Yurdum, sənin sağlığına
Yurdum, sənin sağlığına
Bir məclisdə unuduldum,
Mey içdilər hər gələnin sağlığına,
Hər gedənin sağlığına.
Yaxasına qonduğumuz mavi gölün sağlığına,
Mey gətirən şux gözəlin sağlığına.
Güldandakı qızıl gülün sağlığına,
Xoş qədəmli ayın, ilin sağlığına
Unuduldum.Nə tutuldum, nə pərt oldum,
Pıçıldadım öz-özümə - Xəlil, sənin sağlığına!
Dörd ümmanı qucaqlayan ürəyinin sağlığına!
Qoşqar, Savalan dayağı kürəyinin sağlığına!
Qibtə etsin qoy dan
yeri saçlarının
təkəm-seyrək ağlığına,
Ey dost, sənin sağlığına!
Otuz illik döyüşündə
bir əsrlik yol keçdin sən,
Basılmadın, sarsılmadın.
Heç bir zaman qoltuqlara
qısılmadın.
Şax yeridin öz yolunla, düz yolunla!
Mən heyranam sənin qaya dözümünə,
dağlığına.
Dodağıma sıxa-sıxa piyaləni,
İçirəm bu şəlaləni, könlüm, sənin sağlığına!
Dost, ya düşmən
görüşünə bircə
an da gecikməyən,
Heç bir zaman xəstələnməz,
Ruhu enməz, əhdə sadiq, beyni yanar, qəlbi
qaynar
Bir oğul var - Xəlil, sənin sağlığına!
Sən elə bir qartalsan
ki, qalxmağın var, enməyin yox.
Sən elə bir ocaqsan
ki, yanmağın var, sönməyin yox.
Sən elə bir yolçusan
ki ,
məsləkindən dönməyin
yox,
Tərif, çələng paylananda
susmağın var, dinməyin yox.
Ayağın Yer kürəsində, əlin çatır Aya, Marsa,
Cahanda beş oğul
varsa, sənsən biri, Xəlil Rza!
Şerimizin xoş taleyi, ağ baxtısan,
Döyüşkənmi deyim sənə, sən döyüşlər
paytaxtısan!
Heç bilmirəm əfv elərmi dostlar məni?
Mən ötdüm bu təranəni, bürüyərkən
vüqar məni.
Elim-günüm, səsim-ünüm,
Bu qənd-şəkər piyaləni vurdum sənin sağlığına,
Öz sağlığım bəhanədir,
yurdum, sənin sağlığına!
Xəlil Rza Ulutürk.
Ədalət.- 2020.- 18 iyul.- S. 1.