Mən Hacı Şahini niyə sevdim
Bu statusum dəyərli bildiyim, hörmət etdiyim, ədalətini sevdiyim Hacı Şahinə həsr olunub və özümü buna borclu bilirəm.
Əvvəla onu deyim ki, din və Allah haqda düşüncələrim həmişə dindar kəsimə zidd olub və həmişə də buna görə virtual basqı görmüşəm. Amma bununla belə bir çox şeirlərimdə Allahla söhbətləşmişəm. Onu necə qəbul edirəm, onu necə sevirəm, hamısı şeirlərimdə var. Mən dindən qopa bilərəm, Allahdan isə yox. Və Allahla bağlı düşüncələrim elə Allahla mənim aramda olanşəxsi məsələmdir.
Amma din haqqında yazdıqlarım dindar kəsimin açıq-aşkar diqtə etdiyi, təbliğ etdiyi və bu cəmiyyətin illərdir sinəsinə basıb daşlaşdırdığı saxta, qondarma, cahil inanclardan ibarət olub. Ola bilər, bu cəbhədə heç Hacının özü ilə də yan-yana deyiləm. Mən nə yazmışamsa, xürafata qarşı yazmışam.
Hacı isə... düz 2 il öncə digər (bəzi) dindar, inanclı insanlardan fərqli olaraq kütləvi linç olunduğum zaman, saytların üzərimdən İP qazanıb məni söydürdüyü zaman oğlunun profilindən mənə mesaj yazıb çox mədəni şəkildə iradını və xürafata qarşı dəstəyini bildirdi.
Üstündən bir il keçməmişdi, mən Hacıdan müsahibə almağa gedəndə də onun və ətrafındakılarının mənə qarşı insani münasibətini gördüm.
Mən Hacını hamı kimi 10 il qabaq tanımışdımsa, özüm kimi 2 il qabaq tanıdım. Və məncə, onu sevən, ona inanan kəsim hətta düşmənə qarşı belə ədalətli davranmağı ondan öyrənsələr yaxşı olar.
Nə təəssüf ki, öyrənmədilər.
Hacı mənim dəvətimlə kitabımın təqdimatına gəldi. Həmin radikal kəsim Hacını da, məni də mövzuya çevirib nələr demədilər. Bir gün onun təqdimatımdakı çıxışını ayrıca paylaşacam. Sonradan bilmişəm ki, onunla düşmənçilik edənlərin əlinə bir fürsət düşübmüş.
Guya ki mən kafirəm, guya ki Hacı kafirlərə dəstək verən saxta din adamıdı (haşa!).
Bu gün Hacıya qarşı təbliğat aparılır. Özü də çox çirkin formada. Bu gün mənə kafir deyən həmin adamlar Hacını insanlığa (nəinki kişiliyə) yaraşmayan şəkildə şərləyirlər. Bir kafir kimi, bir mürtəd kimi Hacı Şahinin yanındayam. Mən bu insanı ədalətindən tanıyıram, moizələrindən yox. Mən bu adamı ədalətinə, adekvatlığına, abrına görə çox istəyirəm, moizələrinə görə yox.
İşığa çöp soxmağa nə var ki!
Eminquey.
Ədalət.- 2020.- 7 iyul.- S. 4.