin anlarına “qayıtmaq
üçün” gəlir. Dənizlə
baş-başa qalıb şirin-şirin
pıçıldayanların xatirələri də sevgi
etirafları kimi özünəməxsusdur. Aşiqin ağ libaslı sevgilisi “ağ yelkəndir”, o
isə “dor ağacı”. Təkcə sahildə
deyil, “dənizin ortasında da dalğalar layla çalır
köhnə xatirələrə”. O laylanı,
dalğalara bürünən xatirələri eşitmək,
anlamaq üçün həssas ürək sahibi olmaq gərəkdir.
Rəfail müəllimdə o ürəyi
tapdım. Saçının ucundan
dırnağınacan dənizləşən, dalğa sevgisinə
bələnən lirik “mən” üçün
“ayrılıq dar ağacı”dır. Rəfail müəllim
dənizə acılı-şirinli xatirələrini səpib:
Sakit, mavi
dənizdə
hər
səhər qağayılar
xatirələri yeyəcək,
sənin
arzularını
bir-birinə deyəcək,
deyib-deyib
güləcək...
Möhtəşəm dəniz mənzərəsi –
duyğulu, səmimi və kövrək. Hər söz bal pətəyi kimidir, sevgi süzülür. Bunu yaradan həm şairdir, həm də rəssam.
Bunu yaratmaq üçün sevən
“könül göylər qədər dərin”, sular qədər
saf olmalıdır.
Dəniz sevgisinə mübtəlalar “fələyin
oyununa dözə bilməyəndə sevgilisi dənizin qoynuna
girir”, sevgilisinin dizinə başını qoyub onun
laylaları ilə uyuyurlar. Axı sevənin “bir
yerimi var baş götürüb qaçmağa?”
Dərdimə
həmdəm dəniz,
mənim
könül sirdaşım,
Bu gün
yaman kövrəyəm,
Qəm yoldaşım, sirr daşım.
“Sirr
daşım” mənə çox doğma gəldi, “dəniz
gözlüm... Qoy məni gözün
üstünə, nə olsun üzə bilmirəm” isə
duyğulandırdı.
Dalğalar
nəğmə desin
gecənin qulağına.
Bir həzin
mehə dönüm,
Sığınım
qucağına...
Ləpə
pıçıltısına bənzəyən şirin və
təmiz hisslərdir...
Rəfail
müəllim dənizin intizarında “kədərin
dadını, yoxluğun qoxusunu” özünə doğma
bilir, bəzən də dəniz ayrılıq dərdinə
dözməyib onu qoynuna çağırır:
Dəniz də qadın kimidi.
Adamı
özünə çəkir:
sevdikcə sevmək istəyirsən,
getdikcə getmək istəyirsən;
ayrıla
bilmirsən,
qoynuna
sığınmaq istəyirsən...
Şair dənizə
elə vurulub ki, hətta onun bütün cəfalarından həzz
alır, öləndə də onun qoynuna
sığınmağı səadət sayır, inanır ki,
dəniz onu nərmənazik ləpə əlləri ilə
boğsa da, “üzündəki sevgi naxışları
solmayacaq, içinə bir sevgi toxumu səpib” yenidən
dünyaya gətirəcək:
Məni dəniz boğsa bir dərdim olmaz.
Bilirəm,
ustufca, lap aram-aram
çəkib öz qoynuna alacaq məni.
Bir az tumarlayıb, bir az oynadıb
əliylə gözümü yumacaq mənim.
Qoymaz son sözümü, qoymaz deməyə.
Ona dərd olacaq, dözməz bu dərdə.
İlahi
eşq!!!
Aşiqi
“sevginin qoynunda batıran, oxşayıb, oxşayıb
yatıran, yuyub rahatlayıb basdıran, canlılar
gözündən azdıran, balıqları üçə,
yeddiyə yığıb, “baxdınız,
gördünüz, dağılın” əmri verən,
üstünə yosunlar döşəyən” dənizin
qucağına sığınıb uyuyan şairin lirik “mən”inin
səmimiliyinə inanıb, az qalıram o
ilahi ölümə həvəslənim. Sözün qüdrətinə
baxın! Amma “mən” ölmək də istəmir.
