Qarabağda dağım qaldı - Aygün Attar

Qızlar həmişə atalarını dağ kimi görürlər: sağlam, qüvvətli həmişə dağ kimi yerində duran.

 

Atamız həyatımızdan çıxanda söykəndiyimiz o qocaman dağ gurultu ilə çökür biz qızların dünyası o çöküşün yaratdığı pərişanlıqdan asanlıqla can qurtara bilmir.

 

Hələ heç iyirmi yaşım da yox idi ki, illər öncə bütün ehtişamıyla həyatımı bəzəyən o uca dağ yerlə yeksan oldu yaraşıqlı, güclü qəhrəmanım cavan yaşda 25 may vəfat etdi.

 

Atam Mirteyyub Seyyid Əlövsət oğlu bu dünyada tanıdığım ən mərd, namuslu, məzlumun yanında olan, yıxılanın əlindən tutan bir insan idi.

 

Məqam sahibi deyilən sevilən insane idi. El ağsaqqalı idi atam.

 

Onun haqqında xeyirxahlığından nəsibini almış insanlar, ailəsi, yəni biz çox pis olduq, bir el ağladı atamı.

 

Atam ağır bir ocağın, cəddi peyğəmbərimizdən gələn Qalalı (Şuşa) Ağamirovların övladı idi.

 

Böyük əmim gənclik səhvi ilə babamızın adı Həşimi soyadımız olaraq yazdırdığından əmiuşaqlarım Ağamirovlardan fərqli olaraq soyadımız fərqli oldu.

 

Atam həyatı boyunca qul haqqını qorudu, boğazından haram tikə keçirtmədi kimsəyə yedirtmədi.

 

SSRİ-nin amansız despot rejiminə rəğmən öz doğruları ilə yaşadı həyatını.

 

Heç kimin qabağında əyilmədi, bükülmədi.

 

O, insanlığı qarşılığını gözləmədən etdi. "Balığı at dəryaya, balıq bilməsə , Xaliq bilərdeyimi dilindən düşmədi.

 

Atam şərəfli soyadını uşaqlığının, gəncliyinin Qarabağ xatirələrini bizə miras qoydu, əmanət etdi, o əmanətə sahib çıxmadıq, çünki onun xatirələrinin yaşadığı yerlərdə erməni at oynadır.

 

Atamın məzarı ermənilər tərəfindən işğal edilmiş Qarabağ torpaqlarındadır.

 

Övladları olaraq illərdir bu utancla yaşayırıq Qarabağ üzərindən yazılan bazarlıq mövzuları sadəcə atamın deyil, o torpaqlarda ayatan, o torpaqlarda yatmağı gözləyənlərin hamısının mənəvi mirası üzərindən edilən alış-veriş kimi canımızı yandırır.

 

Mən onun vəfat etdiyi hər 25 mayı atamın məzarını ziyarət edəcəyim ümidilər gözləyirəm. Düz 27 ildir

Yatdığı torpağı ovuclamaq, atamın məzarının başında Fatihə oxumaq, onunla ata-qız olaraq dərdləşmək istəyirəm.

Atama yalnız cismani olaraq deyil, xarakter olaraq da onun qızı olduğumu, qürur, şərəf, iradə, dik duruş kimi genetic mirasımızı hər kəsə hər şeyə rəğmən ona yaraşan tərzdə daşıdığımı demək istəyirəm.

onun kiçik qızının ondan ötrü çox darıxdığını

Ona bir dəfə olsa sarıla bilmək

Onu bir dəfə olsa qoxlamaq üçün həyatının geriyə qalanını düşünmədən qurban verməyə hazır olduğumu deməyi çox istəyirəm.

Allah sənə rəhmət etsin, Ata!

Məkanın cənnət olsun!

Tezliklə yatdığın torpaq işğaldan, biz isə əzabdan aza olaq

Açılmış qollarınla məni gözlə. Səni təsviri mümkünsüz bir intizarla sevən görmək üçün səbrsizlənmən kiçik, sonbeşik qızını

Nur içində yat məni gözlə, Ata!

P.S Bu gün sənin çox sevdiyin Xan əmidən "Şuşanın dağları başı dumanlı”, çox bəyəndiyin Rübabə Muradovadan "Segah təsnifidinləyəcəyim şikəstə ruhumun sızıltısı ilə sənə - Qarabağa, bütün itirdiklərimə ağlayacam

      "Qarabağda dağım qaldı,

Əkmədiyim bağım qaldı,

Viran olmuş məzarlarda,

Həm ölüm, həm sağım qaldı”.

Qeyd: Bu yazı maddi-mənəvi olaraq varını-yoxunu Qarabağda itirən bütün aiələlərə, bütün atasını itirən qızlara, torpaq həsrəti ilə yanıb kül olan oğullara ithafən yazılmışdır.

 

Prof. Dr. Aygün Attar.

Ədalət.- 2020.- iyul.- S.3.