“İkili sevda”nın birincisini “köməyə
çağırır”:
Sənsiz bu dənizin nəyi dənizdi?
“Hamilə dəniz” şeirində şair mükəmməl
poetik tablo yaradır, belə lövhəni heç Ayvazovski də
düşünə, çəkə bilməzdi. Bu lövhə
qarşısında rəng çalarları da acizdir:
Sonra bir
Ay doğar dəniz üstünə,
əsdirər, coşdurar mavi dənizi;
dəyişər dənizin mavi bənizi.
Üzünə
lacivərd bir öpüş qonar,
Dəniz
o öpüşdən hamilə qalar...
Rəfail
müəllim təcrübəli dəniz hidrometeoroloqu kimi xəzrinin,
gilavarın istqamətini, xarakterik xüsusiyyətlərini də
yaxşı bilir:
Xəzri
“yaşa”, - deyib, səni üzünü sığallayır,
Gilavar mənə
“bəsdi, yaşadın”, - deyib, dənizə itələyir.
Eh,
qanunsuzluğun hökm sürdüyü məmləkətdə
Sən
hara,
Mən
hara...
Dalğaların bir-birinə məhəbbəti,
dalğa birliyi, dalğa saflığı, bir sözlə,
dalğa ömrü bəşər övladına örnəkdir. Xalq şairi Qabilə
görə, dalğalardan öyrənməli çox mənəvi
dəyərlər var:
Dalğalar
bir-birini künc-bucağa sıxmayır...
Dalğalar bir-birini badalaqla yıxmayır.
Ümmanlar
ona görə əzəli, əbədidir –
Dalğalar bir-birinin axırına çıxmayır.
Dəniz şair üçün həmişə
şirin duyğuların məskəni deyil, həm də
ağrılı-acılı məzar yeridir. Rəfail Tağızadə
“Narğin adasında güllələnən insanların
ahını eşidir, torda çan verən kilkələri
görür”.
Hər dəfə Nargin adasının yanından
keçəndə nakam Müşfiqin itkin ruhunun səsini
eşidirəm. Mənə elə gəlir ki, “işıqlı
dünyadan necə əl çəkim?” hayqıran
Müşfiqin məzarı bütöv Azərbaycan
böyülükdədi, Nargin böyüklükdə yox...
Şair zamanın dərd-sərindən, gedişindən,
gəlişindən, insanların təbiət anamıza
nankorluğundan narahatdır. O, zamanın vurğusunu duyur,
ab-havasının həssas barometridir. “Qoca
balıqçının nəfəsi kəsilib, balıqlar
da üz döndərib qocadan, bəlkə tilov köhnəlib,
ya balıqlar dəyişib zamanın gərdişindən”:
Bu
zamanın suyu da,
havası
da dəyişib,
dənizdə balığı da,
tavası
da dəyişib...
Kölgəsiz dənizə
ləpələr layla çalır,
qoca balıqçının əlində
axşamın ümid tilovu mürgüləyir.
“Təbiət üzərindəki qələbələrimizlə
çox da öyünməyək, hər bir belə qələbə
üçün təbiət bizdən intiqam alır”
(F.Engels). “Təbiətin sümüyünə dirəndik,
iliyini sorasıyıq, sorası” – deyirdi Bəxtiyar Vahabzadə.
Rəfail müəllimin dənizi ən çətin
anlarda hisslərimizə su çiləyir -
“pıçıltı ilə həzin nəğmə oxuyur,
yenə sevği qoxuyur”. Bu nəğmələri hələ
çox dinləyəcəyik, oxuyacağıq - ləpə
dilində, dalğa harayında, qağayı
gülüşündə...
“Ləhcəsi bal dənizin qayasında gül,
bağında bülbül olanların son ümid yeri” dənizdir.
Əmindirlər ki, mərhəmətli və xilaskar sevgili
onları qoruyacaq, “hər yer hasar içində” olsa da
azadlığa qovuşduracaq. Tezi-geci var, bu azadlıq sevərlərin
mübarizəsiylə əldə ediləcək.
“Azadlığa o adamlar layiqdir ki, hər gün bunun uğrunda
mübarizə aparır”
Osmanov Vaqif
Ədalət.- 2020.-
10 iyul.- S.4.